Tahir Kərimli: “AXCP gəlsin, qərargahı yarı bölək” - MÜSAHİBƏ
07 iyun 2010 16:45 (UTC +04:00)

Tahir Kərimli: “AXCP gəlsin, qərargahı yarı bölək” - MÜSAHİBƏ

Vəhdət Partiyasının sədri Tahir Kərimlinin Lent.az-a müsahibəsi

- Tahir bəy, AXCP-nin sədr müavini Nurəddin Məmmədli partiyanıza qərargah verilməsini Sizin iqtidara xidmət etməyinizlə izah edib...

- Bu barədə mənə mətbuat xidmətindən məlumat verilib. Onun dediklərindən gördüm ki, qısqanclıqla yanaşıblar. Sual oluna bilər ki, əgər qərargah verilməsi iqtidara yaxınlıq sayılırsa, bəs AXCP-nin uzun illər qərargahının olması barədə nə deyək? Deməli, AXCP uzun illər bu iqtidara yaxın olub? Axı onların on ildən çox şəhərin mərkəzində qərargahı olub, ancaq bizim yox. Vəhdət Partiyası heç vaxt niyyətini gizli qoymayıb və həqiqətən də bu gün Azərbaycan prezidenti İlham Əliyevin strategiyasını birmənalı şəkildə müdafiə edir. Biz heç vaxt oyunbazlıq etməmişik. Məsələn, sual oluna bilər ki, AXCP “Azadlıq” qəzetini nəyin hesabına çıxarır? Bizim “Vəhdət” adlı qəzetimiz var, neçə ildir çap elətdirə bilmirəm.

İndiyədək Vəhdət Partiyasının qərargahı olmayıb, həmişə icarə əsasında oturmuşuq. İlk dəfədir ki, qərargahımız olur. Sonuncu qərargahımız – orada da icarə əsasında otururduq - Heydər Əliyev adına Respublika Sarayının arxasında söküləcək ərazilərə düşdüyündən, oradan çıxdıq. Qərargahla bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Onlar da təxminən bir ay müddətində cavab verdilər, bizə Bəşir Səfəroğlu-103 ünvanında qərargah üçün yer ayırdılar. Ərazisi 128 kvadratmetrdir, köməkçi sahələri də var. Düzdür, artıq ora yığışmışıq. Ancaq qərargahın ciddi təmirə ehtiyacı var. Ona görə də hazırda partiya tam funksional fəaliyyət göstərə bilmir. AXCP-dən fərqli olaraq təmir etməyə hələ ki, maliyyə imkanımız yoxdur.

- Mən bilən, AXCP də qərargahla bağlı müraciət edib. Sizcə, Vəhdətdən fərqli olaraq onlara niyə qərargah üçün yer verilməyib?

- Bilirsiz, biz özümüz vaxtilə on ildən çox müddətdə müraciət etmişik, ancaq yer verilməyib. Həm də, partiyaların çoxuna yer təklif olunub, ancaq onlar bəyənməyib. Şəxsən mən bütün partiyalara qərargah verilməsinin tərəfdarıyam. İndi bizə qərargah verilib, buna da AXCP göz dikib. Mən təklif edərdim ki, AXCP gəlsin, qərargahı onlarla yarı bölək.

- Bu təklifi söz xətrinə demirsiz də?

- Hə, gəlsinlər. Hətta deyərdim ki, qərargahdan imtina edirik, gəlib onlar otursun. Bu gün AXCP-nin başında AXC-nin köhnə qvardiyasından demək olar ki, heç kim yoxdur. Gəlib AXC-nin “baqaj”ını ələ keçirib üstündə oyunlar qurublar. Əgər mən həmin müxalifətdə bir balaca əqidə görsəydim, ölərdim, ancaq onlardan azca aralı qalmazdım.

- AXCP funksioneri Vəhdət Partiyasının sosial bazasının olmadığını da deyib...

- Əslində AXCP özü sosial bazasını tamam itirib və bizə o adı qoyub. AXCP-nin heç səsi çıxmır. Sadəcə bir balaca xarici əlaqələr hesabına səsi çıxır. Atalar sözü var, “kor kora kor deməsə, bağrı çatlayar”. Mən Nurəddin Məmmədlinin adını birinci dəfə iqtidarla yanaşı eşitmişəm, sonradan Rəsul Quliyevin hüquqlarının müdafiəsilə məşğul olub. Sonradan AXCP-yə keçdi. Mən özüm heç vaxt AXCP-də olmamışam, AXC-də olmuşam. Onlar partiya yaradanda bir də gördük ki, Tofiq Qasımovla məni AXC-nin Ali Məclis üzvlüyündən çıxarıblar. Guya ki, biz Əbülfəz bəyin yerinə Tofiq Qasımovu seçmək istəyirdik. Bununla da AXC-dəki fəaliyyətimiz dayandı.
Yenə sosial baza məsələsinə qayıdıram. AXCP-nin özünün nə sosial bazası var? Adicə bir mitinq də keçirə bilmirlər. Xalqı o qədər aldatdılar ki, xalq daha arxalarınca getmir. Bunun da təqsiri Vəhdətdədir? Belə ittihamlar gülüncdür. Əslində bizimlə münasibətləri korlamaq onlara başucalığı gətirmir.

- Yeri gəlmişkən, hazırda partiyanızın neçə üzvü var?

- Bilirsiz, sənəd üzərində AXCP-nin də, Vəhdət Partiyasının da üzvlərinin sayı on minlərlə ölçülür. Ancaq bu bir faktdır ki, nə AXCP-nin o qədər üzvü var, nə də Vəhdətin. Azərbaycanda elə partiya yoxdur ki, son illərdə sosial bazasını itirməsin. Şəxsən biz bunu gizlətmirik.

- YAP da bu sıraya aiddir?

- Yox, YAP hakimiyyət partiyasıdır. Etiraf edək ki, bu partiyanın köməyi olmadan hətta parlamentdə təmsil olunmaq mümkün deyil, istəyir bitərəf ol, ya da hansısa partiyanın üzvü. Yeganə partiyadır ki, ölkədə bütün situasiyaya nəzarət edir. Ondan başqa bütün partiyalar sosial bazasını itirib.

- Bayaq verdiyim suala qayıdıram, partiyanızın neçə üzvü var?

- Sənəd üzərində bu rəqəm 24 min idi, indi 16 minə düşüb.

- Bəs real üzvlərinizin sayı nə qədərdir?

- Hər halda, 4-5 min fəal üzvümüz var.

- Mən bilən, parlament seçkilərinə qatılacaqsınız.

- Bəli. Ancaq bununla bağlı partiyanın Baş Məclisi qərar verəcək. Ötən seçkidə partiya 46 nəfərlə iştirak etmişdi. Ancaq bu dəfə yəqin ki, kəmiyyət yox, keyfiyyət dalınca qaçacağıq.

- Seçkiyə hansı dairədən qatılmağı planlaşdırırsız?

- Hələ dəqiqləşdirməmişəm, götür-qoy edirəm. Ancaq arzu edərdim ki, YAP-ın hansısa namizədilə dairədə üzü-üzə gəməyim, toqquşmayım. Əks təqdirdə, mənimçün çox çətin olacaq. Ümid edirəm ki, YAP öz müttəfiqlərinin namizədliyi irəli sürən dairələrdən namizəd verməz.

- Bununla bağlı hakimiyyət və YAP dairələrilə məsləhətləşmələriniz olubmu?

- Ola bilər ki, olsun.

- Ümumiyyətlə, hökumət nümayəndələrilə söhbətiniz, dialoqunuz olur?

- Rəsmi şəxslərlə dövlət tədbirlərində rastlaşanda danışırıq, mehriban münasibətlərimiz var.

- Partiya sədrliyindən başqa hansı fəaliyyətlə məşğulsunuz?

- AXCP rəsmilərinin uşaqlarından fərqli olaraq nə övladlarım, nə özüm, nə yeznələrim, nə qardaşlarım indiyədək heç bir yerdə işləmir. Ancaq AXCP-yə həmişə yağlı tikə düşüb. Ən azından haradasa dərs deməyə imkan veriblər onlara. Ancaq bizə dərs deməyə də imkan verməyiblər.

- Dolanışığınız haradan çıxır? Biznesiniz var?

- Heç bir biznesimiz yoxdur. Həmişə istəmişəm ki, abırlı dolanım. Öz övladım üçün indiyədək heç kimə ağız açmamışam ki, onu hansısa işə qoyum. Xalqımız haradan və necə dolanırsa, biz də elə dolanırıq.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1023

Oxşar yazılar