29 il bundan əvvəl avqustun 27-dən 28-nə keçən gecə Goranboy rayonunun Ballıqaya kəndində məskunlaşan və erməni silahlı birləşmələri tərəfindən kütləvi qətliama məruz qalan Laçınlı soydaşlarımızın anım günüdür. Ballıqaya faciəsində və ondan sonra baş verənləri təfərrüatı ilə APA TV-də izləyəcəksiz.
Bəzi hadisələr var ki, nə insan yaddaşından, nə də tarixin vərəqlərindən silinə bilər. 20-ci əsrin sonlarında Azərbaycanlılara - köməksiz, müdafiəsiz, əli silah tutmayan vətəndaşlarına qarşı törədilən, qətliam tarixinə həkk olan Ballı Qaya faciəsi... Bəli Faciə... O faciə ki, 18 may 1992-ci ildə Erməni vandallığı nəticəsində Laçın rayonundan didərgin salınan bir qrup Nağdalı kənd sakini özlərinə müvəqqəti sığnacaq yeri tapdığı Goranboyun Ballıqaya kəndində - otlaq sahələrində qoyun sürülərini otarmaq üçün yaylaqda məskunlaşıblar. Həmin gecə öldürülən insanlar səhər saat 5 radələrində öz alaçıqlarında yatılı vəziyyətdə olarkən Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü tərəfindən amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutulub. Dinc sakinlərdən 24 nəfər həlak olub, 5 nəfər ağır yaralanıb, 4 nəfər yüngül bədən xəsarətləri alıb. Qətlə yetirilən ən yaşlı sakin 93 yaşında qadın, ən balacası isə 6 aylıq oğlan uşağı olub.
Faciəni yaşamaq bir, onun ağır dərdini daşımaq iki yükdür.
APA TV olaraq illərdir bu yükü daşıyanlardan, o gecə ailə üzvlərini Erməni vəhşiliyinə qurban verən vətəndaşlarımızı tapıb, faciəni bir də onların qan yaddaşı ilə xatırladıq. Həmin qanlı gecədə Vəzir Hümbətovun ailəsindən 6 nəfər öldürülüb, daha sonra yandırılıb. Vəzir Hümbətov deyir ki, Laçından məcburi çıxarıldıqdan sonra Goranboyun Ballıqaya kəndinin yaylağında məskunlaşdıq. Hadisədən bir gün qabaq daimi yaşayış yeri seçmək üçün Göygöl rayonuna getdim. Səhəri gün yaylağa qayıdıb ailəmi aparmaq istəyərkən övladlarımın və həyat yoldaşımın yandırılmış və külə çevrilmiş cəsədləri ilə qarşılaşdım: “Həmən gecə öz ailəmdən - Hümbətova Hürüzaman Qara qızı yoldaşımdı, Elçin Vəziroğlu, Bəxtiyar Vəziroğlu, İsmayıl Vəziroğlu, Nəbadi Vəziroğlu, Gülnar Vəzirqızı və Canpolad Vəziroğlu. Hamısını bir kəfənə yığmışam. Meyit qalmayıb, yanmışdı sümükləri, külləri qalmışdı. Onun hamısını bir kəfənə yığıb bir qəbirə qoymuşuq. Ora da işğal olundu, nə gedə bilirik, nə gələ bilirik. Bəlkə də elə dağıdıblar ki, getsəm qəbiri də tapa bilməyəcəm”.
O, ailəsini Ağdamın Güllücə qəbiristanlığında dəfn edib. Ağdam işğal edildikdən sonra Vəzir ailəsinin məzarına da həsrət qalıb. Və nəhayət torpaqlarımız azad edildikdən sonra Vəzir Hümbətov illər sonra ilk dəfə Ağdamda erməni vandallığının qurbanı olan bu məzarlıqda ailəsinin məzarını ziyarət etdi...
Düşmənin qəddarlıqda sərhəd tanımayan, xalqımıza qarşı nifrət dolu törətdiyi faciələr bununla kifayətlənməyib. İşğalçı qüvvə 1992-ci ildən etibarən müxtəlif illərdə, Xocavənd rayonunun Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban və Çayqovuşan, Başlıbel kəndlərində soydaşlarımıza qarşı xüsusi amansızlıq göstərib, həyatlarına son verib. Kəndlər, evlər yandırılıb, qoca-körpə demədən qanına qəltan edilib, ailələr külə çevrilib. İllər keçməsinə baxmayaraq özündə insanlıq hissini dərk etməyən, daim işğalçı qatil simasını qoruyan düşmən 2020-ci il Vətən savaşı dövründə Gəncəni və Bərdəni hədəf alaraq müharibədən kənar qalan dinc vətəndaşlarımızı raket hücumları ilə bombalayıb. Həmin hadisənin qurbanları yenə də ailələr, günahsız körpələr olub...
Dövlətimiz bu cinayətlərdə günahkar olacaq şəxsləri sivil qayda-qanunlarına uyğun cəzalandırmaq iqtidarındadır. Azərbaycan Respublikası Hərbi prokurorluğunun mətbuat xidmətinin katibi və baş ədliyyə müşaviri Firad Əliyev qeyd edir ki, Azərbaycan xalqına qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan cinayətlər - müharibə, terrorçuluq, ağır və xüsusilə ağır cinayətlərlə əlaqədar Ermənistan tərəfinə cinayət işi açılıb: “Azərbaycan respublikasının cinayət məcəlləsinin 103-cü Soyqırım, 107-ci əhalini deportasiya etmə və ya məcburi köçürmə, 113-cü İşgəncə, 115-ci müharibə qanunlarını və adətlərini pozma, 116-cı silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, 120-ci qəsdən adam öldürmə, 214-cü terrorçuluq və digər müxtəlif maddələrlə müvafiq şəxslərin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında barələrində qərar qəbul olmuş, bundan sonra məhkəmələr tərəfindən barələrində həbs-qəti imkan tədbiri seçilmiş və axtarışlarının təmin olunması üçün müvafiq sənədlər interpolun Azərbaycandakı milli bürosuna və Daxili İşlər Nazirliyinin baş cinayət axtarış idarəsinə göndərilib”.
Tarix boyu qanlı hadisələrin mərkəzinə çevrilən Azərbaycan bir gün öz günahsız vətəndaşlarının qisasını alacaqdı. O vaxt isə 27 sentyabr 2021-ci il tarixində baş verdi. Ordumuz həmin gündən etibarən həm Ballıqaya faciəsinin həm də digər erməni qətliamlarının qisasını aldı. Əsgərlərimiz hərbi qaydalara uyğun öz döyüş əməliyyatını yetirərək erməni dinc əhalisinə bir güllə də tuşlamadı. Bu düşmənlə bizim fərqimizi dünyaya göstərən ən böyük fərqlərdən biridir.
Azərbaycan Respublikası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara və o cümlədən Ermənistan respublikasına cinayətkarların tapılaraq ədalətə təslim edilməsi üçün müraciətlər edilsə də bu günə qədər bu cinayət aktını törədənlər layiqli cəzasını almayıb.
İnanırıq ki, xalqımıza qarşı törədilən bu qırğınların səbəbkarları Ali baş komandan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində hüquqi müstəvidə öz cəzalarını alacaqlar.
Nuranə Namazova,
Habil Aslanoğlu,
Faiq Həsənov,
APA TV