“Ərəb dominosu”: yekə “qoşa”lar hələ bazardadır… - TƏHLİL
25 avqust 2011 11:43 (UTC +04:00)

“Ərəb dominosu”: yekə “qoşa”lar hələ bazardadır… - TƏHLİL

0
Yəməndən, Tunisdən, İordaniyadan, Misirdən və Liviyadan gələn xəbərlər qısa fasilələrlə medianın gündəmində aparıcı mövzular oldu. Budur, artıq Liviyanın bayrağı Türkiyədə, Azərbaycanda, digər ölkələrdə endirilir və Qəddafi müxaliflərinin üçrəngli atributu ərşə qaldırılır.

Sarayı yağmalanmış Qəddafinin ölüm, yaxud həbs xəbərinin manşetlərə çıxarılması an məsələsidir. Qəddafinin aqibəti artıq heç kimdə sual doğurmur. Qalıb-qalmayacağı müəmmalı olan “son qala”nın sahibi Bəşər Əsəddir. Bir çox ekspertlər belə hesab edirdilər və hətta Türkiyə diplomatları Bəşər Əsədi şəxsən inandırmağa çalışırdılar ki, əgər rəsmi Dəməşq islahatlara başlasaydı, Suriya inqilab dalğasından yayına biləcəkdi. Lakin məsələnin kökündə ərəb rejimlərinin xarakteri deyil, bünövrəsi dayandığına görə Bəşər Əsədə verilən vaxt, mesajlar və ümidlər onun qafasını qarışdırmaqdan başqa bir şeyə hesablanmayıb.

Ərəb dünyasında Qorbaçov heç kimə lazım deyil, çünki bu coğrafiyadakı hədəf ölkələrdən heç birinin nüvə resursu yoxdur. Qorboçov və yenidənqurma sovet sisteminin çöküşü sürəcində SSRİ-nin, onun əsas qurucusu və qoruyucusu olan Rusiyanın dünyanı atom bombası ilə hədələməməsindən ötəri lüzumluydu. Ərəb liderlərinin isə nəinki atom bombası, hətta müasir tankları, raketləri, təyyarələri yoxdur və onların hakimiyyət ehtirasları ilə eyniləşdirə biləcəyimiz sirkənin tündlüyü qabın özünü sındırmaqdan başqa bir şeyə yaramır.

Qeyd etməyə dəyər, ərəb ölkələrindəki proseslər sırf demokratiya kontekstində dəyərləndirilərək Azərbaycana da sirayət etməsi proqnozlaşdırılsa da, bu ehtimallar özünü doğrultmadı və doğrulda da bilməzdi. Ona görə ki, olaylar qəfildən başladığından, hətta bölgəni tədqiq edən şərqşünas-ekspertlərin özləri üçün sürpriz olduğundan baş verənlərə İDEOLOGİYALARIN SIRADAN ÇIXARILMASI kontekstində baxmaq heç kimin - nə iqtidar, nə də müxalifət sözçülərinin ağlına gəlmədi. Azərbaycan isə ideoloji ölkə deyil, bir zamanlar içində olduğu SSRİ-nin dağılması ilə indi ərəb dünyasında baş verən prosesləri geridə qoyub. Başqa sözlə, Azərbaycana, davam etməkdə olan “Soyuq savaş” müstəvisində yanaşılmamalıdır və ərəb ölkələrində baş verənlərin ölkəmizə “copy-paste” edilməsi strateji əsaslara söykənmir.

Ərəb dünyasındakı olaylara ilk növbədə ideoloji aspektdən baxmaq lazımdır, çünki azad bazarın və açıq cəmiyyətlərin coğrafiyasının genişlənməsinə mane olan başlıca faktorlar yaxın və orta şərq ölkələrinin bəzilərində siyasi islam, bəzilərində sol ərəb milliyətçiliyidir. İndi üzərində dayandığımız sol ərəb milliyyətçiliyinin İsrail, Böyük Britaniya, ABŞ-la problemləri SSRİ-nin dağılmasından sonra yaranmayıb. Yəhudi dövlətinin meydana çıxması (1948), Süveyş kanalının dövlətləşdirilməsi (1956) və “Kanon Eldaro” əməliyyatları zamanı (1986) sol ərəb milliyyətçiliyi ilə Qərb arasında silahlı münaqişələr yaşanmışdı. Xatırladaq ki, “Kanon Eldaro” bombardmanı zamanı Liviya lideri Qəddafinin bir qızı da həlak olmuş və onun həlak olduğu yerdə ABŞ raketlərini parçalayan yumruq heykəli ucaldılmışdı - həmin abidə Tripoli müxaliflərin əlinə keçər-keçməz dağıdıldı. Həmin abidəni sol ərəb milliyətçiliyinin antiamerikan, antiqərb xarakterinin simvolu kimi də dəyərləndirmək mümkündür və maraqlıdır ki, sol ərəb milliyyətçiliyi ikinci dünya savaşı dönəmində təşkilatlanmağa başlayıb, təşkilatlanmasına ingilislərə qarşı İraqda üsyan qaldırmış Rəşid Əliyə dəstək vermək üçün start verilib və ilk dövrlərdə Adolf Hitlerdən (Qüds müftisi Hacı Emin vasitəsi ilə), daha sonra isə SSRİ-dən himayə umub. Hərçənd ərəb solunun ideoloqları SSRİ-nin internasional platformadan uzaqlaşdığını düşünür, ateizmdən daha çox dinə söykənirdilər.

Bəli, Qərb strateqlərinin düşüncəsinə görə, dünyanı yenidən dizayn etmək üçün sovet sosializmindən sonra, İran islamçılığından isə öncə sıradan çıxarılması gərəkən ideologiya sol ərəb milliyətçiliyidir və bu proses BƏƏS-in simvollarından biri olan Səddam Hüseynə qarşı qəti həmlə ilə başladılmışdı. Səddam Hüseynin edamı BƏƏS-in sonu demək deyildi, çünki BƏƏS sadəcə İraqda və Suriyada hakimiyyətdə olan siyasi partiyadan daha çox, məfkurə, ideoloji sistemdir.

Ali məqsədi ərəblərin sosialist quruluşda və tək dövlət halında birləşməsi olan “Diriliş Partiyası”nın - BƏƏS-in yaradıcısı, əslində, ərəb deyil. Dincə ortodoks xristian olan yarı yəhudi, yarı fransız - Mişel Elfakın “vəhdət, azadlıq və sosializm” anlayışlarına söykənən məfkurəsi 1947-ci ildə rəsmən təşkilata çevrildi və yaranan Ərəb Diriliş Partiyası 6 il sonra Əkrəm Havraninin eyni prinsiplərə istinad edən Sosialist Partiyası ilə birləşdi. Məfkurənin digər yaradıcıları Saleh Bitar və Zəki Arsuzinin yollarını Mişel Elfakla Fransanın Sarbonna Universiteti birləşdirmişdi, onların hər üçü orada fəlsəfə oxumuşdu.

Suriyada ortaya çıxmasına rəğmən “Diriliş”çilər tezliklə digər ərəb ölkələrinə də yayıldılar və təşkilatlandılar, ömrü üç il çəksə də, 1958-ci ildə Misirlə Suriyanı Birləşmiş Ərəb Respublikası adı altında bütövləşdirdilər, 60-cı illərdə İraqda və Suriyada iqtidara gəlməyə nail oldular. “Tək adam”lıq idarəetməyə keçid - Hafiz Əsəd (1971) və Səddam Hüseyn (1979) rejimləri BƏƏS-in sonrakı şəklidir, Müəmmər Qəddafi BƏƏS-çi olmasa da, ideologiya elan etdiyi Yaşıl Nəzəriyyə “vəhdət, azadlıq və sosializm” anlayışları üzərində qurulub. Yada salmaq yetər ki, 1977-ci ildə Sebha şəhərindəki “Xalq Konresi”ndə Qəddafinin qəbul etdirdiyi 4 maddəlik konstitusiyada dövlətin adı Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi kimi göstərilir, Quran “toplumun yasası” adlandırılır, xalqın hakimiyyəti “iştirakiyyə” (BƏƏS-in üçüncü əsas anlayışı - T.Ş) yolu ilə komitələr vasitəsi ilə həyata keçirəcəyi vurğulanırdı.

Ərəb dünyasında baş verənlərdən söz düşəndə Qəddafinin niyə dirəndiyi barədə də sual ortaya çıxır və bu soru hüdudsuz hakimiyyət əldə edənlərin sapıqlaşması ilə izah edilir. Amma məsələnin psixoloji tərəfləri olduğu kimi, ideoloji aspektləri də var. “Vətəni sonacan qorumaq” coğrafiyadakı “Diriliş” ideolojisinə, o cümlədən Qəddafinin 4 maddəlik konstitusiyasına görə borcdur və bir devrimçi olaraq Müəmmar öz ideolojisinə inanmış adamdır. Eyni sözləri Səddam Hüseyn haqqında da demək və onun edamqabağı yazdığı şeirin misralarını xatırlatmaq olar: “Xalqım, Sizi üzüstə buraxmadıq, bütün fəlakətlərdə lider yenə partiyamdır!”

O partiyanın liderlərini və ideoloji bazasını, o bazaya istinad edən digər ərəb rejimlərinin xarakteristikasını ümumiləşdirəndə dörd əsas özəllik gözə çarpır, onlardan üçüncüsü “ərəb dominosu” effektindən Azərbaycanı kənarda saxlayan daha ciddi faktordur:

1) Camal Əbdül Nasir sayaq tək ərəb dövləti qurmağa və bütün ərəblərin lideri olmağa can atma;
2) Anti-Qərbçilik;
3) Enerji ehtiyatlarını və daşıma yollarını ulusallaşdırma;
4) Terrora dəstək.

Sol ərəb milliyətçiliyinin ən ünlü siması Camal Əbdül Nasirin adını çəkmişkən, günümüzün ərəb inqilablarının əsas aktyorlarından olan “Müsəlman qardaşlar” (ərəbcə: İhvanül-Müslimin) təşkilatının da səhnəyə heç də təzə çıxmadığını vurğulmaq yerinə düşər.

Misirdə 1928-ci ildə qurulmuş “Müsəlman qardaşlar” 1954-cü ildə Camal Əbdül Nasirə sui-qəsd düzənləmiş, aralarında Seyid Qütüb (1906-1967) də olmaqla bir çox liderləri sol ərəb millətçi rejimləri tərəfindən edam edilmişdi. Bu il Misirdə devrilən Hüsnü Mübarək də Əbdül Nasir cizgisində olan lider idi, İsrailə qarşı savaşda populyarlıq qazanmış və “Azad zabitlər” Birliyində Nasirlə silahdaşlıq etmiş üçüncü prezident Ənvər Sadat tərəfindən yüksəldilmiş, öncə hava qüvvələri komandanı təyin edilmiş (1972), daha sonra prezidentin yardımçısı olmuşdu (1975).

BƏƏS-çilər hər zaman “Müsəlman qardaşları”nın ortadan qalxmasına səy göstəriblər və hələ 1985-ci ildə Suriyada keçirilən 8-ci qurultaylarında onlara qarşı xüsusi mübarizə planı təsdiq etmişdilər. 1980-ci illərdə Hafiz Əsədə qəsd təşkil etməsindən sonra həmin təşkilata qarşı repressiya ən yüksək səviyyədə həyata keçirilirdi və hətta “Müsəlman qardaşlar”a üzvlük Suriyada edam cəzası üçün əsas sayılırdı. Bununla belə, “Müsəlman qardaşlar” Misirdə, İordaniyada, Tunisdə, Əlcəzairdə olduğu kimi Suriyada da böyük dayaqlara malikdir və “Hədəfimiz Allah, liderimiz Peyğəmbər, qanunumuz Quran, yolumuz Cihad, ümidimiz Allah yolunda ölməkdir” sloqanı ilə on illərdir radikal mübarizə aparırlar. Məqsədləri “şəriət rejimi” qurmaqdır və əsas sualı da elə bu yaradır. İslamın sünni məzhəbinə aid olan bütün radikal qruplarla iş birliyində olan və “Çözüm islamdadır” deyən qrup Orta Doğuya, o cümlədən diaspora qurumlarının güclü olduğu Qərbə nə vəd edir?

Bu suala cavab verməzdən qabaq tarixə bir ekskurs etmək, “Müsəlman qardaşlar”ın Misirdə kral Fərruxu devirmək üçün “Azad zabit”lərlə əməkdaşlıq etdiyini, o zaman bu radikal islamçılarla sol millətçilər arasında əlaqələrə Ənvər Sədatın cavabdehlik etdiyini yada salmaq faydalı olar.
Tarixi təcrübə göstərir ki, radikal islamçılar bölgədəki inqilabi proseslərdə alət rolunu oynayıb və sonra hakimiyyətə gələn qüvvə tərəfindən sıxışdırılıblar. Bu dəfə Misirdə hakimiyyətə general Tantavi gətirilsə də, “Müsəlman qardaşlar”ın “Azadlıq və ədalət” partiyası adı altında leqallaşması və parlament seçkilərinə partiya kimi qatılması - fəaliyyətləri yasaq olduğu üçün onların namizədləri seçkilərdə “müstəqil” şəkildə iştirak edirdilər və 2005-ci ildəki seçimlərdə Misir parlamentində 20 mandat qazanmışdılar - bir qədər fərqli situasiya yaradır.

Bu situasiyanın formalaşmasına təsir edən faktorları və Qərbin gələcəyə hesablanmış maraqlarını çeşidləyəndə üzə çıxır ki, “Müsəlman qardaşlar”ın sələfi cizgisi növbəti mərhələdə İran və Səudiyyə Ərəbistanına yönəlik planların gerçəkləşməsinə yardım edəcək. Bu baxımdan, təşkilat liderlərinin “dini liderlər tərəfindən yönəldilən dövlət yox, dinə istinad edən cəmiyyət” arzusunda olduqlarını söyləməsi həm İranın, həm də Səudiyyə Ərəbistanın bostanına atılan bomba hesab etmək olar.

Kim bilir, bəlkə də bir neçə il sonra “Azadlıq və Ədalət” Türkiyənin AKP-si kimi radikal islamçılara örnək də göstəriləcək... Hər halda “Müsəlman qardaşlar”ın içində AKP-ni örnək alan ciddi bir qanad var.

Taleh Şahsuvarlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 630

Oxşar yazılar