Qüdrət Həsənquliyev: “Misirdə 2 milyon adam qəbiristanlıqda yaşayır” – MÜSAHİBƏ
05 fevral 2011 11:38 (UTC +04:00)

Qüdrət Həsənquliyev: “Misirdə 2 milyon adam qəbiristanlıqda yaşayır” – MÜSAHİBƏ

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi

- Misirdə baş verən son proseslərə münasibətiniz necədir? Baş verənləri necə dəyərləndirirsiniz?

- Bu günlərdə İranda sonuncu prezident seçkilərində iştirak etmiş Mirhüseyn Musəvi İslam dünyasında baş verən inqilabın İrandan başladığını demişdi. Doğrudan da, İranda son prezident seçkilərində sözün əsl mənasında inqilab baş verdi. Amma o inqilab qanla, qəddarlıqla yatırıldı. Orada dinc insanlara qarşı odlu silahdan istifadə olundu. Ayrı-ayrı dövlət strukturlarında təmsil olunmayan dəstələr dinc insanların üzərinə buraxıldı. Nə İslama, nə də insanlığa sığmayan şəkildə kişi və qadınlara həbsxanalarda zor tətbiq olundu.

İkincisi, ərəb dünyasında Tunisdən başlayaraq üsyanlar oldu. Burada isə işsizlik, əmək haqlarının cüzi olması, insan haqlarının qorunmaması, yoxsulluq, özbaşınalıq, insanlara normal yaşamaq haqqının tanınmaması böyük xalq inqilabına səbəb oldu. Bunun dalğası isə eyni problemlərin olduğu digər ərəb ölkələrini də vurdu. Təbii ki, baş verənlər bizi bu bölgənin vətəndaşları və müsəlman olaraq narahat edir.

Misirdəki dəhşətli vəziyyətin mən özüm də şahidi olmuşam. İki il əvvəl bu ölkəyə getmişdim. Bizi gətirən təyyarədə 176 nəfər vardı. Təyyarəyə geri dönəndə hamı bir-birindən xəbərsiz xorla “ Azərbaycana qurban olum” dedi. Qəribə mənzərə idi, hamı içindən gələn hissini birdən ifadə elədi.

Çünki Misirdə doğrudan da dözülməz mənzərələrə şahidlik elədik. Misir piramidalarını görməyə gedən hər kəs yol kənarındakı böyük qəbiristanlığı müşahidə eləyib. O qəbiristanlıqda 2 milyon adam yaşayır. Bir ölkənin əhalisinin iki milyonu ömrünü həyatını qəbirlərin üstündə hördüyü kərpic evciklərdə keçirir. Yəni, orda vəziyyət bu qədər acınacaqlıdır. Misirdə demək olar ki, bütün tikililər yarımçıqdır. Bunun səbəbini soruşanda dedilər ki, tamamlanmış binaya fantastik əmlak vergiləri alındığı üçün binaları yarımçıq saxlayırlar. Küçələr zir-zibil içində, istənilən bir muzeyin qarşısında əlində qab durub dayanan insanlardan növbə yaranıb. Mən Misirdə yoxsulluq və səfalət gördüm. İordaniyada da həmin vəziyyətin şahidi oldum. Bir daha demək istəyirəm ki, ərəb dünyasında baş verən inqilabların səbəbi ilk növbədə yoxsulluqdur. Buna inqilab yox, acların üsyanı demək daha doğru olardı.

Bu məqamda bir şeyə də diqqət yetirmək lazımdır ki, bu üsyana gətirib çıxaran vəziyyətin olduğu ölkəni ABŞ və Qərb illərlə Şərqdə ən böyük müttəfiqlərindən biri hesab ediblər və qoruyublar. Artıq Misirdə vətəndaş qarşıdurması yaranıb və adamlar nə baş verdiyini anlayıblar. Misirlilərin başına gətirilənlər, onların taleyi üzərində oynanılan oyun bütün xalqlara, hökumətlərə, müxalifətlərə mesajdır. Bütün xalqlar, o cümlədən bizim xalqımız da bu baş verənləri görməli və çalışmalıdır ki, beynəlxalq güclərin oyunlarının qurbanı olmasın. Hüsnü Mübarək ABŞ və İsrailin müttəfiqidir, faktiki olaraq bu qüvvələr tərəfindən idarə olunur. Bunu CNN və BBC-ni bu neçə gündə ardıcıl izləməklə belə açıq görmək mümkündür. Həmin kanallar Misirdə baş verənləri obyektiv işıqlandırsalar da, Ağ Evin xüsusi nümayəndəsinin Misirə gəlməsindən sonra mövqelərini dəyişərək, “Müsəlman qardaşları”nın hakimiyyətə gəlməsi təhlükəsinə diqqət ayırmağa başladılar. “Müsəlman qardaşları”nın hakimiyyətə gəlməsi İsraillə Misir arasında müqavilənin bitməsi deməkdir. ABŞ üçün 80 milyonluq Misir xalqının yox, İsrailin mənafeləri daha öndədir. Həm də Şərqdə, müsəlman dünyasında 80 milyonluq demokratik dövlətin qurulması Qərbin qəbul etmədiyi bir şeydir. Çünki bu dövlət güclənəndən sonra İsrail və ABŞ tərəfindən idarə olunmayacaq. Xalq özünə həqiqi lider və prezident seçəcək. Milli, dini maraqlardan çıxış ediləcək. Bu gün Qərbə Şərqdə demokratik dövlət lazım deyil. Qismən inkişaf etmiş Türkiyə və Pakistanın başını terrorla qatırlar. Bizim ictimaiyyət də onu bilməlidir ki, qərblilərin məqsədi demokratikləşmə, qanunun aliliyi deyil. Məqsəd onların maraqlarına xidmət edən rejimlərin yaradılmasıdır.

- Doğrudanmı, ərəb dünyası demokratiyaya hazırdır? Və ya bir üsyanla demokratiyaya keçid mümkündürmü?

- Misirdə acların qiyamı baş verib. Demokratik cəmiyyət qurmaq isə xalqın inkişaf səviyyəsi, cəmiyyətin dünyagörüşü ilə bağlı məsələdir. Bunun üçün cəmiyyətdə siyasi partiyalar, media, QHT sektoru formalaşmalıdır. Misir cəmiyyətində isə demokratiyanın təməl prinsipi sayılan institutlar yoxdur. Bu institutlar olmadığı təqdirdə necə demokratik cəmiyyət qurmaq olar? Misirdə demokratik cəmiyyətin qurulması prosesi uzun illər çəkəcək. Orada bu cəmiyyəti qurmaq üçün lazım olan institutlar formalaşmalıdır. Əgər bu proses üsyanla başlayırsa, onda daha da ağrılı keçəcəyinə şübhə yoxdur.

- Azərbaycanla ərəb ölkələrini müqayisə eləmək nə qədər doğrudur?

- Çox qüsurludur. Biz bu üsyanlar və inqilablar mərhələsini 1988-ci ildə keçmişik. İndi Misirdə baş verənlər bizdə 23 il əvvəl olub. Bu məsələlərə görə, biz Misirdən 23 il öndəyik. Yəni Azərbaycan xalqını indi küçəyə çıxarmaq, hay-küylə aldatmaq, xarici güclərə alət etmək mümkün deyil. Artıq Azərbaycanda cəmiyyət inkişaf edir. Düzdür, problemlər var. Məsələn, Azərbaycanda iqtisadiyyat liberallaşdırılmalı, bank sistemi inkişaf etdirilməli, korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilməlidir. Amma bu cəmiyyətdə demokratiyanın inkişafı üçün lazım olan institutlar qurulub.

- Yeri gəlmişkən, Azərbaycanda son günlər korrupsiya ilə mübarizə sahəsində ciddi addımlar atılır. Bütün dövlət strukturlarının daxili toplantılarında bu məsələ önəmli məqam kimi müzakirə olunur...

- Bu proses olduqca ciddi başlayıb və əhali arasında çox böyük ümidlə, müsbət
qarşılanıb. Prezidentin tapşırığı ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasının keçirilməsi və atılan real addımlar cəmiyyətdə ruh yüksəkliyi yaradıb. İnsanların gündəmində ancaq bu məsələdir. Mənim bildiyimə görə, komissiyanın iclasında çox açıq və sərt müzakirələr aparılıb. Ölkədə rüşvətə, süründürməçiliyə son qoyulması istiqamətində ciddi tapşırıqlar verilib. Mənə dəfələrlə müraciətlər olur ki, qəsəbə icra nümayəndəliyindən arayışı da rüşvətlə verirlər, xırda ticarətlə məşğul olan insanları yerli məmurlar incidir. Süründürməçilik, süni maneələr yaradılır. Amma ölkənin inkişafı üçün orta təbəqənin qorunması vacibdir. Bildiyimə görə, bəzi rektorlara ciddi iradlar bildirilib, islahatlar aparılması barədə tapşırıqlar verilib. Mən ümid etmək istəyirəm ki, bu proses reallığa söykənəcək və daimi olacaq. Məncə, bu proses iki sahədə aparılmalıdır. Ölkədə siyasi və iqtisadi islahatlar təxirə salınmadan və paralel davam etməlidir.

- Son günlər daxili siyasətin ən çox danışılan məsələsi AXCP-Müsavat münasibətlərində yaranmış çatlardır. Siz seçkidən əvvəl bu partiyaların birliyinin baş tutmasının mümkünsüz olduğunu bildirmişdiniz. Artıq AXCP Müsavatın qərargahını tərk edib...

- Bu iki təşkilat seçkidən əvvəl xarici qüvvələrin tapşırığı ilə bir blokda təmsil olunmağa məcbur edildilər. Faktiki olaraq, Əli Kərimli ilə İsa Qəmbərin bir-biri ilə münasibəti psixoloji uyğunsuzluqla bağlıdır. Bu iki siyasətçinin biri-birinə qarşı patoloji nifrəti var. Sanki genetik qazanılmış nifrətdir. Ona görə də onların səmimi birliyindən söhbət gedə bilməz. Gözləyirdim ki, münasibətlərin əsl siması nə zaman bilinəcək. Açığı, son baş vermiş insidentdə İsa Qəmbəri o qədər də günahkar saymıram. Çünki bu adam qərargahında AXCP-yə yer verib, Əli Kərimli isə bunun qərargahında otura-otura onun barəsində başqa qəzetdə yazılmış təhqiri öz qəzetində dərc etdirib. Yəni, bu etik baxımdan düz deyil.

- Amma onu deyən də İsa Qəmbərlə illərlə bir yerdə yol gəlmiş adamdır. Sülhəddin Əkbər İsa Qəmbərə “Azadlıq” qəzetindən daha yaxın olub axı...

- Bu, artıq başqa məqamdır. Söhbət başqa qəzetdə gedən yazının məhz “İsa Qəmbərin Rusiyanın agenti” olması ilə bağlı hissəsinin təkrarən “Azadlıq” qəzetində dərc olunmasından gedir. O ki qaldı həmin açıqlamaya. Əlbəttə ki, İsa Qəmbərin Rusiyanın hansı planında yer almasını Sülhəddin Əkbər daha yaxşı bilər. Həm partiyada Məclisin sədri olub, həm də İsa bəyin kirvəsidir. Ola bilər ki, İsa Qəmbər özünə yaxın adam kimi vaxtilə müəyyən fikirlərini Sülhəddin bəylə bölüşüb. Sadəcə, mən Sülhəddin bəyin açıqlamasının niyə belə təəccüblə qarşılandığını anlamadım. Bu yaxınlarda Almaniyanın Fridrix Nauman Fondunun Azərbaycandakı keçmiş nümayəndəsinin iştirakı ilə tədbir keçirilirdi. Orada o dedi ki, Fondun uğurlarından biri Müsavat Partiyası ilə Ermənistan Milli Assambleyası arasında sazişin imzalanmasına nail olmaq olub. Yəni, bu sazişi onların imzalatdırdıqlarını açıq dedi. Ermənilərlə xarici fondun təzyiqi ilə saziş imzalayan adamın Rusiyanın hansısa hərfli planında yer almasında təəccüblü nə var ki? Onu edən, bunu da edər.


- Sizcə, İctimai Palatanın taleyi necə olacaq?

- İctimai Palatada olan adamların bir-biri ilə münasibəti elədir ki, oradan nə isə nəticə gözləmək mümkün deyil. Bu qurumu təsis edənlərə nəzər yetirək: AMİP, AXCP, Müsavat Partiyası və Pənah Hüseyn. Yəni, bu təşkilatın heç bir perspektivi yoxdur. Ən azı orada Pənah Hüseyn kimi adam varsa, həmişə ara qarışacaq. Bir yerdə hərəkət etmək üçün əvvəlcə səmimiyyət olmalıdır.

- Seçkilərdən sonra Müsavatda müəyyən qopmalar oldu. Amma AXCP-də belə hal baş vermədi...

- Qopma olmaq üçün əvvəlcə adam olmalıdır. AXCP-də kim qalıb ki, kim də qopsun? Əli Kərimli İdarə Heyətinin iclasını keçirməyə adam tapmır. Mən Sizə son 10 ildə onun ən yaxın ətrafında olmuş və onu tərk etmiş “yurdçü”ların bəzilərinin adını saya bilərəm. Mənzərəyə özünüz qiymət verin: Qulamhüseyn Əlibəyli, Fuad Mustafayev, Əliməmməd Nuriyev, Fazil Qəzənfəroğlu, Nəriman Qasımzadə, Əli Məsimov, Xaləddin İbrahimli, Akif İslamzadə, Bahəddin Həziyev, Qorxmaz İbrahimli, Asim Mollazadə, Cəmil Həsənli, Asif Kərimov, onlarla rayon, şəhər təşkilatının rəhbəri... hətta İsaq Əvəzoğlu. Daha heç nə deməyə ehtiyac yoxdur məncə...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 758

Oxşar yazılar