10 noyabr razılaşması və San-Stefano müqaviləsi – AKTUAL ŞƏRH
23 dekabr 2020 12:10 (UTC +04:00)

10 noyabr razılaşması və San-Stefano müqaviləsi – AKTUAL ŞƏRH

Artıq bir müddətdir, münaqişə tərəfləri Rusiyanın təminatı ilə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdədirlər. İşğalda olan, beynəlxalq hüquqla da Azərbaycan əraziləri kimi tanınan bir neçə rayon boşaldılıb, əraziyə Rusiya sülhməramlıları daxil olub və münasibətlər sabitləşmə istiqamətində getməkdədir. 30 illik işğal və 44 günlük döyüşlər zamanı yaşayış yerlərini tərk edən hər iki tərəfdən olan qaçqınların yurd yerlərinə qayıtması planlaşdırılır.

Vizual görünüş təxminən buna yaxın bir situasiya formalaşdığını deməyə imkan verir. 44 günlük müharibənin sonucu əldə olunmuş atəşkəs razılaşmasından keçən ayyarımlıq müddət ərzində baş verənlərin mahiyyətini necə, yuxarıdakı kimi izah edə bilərikmi? Beləliklə, regiona sülh gəlibmi? Bu sülh nə dərəcədə möhkəm və stabildir? Üç tərəfin razılığı ilə əldə olunan sülhə təhdidlər varmı, varsa, haradan qaynaqlanır?

Öncə ondan başlayaq ki, monoetnik Ermənistan cəmiyyətini siyasi, coğrafi, sosial və sair istiqamətlərdən monocəmiyyət adlandırmaq mümkün deyil. Siyasi orientasiyasına görə Rusiya və qərbyönümlülər, coğrafi mənsubiyyətinə görə ermənistanlı və qarabağlılar, sosial statusuna görə kasıblıq həddində və ondan aşağıda yaşayanlar, kəskin imkanlılar və sair təbəqələr, qruplar arasında fikir və maraq ziddiyyətləri antaqonist səviyyədədir, gərginlik nəinki azalır, tam əksinə günbəgün artır. Belə bir quruluşa sahib cəmiyyətdən məğlubiyyəti təsdiq edən Bəyanata vahid münasibət gözləmək, təbii ki, mümkün deyil. Bu baxımdan, Ermənistanda cərəyan edən hadisələrə, vətəndaş itaətsizliyinə, Bəyanatın şərtlərinin icrasından imtinaya çağırışları bu prizmadan anlamaq olar. Amma... Mövcud vəziyyətdə baş verənlərin mahiyyətinin dərki elə məhz bu ammadadır.

Tarixə kiçik bir ekskursiya. 1878-ci il 19 fevral. Həmin gün Osmanlı və Rusiya imperiyaları arasında tarixə San-Stefano razılaşması kimi daxil olan sülh müqaviləsi imzalanır. Müqavilənin şərtlərinə əsasən, Osmanlı böyük ərazilərin itirilməsi və Rusiya imperiyasına böyük məbləğdə təzminat ödəməsi ilə razılaşır. Lakin İngiltərə, Fransa, güclənməkdə olan Almaniya və digər qərbi Avropa dövlətlərinin müdaxiləsi ilə razılaşma qüvvədən salınır. Həmin il iyulun 13-də Berlində 7 dövlətin iştirakı ilə yeni sülh müqaviləsi – Berlin razılaşması imzalanır.

İndi isə gələk bu tarixi ekskursiyamızın səbəblərinə. Məsələ ondadır ki, müharibə aparan və sülh müqaviləsi imzalayan tərəflərdən hər hansı biri – istər Osmanlı (baxmayaraq ki, məğlub tərəf kimi müqavilənin şərtlərindən razı qalmamışdı), istərsə də Rusiya üçüncü bir tərəfə arbitr olmaq üçün müraciət etməmişdi. Sadəcə olaraq, San-Stefano razılaşması ilə Rusiya Balkanlara daxil olur, bölgədə əsas qüvvəyə çevrilirdi. Bu isə ilk növbədə, qərb imperialistlərinin maraqlarına təhdid yaradırdı. Beləliklə, Rusiyanı daha da gücləndirən, balkanları, Qara dənizin bütün şərq və qismən cənub sahillərini nəzarətə almaq imkanı verən razılaşma qüvvədən salınmalıdır (denonsasiya) və salınır. Əvəzində münaqişə tərəflərinin (Osmanlı və Rusiya imperiyaları) heç biri üçün əlavə üstünlük yaratmayan, tam əksinə, münaqişəyə aidiyyatı olmayan (xüsusilə, Fransa və İngiltərə) dövlətlərin maraqlarına xidmət edən Berlin razılaşması imzalanır. (Müqavilə imzalandıqdan 3 il sonra Fransa 7 dövlətin imzası ilə Osmanlı ərazisi kimi tanınan Tunisi, bir il sonra isə İngiltərə Misir və Sudanı işğal edir. Çox maraqlıdır ki, bu işğal faktlarını törədərkən hər iki dövlət istinad kimi məhz Berlin (?) razılaşmasını göstərirlər).

Günümüzə qayıdaq. 2020-ci il 10 noyabr. Münaqişə edən Azərbaycan və Ermənistan Rusiyanın birbaşa iştirakı ilə münaqişəyə son qoyan və gələcək münasibətləri, qarşılıqlı siyasi, iqtisadi əlaqələri, çoxtərəfli kommunikasiya istiqamətlərini ehtiva edən razılaşma imzalayırlar. Beləliklə, Rusiya gediş edir və... və mat! Qərb, xüsusilə ATƏT Minsk qrupunun həmsədrləri kimi Fransa və ABŞ oyundan kənar vəziyyətə salınır. Gözlənilməz və sarsıdıcı gedişdir. Xüsusilə nəzərə alsaq ki, münaqişənin aktiv fazası dövründə beynəlxalq güclər tərəfindən humanitar atəşkəs istiqamətində uğursuz cəhdlər olmuş, bəzi halda razılaşmadan 5 dəqiqə sonra atəşkəs pozulmuşdu. 10 noyabr razılaşmasından keçən ilk günlərdə Qərbin susqun reaksiyasını baş verənlərin şoku ilə yanaşı, bu razılaşmanın da tezliklə pozulacağına olan ümidlə əlaqələndirmək olar. Amma bir neçə gün keçir, böyük uğurlar əldə edən Azərbaycan - atəşkəsə sadiqdir, böyük itkilər vermiş və məğlub olmuş Ermənistan – Yerevanda kütləvi narazılıqlar başlasa da, atəşkəsi pozacaq heç bir ciddi müqavimət görünmür. Nə etmək lazımdır? Axı, Rusiya bir gedişlə tək Dağlıq Qarabağ münaqişəsini inhisarına almağa cəhd edən qərbli rəqiblərini kənara atmayıb, həm də NATO üzvü Türkiyənin münaqişənin həllində mühüm rolunu qəbul etməklə onunla bir çox məsələlərdə strateji müttəfiq ola biləcəyini nümayiş etdirib. Təsəvvür edirsinizmi, Türkiyə və Rusiya Cənubi Qafqaza daxil olur, həm də tarixdə ilk dəfə düşmən yox, müttəfiq kimi.

Beləliklə, tələm-tələsik qondarma qurumun tanınması haqqında qanun layihəsi hazırlanır və Fransa Senatı tərəfindən heç bir ciddi müzakirə aparılmadan qəbul olunur. Ardınca Fransa Assambleyası eyni məzmunlu qərar qəbul edir. Davamı, Kanada parlamentində oxşar qanun layihəsinin müzakirəyə çıxarılması, bu günlərdə Niderland qanunverici orqanının qəbul etdiyi qərar və sair. Nə baş verir? Nə oldu ki, atəşkəs razılaşması imzalandıqdan sonra Qarabağda ermənilərin hüquqlarının “pozulması” halları yada düşməyə başladı?

Demək, məsələ heç də erməni “sevgisi”, ermənilərin “pozulan hüquqları” ilə bağlı deyil. Məsələ inkişaf edən Rusiya-Türkiyə münasibətləri, Rusiyanın Türkiyə ilə birgə Qafqaza müttəfiq kimi daxil olmasıdır. Bunun qarşısını almaq üçün ən real variant isə müxtəlif yollarla Bəyanatın denonsasiyaya (beynəlxalq müqavilələrin, razılaşmaların qüvvədən salınması) uğradılması, bu mümkün olmadıqda Ermənistanda mövcud olan revanşist əhval-ruhiyyəli şəxslərin əli ilə Bəyanatın mümkün qədər çox bəndlərinin icrasına maneçilik törətməkdir. ABŞ və Fransanın son cəhdlərini, bu ölkələrdən olan həmsədrlərin regiona tələm-tələsik səfərlərini, yaxın zamanlarda Türkiyə və xüsusilə Rusiyaya qarşı atılacağı gözlənilən sanksiyaları (Türkiyəyə qarşı artıq başlanıb) bu prizmadan dəyərləndirməyə çalışmaq lazımdır.

Beləliklə, hesab edirəm ki, regionda son günlər baş verənlər erməni xalqının qisas hissləri, döyüşlərin yenidən başlanması kimi çağırışları ilə bağlı deyil. Birləşmiş erməni müxalifətinin hökumət əleyhinə çağırışlarına reaksiyalar, mitinq iştirakçılarının sayı, xüsusilə, aksiyalarda iştirak edənlərin kimliyi göstərir ki, ümumilikdə xalq, böyük əksəriyyət, xüsusilə də gənclər məğlubiyyətlə barışmaq istəməsələr də, razılaşma bəndlərinin pozulması, müharibə tərəfdarları da deyil. Yalnız kiçik bir hissə, qərb qüvvələrinin gizli əlaltıları, eyni zamanda ABŞ və Avropada mövcud olan erməni diaspor təşkilatları sifariş əsasında razılaşmanı qüvvədən salmağa cəhd edirlər. Hesab edərəm ki, həm Qərbdə, həm Rusiya və Türkiyədə, həm də Ermənistan cəmiyyətində yaxşı başa düşürlər ki, 10 noyabr Bəyanatının Ermənistan tərəfdən yeganə qarantı Paşinyan və ona sadiq qüvvələrdir. Əks variant isə nə qədər Fransa, ABŞ və müttəfiqlərinin maraqlarına uyğun olsa da, Ermənistan üçün intihar variantından başqa bir şey olmayacaq. Bunu Rusiya Prezidenti Vladimir Putun də açıq şəkildə səsləndirib, həm də bir neçə dəfə. Çünki söhbət yalnız Ermənistandan, yaxud Azərbaycandan yox, həm də qərb rəqibləri ilə mübarizədə Rusiyanın dövlət maraqlarından gedir.

Anar ƏLİYEV,

Politoloq, tarix üzrə fəlsəfə doktoru

# 2757
avatar

Oxşar yazılar