Azay Quliyev: “8-9 layihədən birinin qalib gəlmək şansı var”
02 mart 2009 12:00 (UTC +04:00)

Azay Quliyev: “8-9 layihədən birinin qalib gəlmək şansı var”

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ikinci maliyyə yardımı müsabiqəsinin ilk mərhələsini arxada qoyub. Birinci müsabiqədən fərqli olaraq, bu dəfə Şuraya daha çox QHT layihə ilə müraciət edib. Yəni artım var. Bu artım nəyin göstəricisidir? Belə getsə, beynəlxalq donor təşkilatlarının Azərbaycandakı fəaliyyət sferası daralmaz ki?

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidməti Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyevdən bu və başqa suallara cavab alıb. Lent.az-a təqdim olunmuş müsahibəni diqqətinizə çatdırırıq.

- QHT-lərə Dövlət Dəstəyi Şurası yalnız donor təşkilat hesab olunmurmu?

- QHT-lərə Dövlət Dəstəyi Şurası dövlət dəstəyini 5 istiqamətdə həyata keçirmək səlahiyyətindədir. İstiqamətlərdən yalnız biri maliyyə yardımını nəzərdə tutur. Yerdə qalan dörd istiqamət müxtəlif sahələri əhatə edir. Onları sadalayıb vaxt almaq istəməzdim. Ümumilikdə isə deyə bilərəm ki, həmin istiqamətlər QHT-lərin bilik və bacarıqlarının artırılmasından tutmuş, gözlənilməz çağırışlara hazır olmağa qədər ciddi yardımları özündə ehtiva edir. Yəni Şuranın yalnız donor təşkilat olduğunu düşünmək düz deyil.

- Xarici donorların qrant müsabiqələrində Azərbaycanın ümummilli problemləri əsasən öz əksini tapmır. QHT-lərə Dövlət Dəstəyi Şurası bu boşluğu doldura biləcəkmi?

- “Boşluğu doldura biləcək” yox, QHT-lərə Dövlət Dəstəyi Şurası o boşluğu doldurmağa borcludur. Cəmi iki maliyyə yardımı müsabiqəsi elan etmişik və hər ikisində təqdim etdiyimiz mövzuların ana xəttini ümummilli problemlər təşkil edir. Düz deyirsiniz ki, xarici donorlar Azərbaycanın ərazi bütövlüyünün bərpası, müharibədən zərər çəkmiş insanların hüquqlarının qorunması, ölkəmiz barəsində həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərin təbliği kimi məsələlərə laqeyd yanaşır. QHT-lərə Dövlət Dəstəyi Şurasının imkanı var ki, ölkəmizin üzləşdiyi problemlərin aradan qaldırılmasına yardım etsin.

- Bəzi beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri QHT-lərə Dövlət Dəstəyi Şurasının perspektivi haqda ehtiyatla danışırlar. Onlar belə hesab edir ki, dövlət dəstəyi vətəndaş cəmiyyəti institutlarının müstəqilliyinə xələl gətirə bilər. Bu arqumentə qarşı nə deyə bilərsiniz?

- Bizim məramımız və məqsədimiz cəmiyyətin inkişafına xidmət edən ideyaları və təşəbbüsləri dəstəkləməkdir. Elə ona görə də hökumətlə bir çox məsələlərdə fikirləri üst-üstə düşməyən QHT-lərə belə, təbii ki, yaxşı ideyalarına görə, maliyyə dəstəyi veririk. İctimai baxımdan əhəmiyyət kəsb edən çox ciddi problemlər var ki, bu müstəvidə QHT-lər hökumətlə niyə əməkdaşlıq etməsin? Ərazi bütövlüyümüzün bərpası istiqamətində, haqlı olduğumuzun dünya ictimaiyyətinə çatdırılması yolunda hökumətin də dəstəyə ehtiyacı var. Niyə qeyri-hökumət təşkilatları ölkəmizin uğurlarına xidmət edən bu kimi məsələlərdə dövlətdən ayrı siyasət yürütməlidir? Məgər, güc birlikdə deyil? Hər hansı hadisəyə xoş niyyətlə yanaşanda neqativ hallar barəsində düşünmürsən, problem axtarışına çıxdıqda isə istər-istəməz ayağına problem ilişir. Günəşin çıxmasına, yağışın yağmasına etiraz edənlər varsa, yağış yağmamalı, günəş çıxmamalıdır? Konkret faktlara gəldikdə isə ötən il 190 təşkilat müsabiqənin qalib oldu. Onların arasında hökuməti kifayət qədər tənqid edən, bir vaxtlar dövlətlə ciddi problemləri olan təşkilatlar vardı. Bu fakt bir daha təsdiq edir ki, Şuranın məqsədi hər hansı siyasi ayrıseçkiliyə yol vermək deyil, yaxşı ideyaları dəstəkləməkdir, vətəndaş cəmiyyəti institutlarının inkişafına kömək etməkdir. Araşdırma aparsanız, görərsiniz ki, bir təşkilatın belə, daxili işinə qarışmamışıq. Layihələrin həyata keçirilməsindəki fəaliyyətə müdaxilə etməmişik. Dediklərimin əksini sübut edən şəxsi mükafatlandırmağa hazıram. Söz-söhbət gəzirdi ki, guya dövlət QHT-lərə dəstək verməklə onları nəzarətdə saxlamaq istəyir. Bu fikirləri səsləndirənlər olduqca bəsit düşüncə sahibləridir. Dövlətin hansısa təşkilatı nəzarətdə saxlaması üçün kifayət qədər strukturları var. Digər tərəfdən, özünə hörmət qoyan təşkilat müstəqilliyini qoruyub saxlamağı bacarmalıdır. QHT-lərə Dövlət Dəstəyi Şurasının yaranmasına neqativ düşüncədən yanaşanların məntiqindən belə çıxır ki, indiyə qədər QHT-lərə verilən xarici donorlar təşkilatların müstəqil olmamasına xidmət edib, vətəndaş cəmiyyəti institutlarına nəzarət məqsədi güdüb. Yadıma böyük yazıçımız Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsərindən “İtə ataram, yada satmaram” ifadəsi düşdü. Xarici donorların məntiqindən çıxış edərək deyirəm ki, yad qüvvələrin nümayəndəsi olana qədər, gəlin öz dövlətinizin xidmətində durun. Bir daha vurğulayıram ki, mən xarici donorların fəaliyyətinə kölgə salmaq fikrində deyiləm, sadəcə, səsləndirilən məntiqlə razılaşmıram.

- Xarici donor təşkilatlarını özünüzə rəqib hesab edirsiniz?

- Əsasnaməmizin 1.7 maddəsində açıq şəkildə qeyd olunur ki, Dövlət Dəstəyi Şurasının verdiyi maliyyə vəsaiti hər hansı QHT-nin xaricdən aldığı qrantı məhdudlaşdıra, onların beynəlxalq əlaqələrinə problem yarada bilməz. Bu onu göstərir ki, biz beynəlxalq qurumları özümüzə rəqib hesab etmirik. Düşünmürəm ki, bizi də kimsə rəqib hesab edir. Apreldə fəaliyyətə başlamağımızın bir ili tamam olur. Qısa müddət keçməsinə baxmayaraq, bir neçə beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Onlardan Counterpart İnterneyşnl Vətəndaş Cəmiyyəti layihəsini, BMT İnkişaf Proqramını, Dünya Bankını, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu göstərmək olar. Biz BMT-nin İnkişaf Proqramı ilə memorandum imzalamaq ərəfəsindəyik. Bu sənədə əsasən QHT-lərə regional səviyyədə dəstəyin verilməsi proqramı həyata keçiriləcək. Dünya Bankı ilə birgə qrant layihəsi həyata keçirməyə hazırlaşırıq. Bir neçə gün öncə Şuranın icraçı direktoru Avropa Komissiyasının Azərbaycandakı nümayəndəsi ilə görüşüb. Onlara konkret təkliflər ünvanlamışıq. Hesab edirəm ki, təklifimizə obyektiv və ümumi maraqlarımıza uyğun şəkildə reaksiya veriləcək..

- Layihələrin dəyərləndirilməsində xarici donorların təcrübəsindən yararlanırsınız, yoxsa tamam fərqli mexanizm formalaşdırmısınız?

- Hər bir layihə anonim şəkildə, yəni kodlaşdırılaraq - müəllifi bilinmədən üç müxtəlif sahələri təmsil edən ekspertə təqdim olunur. Ekspertlər hökumət, QHT və beynəlxalq qurumların təmsilçilərindən ibarətdir. Ekspertlər bir-birindən xəbəri olmadan bütün layihələri diqqətlə analiz edir, onlara rəy verir. Rəylər katibliyə daxil olur, ümumi bal hesablanır. Maksimum bal 65, keçid balı isə 40-dır. Katibliyin əməkdaşları arayış hazırlayır və QHT haqqındakı məlumatlarla birgə həmin arayış Şuranın müzakirəsinə verilir. Şura ekspertizanın rəyini, təşkilat barəsində informasiyanı nəzərə alıb müvafiq qərar qəbul edir. Biz seçimdə həm şəffaflığı, həm də ədalətliliyi təmin edirik.
Əgər kiminsə narazılığı, prosesə qarşı şübhəsi varsa, şəxsən mənə müraciət etsin və istədiyi açıqlamanı ona verməyə hazırıq. Amma proses tam şəffaf aparıldığı üçün hər kəsin rahat şəkildə seçimdən xəbər tutma imkanı var.

- Şuranın nəzdində apellyasiya şikayətlərinin qəbulu üçün qurum fəaliyyət göstərirmi?

- Əlbəttə, belə bir qurum fəaliyyət göstərir. Xüsusi Apellyasiya Komissiyası yaradılıb. Bütün şikayətlər həmin komissiyaya daxil olduqdan sonra araşdırılır, lazım gələrsə, ekspertlərlə bir daha müzakirə edilərək, Şuraya məruzə hazırlanır. Əgər Apellyasiya Komissiyası müəyyən etsə ki, istər Şuranın qərarında, istər ekspertizanın rəyində müəyyən qeyri-obyektivliyə yol verilib, qərəzçilik amilləri var, yaxud əsaslandırma kifayət qədər deyildir, sizi tam əmin edirəm, həmin an nöqsanlar aradan qaldırılacaq və haqq-ədalət bərpa olunacaq. Digər donorlardan fərqli olaraq, Apellyasiya şikayətini təmin etməyimiz şəffaflığa maksimum əməl etdiyimizi göstərir.

Bir incə nüansı da qeyd etmək yerinə düşərdi. Budəfəki müsabiqədən keçməyən təşkilatların sayı çox ola bilər. Çünki cəmi 1.5 milyon manatımız olduğu halda bizdən təxminən 10 milyon manat vəsait istənilib. Bu o deməkdir ki, 8-9 layihədən birinin qalib gəlmək şansı var. İstərdim etiraz edəndə bu faktı nəzərə alsınlar və başa düşsünlər ki, ən orijinal layihələrin qalib gəlməsi təmin olunacaq.

- Azərbaycanda az da olsa, müstəqil jurnalistlər var. Məsələn, nə qədər mümkündür Apellyasiya Komissiyasında həmin jurnalistlərdən biri təmsil olunsun?

- Biz müstəqil jurnalistin Apellyasiya Komissiyasında təmsil olunmasını alqışlayarıq. Jurnalist cəmiyyətindən hamının inandığı, qələminə hörmət etdiyi bir yazarın namizədliyi irəli sürülərsə, biz onu böyük məmnuniyyətlə qəbul edərik.

- Mətbuat sferasında sahə qəzetləri, demək olar ki, yoxdur. QHT-lərin fəaliyyətini işıqlandıran mətbuat orqanı olsa, onun daha səmərəli fəaliyyət göstərməsinə QHT-lərə Dövlət Dəstəyi Şurası olaraq dəstək verərsinizmi?

- Mən həmişə belə bir informasiya orqanının olmasını arzulamışam. Təəssüf ki, Azərbaycanda QHT jurnalistikası yox dərəcəsindədir. Həmin jurnalistikanın yaradılması üçün hər cür dəstək verməyə hazırıq.

- QHT jurnalistikası ilə bağlı sualı təsadüfən vermədim. Bizdə olan məlumata görə, bu yaxınlarda “Dayaq.az” adlı qəzet qeydiyyatdan keçib. Martın ikinci ongünlüyündə işıq üzü görməyə hazırlaşan qəzetin sırf QHT sektorundan yazacağı nəzərə alınıb.

- Çox yaxşı xəbərdir. Əgər adını çəkdiyiniz qəzetin prinsipləri yalnız peşəkarlığa söykənəcəksə, fəaliyyəti səmimiyyət üzərində qurulacaqsa, məqsədi vətəndaş cəmiyyətinin inkişafına xidmət olacaqsa, bizdən daim dəstək görəcək. Şuranın “Vətəndaş cəmiyyəti” adlı aylıq jurnalı nəşr olunur. “Dayaq.az” qəzeti ilə həmin jurnalın qarşılıqlı əməkdaşlıq səviyyəsində fəaliyyəti QHT sektorunun inkişafına daha çox təkan verə bilər.
# 2345

Oxşar yazılar