Azərbaycanda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hakimiyyətdə olduğu illərdə mədəniyyət xüsusi inkişaf mərhələsi keçmişdir. Mədəniyyət sözü burada geniş mənada işlənir. Bu genişlik içində bir də məna dərinliyi və üfüq vardır. Düşünürəm ki, genişlik, dərinlik, üfüq dedikdə, son bir il içində leksikonumuzda yerini möhkəmləndirmiş bir müəyyənliyi vurğulamaq yetərlidir: Şuşa – Azərbaycanın Mədəniyyət Paytaxtıdır və Şuşaya aparan yollar Şuşada qurtarmır!..
İlham Əliyevin “Quran”a, Konstitusiyaya əl basıb, and içdiyi ilk gündən başlayaraq, o, məhz böyük mədəniyyət quruculuğu ilə məşğul idi. Burada əcdadımızın hərb mədəniyyəti, savaş ləyaqəti, dövlət, dövlətçilik ciddiyyəti, xalqcanlılıq, Vətəncanlılıq, uzaqgörənlik, mədəniyyətlər və sivilizasiyalararası uzlaşma, rifah, yeni nəsillərə yol açma mədəniyyəti və s. vardı. Budur, bunların hamısının birgə təcallası 30 illik işğala 44 gün içində son verən Azərbaycan Vətən Müharibəsində parlaq şəkildə ortaya çıxdı. 44 gün və tarixi Zəfər!
Bilirsiz, Silahlı Qüvvələrimiz öz Ali Baş Komandanı ilə, ölkəmiz, xalqımız öz dövlət başçısı ilə bir can olaraq, ruhdaş olmağı nümayiş etdirərək, işğal mədəniyyətsizliyindən azadlıq mədəniyyətinə keçidi təmin etməklə, dünyaya xalqımızın xarakterini göstərmiş oldu: biz müharibə aparmağı da, sülh təsis etməyi də bacarırıq.
Bu mövzu yetərincə dərin mövzudur, çünki ən azı ermənilərin Qarabağda məskunlaşdırılması ilə başlayan, İrəvandan, Zəngəzur və Göyçədən öncədən separatçı yuvasına, naşükürlər məskəninə döndərilmiş bir ərazi ilə və bu ərazilərlə də gözü doymayan azğınlaşdırılmış etnik qrupla başlayan, dünya erməniliyinin, dünya güclərinin dəstəklədiyi bir bəladan danışırıq. İlham Əliyev bu boyda problemin üzərinə öz xalqına inamı, öz siyasi iradəsi, öz prinsipiallığı və öz sadiq qardaşlarına güvəni ilə getdi. Bax, bu böyük Azərbaycan mədəniyyətinin parlaq hadisəsi, təntənəsi idi! Çoxvektorlu siyasət meydanlarında ən düzgün gediş, ən doğru məqam, ən yaxşı yol seçimi özü yüksək mədəni səviyyənin məhsuludur. Fərqli ideoloji-siyasi və etnik yapıya malik dövlətlərlə qonşuluqda, çoxmillətli Qafqazda – maraqların uzlaşdırılması çətin olan bir bölgədə zəfərə imza atmaq özgüvənlə yanaşı diplomatiya mədəniyyətini göstərir.
Uğur 44 gün içində qazanılsa da onun arxasında uzun illər boyu aparılan gərgin iş, titanik çalışmalar, məhsuldar əmək, zehni proses dayanır. Bu, öz işinə, haqqa xidmətə inamın, xalqı səfərbəretmə mədəniyyətinin ifadəsidir: necə deyərlər, gücün mədəniyyəti, mədəniyyətin gücü!
Bəli, gücün mədəniyyəti və mədəniyyətin gücü! – Bu daha nəyi ifadə edir? – Uzun illər “qalib ədası” ilə gəzən, “məğlubedilməz ordu” mifi ilə dolanan Ermənistan siyasi-hərbi hakimiyyəti, deyəsən dünya erməniliyini də, bir sıra dairələri də inandırmışdı ki, doğrudan da, onlar mədəni xalq, qalib ölkə, qədim mədəniyyət sahibləridir. Ancaq soruşan yox idi ki, bəs işğalçılıq? Bəs terrorizm? Bəs başqa ölkədə ordu saxlamaq? Bəs 4 minə Azərbaycanlı yaxın itgin, əsir, girovun taleyi necə olsun? Bəs Xocalı soyqırımına nə deyirsiz? Bəs tutduğunuz şəhərləri, kəndləri niyə dağıdırsız? Bəs sülh danışıqlarında imitasiya ilə məşğul olmaq nədir? – Bunun müqabilində ATƏT-in Minsk qrupunun həmsədrləri daxil, bir sıra güclər açıq, gizli şəkildə Azərbaycana reallıqlarla barışmağı təklif edirdi. Guya bir qalib tərəf, bir də məğlub tərəf var, reallıq var və bu reallıqla barışmaq lazımdır. İndi necədir? Qalib Azərbaycan yüksək humanizm göstərir, qalib ləyaqəti göstərir, kommunikasiyaların açılmasına töhfələr verir, dinc yanaşı yaşamağa töhfələr verir, əsir-girovların qaytarılmasını həyata keçirir. 44 günlük müharibədən ötən aylar içində yüzlərlə erməninin meyidi bizim razılığımızla aşkarlanıb və qarşı tərəfin götürməsinə imkan yaradılıb. Qalib Azərbaycan necə deyərlər, “yıxdığını kəsmir”, ağıllanmağa dəvət edir. Zəfər qazanmış Azərbaycan danışıqlar masasında ləyaqət, ciddiyyət göstərir, sözünü, tələbini açıq deyir. Yəni, biz oyun oynamırıq, oyun oynayanlara da yerini Dəmir Yumruqla artıqlaması ilə göstəririk!
Beləliklə, keçilməz xətlərin, yarılmaz səngərlərin üzərinə yeriyən, yeni texnikanın “dil”ini bilən, əcdadın hərb ənənəsi ilə çağdaş elektron hərb sənətinin ortaq yürüdülməsini modelləşdirən oğullar texnoloji mədəniyyətə, tarix şüuruna bir günün içində yiyələnməmişdi. Belə oğulları yetişdirmək məktəb mədəniyyəti deməkdir, təhsil deməkdir, maarif gücü deməkdir...
İlham Əliyevin ali hakimiyyət illəri içində təmir edilən, əsaslı şəkildə yenidən qurulan mədəniyyət müəssisələrinin, yeni tikilən sənət ocaqlarının, keçirilən çoxsaylı beynəlxalq festival, yarışmanın, haqq edənlərin dövlət mükafatları ilə təltif edilməsinin, istedadların üzə çıxarılmasının... siyahısı uzundur. Bunlar ardıcıl, məqsədyönlü siyasətin tərkib hissəsidir.
Dövlətin mədəniyyət siyasətinə ayrılan büdcə vəsaiti ilbəil artmaqdadır. Dövlət başçısı torpağın altındakı mədəni xəzinələrimizin üzə çıxarılmasına da (Tovuzdakı Göytəpə Qədim Yaşayış Məskəni kimi), Azərbaycanın Dünya Kosmos Ailəsinin üzvü olmasına da eyni diqqət-qayğı ilə yanaşıb və böyük uğurlara imza atıb. İlham Əliyev necə deyərlər, yalnız yerin altı, göyün üzü ilə deyil, Azərbaycan mənini Yerin üstündəki, göyün altındakı dünya birliyi ilə sıx təmaslarda da təsdiq edir, həqiqətlərimizin üfüqünü genişləndirir.
Pandemiya dövründə, müharibə dövründə ölkənin mədəniyyət təsərrüfatı sağlam tutulub. Klassik irsə sədaqət nümayiş etdirilib. “Nəsimi İli”, “Nizami İli”nin elanı, Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi, paytaxtda heykəlinin ucaldılması haqqında Sərəncam verilməsi, eləcə də, media mənsubları üçün şəhərciyin tikintisinin davam etdirilməsi, sosial müdafiəyə ehtiyacı olan mədəniyyət işçiləri, incəsənət xadimlərinin qayğı ilə əhatə olunması, beynəlxalq müstəvidə mədəni sərvətlərimizin qorunması... uzun siyahının yalnız çox kiçik bölümüdür...
Bir sözlə, mədəniyyətə dair dövlət siyasəti İlham Əliyevin xüsusi önəm verdiyi əməli fəaliyyət sahələrindəndir. Heç təsadüfi deyil ki, postmüharibə dövründəki ilk təqvim ili Azərbaycan Respublikasında mədəniyyət ili kimi xarakterizə olundu: 2021-ci ilin ilk ayında ölkə başçısı Şuşanı Mədəniyyət Paytaxtı elan etdi, 2021-ci ili Nizami İli elan etdi, Mədəniyyət naziri vəzifəsinə təyinat oldu və yeni nazirə Yeni Mədəniyyət Strategiyasının hazırlanması, Mədəniyyət Nazirliyində müşahidə olunmuş neqativ halların aradan qaldırılması tapşırıldı. Fevralda Aşıq Ələsgərin 200 illiyi ilə bağlı Sərəncam verildi. Sonra Şuşada Xarı Bülbül, Vaqif Poeziya Günləri bərpa olundu və yüksək səviyyədə keçirildi. “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu parlamentdə müzakirələrdən sonra qəbul edildi. Prezidentin qanunvericilik təşəbbüsü ilə irəli sürülmüş qanun Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən etdi. Şuşaya və işğaldan azad edilmiş digər torpaqlarımıza mədəniyyət qayıtdı, quruculuq, abadlıq sürəci başlandı: torpağın əsl sahibləri Qarabağa, Gündoğar Zəngəzura ruh bədənə qayıdan kimi qayıtdı!
Vaqifin məqbərəsinin bərpası bu sürəcin şah əsərlərindən biri oldu. İl ərzində sərgilər, konsertlər, müsabiqələr, təqdimatlar... ard-arda düzüldü. İl içində bir neçə dəfə mədəniyyət, incəsənət xadimləri ilə bağlı Sərəncamlar verildi, təltiflər oldu. Azərbaycan Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı və b. yaradıcı qurumların dövlət büdcəsindən maliyyələşdirilməsi davam etdirildi.
Və Heydər Əliyev Fondu!.. – UNESCO və İSESCO-nun xoşməramlı səfiri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük şükranlığa layiq xidmətləri də məhz İlham Əliyevin ali hakimiyyət illərində çiçəklənən mədəniyyət siyasətimizlə sıx bağlıdır. Bunlar bir-birini üzvi surətdə tamamlayan çox önəmli hadisələrdir. Prezidentin ailə üzvlərinin mədəniyyətin çiçəklənməsinə verdiyi ciddi töhfələr özü də sənət əsərlərinə, kitablara, filmlərə mövzu olası hadisələrdir.
Mədəni irs, mədəni tərəqqi, mədəniyyətin təqdimi, təbliği, təcallası və təsviri planında misalları, örnəkləri çox saya bilərik. Lakin məqsəd bu deyil. Məqsəd bir liderin timsalında mədəni yüksəlişin digər sahələrə sirayətinə bir baxış sərgiləməkdi. Çox şadıq ki, baxışlarımız Şuşada əzəmətlə dalğalanan bayrağımızdan Zəngəzura, Göyçəyə, İrəvana mədəniyyət, sənət şüaları kimi, işıq seli kimi axmaqdadır – o torpaqlar öz əzəli sahiblərinin dönüşü ilə dinclik tapacaqdır.
BÜTÜN BU FİKİRLƏRİN İŞIĞINDA MÖHTƏRƏM DÖVLƏT BAŞÇIMIZI 60 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ ÜRƏKDƏN TƏBRİK EDİR, ŞƏRƏFLİ VƏ MƏSULİYYƏTLİ İŞİNDƏ YENİ-YENİ UĞURLAR DİLƏYİRƏM!
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva