Söyün Sadıxov ermənilərlə separat sövdələşməyə gedib
24 noyabr 2012 14:22 (UTC +04:00)

Söyün Sadıxov ermənilərlə separat sövdələşməyə gedib

Dünən Moskvada «Rusiya Erməniləri İttifaqı» (REİ) Ümumrusiya İctimai Təşkilatının prezidenti Ara Abramyan və Rusiya azərbaycanlılarının «AzərRos» Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıxov arasında görüş keçirilib.

APA-nın «Rusiya Erməniləri İttifaqı»nın saytına istinadən verdiyi xəbərə görə, aparılan danışıqlar və geniş tərkibdə keçirilən görüşün yekununda tərəflər birgə bəyanat imzalayıblar.

Bəyanatda hər iki təşkilatın təmsilçiləri vahid ölkənin – Rusiyanın vətəndaşları olduqlarını xüsusi vurğulayaraq, onları Rusiyadakı müxtəlif etnik tərkibli cəmiyyət, sivilizasiya, millətlərarası sülhün möhkəmləndirilməsi istiqamətində aparılan səylərdə birgə iştirak istəyinin birləşdirdiyi qeyd edilir.

«Milli məsələ Rusiya taleyi üçün fundamental əhəmiyyət kəsb edir. Milli siyasətə məsuliyyətli yanaşma cəmiyyət və hakimiyyətdən birgə səy göstərməsini, daimi dialoqun aparılmasını, ölkəmizin vahid xalqını formalaşdıran müxtəlif millətlərin təmsilçiləri arasında əməkdaşlıq və dostluğun ən yaxşı tarixi ənənələrinin qorunması və artırılmasını tələb edir. Ermənilər və azərbaycanlılar əsrlər boyunca bir yerdə yaşayıb və çalışıblar, bizim respublikalar arasında xoş qonşuluq əlaqələri olub. Təəssüflər olsun ki, iki dövlət arasındakı münasibətlərdə 20 ildən artıqdır Qarabağ problemi ilə bağlı fikir ayrılığı var, bunlar da öz növbəsində tarixi vətənlərimizin ümumi vəziyyətinə və ümumilikdə regional təhlükəsizliyə neqativ təsir göstərir», - deyə bəyanatda bildirilir.

Sənəddə həmçinin əminliklə qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bütün məsələlər mütləq qaydada beynəlxalq hüquq və kompromis yanaşma normaları əsasında və bütün tərəflərin maraqları nəzərə alınmaqla, sülh danışıqları formatında həll olunmalıdır: «Bu problemin həlli bizim tarixi vətənlərimizin hakimiyyəti və xalqlarının şübhəsiz prioritetidir. Biz hesab edirik ki, Rusiyadakı Azərbaycan və erməni diasporları arasında münasibətlərdə münaqişə ilə bağlı düşmənçilik və aqressivlik elementlərinə yol verilməsi qətiyyən qəbul olunmazdır. Eyni zamanda Rusiyadakı diasporlar arasında intensiv və məhsuldar əməkdaşlığın qurulması zəruridir. Rusiya vətəndaşları və ictimaiyyətin nümayəndələri kimi, “xalq diplomatiyası”nın öncülləri olmaq, gənc erməni və azərbaycanlı nəsillərinə qarşılıqlı hörmət ruhunda tərbiyə vermək bizim ümumi borcumuzdur. Hesab edirik ki, təşkilatlarımız arasında mədəni, təhsil, idman və digər sahələr üzrə daimi əlaqələrin və qarşılıqlı münasibətlərin qurulması milli münasibətlərin normallaşmasına, sabitliyin möhkəmlənməsinə və Rusiya cəmiyyətinin birliyinə yardım göstərəcək, ekstremizm və ksenofobiya meyllərinin qarşısını alacaq, habelə xalqlarımız və respublikalarımız arasında münasibətlərin normallaşması prosesinə müsbət təsir edəcək”.

Əldə olunan razılıqların praktiki tətbiqi üçün «AzərRos» və REİ razılığa gəlib ki, bu iki təşkilatın bazasında qarşılıqlı maraq doğuran məsələlərlə məşğul olan daimi işçi komissiyası yaradılsın. Komissiyanın vəzifəsi birgə fəaliyyət planlarının müzakirəsi və təşkilatın rəhbərliyinə həll qərarlarının layihələrini təqdim etmək, həmçinin münaqişənin inkişaf etməməsi üçün iki icmanın nümayəndələri arasında mümkün insidentlərə operativ reaksiya verməkdir.

Bununla yanaşı, Moskva şəhərində mədəniyyət, idman və təhsil sahəsində birgə ictimai tədbirlər təşkili planlaşdırılır. Həmçinin, Soçi şəhərində Azərbaycan-erməni mədəni dialoq həftəsinin keçirilməsinə dəstək almaq məqsədilə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinə müraciət olunması nəzərdə tutulub.

Bəyanatda çıxışlarda və KİV-də bir-biri ilə düşmənçilik dilində danışmamaq barədə öhdəlik götürülüb. Azərbaycanlılar və ermənilər bir-birinə münasibətdə düşmənçilik ifadələrinə, təhqirlərə və qeyri-qanuni əməllərə yol verməməyə çağırılır.

“Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildiririk ki, rusiyalı azərbaycanlılar və ermənilər xalqlarımız və dövlətlərimiz arasında yaxın qonşuluq münasibətlərinin yaranmasına, eyni zamanda Rusiya cəmiyyətində sülh və anlaşmanın möhkəmlənməsinə öz töhfələrini verməlidirlər”, - deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, bir müddət öncə lent.az saytı Söyün Sadıqovun Azərbaycana emissarlar göndərməsi, onların Qarabağdan olan ziyalılar və tanınmış şəxslərlə görüşməsi barədə məlumat yaymışdı. Məlumatda bu emissarların görüşdüyü adamlardan biri olan tanınmış din adamı Seyid Camal Əzimbəyli belə görüşün olduğunu təsdiqləmişdi. Onun bildirdiyinə görə, emissarlar Dağlıq Qarabağla bağlı məsələnin Rusiyanın daha artıq səyləri ilə həll edilməsi, hər iki ölkənin qonşu olduğunu bildirməklə təslimçi sülhə hazırlıq yönündə çağırışlara qoşulmaq üçün hazırlıq aparmağın vacibliyini qeyd ediblər. Seyid Camal sayta açıqlamasında emissarlara etirazını bildirdiyini və görüşü yarımçıq tərk etdiyini də demişdi.

Söyün Sadıqov həmin vaxt belə bir görüşlərin olmadığını, Dağlıq Qarabağ probleminin Rusiyada yaşayan Azərbaycan və erməni əsilli şəxsləri maraqlandırmadığını desə də, artıq onun bu istiqamətdə “əməli” fəaliyyətə başladığı məlum olur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3372

Oxşar yazılar