Əli Bilgə Cankorel: “Hökumət tərəfindən də müsbət addımlar olacaq” - MÜSAHİBƏ
11 may 2010 12:15 (UTC +04:00)

Əli Bilgə Cankorel: “Hökumət tərəfindən də müsbət addımlar olacaq” - MÜSAHİBƏ

- ATƏT Azərbaycanda azad və ədalətli parlament seçkilərinin keçirilməsi üçün tədbirlər planı hazırlayıbmı? Avropa Birliyi və Avropa Şurası ilə bu istiqamətdə əməkdaşlıq edirsinizmi?

- Bəli, bizim AB və AŞ ilə birgə düşüncələrimiz və planlarımız var. Çünki ortaq nöqtələrimiz mövcuddur və işlərimizi bir-birinə uyğunlaşdırmağa çalışırıq. Bizim işimiz çox geniş miqyaslıdır. Amma fəaliyyətlərimiz əsasən ayrı-ayrılıqda təşkil olunacaq.
Üç dəyirmi masa planlaşdırmışdıq və seçkiyə müdaxilə mövzusunda olan ilk tədbir artıq gerçəkləşdi. Bu, seçkinin müstəqil, şəffaf keçirilməsi ilə bağlı idi. Mayın 18-də keçirilməsi nəzərdə tutulan ikinci dəyirmi masa seçkilərin inzibati tərəfləri ilə əlaqəli olacaq. İyun ayında keçirəcəyimiz tədbir isə mediaya həsr olunacaq və medianın azadlığı, daha sərbəst çalışması məsələləri müzakirə ediləcək. Bu tədbirlərin hamısına parlamentdə təmsil olunan 12 partiyanı çağırırıq. QHT rəhbərlərini, rəsmi dairələri, diplomatik korpusu da dəvət edirik. Ancaq bu toplantılar, əsasən siyasi partiya təmsilçiləri üçündür, digərləri bir növ müşahidəçi kimidir. İlkini keçirdik, çox uğurlu alındı, bütün siyasi partiya liderləri iştirak etdi, gözəl dialoq, aktiv müzakirələr oldu. Digər toplantıların da bu şəkildə davam edəcəyinə inanıram.

- Bölgələrdə seçicilərə yönəlmiş hansısa layihələr həyata keçiriləcəkmi?

- Biz rayonlara gedəcəyik, yerli icra orqanlarının başçıları, DSK sədrləri ilə görüşəcəyik. Bunu bütün seçkilərdə edirik. Azərbaycandakı bütün icra hakimiyyətləri başçıları və DSK sədrlərini bu toplantılarda görəcəyik. Həmin toplantılarda şəffaf, standartlara uyğun azad seçkinin keçirilməsi üçün daha əvvəl qarşılaşdığımız problemlərə təkrar toxunacağıq, irəliləyişlər üçün lazım olan ehtiyacları öyrənəcəyik, sualları cavablandıracağıq. Bizim bu toplantılarımıza Prezident Administrasiyası və MSK-dan da nümayəndələr qatılır. Güman edirik ki, yenə belə olacaq. Dörd bu cür toplantı keçirəcəyik - əvvəlcə Bakıda, sonra Gəncə, Şirvan və Naxçıvanda. Bundan başqa, Bakı və rayonlarda bizimlə işləyən QHT-lərin maarifləndirmə işləri var. Onlar seçiciləri maarifləndirir. Müşahidəçiləri də biz maarifləndiririk. Müşahidəçilər arasında partiya üzvləri və müstəqil şəxslər var. Hamısını maarifləndirmə proqramından keçiririk.

- KİV-də seçki kampaniyasının aparılması mövzusunda layihələr həyata keçirməyi düşünürsünüzmü?

- Televiziyalarda və radiolarda bəzi proqramlar təşkil etmək istəyirik. Bunlar debat şəklində ola bilər. Biz bunları bələdiyyə seçkisindən əvvəl də etmişdik. Debatlara həm siyasi partiya, həm də hökumət təmsilçilərini dəvət edirik, özümüz də qatılırıq. Xalqın maarifləndirilməsi və siyasi partiya təmsilçilərinin öz mövqelərini çatdıra bilməsi üçün imkan yaratmaq istəyirik. Ən çox diqqət yetirdiyimiz məsələlərdən biri budur.

- 2005-ci il parlament seçkilərini ATƏT-in 500 müşahidəçisi izləmişdi. Bu dəfə onların sayı nə qədər olacaq?

- Bu barədə heç nə deyə bilmərəm. Əvvəla, ATƏT-in müşahidəçiliyə dəvət olunması lazımdır. Azərbaycanın dəvət göndərməsi vacibdir. Müşahidəçilərin sayına Azərbaycanla bərabər qərar veriləcək. Təxmin edirəm ki, dediyiniz rəqəmə yaxın rəqəm ola bilər. Çünki Azərbaycana çox önəm verilir. Azərbaycan strateji baxımdan önəmli olduğu, onun demokratik inkişafı əhəmiyyət kəsb etdiyi üçün hər kəs müşahidə etmək istəyəcək. Az sayda olacağını düşünmürəm. Seçki zamanı ATƏT-in əsl fəaliyyətini Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) həyata keçirəcək. DTİHB seçki zamanı qısa və uzunmüddətli heyətlər göndərəcək, müşahidə aparacaq. Ancaq bizim onlara müvafiq şərait yaratmağımız lazım gələcək. Seçki zamanı lazım olan yardımları göstərəcək, onlarla birgə işləyəcəyik. Bizim başqa işlərimiz də olacaq. Bunlar seçkidən sonra Seçki Məcəlləsinin, qanunların nəzərdə keçirilməsi ilə bağlı ola biləcək işlərdir. Seçki qanununda, siyasi partiyalar haqqında qanunda hansı irəliləyişlərin əldə olunmasının, hansı ehtiyacların ödənməsinin zəruriliyi barədə mütəxəssislərə müraciət olunacaq. Venesiya Komissiyasında bu istiqamətdə işlər davam etdirilir. Biz də bu işlərə dəstək vermək istəyirik. Seçki məsələsi çox önəmlidir və artıq bu işlərə başlamışıq. Seçki zamanı da, seçkidən sonra da işimizi davam etdirəcəyik.

- Azərbaycanda seçkiqabağı vəziyyəti necə dəyərləndirirsiniz?

- Ölkədə seçki qanunları var. Bundan sonra təcrübədə aşkarlanmış çatışmazlıqların aradan qaldırılması istiqamətində yeni işlər görülməlidir. Çünki Azərbaycan bu təcrübəyə yeni başlayıb. Bu təcrübə nəticəsində bəzi şeylər yaxşı nəticələnə, bəziləri isə o qədər yaxşı nəticə verməyə bilər. Çatışmazlıqlar təcrübə yolu ilə ortaya çıxarılacaq. Dünən yaxşı olan bir metod bu gün o qədər də yaxşı qəbul olunmaya bilər. Əsas olan bütün tərəflərin anlaşma şəraitində bu narahatlığı aradan qaldırmaq üçün yollar tapmasıdır. Bunları düşünmək lazımdır. Ancaq çatışmazlıqların sayı o qədər də çox deyil. Məsələn, siyasi partiyaların maliyyələşməsi məsələsində şikayət var. Bu məsələ müzakirə oluna bilər. Bundan başqa, çox da önəmli şeylər yoxdur. Seçki komissiyalarının təşkili ilə bağlı məsələyə gəlincə, bəzi narahatlıqlar var. Bizim hər zaman dediyimiz odur ki, seçki komissiyaları 1/3 şəklində formalaşmasın. Ancaq bunun üçün qanun dəyişikliyinə ehtiyac yoxdur. Bunu partiyaların öz aralarında razılığı ilə əldə etmək mümkündür. Əsas məsələ qanunların tətbiqi ilə bağlıdır. Məsələn, namizədlərin qeydiyyatı məsələsi. Bələdiyyə seçkisi zamanı bu sahədə bəzi problemlər oldu, yerli icra orqanlarından şikayətlər gəldi. Hamısına MSK baxdı, əlaqədar dövlət orqanlarına çatdırıldı. Bəzi cəzalandırmalar oldu. Bunların aradan qaldırılması çox vacibdir. Səsvermə zamanı qaydalara əməl edilməməsi ilə bağlı faktlar da qeydə alındı. Sayı çox olmasa da, nəticələrə ciddi təsir etməsə də, bu qüsurlar tamamilə aradan qaldırılmalıdır. Azərbaycanda nələrin qanuni, nələrin qanunsuz olduğunu artıq hamı bilir. Yetər ki, qanunlar tətbiq edilsin. Mətbuatın, xüsusilə televiziyaların bütün partiya nümayəndələrinə bərabər yer ayırması çox vacibdir. İstəyirik ki, müxalifət partiyalarının da, iqtidar partiyasının da liderləri həm dövlət televiziyası, həm də digər televiziyalarda özlərini xalqa tanıda, missiyalarını anlada bilsinlər. Arzu edirik ki, növbəti seçkidə bunu daha çox görə bilək. Bir ciddi məsələ də var. O da sərbəst toplaşmaq azadlığı sahəsindədir. Yəni kampaniya çərçivəsində aksiyaların, mitinqlərin keçirilməsi ilə bağlı qaydalar məhdudlaşdırıcı şəkildə tətbiq edilir. Qanunlarda bir yanlışlıq yoxdur, tətbiqində isə məhdudlaşdırıcılıq müşahidə olunur. Bu aksiyaların keçirilməsi üçün şəhərin uzaq yerlərinə icazə verilməsi heç bir məna ifadə etmir. Sizə bir misal çəkmək istəyirəm. Mayın 1-də İstanbulda 200-300 min nəfərlik aksiyalar keçirildi, bir adamın da burnu qanamadı. Qaydalara uyğun, əmin-amanlıq şəraitində aksiyalar keçirildi. Bu, asan deyil, amma təşkil etmək də mümkündür. Azərbaycanda onsuz da mitinqlərdə çox böyük qələbəlik olmur. Mitinqlərə 200, 500, 1000 nəfər qatılır. Bunun təmin olunması çox yaxşı olar. Biz bu barədə müzakirələr aparırıq. Hökumət və iqtidar tərəfindən də müsbət addımlar olacaq. Bütün dünyada hadisələr bu istiqamətə cərəyan edir.

- Sizin ofisiniz əvvəllər müxalifətlə iqtidarı bir araya gətirmək üçün görüşlər keçirib. Bu təcrübədən seçkiqabağı dövrdə istifadə olunacaqmı?

- Təbii ki. Söylədiyim üç dəyirmi masa çərçivəsində müxalifət və iqtidar partiyalarının liderləri bir arada olur. Müxalifət partiyaları arasında da bir-birinə müxalif olanlar var. Tədbirlərdə onlar qızğın müzakirələr aparırlar. Birincini təşkil etdik, bundan sonra da ikisini keçirəcəyik. Bunlar mətbuata açıq olmur, öz aramızda keçiririk. Ancaq sonra istəyən mətbuata məlumat verə bilər. Siz də razılaşarsınız ki, bu cür müzakirələr mətbuata açıq keçirilə bilməz. Bundan başqa, biz istəyirik ki, televiziya proqramlarında da partiya təmsilçiləri yer alsın. Bu şəkildə xalqa mövqelərini çatdıra bilsinlər. Bunu da həyata keçirəcəyik.

- Seçki öncəsində ATƏT rəhbərlərinin Azərbaycana səfərləri gözlənilirmi?

- DTİHB-nin sədr müavini ilk toplantıya qatılıb. Bəlkə DTİHB sədri də gələ bilər, amma dəqiq bilmirəm. ATƏT-in media üzrə nümayəndəsi Dunya Miyatoviçi da dəvət etdik, o da gəlmək istəyir. Təxmin edirəm ki, gələcək. Azərbaycan onun ilk ziyarət etdiyi ölkələrdən biri ola bilər. Biz Mətbuat Şurası isə çox yaxından işləmək istəyirik. Mətbuat Şurası ilə münasibətləri inkişaf etdirmək üçün yeni bir layihə hazırlanıb. Həm seçkilərlə bağlı, həm də ondan kənarda Mətbuat Şurası və digər media mənsubları ilə ATƏT olaraq münasibətlərimizi daha da inkişaf etdirmək fikrindəyik. Bu, bizim davamlı siyasətimizdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639

Oxşar yazılar