Azərbaycanın Fransadakı səfiri: “Çalışırıq ki, Azərbaycanla bağlı həqiqətlər düzgün formada çatdırılsın” – MÜSAHİBƏ
29 iyun 2010 14:30 (UTC +04:00)

Azərbaycanın Fransadakı səfiri: “Çalışırıq ki, Azərbaycanla bağlı həqiqətlər düzgün formada çatdırılsın” – MÜSAHİBƏ

“Azərbaycan tərəfinə Bernar Fasienin dəyişdirilməsi ilə əlaqədar rəsmi bildiriş verilməyib”


Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyovun APA-ya müsahibəsi

- Azərbaycanla Fransa arasındakı münasibətlərinin bugünkü səviyyəsini necə qiymətləndirirsiniz?


- Fransa ilə Azərbaycan arasında münasibətlər 1992-ci ildə qurulub və uğurla davam edir. Azərbaycan üçün dünya ölkələri arasında Fransa çox böyük bir əhəmiyyət kəsb edir və bunun bir neçə səbəbi var. Bu ilk növbədə, Fransanın Avropa və eləcə də dünya səviyyəsində oynadığı mühüm roldur. Fransa həmçinin dünyada tanınmış və aparıcı ölkələrdən biridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Eyni zamanda Fransa ATƏT-in Minsk Qrupuna həmsədrlik edir. Bundan başqa Fransa iqtisadi baxımdan Azərbaycan üçün çox vacib bir tərəfdaşdır və Azərbaycan da Fransa üçün bizim regionumuzda ən vacib ölkələrdən biridir. Ona görə də bütün bunları nəzərə alsaq, ölkələrimiz arasında bu münasibətlər getdikcə vüsət alıb inkişaf etməkdədir və ən yüksək səviyyədə də dövlətlərimiz arasında dialoq qurulub. Azərbaycan prezidenti son beş il ərzində Parisə dörd dəfə səfər edib və son dəfə 2009-cu ilin dekabr ayında bu ölkədə rəsmi səfərdə olub. Bu da onun göstəricisidir ki, Azərbaycan doğrudan da Fransa üçün strateji bir tərəfdaşa çevrilib və eyni zamanda bizim üçün Fransa ən aparıcı tərəfdaş ölkələrdən biridir. Təbii ki, bütün bunları deməklə yanaşı qeyd etmək lazımdır ki, burada bir neçə subyektiv amillər var ki, onlar da bizim əlaqələrimizə birbaşa olmasa da, müəyyən təsir göstərir. Bildiyiniz kimi, Fransa Avropada ən güclü, ən nüfuzlu erməni diasporuna malik ölkədir və müxtəlif rəqəmlərə görə burada 500-550 min arasında erməni köklü vətəndaş var. Sözsüz ki, Azərbaycan haqqında və ümumiyyətlə türkdilli xalqlar haqqında stereotiplərin yaranmasında bu diasporun mənfi rolu çox böyükdür. Ona görə biz burada işimizi qurarkən bu amili də nəzərə alırıq və çalışırıq ki, Fransa ictimaiyyətinə və siyasi elitasına Azərbaycanla bağlı həqiqətlər düzgün formada
çatdırılsın.


Ümumiyyətlə hər iki ölkə arasında yüksək səviyyədə olan bu siyasi dialoqun mütəmadi şəkildə davam etdirilməsini istəyirik və bu istiqamətdə səfirliyimiz tərəfindən müəyyən işlər aparılır. İndi çalışırıq ki, Azərbaycana da belə yüksək səviyyəli səfərlər olsun. Hal-hazırda Fransa şirkətlərinin Azərbaycanda qeyri-neft sektorunda fəaliyyətini artırmaq istəyirik. Bunun üçün potensial mövcuddur və bir çox iri fransız şirkətləri Azərbaycanda iş görməyə həvəs göstəriblər və hal-hazırda 20-yə yaxın layihələr mövcuddur ki, biz onların üzərində işləyirik. Mədəniyyət sahəsindəki əlaqələrə nəzər yetirsək, o zaman bu sahədə də böyük bir potensial var və biz başqa Avropa ölkələri ilə olduğu kimi, Fransada da Azərbaycan Mədəniyyət Günlərini təşkil etməyə çalışırıq. Bu, Azərbaycan haqqında həqiqətləri Fransa ictimaiyyətinə, xalqına çatdırmaq üçün ən səmərəli vasitələrdən biri sayıla bilər.


- Bu yaxınlarda iki ölkə arasında qarşılıqlı səfərlər nəzərdə tutulurmu?


- Bu istiqamətdə müəyyən içlər aparılır, diplomatik kanallarla səfərlərin tarixlərini razılaşdırırıq. Bu məsələlərə hələlik aydınlıq olmadığı üçün indiki mərhələdə mən hər hansı konkret məlumat verə bilmərəm. Amma istəyirik ki, ilin axırına qədər müəyyən nəticələrə nail olaq. Əslində mən yüksək səviyyəli səfərlər dedikdə, Fransa prezidentinin Azərbaycana səfərinin mümkünlüyünü nəzərdə tuturam. Çünki indiyə kimi iki ölkə tarixində bu cür səfər olmayıb. Artıq prezident İlham Əliyev prezident Nikola Sarkozini ölkəmizə rəsmi səfərə dəvət edib və Fransa prezidenti də bu dəvəti qəbul edib. Hal hazırda bu səfərin tarixləri haqda fikir mübadiləsi aparılır. Çox güman ki, Fransa tərəfi və prezidentin özü Azərbaycana rəsmi səfər etmək niyyətindədir, sadəcə bunun üçün müvafiq bir vaxt tapılmalıdır və indi bu məsələnin üzərində səfirliklər və hər iki ölkənin xarici işlər nazirlikləri arasında mütəmadi olaraq bu məsələ ətrafında fikir mübadiləsi aparılır. Biz istəyimiz odur ki, ilin sonuna qədər bu məsələdə aydınlıq gətirilsin.


- Bu yaxınlarda Fransa Milli Assambleyasının bir qrup üzvünün Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa səfər etməsi Azərbaycanın ərazi bütövlüyü və milli maraqlarına hörmətsizlik kimi qəbul olunur. Fransadakı səfirliyimiz bu məsələni araşdırırmı?


- Sözsüz ki, Azərbaycanın Fransadakı səfirliyi dövlətimiz tərəfindən bu məsələ ilə bağlı aparılan siyasəti həyata keçirən orqanlardan biridir və elə həmin gün biz Fransa Xarici İşlər Nazirliyində görüş keçirdik, narahatçılığımızı bildirdik və onlara notamızı göndərdik. Fransa tərəfi parlament üzvlərinin fərdi şəkildə öz fəaliyyətlərində sərbəst olduqlarını bildirdi və onların heç də dövlətin rəsmi mövqeyindən çıxış etmədiklərini vurğuladılar. Fransanın rəsmi mövqeyi ondan ibarətdir ki, Azərbaycan torpaqları işğal olunub. Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və təbii ki, bu cür səfərləri alqışlamır. Eyni zamanda, Fransanın icra hakimiyyəti orqanı qanunverici orqanı olan parlamentə hər hansı bir təlimat vermək iqtidarında deyil. Bununla belə onlar bizdən bu səfərləri ciddi qəbul etməməyimizi xahiş etdilər. Təbii ki, bu kimi səfərlər Azərbaycanın milli maraqlarına ziddir və biz həm Milli Assambleyada, həm də Senatda izahedici işlər aparmalıyıq ki, bu cür xoşagəlməz səfərlər bir daha baş verməsin. Eyni zamanda qeyd etmək lazımdır ki, Dağlıq Qarabağa getmiş deputatların demək olar ki, hamısı ermənilərlə əlaqəli şəxslərdir. Misal üçün Fransanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Fransua Roşbloun eyni zamanda Fransa Milli Assambleyasında Fransa-Ermənistan parlamentlərarası dostluq əlaqələri komitəsinin sədridir və onun xanımı da ermənidir. Digərləri isə yaşadıqları və seçildikləri regionlarda çoxlu erməni məşəlli insanların olduğundan, onların səslərinə ehtiyac duyduqları üçün, bu cür qərəzli addımlara yol verirlər və inanırlar ki, bunun müqabilində orada yaşayan erməni əhalisi seçkilər zamanı onlara müəyyən dəstək verəcək. Yəni, bu real siyasi bir məsələdir və ona görə də onlarla biz nə qədər əlaqə qurmaq istəsək də, onlar yenə də öz mövqelərində qalırlar. Amma bu o demək deyil ki, bu, Fransa parlamentinin mövqeyidir. Orada Azərbaycanı başa düşən, dəstəkləyən üzvlər də az deyil və həmin şəxslərlə əlaqələrimizi indi daha da dərinləşib.


- Son vaxtlar Azərbaycanda ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədrinin yaxın zamanda dəyişdiriləcəyi haqda söhbətlər var. Bu haqda məlumatınız varmı?


- Məndə olan məlumata əsasən bu söz-söhbət əsassızdır və Azərbaycan tərəfinə Bernar Fasienin dəyişdirilməsi ilə əlaqədar rəsmi bildiriş verilməyib. Belə bir bildirişin olmadığı halda, yeganə qənaət odur ki, bu diplomat öz vəzifələrini icra etməyə davam edəcək. Ona görə də belə olan təqdirdə biz cənab Fasyeni indiyə kimi həmsədr kimi qəbul etdiyimiz kimi, bundan sonra da onunla işləməyə hazırıq. Əgər hər hansı bir dəyişiklik baş versə, təbii ki, bu cür məlumat bizə rəsmi kanallarla çatdırılacaq.


- Fransada Azərbaycan diasporunun fəaliyyətini necə dəyərləndirirsiniz?


- Təəssüflər olsun ki, burada diaspordan söhbət etmək düzgün deyil, çünki diaspora güclü təşkilatlanmış, güclü potensiala malik olan və həm say, həm keyfiyyət baxımından bir toplumdur. Bizim diaspora isə nə say, nə də keyfiyyət baxımından hələlik o qədər de güclü diaspora deyil. Düzdür, bizim Fransada Azərbaycan icmamız var və həmən icmaya bir neçə yüz nəfər daxildir. Onların bir qismi İran məşəlli azərbaycanlılardır, bir qismi Türkiyədən gəlmiş azərbaycanlılardır, bir qismi də bizim Azərbaycandan gəlmiş insanlardır. Biz onlarla iş aparmağa çalışırıq. Burada bir neçə tədbir keçirmişik və bu tədbirlərdə soydaşlarımızı bir araya toplamağa çalışmışıq. Biz indi ortada olan insan potensialından səmərəli şəkildə istifadə etməyə çalışırıq. Açıq deyim ki, bu, çox uzun prosesdir və təbii ki, diaspora bir ilə, iki ilə, beş ilə formalaşdırılmır. Bizim bədnam qonşularımız bu məsələyə yüz illərlə vaxt sərf ediblər və etiraf etmək lazımdır ki, təşkilatlanma baxımından müəyyən nailiyyətlərə nail olublar. Ona görə də mən Azərbaycanın səfiri olaraq çalışıram ki, bu insanları bir araya gətirib, onların hər birinin potensialından lazımi şəkildə istifadə edib, Azərbaycanın, xalqımızın, ölkəmizin maraqlarının qorunmasında müəyyən işlərə nail ola bilək. Bu istiqamətdə bizim bəzi planlarımız var və təbii ki, biz çalışırıq ki, burada olan erməni diasporuna qarşı tarazlıq yarada bilməsək də, heç olmazsa əlimizdə olan imkanlardan istifadə edərək, Fransa ictimaiyyətinə soydaşlarımızın mövqeyini də çatdırmaq üçün imkan yaradaq.


- Əvvəllər Fransada yaşayan Azərbaycan vətəndaşları və fransız vətəndaşlığını qəbul etmiş soydaşlarımız tez-tez səfirliyimizin konsul xidmətindən narazılıq edirdilər və onların hansısa sənəd almalarında müəyyən bürokratik əngəllər yaradılırdı. İndi bu məsələ nə yerdədir? Bu məsələlərin asanlaşdırılması istiqamətində səfirlik daxilində hansısa islahatların aparılması gözlənilirmi?


- Bilirsiniz, dediyiniz çətinliklər yalnız Fransadakı səfirliyimizlə əlaqəli deyil, belə hallar ümumiyyətlə bir çox digər səfirliklərdə də baş verirdi. Bu istiqamətdə Azərbaycan Xarici İşlər Nazirliyi dövlət qurumu olaraq müəyyən asanlaşdırma tədbirlərinə əl atmaqdadır və sözsüz ki, Azərbaycan mənşəlli Fransa vətəndaşlarının Azərbaycana gediş-gəlişini asanlaşdırmaq üçün vizaların, yeni pasportların verilməsi və yaxud hansısa digər sənədlərin tərtib edilməsi istiqamətində məsələyə hal-hazırda mərkəzləşdirilmiş şəkildə baxılır. Yaxın gələcəkdə yuxarıda qeyd etdiyim sahələrdə müəyyən tərəqqinin olacağına inanıram. Amma düzünü deyim ki, mən səfir təyin olunduqdan sonra bu kimi problemlərin mövcud olduğunu müşahidə etməmişəm. Bizdə bütün məsələlər tam şəffaf bir şəkildə aparılır. Məsələn, vizanın alınması üçün hansı tələblərin yerinə yetrilməsini hamı bilir və bu tələblər də öz tərəfimizdən icad edilmiş deyil, hər kəs tərəfindən qəbul olunmuş qaydalardır. Bütün bu tələblərə cavab verən hər bir vətəndaşımız vaxtı vaxtında vizasını və digər lazımi sənədlərini alır. Çalışırıq ki, sırf bürokrat yanaşmadan əl çəkib, insani yanaşmaya üstünlük verək ki, insanlarımız, həmyerlilərimiz səfirliyə onlara kömək edə biləcək bir yerə kimi baxa bilsinlər.


- Son illərdə Ermənistandan Fransaya qaçqın kimi saxta sənədlərlə gələn ermənilər öz sənədlərində azərbaycanlı olduqlarını göstərirlər. Onlar burada hər hansı cinayət törətdikdə, oğurluq etdikdə, Fransa polisi onları azərbaycanlı kimi qələmə alır. Bu da Azərbaycanın xaricdəki imicinə çox mənfi təsir göstərir. Bu istiqamətdə səfirliyimiz hansısa işlər aparırmı?


- Bəli, bu olduqca ciddi bir məsələdir və bu, Azərbaycanın Fransadakı imicinə vurulan bir zərbə kimi qiymətləndirilə bilər. Eyni zamanda, biz artıq mütəmadi olaraq Fransa Ədliyyə Nazirliyi və Fransanın digər immiqrasiya qurumları ilə görüşlər keçirərək, izahedici tədbirlər keçiririk. Onlara deyirik ki, hansısa insanın özünü azərbaycanlı kimi təqdim etməsi, onun hökmən azərbaycanlı olduğu demək deyil. Ermənilər bunu süni şəkildə edirlər. Məsələn bizim səfirliyimizə hər gün 30-50-dək müraciət daxil olun, bizdən yeni pasport istəyirlər və onların Azərbaycan vətəndaşı olmaları haqda arayışlar istəyirlər. Onların sənədlərinə baxdıqdan və müəyyən araşdırmalar apardıqdan sonra, əksər hallarda bu adamların sadəcə dələduz olduqları məlum olur. Belə adamlar Azərbaycanın adından sui-istifadə edərək, özlərinə siyasi və yaxud başqa statuslar qazanmaq istəyirlər. Biz də fransız həmkarlarımıza belə bir təklif irəli sürdük ki, əgər onlar doğrudan da bu qeyri-qanuni immiqrasiyaya son qoyulmasını istəyirlərsə, o zaman bizim konsul xidmətinin araşdırmalarından istifadə etsinlər. Məsələn hər hansı bir erməni gəlib desə ki, o Bakıda, Gəncədə və yaxud Azərbaycanın başqa yerində doğulub, o zaman onların doğrudan da Azərbaycandan olub-olmadığını müəyyən etmək məqsədilə, biz həmin şəxslərlə müsahibə aparmağa hazırıq. Belə bir imkan təbii ki, fransızların özündə yoxdur, bizimkilər isə onlarla həm azərbaycanca danışa bilər, onları sorğu-sual edə, bir çox hallarda onları ifşa edə bilərlər. Fransız tərəfi artıq bu məsələdən xəbərdardır və biz çalışırıq onlara həm problemi izah edək, həm də müəyyən təkliflərimizi verək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 985

Oxşar yazılar