Vahid Qazidən opponentlərinə sərt cavab
18 sentyabr 2009 19:16 (UTC +04:00)

Vahid Qazidən opponentlərinə sərt cavab

“Mənim dediklərim onların çörək puluna çevrilirsə, bu da bir savab işdir, bu bayram günlərində”

“Seçki-2008” QHT Koalisiyasının üzvləri son vaxtlar bəzi mətbuat orqanlarında barələrində yazılanlara etiraz ediblər.

Koalisiyanın üzvü, “İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi Lent.az-a açıqlamasında vaxtilə Azərbaycan mətbuat tarixində möhtəşəm imzası olmuş bir qəzetin indi mənəvi çöküntüyə məruz qaldığını deyib: “Bu hücumlar mənim “Yeni Müsavat” qəzetinin 21 iyul sayında dərc olunmuş “Qəmli gözlərin süitası” adlı məqaləmdən sonra başladı.

Ürək ağrısı ilə təəssüflənirəm ki, milli mücadilə tariximizlə yaşıd olan bir hərəkatçı qəzet mənəvi çöküntüyə məruz qalıb. Mənim bu qəzetdən etika, sözün məsuliyyəti barədə gözləntilərim əbəs imiş. Ən ülvi dəyərlərin belə ələ salındığı, insan əxlaqına saunalardakı “parnoyların” buğlanmış “fortoçkalarından” zillənən güdükçü gözlər kimi baxıldığı, peşə etikası deyilən “lənətə gəlmiş məchul” qaydaya 100 qram araq, bir bakal pivə, yarım nəlbəki noxud fəlsəfəsindən izah verildiyi kif basmış dar mühitə, həyatın dibinə çökmüş cameənin sakinlərinə mən nə deyim, axı. İndi bu qəzetdə GÜLbalalar çirkab atır, XALİQlik iddiasına düşənlər var. Belələri mənlik deyil. Bu yazılar mənəvi çöküntüyə məruz qalmış bir qəzetdə bu ilin yayından başlayan kampaniyanın davamıdır. Bunları bir kənara qoyuram, məni maraqlandıran Şahvələd Çobanoğlu və onun tutduğu mövqedir”.

Şahvələd bəy Çobanoğlu bir həftə ərzində eyni mövzuda, “Seçki 2008” QHT Koalisiyası və xüsisilə mənim barəmdə, sayını itirdiyim yazılar yazıb. Əhəmiyyət vermək istəmirdim, mənim könlümə dəysə də bütün hallarda balalarına çörək pulu qazanır deyə. Amma sonra onun başqa yazılarına baxdım, təəccübləndim, internetə girib köhnələrinə də göz gəzdirdim. Bu, mənim tanıdığım, bir vaxtlar çox möhtəşəm qəzetdə ustad redaktorun rəhbərliyi altında jurnalistikanı (obyektivlik və etika prinsiplərilə birlikdə) praktikada birgə öyrəndiyimiz adam deyil. Görünür, o, sonrakı illərdə jurnalistikaya dəxli olmayan daha nələrsə də öyrənib.

Məni Şahlıq eşqinə düşmüş Şahvələd qardaşımız maraqlandırır. Əcəba, bu “maniya” ona haradan yoluxub? Bir neçə köhnə və yeni yazılarına baxdım. Alim Qasımovun səsinə, gənc istedad Hüseynlinin pianosuna da siyasət lupasından baxırmış. Bəlkə böyük siyasətə gəlir? Siyasət meydanını boş görüb özünü meydana atmaq istəyir. “Qoç olmayan yerdə keçi Əbdürrəhman ağadır” misalını xətrə dəymək üçün xatırlamadım, vallah. Amma ona və son illər (müxalifət liderləri meydandan bir az çəkiləndən bəri) üzə çıxan müdrik “uqlavoyçularımıza” elə gəlir ki, ölkədəki situasiyanı, bəzən lap regiondakı vəziyyəti onlar idarə edir. Allah, sən saxla!

“Seçki 2008” QHT Koalisiyası çoxlarının qarnına sancı salıb. Birdəfəlik bu sancıları kəsmək üçün deyirəm. 1995-ci ildən ölkədə keçirilən bütün seçkilərdə “İnam” Plüralizm Mərkəzi bəzən təklikdə, bəzən də seçki koalisiyalarının (SİDSUH, SMM və s.) tərkibində iştirak edib. Bəzi koalisiyaların yaradıcılarından olub (“SOS 03”, “Qızıl payız”, “Seçki 2008” və s.). Ötən ilki prezident seçkilərində də siyasətbazlıqla deyil, QHT kimi öz işimizi görmüşük. Buyurub bizim hesabatdan daha kəskin yerli təşkilat hesabatı qoysunlar ortaya. Hesabat reallıqdan doğub. Keçən il prezident seçkilərində Azərbaycan müxalifətinin liderinin iştirak etməməsi seçkilərə müəyyən dərəcədə öz təsirini göstərdi. Düşünürəm ki, Azərbaycan müxalifətinin lideri seçkilərdə iştirak etsəydi, situasiya fərqli olar və bu da hesabatımıza təsir göstərərdi. QHT situasiyanı idarə etmir, onu müşahidə edir. “Azadlıq” radiosu “Seçki qatarı” proqramı ilə seçkiləri fəal işıqlandırdı, “Mediaforum” saytı, “Yeni Müsavat” və s. qəzetlər seçkilərdə öz professional işlərini gördü. Mən məhz bunların adını ona görə çəkirəm ki, bu mətbuat orqanlarının obyektivliyinə yəqin ki, Şahvələd bəy etiraz etməz. Onlar kimi biz də professional işimizlə məşğul olmuşuq. Onda onları da qınasın də, desin niyə iştirak etmisiniz belə bir seçkinin işıqlandırılmasında. Absurddur. Koalisiyanın ötən ilki fəaliyyətilə bağlı istənilən kəslə müzakirəyə hazıram.


“İnam” Plüralizm Mərkəzinin rəhbəri bildirib ki, əgər Koalisiyanın mövqeyi haqqında nə isə yazılırsa, iddia etdiyi kimi səmimi yazırsa, yaxşı olar ki, mənim 2003-cü il prezident, 2000-ci il parlament, 1998-ci il prezident seçkiləri, 1995-ci ildən üzü bəri bütün seçkilərdə QHT rəhbəri kimi tutduğum mövqeyi araşdırsın. Əvvəlki seçkilərdə necə səmimi olmuşamsa, 2008-ci il seçkilərində də səmimiliyimi qorumağa çalışmışam.”

“İnam” Plüralizm Mərkəzinin rəhbəri hesabatlarında çoxsaylı hüquq pozuntularının da əksini tapdığını dilə gətirib: “Həmin şəxslərin bu sözləri yazmağa, deməyə nə dərəcədə haqları çatır? Azərbaycanda demokratiya uğrunda səmimi mübarizə gedən dövrlərdə Şahvələd Çobanoğlu harada idi? Kompüter oyunları mərkəzi, internet klubu yaratmışdı, indi şahlıq iddiasına düşür.

Düşsün, amma unutmasın ki, regionçuluq təfəkkürü ilə uzağa gedə bilməz. Şahvələd Çobanoğlu məşhur bir regionun məşhur nazir lideri həbs olunandan sonra radikallaşmağa başladı. Harada idin o vaxta qədər? Təhqirlə tənqidin sərhədi var. Mənim haqqımda ilk dəfə yazanda onun 3221736 nömrəsinə zəng vurdum, soruşmaq istəyirdim ki, nə məsələdir. Telefon nömrəsi artıq işləmirdi. Sizin sualı da ona görə cavablandırdım ki, o da mənə mətbuatdan ismarıc göndərib. Şahvələd bəy bunları sifarişlə yazır. Köşə yazarı köşəsini atıb, yarım səhifəlik məqaləsinin 90 faizini bizim hesabatdan seçmələrlə bəziyib. Bunun sifariş olduğu gün kimi aydındır”.

V. Qazi rəhbərlik etdiyi QHT-nin xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatlarla işlədiyini, qrant layihələrinin onlar tərəfindən maliyyələşdirildiyini qeyd edib: “Bizim QHT-lər ABŞ, Britaniya, Kanada, Yaponiya və s. kimi səfirliklərlə, ATƏT, BMT, Avropa Komissiyası, Avropa Şurası və s. təşkilatlarla işləyirlər və maliyələşirlər. Buyursun, Şahvələd bəy indiyə qədər rəhbərlik etdiyi qəzetləri hansı vəsait hesabına çıxartdığını açıqlasın. Yazılarında “rejim” yazır, bu “rejim”i bəyənmədiklərini vurğulayır. Bu rejimi yaradanların pulu ilə qəzet buraxıb, indi ölkədə başqalarına çirkab atmaq, ləkələmək nə qədər ədalətlidir. Kimə yaraşdırsam da, köhnə dostum Şahvələd bəyə bunu yaraşdırmazdım. Bilirəm ki, o da, digərləri də başladıqları kampaniyanı davam etdirəcəklər. Bu müsahibədən sonra daha həvəslə yazacaqlar. Etsinlər. Əgər mənim dediklərim onların çörək puluna çevrilirsə, bu da bir savab işdir, bu bayram günlərində”.

Şahvələd Çobanoğlu isə deyilənlərlə razılaşmır. O bildirib ki, yazdıqları ancaq Koalisiyanın hesabatı ilə bağlıdır: “O hesabatı hamı oxuyub və mən hesabat barədə yazmışam, Vahid Qazi haqqında da o Koalisiyaya daxil olan insanlardan biri kimi münasibət bildirmişəm. Hesabatın axırıncı abzasında 2008-ci il prezident seçkilərinin qüsursuz, ideal seçki olduğu bildirilir. Vahid Qazinin buna izahatı ola bilməz, mümkün deyil ki, buna izahat tapsın”.

Şahvələd Çobanoğlu bildirib ki, o, yazılarında Vahid Qazi haqqında təhqiramiz söz yazmayıb, yalnız hesabata toxunub: “Söhbət Vahid Qazinin şəxsiyyətindən yox, hesabatdan və o hesabata mənim, ictimaiyyətin verəcəyi qiymətin müqayisəsindən gedə bilər. Sadəcə, hesabatın ictimaiyyətə açıqlanmasından sonra söz tapa bilmirsən və qayıdıb deyirsən ki, orada təhqirdən söhbət gedir. Digər tərəfdən, kim mənə Vahid Qazi haqqında sifariş verə bilər? Söhbət Vahid Qazinin altına imza qoyduğu sözlərdən, Vahid Qazinin elə cümlələr yazmasından gedir. Mən, sadəcə, sual verirəm ki, bu cür seçki Azərbaycanda olub ki, bu cür hesabat hazırlayıbsınız? Hesabatdakı cümlələr Koalisiyaya daxil olan hər bir QHT üçün özü-özünü ifşadır. Heç hökumət təşkilatları da belə ideal seçkidən danışmırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 515

Oxşar yazılar