Kəmaləddin Heydərov AEBA nümayəndə heyətini qəbul edib - FOTO
30 noyabr 2012 16:17 (UTC +04:00)

Kəmaləddin Heydərov AEBA nümayəndə heyətini qəbul edib - FOTO

Bu gün fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Horst Monken Fernandesin rəhbərlik etdiyi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertlərindən ibarət nümayəndə heyətini qəbul edib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə., Kəmaləddin Heydərov FNH-in dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə yaxından əməkdaşlıq etdiyini söyləyib, Abşeron yarımadasında ekoloji problemlərin aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi tədbirlərdən bəhs edib.

Hazırlıq işlərinə cari ilin may ayında başlanılmış “Keçmiş Bakı Yod Zavodunun Sabunçu və Suraxanı rayonlarında yerləşən istehsalat sahələrinin və onların ətrafının təbii radionuklid tərkibli kömür, neft, neft məhsulları və digər tullantılarla çirklənmiş ərazilərinin təmizlənməsi” layihəsinin əhəmiyyətindən danışan Kəmaləddin Heydərov bildirib ki, bu layihə AEBA-nın ekspertlərinin nəzarəti altında, müvafiq təlimatlar və təhlükəsizlik qaydalarına riayət olunmaqla reallaşdırılıb. Hər iki reabilitasiya olunmuş istehsalat sahəsində eletrifikasiya işləri aparılıb, ərazilərə su xətləri çəkilib, ətrafda yerləşən yaşayış massivlərinin kanalizasiya sistemi inşa edilib. Həmin ərazilərə münbit torpaq daşınıb. Reabilitasiya olunmuş ərazilərdə yeni ekoloji parkların salınması da nəzərdə tutulur.
Kəmaləddin Heydərov xüsusi vurğulayıb ki, respublikamızın dayanıqlı inkişaf konsepsiyasına uyğun olaraq təkcə iqtisadi inkişaf deyil, həm də ekoloji cəhətdən təmiz həyat tərzinin təmin olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində bu cür layihələr icra olunur, böyük işlər görülür.
Horst Monken Fernandes Fövqəladə Hallar Nazirliyi tərəfindən layihənin çox qısa müddətdə yerinə yetirilməsindən məmnunluğunu ifadə edib, layihənin icrasının ilkin qiymətləndirilməsi zamanı ərazidə artıq heç bir radioaktiv maddəyə rast gəlinmədiyini bildirib. Onun sözlərinə görə, ərazilərin təmizlənməsi beynəlxalq təcrübəyə uyğun şəkildə həyata keçirilib. Ətraf ərazilərdə yaşayan insanları radiasiyaya məruz qoya biləcək risklərə yol verilməyib. Təmizləmə əməliyyatlarından sonra həmin ərazilərə yenidən baxış keçirilmiş və görülən işlər müsbət qiymətləndirilib. Demək olar ki, nə Ramana, nə də Suraxanı istehsalat sahələrinin ərazisində radioaktiv çirklənmə mövcud deyil. Horst Monken Fernandes xüsusi qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin nəzarəti və rəhbərliyi altında həyata keçirilən bu layihə dünya təcrübəsində ikinci, milli şirkət tərəfindən ölkədaxili resurslar hesabına başa çatdırılan birinci layihədir. Bu təcrübənin beynəlxalq aləmdə yayılması olduqca vacibdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 937

Oxşar yazılar