Türkiyə vətəndaşlarının viza müddəti dəyişməyib
28 sentyabr 2009 18:45 (UTC +04:00)

Türkiyə vətəndaşlarının viza müddəti dəyişməyib

Türkiyə və Azərbaycan KİV-lərində yayılan məlumatı XİN və Dövlət Miqrasiya Xidməti təkzib etdi

Son günlər Türkiyə mətbuatında Azərbaycana gələn Türkiyə vətəndaşlarının viza müddətinin 1 ildən 3 aya endirilməsi barədə xəbərlər yayılır. Məsələn, Türkiyənin NTV telekanalının yaydığı xəbərdə bildirilir ki, buna qədər viza ilə Azərbaycanda 1 il qala bilən Türkiyə vətəndaşları bundan sonra 3 aydan artıq bu ölkədə yaşaya bilməyəcəklər.
Qeyd edək ki, bu barədə məlumat Azərbaycanda nəşr olunan “Exo” və digər mətbu orqanlarda da materiallar dərc olunub, ekspertlərin rəyləri öyrənilib.

Lent.az məsələ ilə bağlı araşdırma aparıb.

Xarici İşlər Nazirliyinin (XİN)mətbuat xidmətinin rəhbəri Elxan Poloxov bildirib ki, Türkiyə vətəndaşlarına XİN tərəfindən 1 aylıq pulsuz viza verilir. Bu prosedur dəyişməyib. Sadəcə, artıq Azərbaycanda uzun müddət, yəni 3 ay, 1 il, 5 il qalmaq istəyən əcnəbilərlə bağlı proseduru XİN tənzimləmir. Prezidentin fərmanıyla 4 ay əvvəl bu səlahiyyət yeni yaradılmış qurumlardan olan Dövlət Miqrasiya Xidmətinə verilib. Ölkədə uzun müddət qalmaq istəyən əcnəbilər də viza müddətini uzatmaq istədikləri zaman Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər. XİN də Dövlət Miqrasiya Xidmətinin rəyi əsasında həmin əcnəbilərin vizasının müddətini uzada bilər. Eyni zamanda əcnəbi vətəndaşlar Dövlət Miqrasiya Xidmətinin viza müddətinin uzadılması ilə bağlı sənədi əsasında da XİN-ə müraciət etmədən sərhədi keçə bilərlər: “Yəni burada söhbət tək Türkiyə vətəndaşlarından getmir. Azərbaycana uzunmüddətli gələn hər bir əcnəbi Miqrasiya Xidmətində qeydiyyata durmalı və icazə almalıdır. Ayrıca Türkiyə vətəndaşları ilə bağlı qanunvericiliyə isə hər hansı dəyişiklik edilməyib”.

Nazirlər Kabinetinin də bununla bağlı hər hansı qərar və sərəncamı yoxdur.

Bu yöndə sorğumuza cavab olaraq Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, 8 sentyabr 2003-cü ildə Türkiyə Respublikasının Ankara şəhərində imzalanmış və Azərbaycan Respublikasının 4 noyabr 2003-cü il tarixli 503-IIQ nömrəli qanunu ilə qüvvəyə minmiş “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı viza tətbiqi haqqında Saziş” bu gün də qüvvədədir.

Dövlət Miqrasiya Xidməti onu da qeyd edir ki, vizada göstərilən ölkədə qalma müddətindən artıq Azərbaycan ərazisində olmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, o cümlədən Türkiyə vətəndaşları əsas olduğu hallarda ölkədə qalma müddətlərini (3 ayadək) uzatmaq, müvəqqəti (1 ilədək müddətə) və daimi (5 ilədək müddətə miqrant statusu) yaşama icazələri almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 689

Oxşar yazılar