Ermənilərin Azərbaycana qarşı “əqli mülkiyyət terroru”
31 may 2010 15:15 (UTC +04:00)

Ermənilərin Azərbaycana qarşı “əqli mülkiyyət terroru”

Mənfur və məzlum qonşumuzun ölkəmizin milli-mədəni dəyərlərini oğurlamasına dair saysız-hesabsız faktlar var

Ermənilərin Azərbaycan xalqının əqli mülkiyyətini, qeyri-maddi və maddi mədəni irsini mənimsəməsinə, özününküləşdirməsinə dair faktlar saysız-hesabsız olduğundan bununla bağlı dəqiq rəqəm göstərmək mümkün deyil.

Lent.az-ın məlumatına görə, “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyinin yaydığı məlumatda belə deyilir. Bəyanatda bildirilir ki, ermənilər Cənubi Qafqaza yerləşdiriləndən sonra Azərbaycanın folklor nümunələrindən xalqımıza qarşı qısqanclıq, paxıllıq hissləri hakim kəsilib və elə o zamandan da “əqli mülkiyyət terroru”na başlayıblar. Bu “terror” sonralar bir erməni ənənəsinə çevrilib.

“Əqli Mülkiyyətçilərə Kömək” İB-nin məlumatına görə, məşhur erməni tarixçiləri, alimləri, yazıçıları, tənqidçilərinin özləri də Azərbaycan xalqının əqli mülkiyyətinin mənimsənilməsini ayrı-ayrı mənbələrdə etiraf etməyə məcbur olublar. Bu mənbələrdə açıq-aşkar göstərilib ki, erməni xalqı zaman-zaman Azərbaycan atalar sözlərini, bayatılarını, dastanlarını, aşıq yaradıcılığını, musiqi və mahnılarını, mətbəx nümunələrini, xalça çeşnilərini, abidələrini və digər mədəni dəyərləri oğurlayıblar. Məsələn, erməni ədəbiyyatının məşhur yazıçısı Xaçatur Abovyan özünün “Ermənistanın yaraları” adlı romanında bu məsələyə dair çoxlu etiraflar edib: “Türkçə (Azərbaycan dili) bizim dilə o qədər daxil olub ki, bizdə mahnılar, şeirlər, atalar sözləri türkcə (azərbaycanca) səslənir”.

Erməni tənqidçisi və filosofu M.Nalbandyan isə “Qədim şeirlər və nəğmələr barədə” əsərində qeyd edib: “...nəğmələrin çoxunu biz türklərdən (azərbaycanlılardan) götürmüşük...”.

Erməni yazılı mənbələrində yüzlərlə belə etirafın olduğunu qeyd edən bəyanat müəlliflərinin fikrincə, beynəlxalq ictimaiyyət ermənilərin “əqli mülkiyyət terroru”ndan xəbərsizdir: “Ermənilər bir çox hallarda dünyanı öz saxtakarlıqlarına və oğurluqlarına inandıra biliblər. Təəssüf ki, beynəlxalq aləm hələ də Azərbaycanın bir sıra folklor nümunələrini ermənilərin əqli mülkiyyəti kimi tanıyır. Bədnam qonşuların “əqli mülkiyyət terror”u o qədər həyasız xarakter alıb ki, onlar Üzeyir Hacıbəylinin dünyaca məşhur «Arşın mal alan» əsərinə, memar Əcəminin “Möminə Xatun” türbəsinə, Azərbaycan ərazisindəki Azıx mağarasına, Qobustan, Gəmiqaya daş təsvirlərinə, hətta “Dədə Qorqud” dastanına belə əl uzadıblar, xarici mətbuatda qondarma və absurd iddialarla çıxışlar ediblər. Faktlar göstərir ki, folklorumuz erməni plagiatlığına ən çox məruz qalan Azərbaycanın əqli mülkiyyət nümunəsidir”.

Xatırladaq ki, “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi “Azərbaycanın qeyri-maddi mülkiyyətinin erməni işğalına məruz qalması faktlarının beynəlxalq ictimaiyyətə çatdırılması” adlı layihə çərçivəsində başladığı araşdırmaları davam etdirir. Təşkilat tədqiqatlarını Müəllif Hüquqları Agentliyi, Milli Kulinariya Mərkəzi və digər müvafiq dövlət qurumları ilə əməkdaşlıq şəraitində aparır. Erməni plagiatlığının ifşasına dair layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirir. Erməni oğurluqlarına dair faktlar toplanaraq ingilis dilinə tərcümə olunacaq və onların beynəlxalq aləmə çatdırılması üçün Azərbaycan və ingilis dillərində internet saytı yaradılacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 469

Oxşar yazılar