Ermənistan sülhə məcbur edilməli, sərhəddə təhlükəsiz zona yaradılmalıdır -TƏHLİL
13 sentyabr 2022 05:00 (UTC +04:00)

Ermənistan sülhə məcbur edilməli, sərhəddə təhlükəsiz zona yaradılmalıdır -TƏHLİL

Ermənistan silahlı qüvvələri dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində son bir ayda   davamlı təxribatlar törədir. Hər gün Azərbaycan Müdafiə Nazirliyi  Ordunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması barədə məlumatlar yayır. Son günlərdə isə bu məlumatların sayı daha da artıb.
 

Məlumatlara görə, hətta bir neçə dəfə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları Azərbaycan ərazisinə sızmağa cəhd göstərsələr də, bunun qarşısı alınıb. Son günlər isə Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahların, ağır artilleriya və şəxsi heyət toplanması müşahidə olunub.

Dəfələrlə bu barədə danışılmasına baxmayaraq, Üçtərəfli bəyanata zidd olaraq,  hələ də Ermənistan Silahlı Qüvvələrinə məxsus silahlı texnika və qoşun hissələri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz erməni hərbi separatçıları ilə birgə qalmaqda və onlara dəstək verməkdədirlər.  Ermənistan rəsmiləri isə bunu inkar edərək, beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldur.  Bütün bunlarla yanaşı, Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda Ermənistanın otuz illik işğalının nəticəsi olaraq, genişmiqyaslı və çətin humanitar mina təmizləmə fəaliyyəti apardığı halda, Ermənistan tərəfindən yenə də Azərbaycan ərazilərində qəsdən mina basdırılması əməlləri davam edir. 

Məqsəd nədir? 

Əgər diqqət yetirsək, Ermənistanın siyasi-hərbi rəhbərliyi hər dəfə danışıqlar intensivləşəndə, sülh müqaviləsinə doğru irəliləyiş üçün işartılar görünəndə addım atılanda eyni təxribatları hərbi avantüralarla qəsdən regionda vəziyyəti gərginləşdirir. 
Ermənistan rəhbərliyi danışıqlar masasında, beynəlxalq vasitəçilərin iştirakı ilə keçirilən görüşlərdə bəzəkli və "sülh tərəfdarı" kimi saxtakar açıqlamalar versə də, sülh müqaviləsi üzrə danışıqların baş tutmasını pozmaq və 10 noyabr 2020-ci tarixli üçtərəfli bəyanat üzrə öhdəliklərini yerinə yetirməmək üçün bütün təxribatlara əl atır, ənənəvi riyakarlıqla yenə də bütün tərəfləri aldatmağa çalışır. Faktiki olaraq, hazırda Ermənistan rəhbərliyi  Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı tikinti-quruculuq layihələrini ləngitmək, sülh müqaviləsi üzrə danışıqlara imkan verməmək üçün bütün səylərini səfərbər edib.  

Bu gün isə ənənəvi xislətinə sadiq qalaraq, Ermənistan gecə saatlarında Azərbaycan dövlət sərhədində yenidən və daha genişmiqyaslı təxribat törədib. Bütün sərhəd boyu təxribatlarını davam etdirən Ermənistan hərbi-siyasi rəhbərliyi hazırda baş verənlərə, regionda sülhə nail olmağa yaratdığı ciddi maneəyə görə məsuliyyət daşıyır. 

Azərbaycanın davamlı şəkildə həyata keçirdiyi humanitar və sülhpərvər siyasətinə qarşı Ermənistanın bu cür təxribatçı davranışlarına beynəlxalq ictimaiyyət münasibət bildirməlidir. 

Ermənistanın təxribatları necə dayandırılmalı? 

Əsas məsələlərdən biri Azərbaycan sərhədinin yaxınlığında təhlükəsiz zona yaradılmasıdır. Əks təqdirdə,  Ermənistanın təxribatları davam edəcək. 
Paralel olaraq, Ermənistan sülhə məcbur edilməlidir. Ermənistan rəhbərliyinin hər dəfə təxribatlar törətdikdən sonra himayədarlarının üstünə qaçıb, riyakarcasına hay-küy salmaqla revanşizmin baş qaldırması üçün vaxt tanınmasına çalışmasına son qoyulmalıdır. 
Ermənistandan birmənalı olaraq sonuncu hərbi texnikasını və əsgərini Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərindən sözdə deyil, real əməldə çıxarılması müzakirəsiz tələb olunmalıdır. Çünki bu, üçtərəfli bəyanatın tələbidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2427
avatar

Oxşar yazılar