Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev Rusiya prezidenti Vladimir Putinin dünənki açıqlamasını şərh edib.
Lent.az-ın məlumatına görə, F.Şəfiyev qeyd edib ki, ötən gün Rusiya Prezidenti Vladimir Putinin Ermənistanla Azərbaycana arasında sülh prosesinə dair çıxışı bir sıra suallar doğurur: "Bununla bağlı demək istəyirəm ki, ABŞ-a məxsus Ermənistan-Azərbaycan sülh planı adlı sənəd mövcud deyil. Aİ Prezidenti Şarl Mişelin rəhbərlik etdiyi proses var və bu proses çərçivəsində iki ölkə ərazi bütövlüyünə qarşılıqlı hörmət kimi əsas elementləri özündə birləşdirən sülh müqaviləsi üzərində iş aparır. ABŞ sadəcə bu prosesə diplomatik yollarla dəstək verir.
Bu yaxınlara qədər Rusiyanın belə bir planı mövcud deyildi və yalnız delimitasiya və nəqliyyat məsələlərinə fokuslanmışdı. Rusiyanın təklif etdiyi plan bir qədər qeyri-müəyyənlik yaradır.
Hazırda regionda davamlı sülhə və beynəlxalq hüququn prinsiplərinə qətiyyətlə əməl olunmasına ehtiyacı var. Geosiyasi rəqabətə görə isə vəziyyət daha da mürəkkəbləşir. Məlumdur ki, Ermənistan və Azərbaycan regional güclərin maraqlarını görməzdən gəlmək fikrində deyillər. Lakin Azərbaycan üçün ən prioritet məsələ müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsiplərinin qorunmasıdır. Sülh özülə birlikdə böyük iqtisadi inkişaf gətirəcək".
F.Şəfiyev qeyd edib ki, hazırda Cənubi Qafqazda 3 istiqamətdə vacib diplomatik proses gedir:
"Birincisi, Ermənistan-Azərbaycan sülh müqaviləsi, ikinci, Ermənistan-Türkiye normallaşma prosesi, üçüncü Prezident İlham Əliyevin təklif etdiyi Ermənistan-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlığı.
İkinci və üçüncü istiqamət birinci istiqamətin nə dərəcədə uğurlu olmasından asılıdır.
Regionda sülhün bərqərar olmasında həqiqətən maraqlı olan beynəlxalq aktorlar bu istiqamətləri dəstəkləməli və bu proseslərə xələlə gətirə biləcək istənilən bəyanat və fəaliyyətlərdən çəkinməlidirlər".