“O məktubları oxuyanda heyrətə gəlirəm...” - MÜSAHİBƏ
22 fevral 2010 16:00 (UTC +04:00)

“O məktubları oxuyanda heyrətə gəlirəm...” - MÜSAHİBƏ

Tarixçi alim Nəsiman Yaqublu işğal nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayandan sonra xaricdə müstəqilliyimiz uğrunda mübarizə aparan mühacirlərimizin zəngin irsinin bir qismini toplayaraq Azərbaycana gətirib. Bu iş Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib. Əsasən Türkiyə, Almaniya və Polşadan toplanmış sənədlər artıq Azərbaycanın Milli Arxiv İdarəsinə təqdim edib. Nəsiman Yaqublu Lent.az-a müsahibəsində bu sənədlərin əhəmiyyəti, diaspor quruculuğu sahəsində Diasporla İş üzrə Dövlət Komitəsinin atmalı olduğu addımlar barədə danışdı, Komitə rəhbərliyi istəsə, onlara məsləhətçi kimi də çox maraqlı sənədlər verə, çox maraqlı istiqamətlər göstərə biləcəyini söylədi...

- Türkiyə, Almaniya və Polşada toplayaraq gətirdiyiniz sənədlər tariximiz üçün hansı yeni səhifəni açır?

- Bu sənədlərin toplanması üçün müxtəlif tədqiqatçılarımız müəyyən işlər görüblər. Amma artıq bu, sistemli şəkildə aparılan bir işə çevrilir. İkinci tərəfdən, bizim araşdırmalarımız yalnız mətbuatla, bu insanların şəxsi yazışmaları ilə bağlı olmadı, həm də müəyyən videogörüntüləri, audio yazılarını əldə etməyə çalışdıq. Ən uğurlu işimiz 1943-cü ildə Berlində keçirilən Azərbaycan Milli Qurultayında Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin çıxışı olan videogörüntüdür. Bu, 4 dəqiqəyə yaxın lent yazısıdır. Bu videogörüntülərdə yalnız Düdənginskini deyil, İsrafil bəy Məmmədovu, Gəncə üsyanının qəhrəmanı Cahangir bəy Kazımoğlunu, Beydulla bəyi və Azərbaycan Xalq Cümhuriyyəti ordusunun başqa zabitlərini görmək mümkündür.
Türkiyədə müəyyən işlər görülsə də, bu vaxta qədər Almaniyada və Polşada belə ciddi araşdırma aparılmamışdı. Həm Almaniya, həm də Polşa arxivlərində Azərbaycanla, Azərbaycanın tarixi şəxsiyyətləri ilə bağlı çoxlu sənədlər aşkarladıq.

- Həmin sənədləri tapmaq və Azərbaycana gətirməyə razılıq almaq çətin olmadı?

- Bu sənədləri şəxsi adamlardan yığır, Almaniyanın, Polşanın və Türkiyənin həm arxivlərində, həm də mövcud kitabxanalarında axtarırdıq. Şəxsi arxivlərdəki sənədləri toplayarkən insanlarla təmas qurmaq, onları inandırmaq çox çətindir. Həm də bu ölkələrin arxivlərində işləmək qabiliyyəti və bacarığı olmalıdır, həmin ölkənin dilini bilməlisən. Polşada və Almaniyada azərbaycanlı dostlarımız mənə köməklik göstərdilər.
Topladığımız sənədlərdə bir məqama da diqqət yetirdik. 1920-ci ildən 1991-ci ilə, biz müstəqillik əldə edənə qədər bu insanlar Azərbaycanın ərazi bütövlüyü, bolşevik və erməni işğalı ilə bağlı BMT-dən başlamış, Avropanın əksər təşkilatlarına bəyanatlar göndərib, müraciətlər edib, çox əhəmiyyətli konfranslar keçiriblər. Bu sənədlər ona görə lazımdır ki, ermənilər Qarabağ məsələsini qaldıranda biz keçən əsrin 30-cu, 50-ci illərin sənədlərini ortaya qoyaq. Həmin vaxt o ərazilərə ermənilər tədricən köçürülür, ərazilərimizin bir hissəsi ermənilərə verilirdi və mühacirətdəki azərbaycanlılar buna etiraz edirdilər.
Digər tərəfdən, bu il Azərbaycan mətbuatının yaradılmasının 130 illiyidir. 70 illik dövrdə mətbuatımızın böyük bir qismi demək olar ki, qapalı vəziyyətdə qalıb. Bizim nə “Yeni Qafqaziyyə”, “Azəri türk”, “Mücahid”, “Azərbaycan yurd bilgisi”, “Azərbaycan” jurnalları, “Azərbaycan” qəzeti və digər mətbu orqanlarımızın fəaliyyəti, nə də onların yazarları, baş redaktorları haqqında məlumatımız olub. O irsi ona görə öyrənmək lazımdır ki, görək bu insanlar bizim mətbuat ənənələrimizi necə qoruyub, necə davam etdiriblər? Onlar Azərbaycan həqiqətlərini mətbuat vasitəsi ilə Türkiyə və Avropa ictimaiyyətinə necə, hansı yolla çatdırıblar?

- Bu suala həmin mətbuatı araşdırmış bir şəxs kimi cavabınızı bilmək maraqlı olardı.

- Bu insanların 70 ildə çap etdirdikləri jurnallar, qəzetlər nə qədər zəngindir, nə qədər bizim mədəniyyətimizi, tariximizi özündə yaşadan mətbuat orqanlarıdır! Nə qədər də demokratik mətbuatdır! Biz Ceyhun Hacıbəyli, Mirzə Bala Məmmədzadə, Əhməd Cəfəroğlu, Çingiz Göygöl və digərlərinin fəaliyyətini öyrənməliyik. Bu insanlarda vətən sevgisi, Azərbaycana bağlılıq, yüksək elitar mədəniyyətə sahib, yüksək şəxsiyyət olmaq bacarığı necə olub, necə bu qabiliyyətə sahib olublar? Mən nəhəng şəxsiyyət olan Məhəmməd Əmin Rəsulzadəni demirəm, bu, ayrıca bir söhbətin mövzusudur.
Biz çoxlu sayda şəxsi məktublar əldə etmişik. Məsələn, Süleyman Təkinərin Məhəmməd Əmin Rəsulzadəyə yazdığı 8 məktubunu gətirdik. Bunlar adi məktublar deyil, çox ciddi sənədlərdir. Əlimərdan bəy Topçubaşovun Polşa Xarici İşlər Nazirliyinin Şərq departamentinin direktoru Tadeur Qolovkaya göndərdiyi məktubları gətirdim. Səməd Vurğunun əmisi Mustafa Vəkilovun Polşa xarici işlər nazirinə göndərdiyi məktubları gətirdim. O məktubları oxuyanda heyrətə gəlirəm. Bu insanlar Azərbaycan problemlərini nə dərəcədə kəskin və anlaşılan bir vəziyyətdə bu ölkələrin Xarici İşlər Nazirliyinə çatdırırlar! Mühacirətdə yaşamış şəxsiyyətlərimizin digər məktublarını da toplayaraq, Azərbaycana gətirməliyik. Bu məktublar xarici diplomatiya, beynəlxalq əlaqələr sistemində çalışan insanlarımız, oxuyan tələbələrimiz üçün ciddi hüquqi, informasiya bazası formalaşması üçün lazımdır.
Polşada olarkən bizə təxminən 5 minə qədər foto verdilər, arxalarında yazılmayıb ki, bu kimin şəklidir. 5 minə qədər fotonun içərisindən sən öz şəxsiyyətlərimizə aid olan fotoları tapmalısan. Məsələn, mən çox sevindim ki, o fotoların içərisindən Məhəmməd Əmin Rəsulzadəyə, Vəli bəy Yadigara, İsrafil bəy Yadigara, Cahangir bəy Kazımoğluna aid fotoları tapdıq. Amma araşdırma davam etdirilməlidir. Çünki Polşada bu cür fotolar daha çox hərbi arxivlərdə saxlanılır. Almaniyaya gəlincə, bu ölkədə arxivlər səliqəli saxlanılır. Amma Almaniyada çoxlu sayda mühacirlərimiz olub. Məsələn, mən Nəcib Musazadənin, Fuad Əmircanın, İsmayıl Əkbərin övladları ilə əlaqə qura bilmədim. Çünki zaman yetmədi. Getmək, onları tapmaq çox çətindir. Tutaq ki, Düdənginskinin silahdaşlarını axtarmaq üçün Frankfurtdan Noyolm şəhərinə 400 kilometr yol getmək və həmin yolu qayıtmaq lazım idi. Amma onların ünvanları məndə var və gələcəkdə onlarla əlaqə qurub, işləyəcəyik.
Onu da demək istəyirəm ki, bu dəfə sənədləri gətirərkən ən çox diqqət yetirdiyimiz məsələlərdən biri də orda nəşr edilən kitablar oldu. O kitabları toplayıb gətirdik.

- Həmin kitablar hansılardır?

- Mənim üçün çox sevindirici haldır ki, 1920-ci illərdə mühacirətdə Məhəmməd Əmin Rəsulzadənin, Mirzə Bala Məmmədzadənin və digərlərinin kitablarının orijinallarını gətirdik. Məhəmməd Əmin Rəsulzadənin “Əsrimizin Səyavuşu”nun orijinalını Azərbaycana gətirdik. Yaxud 1938-ci ildə Məhəmməd Əmin Rəsulzadənin polyak dilində 300 səhifəlik “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabı dərc olunub. O kitabın da orijinalını Azərbaycana gətirdim. O cümlədən, Almas İldırımın 1952-ci ildə çap olunan kitabının, Mirzə Bala Məmmədzadənin kitablarının orijinallarını əldə etdik. Ümumilikdə, 20-yə qədər orijinal kitablar gətirdik.
Bir məqamı da qeyd edim. Mühacirlər 1926-cı ildə Qafqaz İstiqlal Komitəsini və 1928-ci ildə “Prometey” təşkilatını yaradıblar. SSRİ-də yaşayan bütün xalqların mühacir nümayəndələri “Prometey” təşkilatında birləşirdilər. Həmin təşkilatların özlərinin ayrıca mətbuat orqanları, sənədləri olub. Mən Azərbaycana çoxlu sayda Fransada işıq üzü görmüş “Prometey” jurnalı gətirdim. Digər tərəfdən, 1953-cü ildən başlayaraq ABŞ SSRİ-yə qarşı psixoloji müharibə planı hazırladı və onu yerinə yetirməyə başladı. ABŞ Münhendə SSRİ-ni Öyrənmə İnstitutu yaratdı. Həmin institut Sovetlər İttifaqı dağıldıqdan sonra bağlandı, amma institutun bütün sənədləri, materiallar ABŞ-da, Nyu-Yorkda yerləşir. SSRİ-ni Öyrənmə İnstitutunun nəşr etdiyi “Dərgi” jurnalı var. Həmin jurnalın nüsxələrinin əksəriyyətini Süleyman Təkinərin arxivindən götürüb, Azərbaycana gətirdik. Soyuq Müharibəni öyrənmək istəyən həmin jurnalı oxusaə kifayətdir.
Azərbaycan dilində “Birləşik Qafqaziyyə”, rus dilində “Obyedinyonnıy Kavkaz” adı ilə çıxan jurnalların da nüsxələrini gətirmişik. Eyni zamanda rus mühacirlərinə məxsus bəzi mətbu orqanların nüsxələrini də gətirmişik.

- Rus mühacirlərinin mətbu orqanları bizim üçün nə dərəcədə əhəmiyyətlidir?

- Məsələn, “Russkiy demokrat” jurnalı işıq üzü görürdü. Ruslarla ermənilərin o dövrdə əlaqələri necə olub, hansı məqamda ruslar erməniləri dəstəkləyib, hansı məqamlarda dəstəkləməyib? “Eyni zamanda rus şovinistlərinin fəaliyyətini öyrənmək üçün bu jurnalı gətirmək çox vacib idi.

- Yeri gəlmişkən, bu sənədlərə görə Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev təqdimat mərasimində sizə və bu işdə maliyyə yardımı göstərmiş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür etdi. Ancaq sizə mühacirlərin sənədlərinin toplanması üçün Diasporla İş üzrə Dövlət Komitəsinin yox, Şuranın yardım etməsi ilk baxışda təəccüblüdür. Siz Dövlət Komitəsinə bununla bağlı müraciət etmisiniz?

- Mən Əbdürrəhman Fətəlibəyli-Düdənginski ilə bağlı Dövlət Komitəsinə müraciət etmişəm. Amma təəssüf ki, müsbət cavab almamışam. İlk növbədə bu işə dəstək verən Şuraya, Şura sədri Azay Quliyevə təşəkkür edirəm.
Düşünürəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi də bizimlə əməkdaşlıq etməlidir. Ya da bizə imkan verməlidirlər ki, biz onlarla əməkdaşlıq edək. Əgər cənab Nazim İbrahimov istəsə, mən o Komitənin işinin canlanması, xaricdə daha effektiv iş görməsi üçün zəhmətimi verməyə hazıram. Amma addımı onlar atsınlar, mən onlara məsləhətçi kimi də çox maraqlı sənədlər verə, çox maraqlı istiqamətlər göstərə bilərəm. Necə edək ki, Azərbaycan diasporu güclü olsun, diaspordan lobbiyə çevrilsin? Hansı ölkələrdə kimlərlə işləyə bilərik? Məsələn, bizim Almaniyada, Polşada, Fransada çox güclü bazalarımız var. O bazaları işlətmək lazımdır. Dövlət Komitəsi bunu edə bilər.

- 70 il ərzində Azərbaycana bağlı olan böyük insanlarımız mühacirətdə mübarizə aparıb, böyük işlər görüblər. Bu gün həmin böyük insanların övladları, nəvələri həmin hisslərlə yaşamırlar, yoxsa iş düzgün təşkil olunmayıb?

- Onlarla iş qurulmayıb. Məsələn, Ceyhun Hacıbəylinin nəvəsi Klementlə, Süleyman Təkinərin ailəsi ilə, o cümlədən Bayram Rzanın qohumları ilə əlaqə yaratdıq. Türkiyədə olanda Məhəmməd Kəngərlinin də ailəsi ilə əlaqə qurduq. Bu insanlarla işləmək lazımdır. O mühacirlərin çoxunun ailəsi, xanımı həmin xalqın, millətin nümayəndələridir, onların övladları artıq almanlaşıb. Ancaq o insanların həm də Azərbaycan sevgisi var. Köhnə nəslin oğul-uşaqları ilə dostluq etmək, onları Azərbaycan problemlərinə yönəltmək lazımdır. Bizim səfirliklərimiz də bu sahələrdə ciddi işləməlidirlər. Tutaq ki, Məhəmməd Ağa Şahtaxtılı “Şərqi Rus” qəzetinin redaktoru olub. Uzun illər Parisdə yaşayıb, orada oxuyub. Bu yaxınlarda onun bir oğlu ATƏT-in Bakı ofisində çalışdı, sonra getdi. Görürsünüz ki, həmin insanların övladları, nəvələri var və müxtəlif beynəlxalq qurumlarda, vəzifələrdə çalışırlar. Azərbaycan davası aparan Əhməd Ağaoğlunun, Əli bəy Hüseynzadənin, Məhəmməd Əmin Rəsulzadənin qohumlarını, oğul-uşaqlarını tapıb, onların əsasında diasporumuzu, lobbimizi gücləndirməliyik. Yəhudilər də, ermənilər də, digər xalqlar da bu cür edirlər, kökdən başlayırlar. Mən eşidəndə ki, Almaniyada bizim diaspor işimiz filankəslə aparılır... Düşünürəm ki, orada niyə Fuad Əmircanın, Süleyman Təkinərin, İsmayıl Əkbərin, Məcid Musazadənin uşaqları, qohumları yoxdur? Görürsünüz, Nağı Şeyxzamanlının nəvəsi Tomris Azəri ortaya çıxıb, ABŞ-da nə qədər aktiv iş görür? Nağı Şeyxzamanlı Xalq Cümhuriyyəti dövründə Milli Təhlükəsizlik Nazirliyini yaradan iki qardaşdan biri olub, sonra mühacirətdə yaşayıb, böyük işlər görüb. Tomris Azəri heç Azərbaycanda yaşamayıb, məqam çıxan kimi öz vətənpərvərliyini ortaya qoydu, işlər görür. İnanın ki, belələri çoxdur.

- Bir məqamı da xüsusi olaraq soruşmaq istərdim. Əbdürrəhman Fətəlibəyli-Düdənginski Soyuq Müharibə planının hazırlanmasında necə iştirak edib?

- Düdənginski çox maraqlı, amma az öyrənilmiş bir şəxsiyyətdir. Bu da onunla əlaqədardır ki, uzun illər onun adı ilə bağlı qadağa qoyulub. Əbdürrəhman Fətəlibəyli-Düdənginsiki və digər şəxsiyyətlər əslində sovet dövləti tərəfindən qiyabi şəkildə ölümə məhkum edilmiş insanlardır. Onlar Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıblar. İkinci Dünya Müharibəsi başlayanda, bəzən buna Böyük Vətən Müharibəsi də deyirlər... Əslində bu, Böyük Vətən Müharibəsi deyil. Bu, Almaniya-SSRİ müharibəsidir. Necə Böyük Vətən Müharibəsidir ki, sovet qoşunları Pribaltikanı, Polşanı işğal edib? Azərbaycanı da 1920-ci ildə 11-ci ordu işğal etmişdi. Hitler kimi Stalin də dünyanı tutmaq istəyirdi. İki nəhəng toqquşurdu, arada isə zəiflər məhv olurdu. İkinci Dünya Müharibəsi illərində Azərbaycan legionlarına başçılıq etmiş Əbdürrəhman Fətəlibəyli-Düdənginsiki mənim üçün böyük şəxsiyyətdir. Azərbaycanın azadlığı uğrunda mübarizə aparan, 1943-cü ildə Milli Azərbaycan Qurultayını keçirib, “Biz yalnız və yalnız istiqlalımız üçün hərb edirik!” şüarını başı üstündən asan və qurultayda üçrəngli bayrağımızı dalğalandıran Əbdürrəhman Fətəlibəyli-Düdənginski müharibə bitən kimi Qərb dövlətlərinə xəbərdarlıq edib, 1946-cıil mart ayının 23-də İngiltərənin baş naziri Klement Etliyə məktub yazıb. Bundan əvvəl martın 6-da Çörçil Fultonda tələbələr qarşısında çıxış edib. Amma məndə dəqiq məlumat var ki, Düdənginskinin Fultondakı çıxışdan xəbəri yox idi. Həm də Çörçilin çıxışı ilə müqayisə edəndə Düdənginskinin məktubu daha geniş proqram xarakteri daşıyır. Ona görə də Əbdürrəhman Fətəlibəyli-Düdənginski Soyuq Müharibə planının müəlliflərindən biri, bəlkə də banisi sayılmalıdır. Həm də təkcə ideya verməyib, onu reallaşdıranlardan da biridir. Əbdürrəhman bəy “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının, “Azərbaycan” qəzetinin baş redaktoru olub, SSRİ-ni Öyrənmə İnstitutunda da mühazirələr oxuyub. Ona görə də KQB onu qətlə yetirəndə bütün Amerika ayağa qalxdı, Almaniyada məhkəmə quruldu. Məhkəmədə sübut olundu ki, onu SSRİ öldürüb.
Mən hesab edirəm ki, Əbdürrəhman Fətəlibəyli-Düdənginskiyə Azərbaycanın Milli Qəhrəmanı adı verilməlidir. Hitlerin yanında olanda da onun məqsədi Azərbaycanın müstəqilliyi olub və 1943-cü ildə keçirilən qurultayda da asılan şüarı bayaq qeyd etdim. Sonradan Qərb dövlətləri də onun faşizm yox, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə apardığını öyrənib və onun xidmətlərindən yararlanıblar. Yoxsa ABŞ onu “Azadlıq” radiosunun Azərbaycan redaksiyasına baş redaktor təyin edərdimi? Başqa bir məqamı qeyd etmək istərdim. Bizim sovet qoşunlarının tərkibində döyüşüb, Sovet İttifaqı Qəhrəmanı adı alan insanlarımızdan biri deyə bilərdimi ki, Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizə aparır?...

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1007

Oxşar yazılar