"Rusiyanın güclü ordu mifi dağıldı" -  Elxan Şahinoğlu
12 sentyabr 2022 17:52 (UTC +04:00)

"Rusiyanın güclü ordu mifi dağıldı" - Elxan Şahinoğlu

Ukrayna ordusu son günlər uğurlu əks hücum əməliyyatları keçirir. Nəticədə həm Xarkov istiqamətində, həm də cənub cəbhəsində xeyli irəliləyişlər edilib. Təkcə ötən həftə ərzində bir neçə şəhər və qəsəbə işğaldan azad olunub. Bu üstünlüklər isə Rusiya-Ukrayna müharibəsində yeni mərhələ kimi qiymətləndirilir.

Ukrayna ordusunun uğurlu əks hücum əməliyyatlarını politoloq Elxan Şahinoğlu Lent.az-a şərh edib. O, hərbi əməliyyatlarda qazanılan uğurların bir neçə səbəbini açıqlayıb:

“Ukraynanın əks hücumlarını müharibənin yeni mərhələsi kimi qiymətləndirmək olar. Çünki müharibə başlayandan Kiyevə qədər gəlib geri çəkilsə də, Rusiya tərəfi irəliləyərək, digər şəhər və qəsəbələri nəzarətə götürürdü. İlk dəfədir Ukrayna ordusu ciddi qələbələr qazanaraq, şəhər və qəsəbələri azad edir. Bunun bir neçə səbəbi var. Birincisi, Ukrayna döyüşçülərinin rusiyalı hərbçilərə nisbətən mənəvi üstünlükləri var. Ukraynalılar öz torpaqlarının müdafiəsi uğrunda döyüşürlər. Qarşı tərəf isə Ukraynada nəyin uğrunda savaşdıqlarını anlamırlar. Bunun da müharibədə həlledici rolu var. İkincisi, müharibə əsnasında minlərlə ukraynalı hərbçi ABŞ və digər Avropa ölkələrində təlimlər keçdilər. Həmin təlimlərdə yeni texnikalardan istifadə qaydaları öyrənildi. İndi həmin təlimdən qayıdanların bir qrupu hazırki uğurlu əməliyyatlarda iştirak edirlər. Digər tərəfdən Ukrayna ABŞ və bəzi qərb ölkələrindən hərbi texnikalar alır və almaqda davam edir. Müharibə bir daha sübut etdi ki, qərbin hərbi texnikası Rusiya texnikalarından dəfələrlə üstündür.

Elxan Şahinoğlu

Ukrayna əks hücumları davam etdirəcək. Rusiya getdikcə geri çəkili, güclü ordu mifi dağılır. Guya dünyanın ikinci ordusudur amma görürük ki, rusiyalı hərbçilər necə təslim olurlar, texnikaları necə atıb qaçırlar. Ukrayna ordusu Krım körpüsünü dağıtsa, Putinin imicinə daha böyük zərbə olacaq. Yaxud Xerson geri alınsa, Rusiyanın quru yolla Krımla əlaqəsi kəsiləcək. Bu baxımdan Ukrayna ordusu üstünlük qazanıb və bu üstünlükdən maksimum istifadə etməyə çalışacaq”.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi bu il fevralın 24-də başlayıb. İlk aylarda Rusiya ordusu Ukraynanın bir neçə şəhər və qəsəbələrində nəzarəti ələ keçirmişdi. Müharibəyə görə, ABŞ və bir çox qərb ölkələri Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbiq edib, rusiyalı oliqarxların sərvətləri əllərindən alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2958
avatar

Mehman Nəbiyev

Oxşar yazılar