“Məqsədləri Azərbaycanda dövlət quruluşunu dəyişməkdir” - Elman Nəsirov
14 oktyabr 2026 15:31 (UTC +04:00)

“Məqsədləri Azərbaycanda dövlət quruluşunu dəyişməkdir” - Elman Nəsirov

0

“Son günlər, xüsusilə Bakı şəhərində məktəblərdə yaşanan hadisələr təəssüf doğurur”.

Bu sözləri Milli Məclisin deputatı, politoloq, siyasi şərhçi Elman Nəsirov Lent.az-a açıqlamasında bildirib.

Elman Nəsirov sosial şəbəkədə yayılan videodan danışdı - Oxu.az

O qeyd edib ki, Azərbaycan dövləti öz məktəblərində vahid geyim tətbiq edir və bu, qanunvericilik bazasında reallaşdırılır. Burada qanuna zidd heç bir əməl yoxdur və Konstitusiyaya uyğun atılmış addımlardır:

“Konstitusiyanın 18-ci maddəsində aydın şəkildə yazılıb ki, din dövlətdən ayrıdır və dövlət təhsil müəssisələri dünyəvidir.

Bu qaydaların tətbiqi ilk növbədə bərabərlik prinsipindən irəli gəlir. Yəni heç bir şagird və ya müəllim özünə münasibətdə bir diskriminasiyanı hiss etməməlidir. Bərabərlik əsas prinsipdir. Həm də nizam-intizam çox vacib məsələdir. Bundan irəli gələrək Azərbaycan dövləti bu addımları atıb. Son baş verən hadisələr göstərir ki, müəyyən siyasi dairələr prosesləri siyasiləşdirmək istəyirlər. Onu dini müstəviyə transformasiya etmək, dini qarşıdurma mühiti yaratmaq istəyirlər. Halbuki Azərbaycan dövlətinin atdığı addımlar tamamilə qanun çərçivəsindədir və Azərbaycanda dövlət-din münasibətləri ən yüksək səviyyədədir.

Ölkəmizdə 2389 məscid fəaliyyət göstərir. Ölkə başçısı cənab İlham Əliyevin işğaldan azad olunmuş torpaqlarımızda ilk atdığı addım məscidlərin bərpası ilə bağlıdır. Ermənilər 67 məscidimizin 65-ni darmadağın etmişdilər. Birinci bərpa olunan abidə də bu məscidimiz olub.

Azərbaycan 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Azərbaycan 2017-ci ili İslam Həmrəyliyi İli kimi qeyd etdi. Bunlar hamısı cənab Prezidentin təşəbbüsləridir. Eyni zamanda, gələn il ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçiriləcək.

Azərbaycan müsəlman aləmində birliyin və həmrəyliyin əldə edilməsi üçün müstəsna xidmətlər göstərib və bu gün də həmin siyasətə sadiqdir.

Bu reallıqda Azərbaycanı qeyri-müsəlman davranışda ittiham etmək gülüncdür, heç bir tənqidə də dözmür və qəbul edilməzdir.

Eyni zamanda biz onun fərqindəyik ki, müəyyən anti-Azərbaycan beynəlxalq dairələr içərimizdə də müəyyən qüvvələrlə koordinasiya olunmuş fəaliyyət ortaya qoyurlar.

Bununla bağlı Azərbaycan Prezidenti oktyabr ayının 2-də Yeni Azərbaycan Partiyasının 8-ci qurultayında bir xəbərdarlıq etmişdi. Söyləmişdi ki, ölkəmizə xaricdən iki cür təhdidlər var. Birincisi sərhəddən, ikincisi isə ideoloji təhdidlərdir.

Sərhədlərimiz möhkəmdir. Lakin ideoloji təhdidlər sərhəd tanımır və ölkənin içərisinə sızdırılır. Məqsəd Azərbaycandakı bu səfərbər olunmuş cəmiyyəti, vətəndaş həmrəyliyini pozmaq, vətəndaş itaətsizliyi yaratmaqdır. Azərbaycanda dövlət quruluşunu dəyişmək cəhdidir və nəticə etibarilə Azərbaycanı istədikləri kimi idarə etmək istəyirlər. Niyyətləri budur.

Bu, indiki zamanda, yəni internet, kiberhücumlar dünyasında və süni intellektin geniş yayıldığı bir reallıqda bütün bunları etmək üçün həmin o anti-Azərbaycan dairələrin əlinə yaxşı fürsət düşür. Bu vəziyyətdə bizim immunitetimiz güclü olmalıdır.

İlk növbədə bu, məktəblə, təhsillə bağlıdır. Elmli, bilikli, savadlı, təhsilli gəncin beynini onlar yuya bilmirlər. İkinci də vətənpərvərlikdir. Təhsilli, savadlı insan vətənpərvər olanda ona heç cür təsir göstərmək olmur.

Ona görə də məktəblərdən başlayırlar, məktəblərə təzyiq yolunu seçiblər və bu da qəbul edilməzdir.

Cənab Prezident də həmin o qurultaydakı çıxışında qeyd elədi ki, elə böyrümüzdə, Avropanın özündə də anti-Azərbaycan informasiya resursları fəaliyyət göstərir. Xüsusilə İranın “Səhər” proqramı bu sahədə canfəşanlığı ilə seçilir. Gecə-gündüz anti-Azərbaycan təbliğatı ilə məşğuldurlar, Azərbaycan əleyhinə fəaliyyət göstərməklə məşğuldurlar.

Bu, qəbul edilməzdir.

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir. Buna heç kimin şübhəsi olmasın. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək, biz bir millət, iki dövlətik.

Bu “bir millət, iki dövlət” prinsipinə Türkiyədə də müəyyən siyasi qruplaşmalar var ki, mane olmaq istəyirlər, bu prinsipi pozmaq istəyirlər. Bu da qəbul edilməzdir.

Hesab edirəm ki, bu gün bizim dostluğumuz və qardaşlığımız elə bir səviyyəyə yüksəlib ki, kimlər buna cəhd etsə də, heç bir nəticə alınmayacaq.

Bu dostluğu əbədi etmək lazımdır, gələcək nəsillərə ötürmək lazımdır. Bu baxımdan bizim üzərimizə böyük məsuliyyət düşür. Azərbaycan dövləti həmişə bu məsuliyyətdən çıxış edərək qardaş dövlətlə əlaqələrin inkişafına təkan verib, bu prosesə töhfə verib. Amma qeyd etdiyimiz kimi, təəssüf ki, Türkiyə cəmiyyətində də müəyyən xoşagəlməz proseslər baş verməkdədir.

Biz bunu anlaya bilmirik və hesab edirik ki, son nəticədə sağlam düşüncə qalib gələcək və həmin o lokal qruplaşmalar öz niyyətlərinə heç bir halda çata bilməyəcəklər. Azərbaycan-Türkiyə dostluğuna xələl gətirə bilməyəcəklər. Çünki bu dostluq əsrlərin sınağından çıxmış dostluq və qardaşlıqdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar