“Kremldə Söyün Sadıqovu öz adamları kimi tanıyırlar”
29 noyabr 2012 17:26 (UTC +04:00)

“Kremldə Söyün Sadıqovu öz adamları kimi tanıyırlar”

M. Fətiyevin istefa verməsinə səbəb isə “Azərros” prezidenti Söyün Sadıqovun ermənilərlə separat sövdələşməyə getməsi və bəyanat verməsi olub.

Elə vesti.az-a müsahibəsində də Mirəşrəf Fətiyev bildirib ki, istefasına səbəb S.Saqıqovun noyabrın 23-də Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyanla bir masa arxasında oturaraq Dağlıq Qarabağla bağlı bəyanat verməsi olub.

Fətiyev bildirib ki, o, həmişə ermənilərlə bir masa arxasında istər Qarabağ, istərsə də kənar mövzuların müzakirə edilməsinin əleyhinə olub. Onun fikrincə, bütün bu danışıqlardan və görüşlərdən qazanan isə həmişə ermənilər və erməni diasporu olur.

“Mən hələ də Söyün Sadıqovun hərəkətlərini başa düşə bilmirəm. Məgər o fikirləşmir ki, birgə bəyanat hazırladığı Ara Abramyan hər il mayın 8-də Rusiyada Şuşanın azad edilməsi gününü qeyd edir? Məgər o bilmir ki, Abramyan hər yerdə Xocalı genosidinin ermənilər yox, azərbaycanlılar tərəfindən törədildiyini deyir? Abramyanın dəstəyi ilə Moskvada tez-tez Azərbaycan əleyhinə, separatçı məzmunlu, tədbirlər keçirilir. Belə olan halda hansı əməkdaşlıqdan söhbət gedir axı? Oktyabr ayında onların görüşündən sonra Abramyan deyirdi ki, Qarabağ problemini Rusiyaya keçirmək olmaz. Amma 3 gün sonra o, Avstraliyanın hansısa ştatının “DQR”i tanıması münasibəti ilə təşəkkür teleqramı göndərir. Məgər Söyün Sadıqov bütün bunları görmür?”

Müxbirin “Nə vaxtsa Söyün Sadıqova bu barədə narazılığını bildirmişdinizmi? O, ermənilərlə görüşəndə sizinlə, digər vitse-prezidentlərlə məsləhətləşirdimi?” sualına cavabında Fətiyev “yox” cavabını verib.

Keçmiş vitse-prezident daha sonra qeyd edib ki, həm Sadıqov, həm də Abramyan Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvləridirlər.

“Kremldə Sadıqovu öz adamları kimi tanıyırlar. Onlar gözəl bilirlər ki, Sadıqovla işləmək olar və o, heç bir etiraz etməyəcək. Bundan başqa Söyün Sadıqov hər zaman Azərbaycan əleyhinə mövqe tutmuş Fəxrəddin Abboszadə və Arif Kərimov kimilərlə bir yerdə əyləşməyi də özünə rəva bilən adamdır. Bu separatçı adamların nə talış, nə də ləzgi xalqlarının adından danışmaq hüququ yoxdur. Amma Sadıqov onlarla bərabər birgə tədbirlərdə iştirak edir. Mən Söyün Sadıqovun xəyanətkar olduğunu demək istəmirəm. O, heç vaxt tarixi vətəninə, Azərbaycana qarşı getməz. Amma erməni diasporu ilə bu səviyyədə münasibət qurmaqda düzgün strategiya seçməyib”.


Fətiyevin dediyinə görə, Söyün Sadıqov onu vəzifədən azad etməyib. O, özü istefa verib. “Mən İsveçdə səfərdə idim. Noyabrın 28-i Moskvaya qayıdanda eşitdim ki, Söyün Sadıqov Ara Abramyanla birgə bəyanat veriblər. Mən dərhal istefa verməyim barədə bəyanat yaydım və bəyanatım Azərbaycan KİV-də yayıldı. Həmin gün axşam isə Söyün guya “Azerros”un Rəyasət Heyətinin iclasını çağırıb və məni, habelə daha üç nəfəri vəzifəsindən azad edib. İndi nəticəni özünüz çıxarın”.


Mirəşrəf Fətiyev sonda gələcək planlarından danışaraq bildirib ki, o, Dünya Azərbaycanlıları Konqresinin prezidentidir. Bundan sonrakı fəaliyyətini də bu istiqamətdə davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1737

Oxşar yazılar