Yusuf Ziya Arpacıq: türklük və Qarabağ savaşının əfsanələşən ismi - HEKAYƏT -
10 iyun 2011 13:09 (UTC +04:00)

Yusuf Ziya Arpacıq: türklük və Qarabağ savaşının əfsanələşən ismi - HEKAYƏT -

Mayın 28-də Türkiyə polisi 13 nəfəri saxlayıb, sonradan saxlanılanlardan 2-i azadlığa buraxılıb. Saxlanılanlardan sabiq İstanbul Ülkü Ocaqlarının rəhbəri Erdem Karakoç və Yusuf Ziya Arpacıq “mütəşəkkil dəstə” rəhbəri olmaqda, Orhun Daştan, Alişan Öztürk, Murat Ali Kılıçarslan, Erhan Kurumlu, Hakan Uğur, Murat Alperen, Arif Mergen, Gökhan Aygün və Ümit İlkay Levent isə bu “mütəşəkkil dəstə”nin üzvləri olmaqda günahlandırılıblar. Bu insanlar MHP lideri Dövlət Baxçalının Diyarbəkirdə keçirəcəyi mitinqdən öncə təxribatlar törətməyə hazırlaşmaqda, daha sonra isə guya MHP-nin rəhbərliyində yer alan 10 şəxslə bağlı seks kaseti qalmaqalında ittiham olunublar. Dövlət Baxçalı isə MHP üzvü olan bu insanların müdafiəsinə qalxıb, onların AKP hökuməti tərəfindən şərləndiyini bildirib.

Qeyd edək ki, bu insanlar saxlanıldıqdan sonra Türkiyənin bir sıra KİV-lərində xüsusən Yusuf Ziya Arpacıq haqqında yazılar işıq üzü görməyə başladı. Bu yazıların bir çoxunda Yusif Ziya Arpacıq mənfi obrazda təqdim edilirdi. Onun Azərbaycan torpaqları uğrunda döyüşdüyünün qeyd olunması isə sözsüz ki, diqqət çəkdi.

Kimdir Yusuf Ziya Arpacıq?

Baş əyməyib...

Yusuf Ziya Arpacıq 1958-ci il mayın 1-də Ərzurumda dünyaya göz açıb. Azərbaycan əsillidir. Dağlar qoynunda, sərt iqlim şəraitində böyüyüb, Ərzurumda ülkücü gənclərin sıralarına qoşulub. Türkiyədə gərginliyi, siyasi çaxnaşmaları ilə seçilən həmin illərdə İstanbul Universitetinin tarix fakültəsinə qəbul olunsa da, ülküçü hərəkatın ən fəallarından biri kimi daim öndə olub, ülküçü camiədə adı əfsanələşib. 1978-ci il fevralın 13-də həbs olunub. Sürgündən sürgünə yollandığı zindanlardan dəfələrlə qaçmağa təşəbbüs göstərib. 10 illik həbsxana həyatının 5 ilini təkadamlıq kameralarda saxlanılıb. Kitablar vasitəsi ilə öz özünə ingilis. Fransız, rus və ərəb dillərini öyrənib. Həbsdən çıxdıqdan sonra isə “Harada qalmışdıq?” deyərək mübarizəsini davam etdirib. MHP-nin əfsanə lideri və yaradıcısı Alparslan Türkeşin mühafizəçisi olub, PKK terror təşkilatına qarşı döyüşlərdə iştirak edib.

Yusuf Ziya Arpacıq hündür boylu, fiziki cəhətdən çox güclü bir insandır, karate ustasıdır. Əllərinə bağlanan qandalı qırması dillərdə gəzir. Onun mübarizəsi tək Türkiyə çərçivəsi ilə məhdudlaşmayıb. Dünyanın hansı yerində türk xalqlarının haqları pozulubsa, Yusuf Ziya Arpacıq o yerlərdə olub, türk düşmənlərinə qarşı mübarizənin təşkil olunması istiqamətində fəaliyyət göstərib. Lazım gələndə, türk düşmənlərinə qarşı silahla da döyüşüb. Azərbaycan torpaqları erməni işğalına məruz qalanda da eyni addımı atıb. O, ermənilərin ASALA terror təşkilatın çökdürülməsində önəmli rol oynayan Abdulla Çatlı ilə yaxın münasibətdə olub.

Evli və 3 övlad atası olan Yusuf Ziya Arpacıq həbs olunması səbəbindən yarımçıq qalmış ali təhsili 27 il sonra tamamlayıb, diplom alıb. O, həm də jurnalist, yazıçıdır, Türk Dünyası, mədəniyyəti və mübarizəsi ilə bağlı 4 kitabın müəllifdir. Kitablarından biri “Baş əymədilər” adlanır, həbsxana həyatından, mübarizəsindən bəhs edir. Ancaq yenə də başını əyməyə çalışırlar.

“Allah, məni bu torpaqlarda şəhid et!”

Yusuf Ziya Arpacıqı yaxından tanıyan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyir ki, Yusuf Ziya Arpacıqla tanışlıqlarının kökü 1992-ci ilə gedib çıxır. Qarabağda və Azərbaycanın Ermənistanla sərhəd bölgələrində müharibə getdiyi həmin dövrdə Alparslan Türkeşin göndərdiyi 50 nəfərə yaxın türk könüllüsü döyüşmək üçün Azərbaycana gəlib. Onların arasında peşəkar hərbçilər və ordudan az əvvəl tərxis olunmuş zabitlər olub. Rauf Arifoğlu həmin qrupda olan Yusuf Ziya Arpacıqla tanış olub. İş elə gətirib ki, Azərbaycan dövlətinin tapşırığı ilə Türkiyədən gələn könüllülər üçün düşərgə qurulmasında Rauf Arifoğlu da iştirak edib. Türk könüllüləri ilə bağlı məsələlər o zaman dövlət tərəfindən Tovuz rayonunun polis rəisi olan Novruz Həsənova həvalə olunub və bu iş yüksək səviyyədə həyata keçirilib: “Yusuf Ziya Arpacıq müxtəlif döyüşlərdə iştirak edib, karate ustasıdır, MHP üzvüdür. O zaman da həbsxanadan yeni çıxmışdılar. Onların hər biri o zaman 8, 9, 10, 11 il həbsxana həyatı yaşamışdılar və Azərbaycana döyüşmək üçün gəlmişdilər. Mən o insanların böyük fədakarlıqlarının, Azərbaycan üçün şəhid olmağa gəldiklərinin şahidi olmuşam. Hər döyüşdən əvvəl kəlmeyi-şəhadət gətirərək, “Allah, məni bu torpaqlarda şəhid et!” deməklərinin şahidi olmuşam. Onlar ayrı-ayrı xüsusi əməliyyatlarda, Xocalı qətliamının ildönümü ilə bağlı ermənilərə qarşı qisas xarakterli əməliyyatların keçirilməsində iştirak ediblər. Yusuf Ziya Arpacıq gəncliyindən başlayaraq Azərbaycanın haqq davası üçün mücadilə aparan bir insandır”.

“Yusuf Ziya Arpacıq Azərbaycan üçün hər bir azərbaycanlıdan az iş görməyib”

Rauf Arifoğlu bildirir ki, Yusuf Ziya Arpacıq bütün Türk Dünyasında, Balkanlarda, Çində, Monqolustanda, Kərkükdə türklər arasında təşkilatlanma, türklük davasının aparılmasında, hüquqlarının qorunmasında yaxından iştirak edib, böyük xidmətləri olub: “Yusuf Ziya Arpacıq Azərbaycan üçün hər bir azərbaycanlıdan, Türk Dünyası üçün hər bir türkdən heç də az iş görməyib. Eyni zamanda Yusuf Ziya Arpacıq Türkiyənin, bütün Türk Dünyasındakı imici üçün böyük fədakarlıqlar göstərib. Yusuf Ziya Arpacıqın Türkiyənin dövlət kimi girə bilmədiyi yerlərdə göstərdiyi fəaliyyət Türkiyənin imicini yüksəldib. Mən bilirəm ki, Türkiyə dövlətinin iqtidarları da zaman-zaman onun bu fəaliyyətini təqdir ediblər”.

Baş redaktor Yusuf Ziya Arpacıqın indiki anda çox absurd bir ittihamla həbs olunmasının təəssüf doğurduğunu vurğulayır: “Mən bununla bağlı Türkiyənin indiki iqtidarına, Türkiyənin Azərbaycandakı səfirliyinə də mətbuat vasitəsi ilə müraciət etmişəm. İmkan tapan kimi Türkiyənin Azərbaycandakı səfiri ilə də görüşəcəm, Yusuf Ziya Arpacıqla bağlı Azərbaycanda olan həssaslığı və sevgini onun diqqətinə çatdıracam. Xahişimiz odur ki, bu məsələyə xüsusi ilə diqqətlə yanaşsınlar və məsələ çox ciddi araşdırılsın”.

Rauf Arifoğlu Yusuf Ziya Arpacıqın həm də bir ziyalı olduğunu xatırlatdı: “O, 4 yüksək tirajlı kitabın müəllifdir. 1980-ci il 12 sentyabrda Türkiyədə dövlət çevrilişindən sonra bu ölkədəki hadisələri çatdıran bir əsərin müəllifdir. Azərbaycandakı fəaliyyəti, Azərbaycandakı ülküçülərin və türk könüllülərinin fəaliyyətini tarixə salan bir kitabın da müəllifdir. O cümlədən ideoloji, siyasi, tarixi bir əsərin müəllifdir. Baxmayaraq ki, həm döyüşçü, həm idmançı təmayülü var, o həm də bir köşə yazardır və qəzetlərə yazılar yazır. Eyni zamanda Yusuf Ziya Arpacıq uzun illər “Yeni Müsavat” qəzetinin İstanbul müxbiri kimi də fəaliyyət göstərib, bizi Türkiyədə təmsil edib. Bizim bu insana və dostlarına bir vəfa borcumuz var. Azərbaycan üçün könüllü vuruşub, şəhid olmağa gəlib, Allah qismət etməyib. Amma yenə də Azərbaycan üçün fəaliyyətini davam etdirib, hər zaman Azərbaycanın yanındadır. Ermənistanla sərhədlərin açılması məsələsində də Yusuf Ziya Arpacıq və dostlarının Azərbaycan dövlətinə böyük dəstəyinin şahidiyik. Mən əminəm ki, bundan Azərbaycanın indiki hakimiyyətinin də xəbəri var. Mən Azərbaycan hakimiyyətinə də müraciət etmişəm ki, Yusuf Ziya Arpacıqa öz vətəndaşı kimi yanaşsın, onun işi ilə bağlı mümkün olan və olmayan diqqət və qayğını göstərməyə çalışsın. Çünki belə insanlar hər dövlətin, cəmiyyətin göz bəbəyi, sərvətidir. Yusuf Ziya Arpacıq kimi insanları qorumaq lazımdır”.

“Azərbaycan bayrağı, dövləti üçün bu gün də canını verməyə hazırdır”

Tovuz rayonunun sabiq polis rəisi Novruz Həsənovla da danışdıq. Novruz Həsənov da Tovuzda polis rəisi işləyən vaxt, 1992-ci ildə rayona Alparslan Türkeşin tapşırığı ilə bir dəstə ülküçülərin gəldiyini, onların rəhbərlərindən birinin də Yusuf Ziya Arpacıq olduğunu söyləyir. Novruz Həsənov da qeyd edir ki, o insanlar Gəncə hadisələrinə qədər Tovuzun müdafiəsində, Azərbaycanın bir sıra bölgələrinin müdafiəsində canla-başla xidmət ediblər: “Yusuf Ziya Arpacıq təpədən-dırnağa bir türkçüdür, türk millətçisidir. Türkiyə-Azərbaycan, Türkmənistan, digər türk dövlətləri arasında fərq qoymayan bir insandır. Harada bir türk yuvası, tük abidəsi varsa, orada olub. İlin 6-7 ayını belə yerlərdə keçirir, türk obalarını gəzir. Mən 2 ay əvvəl Yusuf Ziya Arpacıqla təsadüfən Moskvada rastlaşdım. Bir gün Moskvada qaldı, sonra Tatarıstana getdi, orada da bir gecə qaldı, Moskvaya döndü, oradan da Türkiyəyə qayıtdı. Tatarıstanda türk tarixinə bağlı abidə vardı, onu görməyə getmişdi. Hindistandan, Monqolustandan, Orxon abidələrindən tutmuş türklərin harada izi varsa, o yerləri gəzib, kitablar yazıb. O kitabların biri də Azərbaycanla bağlıdır”.

Sabiq polis rəisi Yusuf Ziya Arpacıq haqqında irəli sürülən ittihamlara da inanmır: “Guya evində axtarış aparıblar və məlum olub ki, evində kamera var. Mən də o evdə olmuşam, kameranı görmüşəm. Evinin girişində kamera var, girib-çıxanı görür, qeyd edir. Yusuf Ziya Arpacıq ailəsinin, həyatının təhlükəsizliyi üçün evinə girib-çıxanı qeydə alır, yoxlayır. Kamera onun evində ən azı 10 ildir ki, var. Yəni bundan şou düzəldirlər. MHP ilə bağlı kaset söhbətini ona yamamaq istəyirlər. Guya MHP-lilərin birinin də evindən qələm-kamera çıxıb. Türkiyə Cümhuriyyətinə yaraşmayan oyunlar oynanır və buna çox üzülürəm. Bu oyunlardan heç nə çıxmayacaq”.

Novruz Həsənov da vurğulayır ki, Yusuf Ziya Arpacıq üçün Azərbaycanda kimin hakimiyyətdə olmasının önəmi yoxdur: “Onun üçün Azərbaycan dövləti, bayrağı önəmlidir. Yusuf Ziya Arpacıq Azərbaycan bayrağı, dövləti üçün bu gün də canını verməyə hazırdır. Yusuf Ziya Arpacıq Türkiyəni. Türkiyə dövlətini, bayrağını nə qədər sevirsə, Azərbaycanı ondan az sevmir, ayrı-seçkilik salmır. Həbs olunanlardan Erdem Karakoç da Yusuf Ziya Arpacıqla birgə gələn könüllülər arasında olub, hər ikisi dostdurlar. Yusuf Ziya Arpacıq mənim də yaxın dostumdur. Hətta mən İstanbulda olanda otelə də buraxmır, evində saxlayır”.

Müdafiə etməliyik...

Ərzurumda dünyaya göz açan Yusuf Ziya Arpacıqın Azərbaycan əsilli olduğunu söyləyən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də Lent.az-a açıqlamasında bildirdi ki, Yusuf Ziya Arpacıq Azərbaycanın, bütövlükdə Türk Dünyasının dostudur: “O, bütün həyatını, fəaliyyətini bu istiqamətdə çəkinmədən ortaya qoyan bir insandır. Yusuf Ziya Arpacıq həm də Qarabağ qazisidir. Türkiyədə də hər zaman haqqı, ədaləti deyən bir adam olub. Çox təəssüf edirəm ki, son dövrlər onun başına belə bir olay gətirilib. Bu, təəssüflər olsun ki, “Ergenekon”-dan başlayan bir xətdir. Bir yerdə ki, türkün totemlərindən, milli bayramlarından hesab olunan “Ergenekon” adını guya terrorçu təşkilata kod adı kimi qoyub, əməliyyat keçirir və onlarla ictimai, siyasi həyatda tanınmış adam həbs edirlərsə, sonu Yusuf Ziya Arpacıq kimi adamlarda dayanacaqdı. Yusif Ziya Arpacıqın saxlanılmasına təəssüf edirəm və parlamentdə bu məsələni qaldıracam, Azərbaycanı sevən, Azərbaycanın dostu olan insanlara dəstək verilməsini istəyəcəm. Demokratiya və insan haqları məsələsi heç bir ölkənin daxili problemi deyil. Biz Yusuf Ziya Arpacıqın insan haqlarına sayğı ilə yanaşılmasını istəyirik. Ona görə də Azərbaycan hökuməti Yusuf Ziya Arpacıqı açıq müdafiə edə bilər”.

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1891

Oxşar yazılar