Yadigar Məmmədli: “Kəndin girişində iki oğlan məni yaxşıca döyüb, aşı əlimdən aldılar...” - MÜSAHİBƏ
0
0
Lent.az-ın “Uşaqlığın son gecəsi” layihəsində bu dəfəki qonağımız Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlidir. Bu gün onun üçün və ona ehtiyacı olan biz jurnalistlər üçün əlamətdir gündür. Yadigar müəllimin 50 yaşı tamamlanır. Nə az, nə çox - düz yarım əsr! Baxmayaraq ki, möminliyini ifadə edən saqqalı olmasa, uzaqbaşı 35 yaş verərsiniz.
Elə isə gəlin, 50 yaşını tamamlamış bu cavan oğlanla “uşaq olaq”.
...Astaranın Qapıçıməhlə kəndində, İranla sərhədin düz üstündə yerləşən məkanda doğulub. Təsadüfə bax ki, mən də bu yazını onun doğulduğu, uşaqlığını keçirdiyi torpaqlara gedən Bakı-Astara qatarında yazıram. Valideynləri də Azərbaycana İran adlanan ölkədən – daha dürüstü, Güney Azərbaycanın Ərdəbil mahalından köç ediblər. Dindar ailəsində doğulub, böyüyüb. Valideynləri, deyir, heç biri ali təhsil almayıb. Atasının demək olar ki, Azərbaycanda qohum-əqrəbası olmaylb. Əsasən, anasının qohumları yaşayırmış Azərbaycanın şimal tərəfində, onlar da az əvvəl Arazın bəri üzünə keçənlərdən olub. Elə atası Azərbaycanın şimal torpaqlarında təklik çəkdiyi üçün də, Yadigar müəllim 1, 2, 3, 4, 5, 6... düz 10 uşaqlı ailədə böyüyüb. Ən böyüyü də özü olub. Deyir, 10 uşaqlı, böyük külfətli, sadə bir ailədə doğulub. Özündən əvvəlki qardaşı isə körpə yaşda dünyasını dəyişib.
...6 qardaş, 4 bacı olmuşuq. Tale elə gətirib, atam çox erkən, 56 yaşında rəhmətə gedib. Evin yükü bundan sonra elə mənim üzərimdə olub. Çox dindar ailədə doğulmuşam. Evimizdə heç vaxt içki içilməyib və olmayıb. Yeganə ağlıma gələn içki məclisi mənim toyum olub. Mən birinci kursa qəbul olunanda, ən balaca bacım doğulub. O vaxt mən də evdə deyirdim ki, bəsdi də, iki qardaş, iki bacı. Sonralar atam izah elədi ki, özü yetim olduğu üçün uşaqlarının bir-birinə həyan olmasına görə belə çoxuşaqlı ailə arzusunda olub. Atamın ali təhsili olmasa da 10 uşağın hamısına ali təhsil verdi. Ən böyük istəyi də bizim hamımızın oxuyub, bir yerə çıxmağımız idi. Bütün uşaqlar müəyyən sənət sahibi oldular. Yalnız bir qardaşım atamın yolu ilə gedərək, dini təhsil aldı; əvvəl Azərbaycanda, sonra isə ərəb ölkələrindən birində. İndi də həmin kəndlərin axundudur. Həmçinin, Bakıda İslam Universitetində dərs deyir.
...Ən balaca qardaşının isə taleyi qara gəlib. Uzun illər Azərbaycan silahlı qüvvələrinin zabiti olan qardaşı düz 7 il sərhəd bölgəsində xidmət etdikdən sonra sağ-salamat Bakıya gəlib və burada avtoqəzada dünyasını dəyişib. Deyir, gərək ki, bu, alın yazısı olub: Qardaşının öldüyü qəzada olan 3 nəfərdən heç birinin burnu belə qanamayıb, maşının isə yalnızca sürücü hissəsi əzilib. Ateist sovet hökumətində yaşayan dindar ailədə doğulsa da, deyir, həyatında dini rituallar və ya vacibatlarla bağlı qadağalarla rastlaşmayıb. Əsilləri güclü şeyxlərin olduğu Ərdəbilin Ağməscidli kəndindədir. Deyir, uşaq vaxtı Aşura günlərində böyüklərin zəncir vurmağına baxıb, sinə döydüyü günlər yadındadı. Böyük külfətli ailədə yaşasa da, heç vaxt ehtiyac içində yaşamayıblar. Atasının şəxsən özünün tikdiyi ikimərtəbəli, geniş evdə həyat sürüblər. Çoxuşaqlı olmağın yaxşı bir tərəfini də danışır. Yeni uşaq doğulana qədər, ondan bir neçə əvvəlkilər artıq özləri ailədə müəyyən şeylərə əl tutur, evin böyüklərinin yükünü azaldır.
...Atam həmişə deyərdi ki, mənə sizin köməyiniz lazım deyil. Gedin, dərsinizi oxuyun, savadlanın. Bunun üçün məndən nə qədər istəyirsiniz, istifadə edin. Elə qardaş-bacılarımın hamısı bu ruhda böyüyüblər. Buna görə də hamımız ali təhsil almışıq. Deyim ki, qardaş-bacılarımla mənim aramda məhz tay-tuş münasibəti heç vaxt olmayıb. Uşaqların hamısı məndən bir neçə yaş balaca olduğu üçün onlar atam evdə olmayanda həmişə böyük kimi məni görüblər. Elə indinin özündə də belədir. Bəzən bir də görürsən, qırxdan artıq yaşı olan qardaşım mənə “siz” deyir. Narahat oluram ki, nəyə lazımdır axı bu məsafə. Mən 10 yaşında olanda belə, özümü böyük kimi hiss etmişəm.
...Anaları ilə yaxın dost, atalarının adı gələndə qorxan uşaqlar olublar. Deyir, atalarının yanında ucadan güldükləri yadına gəlmir. “Atam inanılmaz mühafizəkar adam idi”. Atası deyərmiş ki, elə gülün ki, güləndə dişləriniz görünməsin. Yadigar müəllimin sözlərinə görə, uşaq vaxtı atalarına əzazil biri kimi baxırmışlar, sonralar böyüyəndə isə onun necə kövrək, sevgi dolu qəlbinin olduğunu görüblər. Evdə onu çox az döysələr də, atası digər qardaşlarını tez-tez kötəyə qonaq edərmiş. Özü də heyva ağacı ilə. Heyva ağacının acı göynərtilərindən canını qurtarmağa isə uşaqlıqda keçirdiyi ağır xəstəlik kömək olub. Deyir, doğulanda ağır xəstəlik keçirib, hər kəs onun da özündən əvvəl körpə ikən ölən böyük qardaşı kimi öləcəyini düşünüb. İki il dava-dərmanların hesabına yaşayıb. Uşaqlıqda keçirdiyi bu ağır xəstəlikdən sonra evdə xüsusi imtiyazlara sahib olub. Həm evin böyüyü olmağın gətirdiyi üstünlüklər, həm də “toxunmayın, o kövrəkdir” yanaşması sərt atasının sərt kötəklərindən canını qurtarıb Yadigar müəllimin. Bununla belə, onun da atası bütün atalar kimi uşaqları vurduqdan, cəzalandırdıqdan sonra özü onlardan qat-qat çox əziyyət çəkib.
...Sonralar anam deyirdi ki, bizi cəzalandırandan sonra evdə ürəyini tutub oturarmış. Bir dəfə qardaşlarımdan birini ayaqyalın qarın içinə qoymuşdu. Bir az keçəndən sonra anama deyib ki, get, onu gətir içəri, ancaq mənim xəbərim yoxdur. Özümü evdə döyməsələr də, mən qardaşlarımı vurmuşam. Atam evdə olmayanda anam onları təpinməyi mənə tapşırardı. Mənim yadıma gəlmir, ancaq qardaşım deyir ki, bir dəfə ona necə şillə vurmuşamsa, ağzı qanayıb. Ağzı qanayıb, ancaq mən heç nə olmamış kimi çıxıb getmişəm. Qardaşım deyir, ürəyimdə dedim ki, bu, atamdan da qəddarmış ki... Mənimlə bağlı indi də elə fikirdədir uşaqlar; qaraqabaq, qəddar. Ancaq elə deyiləm. Bəzən ilk görüntü adamla bağlı yanlış fikir yaradır.
...Deyir, uşaq vaxtı çox dəcəl olub, əksər uşaqlar kimi. Davalardan da yan keçmirmiş. Kənd-kəndə davalara belə qarışırmış. Bir dəfə, 4-5 yaşı olanda imamlara verilən ehsandan dayısıgilin yaşadığı kəndə pay apararkən qonşu kəndin uşaqları balaca Yadigarı yaxşıca çırpışdırıb, hələ üstəlik, əlindən ehsan payını da alıb, yeyiblər. “Kəndin girişində iki oğlan qabağımı kəsdi, mənə nəsə dedi, mən də başa düşmədim”, bundan sonrası isə balaca Yadigar üçün qanqaraldıcı olub. Uşaqlar onu döyüb, ehsan apardığı aşın yanına qoyulmuş toyuğun hamısını yeyib, sür-sümüyü yerinə qoyduqdan sonra onu yola salıblar. Belə davalarının çox olduğunu deyir.
...Birinci sinfə getdiyim gün yadımdan çıxmır. İlk gündən oxumaqdan, məktəbdən, müəllimdən elə qorxmuşdum ki, oxumaq istəmirdim. O vaxtı iki xətli dəftərdə hərf yazırdıq. Mən xəttin içi ilə yaza bilmirdim. Müəllim xətkeşlə əlimə vurdu, tutdu qulağımdan dartdı. Əməlli-başlı sarsıntı keçirmişdim ki, bunun axırı necə olacaq, məktəbə gələn kimi döydülərsə, deməli, axıra qədər döyəcəklər. Ancaq bununla belə, mən onuncu sinfə qədər yaxşı oxumuşam. Hətta məktəb biliklərindən daha artığına sahiblənmişəm.
...Uşaq vaxtı “qənddandan qənd oğurlayan”lardan olub. Deyir, qəndə qarşı xüsusi hərisliyi olub. Bir əlində və ağzında hər zaman qənd olarmış, əlindəki qəndi də heç kimə verməzmiş, deyir, ancaq dayımın adı gələndə əlimdəki qəndi qorxudan atardım. Yeddinci sinifdə isə sinif yoldaşı ilə davada qolunu sındırıb. Dediyinə görə, sözləri çəp gəlib, hamı sinifdən çıxandan sonra isə dalaşıblar. Davada məktəbli Yadigarın qolu çıxıb. Evdə isə yalandan deyib ki, qolu voleybol oynayarkən çıxıb. Universitet vaxtı da “özünəgörə” olmayıb. Deyir, üçüncü kursda oxuyarkən ailə həyatı qurduğu qrup yoldaşına ilk vaxtlar yaxşı görünmək üçün, imtahan günü özünü “artistliyə” qoyar, “bu gün kimin imtahanı idi” deyib guya hazırlıqsız girdiyi imtahandan yaxşı qiymət alıb çıxarmış. Qrup yoldaşlarım, deyir, dəli olurdular ki, bu necə alır axı qiymətləri?!
...Desəm ki, universitetə ilk cəhddən özüm qəbul olmuşam, bu, yalan olar. Ali məktəbə qəbul olunarkən, o vaxtı BDU-da sovet tarixindən dərs deyən dayımın köməyi olmuşdu. Ümumiyyətlə, o zamanlar BDU-nun xüsusən də jurnalistika fakültəsinə qəbul olunmaq çox çətin idi. Ali məktəb vaxtı o qədər də oxuyan tələbə olmamışam, açığı. Burada dayıma arxayın olaraq, məsuliyyətsizlik eləməyim də rol oynayırdı. Ancaq deyim ki, ali məktəbə qədər çox yaxşı oxumuşam. Mənə paltar almırdılar, ancaq atam hər gün kitab alırdı. “1001 gecə”dən tutmuş, “Sovet ensiklopediyası”na qədər bütün kitabları oxumuşdum.
...İlk dəfə içki və siqaretlə də universitet həyatında başlayıb. Səbəbini dəqiq izah eləmək mümkün olmasa da, deyir, tələbəlik mühitinin verdiyi azadlıq, sərbəstlik belə pis vərdişlərə yiyələnməsinə səbəb olubmuş. Atası rəhmətə gedəndən sonra isə içki və siqaretdən tamamilə uzaqlaşıb. “İçimə özümün də anlamadığım bir hiss doldu və bütün bunlardan uzaqlaşdım” deyir, halbuki, “tələbə vaxtı kimsə mənə desəydi sən içkini, siqareti atacaqsan, tam mühafizəkar bir həyat tərzinə başlayacaqsan, ona deyərdim, malı-malı qatma, belə şey olan deyil”. Bu gün isə nə vaxtsa içki içməyi özünə qəribə gəlir. “Necə olub ki, mən içki içmişəm?”
Ali məktəbdə sevib, ailə qurub, ancaq deyir, buna qədər çoxlarını sevibmiş. Əksər hallarda isə “otval” alıb.
...Bəzən adam “hə” demək istəyib, ancaq “yox” deyib. Sözdə “yox” desə də, əməldə belə olmayıb. Qəlbim qırılsa da, sonradan başa düşmüşəm ki, əslində məsələ başqa cürdü. Qızlar sadəcə bəzi şeyləri açıq deməyə çox vaxt çəkinirlər.
...8-ci sinifdə oxuyanda deyir, qərar verib ki, jurnalist olacaq. Çox mütaliə edirmiş. Yazı yazmaq, özünü rahat şəkildə ifadə qabiliyyəti də varmış. Sonralar da elə 8-ci sinifdə oxuyan zaman jurnalist olacağını dediyi üçün gedib jurnalistikada oxuyub. Deyir, ancaq universitet vaxtı belə, jurnalist işləmək həvəsində olmayıb. Elə buna görə də sonradan ərəb dili üzrə ikinci ali təhsil alıb...
Bundan sonrasını isə Yadigar Məmmədlinin bioqrafiyasını oxuyanlar yaxşı bilir. Qəzetçilik, qəzetçilik və nəhayət, jurnalist təşkilatı rəhbərliyi... Bizə düşən Yadigar müəllimi 50 yaşı münasibəti ilə çoxlu-çoxlu təbrik etmək, ona can sağlığı, uğurlu işlər arzulamaqdır.
Anar GƏRAYLI