“Dağlıq Qarabağ münaqişəsi bütövlükdə region üçün əsas problemdir”
20 iyul 2011 19:51 (UTC +04:00)

“Dağlıq Qarabağ münaqişəsi bütövlükdə region üçün əsas problemdir”

“Dağlıq Qarabağ münaqişəsinin uzun tarixi var. Bu, nəinki Azərbaycan üçün, bütövlükdə region üçün əsas problemdir”. Bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyev deyib.


Azərbaycan ərazilərinin 20 faizinin işğal olunduğunu, azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində 1 milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edən dövlət başçısı Dağlıq Qarabağın tamamilə monoetnik struktura çevrildiyini, orada bir nəfər azərbaycanlının belə qalmadığını vurğulayıb: “Münaqişədən əvvəl isə orada əhalinin 25 faizini azərbaycanlılar təşkil edirdi. Onların hamısı qovulub, heç vaxt Dağlıq Qarabağın hissəsi olmayan və ermənilərin heç vaxt yaşamadıqları ətrafdakı yeddi rayondan təxminən 700 min azərbaycanlı didərgin düşüb.


Bu il ATƏT-in missiyası həmin yerlərə aid qiymətləndirmə hesabatı hazırlayıb. Həmin missiya işğal olunan ərazilərə səfər edib və hər şeyin-binalarımızın, qəbiristanlıqlarımızın, məscidlərimizin viran qoyulduğunu qeyd edib. Orada həyat yoxdur. Beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul edib. Ən ali beynəlxalq orqan - BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Avropa Şurası da 2005-ci ildə qətnamə qəbul edib, Avropa Parlamentinin və ATƏT-in qərarları olub. Lakin məsələ hələ də həll edilməyib. Əsas səbəb isə odur ki, Ermənistan “status-kvo”nu daim saxlamaq istəyir. Onlar işğal edilən ərazilərdən çəkilmək istəmirlər və danışıqlar prosesi zamanı Dağlıq Qarabağ üçün müstəqillik əldə etməyə çalışırlar. Lakin Dağlıq Qarabağ tarixən heç vaxt Ermənistanın hissəsi olmayıb. İkincisi, o, Azərbaycanın mərkəzində yerləşir. Hazırda ora nəzarətsiz bir ərazidir. Vasitəçilər və Azərbaycanın təkliflərinə gəldikdə, bu, güzəştlərə əsaslanan ədalətli yanaşmadır. Bunun nəticəsində Dağlıq Qarabağda yaşayanlara yüksək özünüidarə statusu verilə bilər və eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü bərpa olunar. Ümidvarıq ki, Ermənistan bu səslərə, xüsusən də ən qüdrətli dövlətlərin liderlərinin “status-kvo”nun qəbuledilməz olması haqqında çağırışlarına qulaq asacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424

Oxşar yazılar