İlk dəfə deputat seçilən XANIMLAR
02 sentyabr 2024 10:01 (UTC +04:00)

İlk dəfə deputat seçilən XANIMLAR

Ötən gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilər başa çatdıqdan bir neçə dəqiqə sonra səsvermənin ilkin nəticələri açıqlanıb. Açıqlanan nəticələr arasında ilk dəfə deputat seçilən xanım nümayəndələr də var.

Lent.az xəbər verir ki, bu siyahıya daxil olanlardan biri 70 saylı Neftçala seçki dairəsindən namizəd olan Tənzilə Rüstəmxanlıdır.

Onun ilk dəfə parlamentə deputat kimi seçilməsinə az qalıb. Tənzilə Rüstəmxanlı sabiq millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlının həyat yoldaşıdır.

Daha sonra, 48 saylı Abşeron Birinci Seçki Dairəsindən namizəd olan Nigar Məmmədova nəticələrə əsasən liderdir.

O, namizəd olana qədər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində çalışıb. İlkin nəticələrə görə, Nigar Məmmədova 61.6 faiz səs toplayıb. Eyni zamanda bildirək ki, Nigar Məmmədova Xarici İşlər nazirinin müavini Elnur Məmmədovun həyat yoldaşıdır.

13 saylı Xəzər İkinci Seçki Dairəsindən namizəd olan Gülşən Paşayevadır. Açıqlanan ilkin nəticələrə görə, səsvermədə 48.5 faizlə öndədir.

Gülşən Paşayeva 1 avqust 1961-ci ildə Bakıda anadan olub. 2018-ci ildə Prezident Administrasiyasında baş məsləhətçi vəzifəsində fəaliyyətə başlayan Gülşən Paşayeva bir il sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib.

Nəticələrə əsasən, öz dairəsində lider olan xanımlardan biri də Günay Əfəndiyevadır. 14 saylı Xəzər-Pirallahi Seçki Dairəsindən namizədliyini irəli sürmüş Günay Əfəndiyeva 49.5 faiz səs toplayıb.

Günay Əfəndiyeva Azərbaycanın Baş nazirinin sabiq müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.

35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizəd olan Pərvanə Vəliyeva açıqlanan ilkin nəticələrə görə, 72.8 faiz səs toplayıb. İctimaiyyət üçün yeni sima olan xanım Vəliyeva seçkiyə qədər ictimai birlik sədri olub. O, hazırda COP-29 Təşkilat Komitəsinin üzvüdür.

44 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən namizədliyi irəli sürülən Mehriban Vəliyeva səsvermənin ilkin nəticələrinə əsasən 36.5 faiz səs toplayıb.

M.Vəliyeva bir müddət əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsindən azad edilərək Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini təyin edilib.

Növbəti  uğur qazanan xanım 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsindən namizəd olan Günay Ağamalıdır. O, seçicilərin 49.8 faiz səsini toplayıb. Qeyd edək ki, Günay Ağamalı sabiq millət vəkili Fəzail Ağamalının qızıdır. O, atasının sədri olduğu Ana Vətən Partiyasında Qadınlar Şurasının sədridir. 

Siyahıya daxil olan digər namizəd isə 45 saylı Sumqayıt Dördüncü Seçki Dairəsindən Səbinə Salmanovadır. Nəticələrə görə, o, seçicilərin 50.9 faiz səsini toplayıb. Səbinə Salmanova Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin əməkdaşıdır.

YAP-dan namizəd olan Elnarə Akimova da 46 saylı Sumqayıt Beşinci Seçki Dairəsində öndədir.

Filologiya elmləri doktoru olan E.Akimova Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, səsvermənin ilkin nəticələrinə görə, 62.8 faiz səs toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10929
avatar

Fidan İlqar

Oxşar yazılar