“İlkini yerə yıxıb daşla başına vurdum” – Dostunu bıçaqlayan DANIŞIR
15 sentyabr 2026 14:09 (UTC +04:00)

“İlkini yerə yıxıb daşla başına vurdum” – Dostunu bıçaqlayan DANIŞIR

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə dostunu bıçaqlamaqda təqsirləndirilən İlkin Musayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, proses zərərçəkmiş Qabil Rzayevin ifadəsi ilə davam edib.

O, İlkin Musayevlə uzun illər dost olduğunu və aralarındakı məsələnin kökünün hərbi xidmətə getməzdən əvvəlki dövrə dayandığını bildirib:

“O zaman bizim 16 yaşımız vardı. Bir məhəllədə böyümüşdük, dostluğumuz vardı. Bir dəfə uşaqlar İlkin tək olanda ona yaxınlaşıb artıq-əskik danışmışdılar. Səhəri gün gördüm ki, kefi yoxdur. Səbəbini soruşanda dedi ki, dünən filankəslər gəlib yanımda ana-bacı söhbəti ediblər. Onlar çox, mən tək olmuşam, gücüm çatmayıb. Dostumun halına pis oldum. Dedim, gəl gedək görək dərdləri nədir. İlkin əvvəl getmək istəmirdi, deyirdi ki, çoxdurlar, onlarla bacara bilmərik. Birtəhər razı saldım. Uşaqları tapıb sakitcə söhbətimizi etdik və qayıtdıq”.

Qabil Rzayevin sözlərinə görə, bir müddət sonra onların dostluğu pozulub:

“Sonradan qulağıma çatdı ki, İlkin dost-tanış yanında ‘Qabil mənim pulumdan istifadə edib mənə yaxınlaşıb’ kimi sözlər danışır. İlkini tapıb dedim ki, sən o oğlansan, qorxub məsələni həll etməyə getmək istəmirdin. Aprel ayında dostum mənə zəng edib İlkinin haqqımda orada-burada sözlər yaydığını dedi. Evlərinə getdim, danışdıq. İki saat sonra görüşməyi vədələşdik. Onun danışıq tərzi, kobudluğu xoşuma gəlmədi”.

Zərərçəkmiş daha sonra mübahisənin necə davaya çevrildiyini danışıb:

“Dəniz qırağına getdik. Gördüm İlkinin əlində bıçaq var. Tez yerdən balaca bir taxta qırığı tapıb ona atdım, süpürləşdik. İlkini yerə yıxdım, daşla başına vurdum. Sonra dayıoğluma zəng edib olanları dedim, ‘təcili yardım’ çağırdıq”.

Məhkəmənin növbəti iclası oktyabrın 13-ü saat 14:30-a təyin edilib.

Xatırladaq ki, hadisə 2026-cı ilin aprelində Bakının Suraxanı rayonunda baş verib. İttihama görə, İlkin Musayev aralarında yaranmış münaqişə zəminində dostluq münasibətində olduğu Qabil Rzayevə bıçaq zərbələri vuraraq müxtəlif bədən xəsarətləri yetirib.

Faktla bağlı cinayət işi başlanılıb. İlkin Musayev Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilərək cinayət məsuliyyətinə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar