Alternativi olmayan bəyanat - ŞƏRH
10 noyabr 2021 12:55 (UTC +04:00)

Alternativi olmayan bəyanat - ŞƏRH

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanmasının ildönümüdür. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub. 
Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə Ermənistan məğlubiyyətini qəbul edib. İki gün sonra isə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb. 
Bu gün birmənalı olaraq demək lazımdır ki, 2020-ci il noyabr ayının 10-da üçtərəfli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdi.  Bəyanat uzun illər davam edən işğala son qoydu, münaqişənin hərbi mərhələsi başa 

Üçtərəfli Bəyanatın imzalanmasının ən önəmli cəhətlərindən biri də Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən Azərbaycana qaytarılması ilə bağlı oldu. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu. 
Üçtərəfli Bəyanat status-kvonu tam olaraq Azərbaycanın xeyrinə dəyişdi. Artıq “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi də yoxdur, həmin əraziyə hər hansı bir statusun verilməsi də müzakirə mövzusu deyil. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazilərimizdir.
Üçtərəfli Bəyanatda öz əksini tapmış ən mühüm məqamlardan biri Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında avtomobil və dəmiryolu kommunikasiyalarının yaradılması oldu. Bəyanatda bildirilir ki, köhnə kommunikasiyaların, yolların açılması ilə yanaşı eyni zamanda burada yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və artıq bu istiqamətdə də işlər görülür. Qeyd etmək lazımdır ki, bu bənd birbaşa Prezident İlham Əliyevin təkidilə bu bəyanata salındı. Çünki birbaşa münaqişə ilə bu bəndin heç bir əlaqəsi yox idi. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. 

10 noyabr üçtərəfli bəyanatının siyasi əhəmiyyəti böyükdür. Ötən ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan tərəfi mütləq üstünlük əldə etmişdi, lakin istənilən halda, həm Azərbaycan, həm də Ermənistan itki verirdi. Bəyanatın elə ən vacib siyasi əhəmiyyətindən biri də digər üç rayonumuzu müharibədən sonra, şəhid vermədən işğaldan azad edə bilməyimiz idi. Bəyanatda, həmçinin Zəngəzur dəhlizinin açılması və erməni silahlı qüvvələrinin tör-töküntülərinin Qarabağdan çıxarılması məsələsi öz əksini tapıb. 
Azərbaycan tərəfi bütün səviyyələrdə, bütün tribunalardan dönə-dönə xatırladır ki, ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın alternativi yoxdur və həmin sənəd mütləq icra olunmalıdır. 10 noyabr bəyanatı regionda yeni reallığın başlanğıcını qoydu. Azərbaycanın ərazi bütövlüyünün bərpası regionda yeni iqtisadi - siyasi mərhələnin başlamasına səbəb oldu.

# 1299
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar