XİN başçısı: “Ermənistan Azərbaycanın yeni ərazilərini ələ keçirmək məqsədi güdür”
25 avqust 2020 18:18 (UTC +04:00)

XİN başçısı: “Ermənistan Azərbaycanın yeni ərazilərini ələ keçirmək məqsədi güdür”


“İyulun 12-də Azərbaycan növbəti dəfə Ermənistan Silahlı Qüvvələrinin hücumuna məruz qalıb. Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz sahəsində yerləşən mövqeləri, habelə sərhədyanı yaşayış məntəqələri dörd gün ərzində intensiv artilleriya atəşinə tutulub. Nəticədə Azərbaycan tərəfindən hərbi və mülki şəxslər arasında itkilər olub. Yaşayış evləri və xəstəxanalar da daxil olmaqla, mülki infrastruktura ciddi ziyan dəyib".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu TASS-a müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, erməni tərəfinin provokasiyası təsadüfi hərbi toqquşma deyil: “Biz dövlət sərhədinin Tovuz sahəsində hücuma Ermənistanın Azərbaycana qarşı növbəti təcavüz aktı kimi baxırıq. Ermənistan Azərbaycanın yeni ərazilərini ələ keçirmək məqsədi güdür. Bu hərbi hücum Ermənistan tərəfindən əvvəlcədən, bu ölkənin müdafiə nazirinin "əlverişli təhlükəsizlik vəziyyəti yaratmaq üçün qabaqlayıcı zərbələr" və "yeni ərazilər üçün yeni müharibə" bəyanatına əsasən yeni hərbi strategiya əsasında planlaşdırılıb. Bu təcavüzkar hərbi doktrina əsasında hərəkət edən Ermənistan bu hücumu hərbi və siyasi hesablamalarına əsasən həyata keçirib. Ermənistan sərhədin Tovuz hissəsini qəfil hücum üçün daha uyğun yer hesab edib. Döyüşlərin miqyası və intensivliyi göstərir ki, erməni tərəfi bu hücumu əvvəlcədən planlaşdırıb və aktiv hərbi fəaliyyətlərin, böyük sayda silah və döyüş sursatlarının olmadığı əraziyə cəmlənib. Azərbaycanın sərhəd ərazilərinin və orada yerləşən mülki obyektlərin atəşə tutulmasının intensivliyi mülki əhali arasında təşviş yaratmaq və insanları evlərini tərk etməyə məcbur etmək məqsədi daşıyıb. Hücum Azərbaycanın böyük enerji və nəqliyyat infrastrukturu obyektlərinin yerləşdiyi bölgəsi istiqamətində həyata keçirilib. Təbii ki, Ermənistandakı pandemiya şəraitində kəskinləşən daxili siyasi, sosial və iqtisadi problemlər də onun silahlı hücumunun vaxtının seçiminə təsir göstərib”.

C. Bayramov bildirib ki, Azərbaycan Silahlı Qüvvələri hücumu dəf edib və öz mövqelərini qoruyub: “Ermənistanla sərhəddə hərbi vəziyyət gərgin olaraq qalır. Ermənistan Azərbaycanın mövqelərini atəşə tutmaqda davam edir. Ermənistanın Tovuza hücumu Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş və münaqişənin sülh yolu ilə həllinə xələl gətirən davamlı bəyanatları və hərəkətləri fonunda həyata keçirilib. Ermənistan rəhbərliyi açıq şəkildə Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edir, ölkənin ikinci ən böyük şəhəri Gəncə də daxil olmaqla yaşayış məntəqələrinə hərbi zərbələr endirməklə hədələyir və danışıqların başlaması üçün absurd şərtlər irəli sürür. Gələcəkdə oxşar toqquşmaların qarşısını almağa gəldikdə isə, burada münaqişənin ilkin səbəblərinə diqqət yetirməliyik - bu, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və ərazilərimizin işğalıdır. Ona görə də hesab edirik ki, işğalçı qoşunların Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması regionda təhlükəsizlik və sabitliyin təmin olunması və gələcəkdə bu kimi təxribatların təkrarlanmasının qarşısını almaq üçün vacibdir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2476
avatar

Oxşar yazılar