Azərbaycan–Özbəkistan münasibətləri qardaşlıq və dostluq prinsipləri əsasında qurulub -  Soltan Məmmədov
25 avqust 2026 11:07 (UTC +04:00)

Azərbaycan–Özbəkistan münasibətləri qardaşlıq və dostluq prinsipləri əsasında qurulub - Soltan Məmmədov

0

Azərbaycan–Özbəkistan münasibətləri qardaşlıq və dostluq prinsipləri əsasında qurulub.

Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov bildirib.

Deputat deyib ki, son illərdə Azərbaycan və Özbəkistan arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi çoxəsrlik dostluq və qardaşlıq əlaqələrimizə yeni məzmun qatır. Azərbaycan başda Özbəkistan olmaqla Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq edir. Ötən ilin noyabrında Özbəkistanın sədrliyi ilə Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycana tamhüquqlu iştirak imkanı verilib. Azərbaycanın bu prosesdə fəal iştirakı nəticəsində daha əvvəl “C5” kimi tanınan əməkdaşlıq formatı hazırda “C6” adlandırılır. “Bütün bunlar Azərbaycanın regional müstəvidə qarşılıqlı etimadın gücləndirilməsinə verdiyi töhfənin göstəricisidir və gələcəkdə daha əlverişli nəticələrin əldə olunmasına zəmin yaradır”.

Soltan Məmmədov qeyd edib ki, tərəflər arasında ticarət əlaqələrinin inkişafı qarşıdakı dövr üçün əsas prioritetlərdəndir: “Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində Daşkənddə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə Proqram”ın imzalanması iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mühüm institusional baza formalaşdırır: “Azərbaycan və Özbəkistan arasında investisiyalar və ticarət sahəsində layihələrin həyata keçirilməsi üzrə Praktiki Fəaliyyət Planı – Yol Xəritəsi də ticarət dövriyyəsinin artırılmasında investisiya layihələrinin rolunu daha da gücləndirəcək”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi “İkitərəfli münasibətlər çox möhkəm – həm mənəvi, həm də maddi təməl üzərində qurulub” fikri ortaq tarixə, mədəniyyətə və qədim türk köklərinə bağlı olan iki xalqın qardaşlıq münasibətlərinin mahiyyətini dolğun şəkildə ifadə edir.

Soltan Məmmədov bildirib ki, Özbəkistan Azərbaycanın postmünaqişə dövründə Qarabağda həyata keçirdiyi bərpa və quruculuq işlərinə də mühüm dəstək göstərir: “Füzulidə inşa edilən 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəb və Xankəndidə tikiş fabrikinin yaradılmasına yönəldilən investisiyalar bölgədə məşğulluğun və əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Sevindirici haldır ki, bu əməkdaşlıq layihələri təkcə iki ölkənin paytaxtlarını deyil, regionların da inkişafını hədəfləyir. Daşkənddə keçirilən IV Özbəkistan–Azərbaycan Regionlararası Forumunda da regionlar arasında birbaşa əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması istiqamətində fikir mübadiləsi aparılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 66

Oxşar yazılar