Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Ədliyyə Nazirliyinin partiyanın yenidən qeydiyyata alınmaması ilə bağlı qərarına münasibət bildirib.
Lent.az-ın xəbərinə görə, BAXCP sədri qeyd edib ki, bu günə qədər hakim partiyadan kənar heç bir partiyanın qanunla tələb olunan sayda üzvlərinin siyahısını lazımı qaydada hazırlayıb təqdim edə bilməməsi, yaxud Ədliyyə Nazirliyi tərəfindən bu cür qəbul olunması ciddi təəssüf hissi doğurur:
“Öncə onu qeyd edim ki, sivil və qanunun aliliyi qorunan ölkələrdə hər hansı təşkilatda yoxlama aparılırsa, mütləq həmin təşkilatın nümayəndəsinin iştirakı təmin edilir. Bundan başqa, bu günə qədər hakim partiyadan başqa heç bir partiyanın qeydə alınmaması demokratik və çoxpartiyalı sistemin iflası və siyasi alternativsizlik görüntüsü yaradır, düşmən dəyirmanına su tökür. Bu, həm də parlamentdaxili və parlamentdənkənar partiyaların bərabərləşdirilməsi təsəvvürü yaradır, bundan öncəki seçkilərin və seçkilərlə formalaşdırılan dövlət orqanlarının legitimliyi üzərinə də kölgə salır.
Ədliyyə Nazirliyinin bu qərarı siyasi islahatların zəruriliyini nümayiş etdirir və bizimlə yanaşı, dövləti təmsil edən, dövlətin imici və gələcəyi barədə məsuliyyət daşıyan iqtidarı da ciddi narahat etməlidir”.
Qüdrət Həsənquliyev bildirib ki, Ədliyyə Nazirliyinin təqdim etdiyi nöqsanlar araşdırılacaq, həqiqəti əks etdirirsə, qanunla müəyyən olunmuş müddətdə ardan qaldırılacaq.