Şuşada “İskəndər” raketinin qalıqalarının tapılması neçə gündür gündəmi zəbt edib. Və təkcə Azərbaycanın yox. Maraqlı bir vəziyyət də yaranıb həm də.
Vaxtı ilə Yerevanda dəfələrlə belə bəyanatlar səslənib ki, Ermənistan Azərbaycana Rusiya istehsalı olan “İskəndər”dən atəş açıb. Bu iddiayla baş naziri Nikol Paşinyan, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan, hətta general Movses Akopyan belə çıxış ediblər.
Amma “İskəndər”in necə deyərlər sahibi Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov o vaxt Qarabağda “İskəndər” raketlərinin tətbiq olunmasını qəti inkar edirdi. O bildirmişdi ki, Dağlıq Qarabağda münaqişənin gedişində bu tipli heç bir raket kompleksi tətbiq edilməyib.
Şuşada məhz “İskəndər-M” raketlərin qalıqları beş gün bundan əvvəl aşkar edilib. Bu xəbər həm Azərbaycan, həm də xarici KİV-in müzakirə mövzusu olub. Amma az qala bütün dünyanın müzakirə etdiyi bu olayla bağlı Rusiya tərəfinin ortada dəqiq və birmənalı rəsmi cavabı yoxdur. Nə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, nə də bu ölkənin Müdafiə Nazirliyi Şuşada “İskəndər”dən necə atəş açılmasına aydınlıq gətirməyə tələsmir. Bəlkə də bu faktın təhqiqatına müəyyən qədər vaxt lazımdı. Amma Rusiya ən azı hansısa tədqiqatın başlanmasını bəyan edə bilərdi.
Yeri gəlmişkən, adıgedən raket kompleksinin Ermənistana verilməsi qaranlıq yollarla həyata keçirilib. Bu məsələdə şəffaflıq olmayıb. Şəffaflıqdan söz düşmüşkən, zaman-zaman Ermənistan Rusiyadan necə deyərlər, şəffaf olmayan tərzdə silah alıb. Elə bunun özü də bir başqa narahatlığın mövzudur.