“İki silahlı erməni ilə üz-üzə gəldim... ” – DÖYÜŞ HEKAYƏTİ
08 may 2011 11:00 (UTC +04:00)

“İki silahlı erməni ilə üz-üzə gəldim... ” – DÖYÜŞ HEKAYƏTİ

“OMON” kimi məşhurlaşan Xüsusi Təyinatlı Polis Dəstəsi Ermənistanın Azərbaycana təcavüzünün başladığı, Qarabağda erməni separatizminin yeni baş qaldırdığı dövrdə azərbaycanlıların dayağı olub. 1990-1991-ci illərdə ən qaynar nöqtələrə ezam olunan “OMON”-çular ermənilərin də qorxduğu əsas qüvvə olub. 1992-ci ilə qədər “OMON-un sıralarında döyüşmüş, bir neçə dəfə ölüm təhlükəsi ilə üzləşmiş Elçin İsmayılov “Döyüş tariximiz” rubrikasının qonağıdır.


“Qazaxda tutduğumuz mövqeyə sovet qoşunları tərəfindən güclü artilleriya zərbəsi endirildi”


- 1985-ci ildə orta məktəbi bitirəndən sonra Moskva Dövlət Universitetinin hüquq fakültəsinə imtahan vermişdim, daxil ola bilmədim. Sonra indiki Tver şəhərində Politexnik İnstitutuna, geoloji kəşfiyyat fakültəsinə daxil oldum. Birinci kursu qurtarandan sonra, 1987-ci ildə əsgərliyə getdim, 1989-cu ilə kimi hərbi xidmətdə oldum. Hərbi xidmətdən qayıdandan sonra da yenə hüquqşünas olmaq arzum vardı. Hüquq-mühafizə orqanlarında çalışmaq həvəsim çox idi. Sənədlərimi götürüb Bakıya gəldim, bir daha özümü sınadım. Yenə qəbul ola bilmədim. 1990-cı ildə Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin qiyabi şöbəsinə daxil oldum. 1990-cı ilin avqust ayında Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) yarandı. Mən birincilər sırasında ərizə yazaraq, ora daxil oldum. Birinci yığılan tərkibdə komandirimiz polkovnik Əbil Rzayev idi. O, bizi bir ailə kimi qəbul etdi. 200 nəfərə yaxın olan birinci tərkibdə olanların hamısı orduda xüsusi təyinatlı dəstələrdə qulluq etmiş hazırlıqlı gənclər idi.


Bizi bölgələrə ezam edirdilər və müəyyən müddət həmin bölgələrdə olurduq. Çünki o vaxt hələ açıq müharibə getmirdi, lokal xarakterli döyüşlər olurdu. Birinci döyüşümüz 1990-cı ilin avqustunda Qazax rayonunda, sərhəddə oldu. Biz mövqe tutmuşduq. Ora o vaxtkı sovet qoşunları tərəfindən güclü artilleriya zərbəsi endirildi. Başımızı qaldıra bilmədik. Bizi təcili oradan çıxardılar. Həmin vaxt belə ağır silahlardan istifadə ediləcəyini bilmirdik, biz yalnız avtomatla silahlandırılmışdıq.


Onu da deyim ki, sərhədyanı bölgələrlə, Qarabağla Bakı arasında çox fərq vardı. Bakıda müharibə hiss olunmurdu, heç kəsin orada ən baş verdiyindən, döyüşlərin getdiyindən xəbəri yox idi. Bakıya qayıdanda elə bil ki, başqa aləmə düşürdük.



“İsmət Qayıbov mənə tərs-tərs baxdı...”

- Mən bir neçə dəfə rəhmətlik baş prokuror İsmət Qayıbovla onun mühafizəçisi kimi Qarabağa getmişəm. Birinci səfərimizdə Laçın və Gorus rayonlarının sərhədində Azərbaycan və Ermənistanın baş prokurorlarının görüşü oldu. Mən həmin vaxt mühafizəçi kimi getsəm də, İsmət Qayıbovu tanımırdım. Həm görünüşünə, həm də davranışına görə çox sadə insan idi, mülki paltar geyinmişdi. 6-7 nəfər nümayəndə heyəti vardı. Onların arasında keçmiş ədliyyə naziri Əlisahib Orucov və digərləri də vardı. Vertolyotla Bakıdan Ağdama uçduq. Ağdamda vertolyot enməli oldu. Çünki hava şəraiti Laçın istiqamətinə uçmaq üçün əlverişsiz idi. Ağdamda bir müddət gözləməli olduq. Sonra avtomobillə getməli olduq. Nümayəndə heyəti ilə birlikdə 4 mühafizəçi getmişdik. Mən lap qabaqda oturmuşdum. Yanımda 2 nəfər vardı. Sonradan bildim ki, yanımda oturan İsmət Qayıbovdur. Əsgəranı, Xocalını keçdik, Xankəndinə girdik. Adətən, Xankəndində bizim maşınlara daş atırdılar. Güllə atan vaxtlar da olmuşdu. Uşaqlar silahlarını hazır vəziyyətə gətirdilər. İsmət Qayıbov da tapança çıxardı. Gördüm ki, ehtiyatsız davranır. Həm də tapança balaca idi, əvvəllər bu silahları məhkəmə hakimlərinə verirdilər. Dedim ki, o tapançanın burada köməyi olmayacaq. Mənə tərs-tərs baxdı. Sonradan bildim ki, baş prokuror və nümayəndə heyətinin rəhbəri elə bu şəxs, İsmət Qayıbov imiş...


Xankəndini keçdik. Şuşaya qalxanda maşının mühərriki qızdırdı, dayandıq. Gördüm ki, İsmət Qayıbov dəftərçə çıxarıb, nə isə yazır. Soruşdum, “nə yazırsınız”? Dedi, “şeir yazıram”. Mən onunla sonradan tanış oldum, onun şair ürəyi də vardı. Sonrakı səfərlərdə artıq onun baş prokuror olduğunu bilirdim. İsmət Qayıbov səfərlərə gedəndə tapşırmışdı ki, mühafizəçi kimi mənimlə Yuri Kovolyovu göndərsinlər. Yuri Kovolyov Azərbaycanın Milli Qəhrəmanıdır, həlak olub, yaxın dost idik.


Bir dəfə dedilər ki, baş prokuror gedəcək. Zabrat aeroportunda vertolyotla getməli idik. Aeroportda gözləyirdik. Bir nəfər gəldi, o biri uşaqları soruşdu? İki nəfər olduğumuzu söylədik. Həmin şəxs dedi ki, OMON-dan 20 nəfərin göndərilməsini istəyib. Bu an İsmət Qayıbov avtomobillə gəldi. Avtomobildən düşəndə həmin şəxs dedi ki, 20 nəfər əvəzinə 2 nəfər göndəriblər. Baş prokuror da dedi ki, o, özü məhz bu 2 nəfərin gəlməsini istəyib. Söhbət mən və Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovolyovdan gedir. Vertolyotda İsmət Qayıbov üzərindəki tapançanı çıxarıb soruşdu: “Bu gedər?” Həmin tapança avtomatik idi, çox peşəkar bir silah idi. Dedim ki, gedər!



“Çaykənddə məhv edilən silahlıların arasında zənci muzdlular vardı”

- İsmət Qayıbov Çaykənd əməliyyatı keçiriləndə də əməliyyata nəzarət etmək üçün orada idi. Biz də mühafizəçi qismində yanında idik. Əməliyyatdan sonra baş prokurorla birlikdə kəndə daxil olduq. Biz orada pasport rejiminin yoxlanılmasını, qanunsuz yaşayanların, silahların aşkarlanmasını həyata keçirirdik. Amma faktiki orada ciddi döyüş oldu. Orada qanunsuz muzdu döyüşçülər vardı. Onların arasında zəncilər də vardı.
İsmət Qayıbovun da olduğu vertolyot vurulan zaman mən qiyabi oxuduğum üçün imtahan sessiyasında idim, mühafizəçi kimi getməmişdim. Vertolyotun vurulması və İsmət Qayıbovun həlak olması xəbərini eşidəndə evdə valideynlərim, məni tanıyanlar Bakıya gəlmişdilər. Çünki çox vaxt çəkilişlərdə məni İsmət Qayıbovun yanında görmüşdülər. O vaxt mobil rabitə, telefon yox idi.


Şuşada Alı Mustafayev və digərlərinin olduğu vertolyot vurulanda da o vertolyotda mən getməli idim. Mən də Lökbatanda qalırdım. Gələnə qədər gecikdim. O zaman mənim yerimə Fikrət adlı oğlan gedib. Yuri Kovolyov da orada olub. Həmin vertolyot qəzasında 1 nəfər yaralanmışdı, o da mənim yerimə gedən Fikrət idi.


“Xəbər gəldi ki, Salatın Əsgərova öldürülüb, gecə qisas almağa getdik”


- Bir məqamı da qeyd edim. Salatın Əsgərova ermənilər tərəfindən qətlə yetiriləndə mən Xocalıda ezamiyyətdəydim. Bu, Xocalıya ikinci ezamiyyətim idi. Birinci dəfə 1990-cı ildə Xocalıda bir ay qaldıq. İkinci dəfə, 1990-cı ilin dekabrı, 1991-ci ilin yanvarında da Xocalıda olmuşam. Bu, dəqiq yadımdadır, çünki yeni ili Xocalı aeroportunda qarşılamışam. Amma biz əsasən, Xocalının özündə qalırdıq. Gündüzlər Xocalı aeroportunda pasport rejimini həyata keçirirdik. Ermənistandan ermənilər Qarabağa gəlmək üçün yeganə yol olan bu aeroportdan istifadə edirdilər. Nə aparmaq, nə gətirmək ola bilər, bununla bağlı siyahı vardı və biz erməni sərnişinlərin nə aparıb-gətirməsinə bu siyahı əsasında nəzarət edirdik. Aeroportda 9 nəfərlik dəstələr bir ay olmaqla növbə çəkirdi. Orada Əlif Hacıyevlə tanış oldum. O, həm Xocalı polisinə rəhbərlik edir, həm də Xocalı aeroportunun komendantı idi. Çox cəsur insan idi. Salatın Əsgərova yanvarın 5-də, axşamüstü gəldi. Onlar gecəni biz qalan yataqxanada qaldılar. Bizimlə görüşdü, söhbət etdi. Bildik ki, jurnalistdir. Səhəri gün Xankəndindən Şuşaya keçdilər. Bizə xəbər gəldi ki, Salatın Əsgərova öldürülüb. Uşaqlar çox qəzəbləndilər. Bunun əvəzini çıxmaq üçün hazırlaşdıq, gecə getdik.


Kəndin adı yadımda deyil, Xocalının içərisindən keçən kiçik çayın yuxarısında yerləşirdi. Kənddəki fermada erməni silahlıları vardı. Kəndin ətrafında isə rusların postları yerləşirdi. Biz rus postlarını keçdik, fermaya yaxınlaşdıq. Fermanın qarşısında post kimi kiçik bir köşk vardı. Bizim uşaqlardan 1 nəfər oranı yoxladı, dedi ki, burada heç kim yoxdur. Fermaya qumbaralar atıb, onların hamısını məhv etdik. Geri qayıdanda qaça-qaça qayıdırdıq ki, ruslar Xocalıdan gəldiyimizi bilməsinlər. Həmin vaxt köşkdə işıq yandı və 1 silahlı erməni çıxdı. Hər şey saniyələr içərisində oldu. O atəş açana qədər mən onu vurdum.


“Mərmi düz yanıma düşmüşdü, uzun müddət huşsuz qalmışam”


1991-ci ilin yayında Erkəc, Manaşlı, Todan və Buzluq kəndlərində pasport rejimini yoxlamaq üçün bizi 4 yerə böldülər. Bizim dəstə Buzluq kəndinə getdi. Buzluq kəndinə gedərkən bizi kəndə 3 istiqamətdən daxil olmaq üçün hər birində 10 nəfər olmaqla, 3 yerə böldülər. Saat 06:00 radələri idi. Bizə dedilər ki, kənddə silahlı yoxdur, sakitcə kəndə girərək pasport rejimini yoxlayıb, çıxaq. Ağır silahlarımız yox idi, yalnız avtomat idi. Bəzilərimizdə hər ehtimala qarşı qumbara da vardı. Kənd özü aşağıda, dərə kimi yerdə yerləşir. Kəndə sağ və sol tərəfdən hər biri 10 nəfər, eyni zamanda dərə ilə kəndə gələn yolla 10 nəfər irəliləməli idi. Kəndə çatmağa 100 metr qalmışdı. Bizi gördülər və kənddən qışqırıq səsləri gəlməyə başladı. Bizə atəş açıldı. Kəndin arxa tərəfi yüksəklik idi, oradan da atəş açılmağa başlandı. Orada möhkəmləndirilmiş mövqelər vardı. Bizə pulemyotlardan atəş açılırdı. Müəyyən müddət atışdıq, sonra dedilər ki, geri çəkilmək lazımdır. Çünki yüngül silahlarla kəndə girmək mümkün olmadı. Oradan bizə iri çaplı pulemyotlardan atəş açılırdı. Kəndin arxasında yol var idi, Xocavənd rayon mərkəzinə gedirdi. O yolla zirehli transportyorlar (ZTR) gəldi. Biz geri çəkilməyə məcbur olduq. Çəkilməyimiz də çətinliklə oldu. Çünki arxa dağa tərəf idi, biz yamacın üzərində hədəf kimi idik. O döyüşdə Vüqar adlı bir silahdaşımızı itirdik. Yaralananlar da oldu. Bizim olduğumuz dəstədə Fuad adlı yoldaşımız yaralandı. Mən də kontuziya aldım. Çünki kənd istiqamətində mən ən öndə gedirdim, qumbaraatanla atəş açmışdılar. Mərmi düz yanıma düşmüşdü, zərbəsindən uzun müddət huşsuz qalmışam. Qumbaraatanın mərmisinin düz yanımda partlaması məni xilas etdi, qəlpə dəymədi, amma kontuziya aldım.


“O vertolyot mənə çatanda geri döndü, pilot dayım imiş”

- Səhər saat 6-dan başlayan əməliyyat və bizim geri çəkilməyimiz günorta saat 2-yə qədər çəkdi. Özümə gələndən sonra uşaqlara dedim ki, siz çəkilin, mən sizi qoruyaram. Sonra özüm çıxa bilmədim. Ermənilər bilmişdilər ki, geri çəkiləndə 1 nəfər qalıb. Arxa tərəfdən 2 erməni silahlısı keçdi. Bildim ki, artıq mühasirəyə düşmüşəm. Yavaş-yavaş arxaya çəkilirdim. Balaca bir dərə vardı. Mən arxaya çıxanda onlar elə bilmişdilər ki, mən aşağıdayam. Amma mən artıq arxamda silahlılar olduğunu bildim və dərədən çıxdım. Üz-üzə gəldik. 2 nəfər idilər. Orada artıq kim silahdan tez atəş açdı məsələsi idi. İkisini də vurdum, avtomat silahlarını da götürdüm, gətirib təhvil verdim. Geri çəkiləndə gördüm ki, kənd tərəfə dağların arasından bir vertolyot gəlir. Mən vertolyotun ermənilərə məxsus olduğunu fikirləşdim. Gülləni dəyişdim, yandırıcı, zirehdeşən güllə qoydum. Fikirləşdim ki, dağın üstünə çatan anda aşağıdan uçsa, vurum. Amma vertolyot mənə çatdı və sonra geri qayıtdı, biz tərəfə düşdü. Vertolyot bizim yaralıların arxasınca gəlibmiş. Vertolyotun pilotu dayım olub. Dayım 1994-cü ilin aprel ayında Füzuli istiqamətində şəhid oldu. Milli Qəhrəmandır. Birinci eskadrilya yarananda ilk könüllü yazılanlardan olub.


Bizə sonra o da məlum oldu ki, Buzluqdakı döyüşü çəkib, Moskvada o vaxtkı rəhbərliyə göstəriblər. Bizimkilər göstərmək istəyirdilər ki, o kəndlərdə hazır müdafiə qurğuları, silahlar var, ermənilər müharibəyə hazırlaşırlar.
Sonra biz Gəncəyə gəldik, mən Bakıya Daxili İşlər Nazirliyinin hospitalına yollandım, müalicə almağa başladım. Ağır bir şey yox idi, ancaq 1 ay ərzində demək olar ki, yatmadım. Sonra səhhətim düzəldi.


O kəndləri, Erkəc, Manaşlı, Todan, Buzluğu sonra aldıq. Bunun üçün Gəncədən ağır texnika gətirildi. O döyüşlərdə mən də iştirak etdim. Səhər tezdən artilleriya atəşindən sonra hücuma keçdik. Buzluq kəndinin adını dəyişib, Vüqar kəndi qoymuşdular. İtkilərimiz də oldu. O kənddə döyüşlər zamanı kəndə girəndə güllə ayaqqabımın
dabanına dəydi. Güllə uzaq məsafədən atıldığı üçün ayaqqabının dabanını deşmədi...


İnsan var ki, döyüşdən, güllədən qorxmadığını söyləyir. Mən inanmıram ki, güllə insanın qulağının dibindən keçsin, o insan qorxmasın. O hissi hamı keçirir. Ancaq hər dəfə döyüş bölgəsinə gedirsən, artıq bu, insanda bir tələbata çevrilir. Şəhərə gəlirsən, özünü rahat hiss edə bilmirsən ki, digər uşaqlar oradadır. Biz 1 aya yaxın o kəndlərdə qaldıq. Sonra bizi o kəndlərdən çıxardılar, yerimizə polis ezam etdilər.



“Ermənilər Umudluya hücum etdi, rus əsgərlər postları qoyub qaçdılar”

Buzluqdan sonra Tərtərin Umudlu kəndində olmuşam. Umudlü Sərsəng Su Anbarı ətrafında olan yeganə azərbaycanlılar yaşayan kənd idi. Ətrafında 52 erməni kəndi vardı. Kəndə yol qalmamışdı, vertolyotla gedirdik. Sonra İmarət-Qərvənd kəndi gəlirdi. “OMON”-un uşaqlarından 10 nəfər İmarət-Qərvənddə, 10 nəfər də Umudluda idik. 10 nəfər də Yuri Kovolyovla Ağdamın Qaradağlar kəndində idi, bu kəndi mühafizə edirdilər. 2 aya yaxın Umudlu kəndində qalıb, o kəndin mühafizəsini təmin etdik. Bizdən başqa, o kənddə Rusiya Daxili Qoşunlarının əsgərləri vardı, Gəncədən gəlmişdilər. 18 yaşlı əsgərlər idi. Bir dəfə kəndə hücum oldu. 10 nəfər nə edə bilərdik? Bir mərkəzə yığılırdıq. Gecə postlar qoyub, bölüşürdük. Hər postda 3 nəfər qoymuşduq. Hansı postda bir şey olsa, bir-birimizin köməyinə getməli idik. Bir dəfə ermənilərin hücumu oldu, rus əsgərləri postları qoyaraq qaçdılar. Ancaq biz müəyyən müddət atışdıq, köməyimizə ZTR-lər gəldi, onlar çəkildilər. Bir neçə dəfə gecə hücumlar oldu. Umudlu kəndində həmin 10 nəfərə mən rəhbərlik edirdim. 3 nəfər xəstələndi, uzun müddət kəndi 7 nəfərlə müdafiə etdik. Kənd əhalisi bizə “7 oğul” deyirdi. Mənim dəstəmdə İlham adlı oğlan vardı, o kənddən qız aldı, evləndilər. İndi Bakıda yaşayırlar.


Bizi 2 ay sonra dəyişməyə gələndə kənd camaatını çıxarmalı oldular. Camaat Kəlbəcər tərəfə çıxdı. Yuri Kovolyov o kəndin mühafizəsi zamanı həlak oldu, 2 uşaq da yaralandı.
Ağdamın Gülablı kəndində 1 ay olmuşam. Dağın bu tərəfindən Gülablı, digər tərəfində erməni kəndi var. Orada ermənilərlə bizim aramızda bir neçə dəfə atışma olub.


“Xankəndinə getdik, onları çıxarıb gətirdik”


Növbəti ezamiyyətdə idim. O vaxtkı daxili işlər nazirinin müavini Ramil Məmmədovun mühafizəçisi kimi gedirdik. Ağdama gedəndə dedilər ki, bizim uşaqlardan 3 nəfəri saxlayıb, Xankəndinə aparıblar. Əsgəranda bir kəndin içərisinə bir ağ “VAZ” gəlib, avtomatdan atəş açaraq çıxıb gedib. Elə bilmişdilər ki, bizim uşaqlardır. Xocalı aeroportunu mühafizə edən uşaqlarımız zabitlərimizdən birini “UAZ” markalı maşınla Ağdama gətirib yola salıb qayıdanla rus hərbçiləri “UAZ”-ı saxlayıb, “OMON”-un uşaqlarını Xankəndinə aparmışdılar. Biz Xocalıya gəldik. O uşaqlardan biri də mənim bibim oğlu idi. Biz nazir müavini ilə Xankəndinə getdik, onları çıxarıb gətirdik. O zamanda Xankəndinə nazir müavini ilə birlikdə Yuri Kovolyovla mən getdim.
O zaman hərbçilərin Xankəndinə getməsi mümkün idi. Çünki Qarabağda Polyaniçkonun rəhbərliyi altında Təşkilat Komitəsi fəaliyyət göstərirdi və prosesləri onlar idarə edirdilər. Açıq müharibə 1992-ci ildə başladı. Ona qədər hərbçilərin Xankəndinə getməsi mümkün idi.

Mən Xüsusi Təyinatlı Polis Dəstəsində 1990-cı ildən başlayaraq, 1992-ci ilin əvvəlinə qədər olmuşam. İşlədiyim dövrdə komandir Əbil Rzayev idi. 1992-ci ilin əvvəlində o, bu vəzifədən çıxdı və Sumqayıt şəhərinə polis rəisi getdi. Onun əvəzinə Rövşən Cavadov gəldi. Rəhbərlik dəyişəndə təzə qaydalar tətbiq etməyə başladılar. “OMON”-da köhnə uşaqların çoxu çıxdı. “OMON”-un rəhbərliyi dəyişəndən sonra Nərimanov Rayon Polis İdarəsinə getdim. 10 aya yaxın orada işlədim. Sonra Hərbi Prokurorluğa gəldim, 2005-ci ilə kimi orada xidmət etdim və 2005-ci ildə tərxis olundum. 1993, 1994 və 1995-ci illərdə də Hərbi Prokurorluqda çalışarkən mühafizə məqsədilə Qarabağa getmişəm. Çünki Ağdamda, Şuşada Həbi Prokurorluq vardı.
Hazırda hüquqşünas kimi fəaliyyət göstərirəm.
“OMON” ermənilərin gözünün odunu almışdı. Vaxtında səhvlərə yol verilməsə, vəziyyət başqa cür də olardı...


Ramiz Mikayıloğlu
# 3041

Oxşar yazılar