İcazəsiz aksiyalara görə cərimələr 30 dəfə artırıldı
02 noyabr 2012 15:30 (UTC +04:00)

İcazəsiz aksiyalara görə cərimələr 30 dəfə artırıldı

Bu gün Milli Məclisdə “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna və İnzibati Xətalar və Cinayət məcəllələrinə edəcək dəyişikliklər müzakirəyə çıxarılıb. Lent.az-ın verdiyi məlumata görə, qanun layihələri barədə millət vəkili Rafael Cəbrayılov məlumat verib.
Cinayət Məcəlləsinə ediləcək dəyişikliklə qanunvericilikdə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur. İndiyədək cərimənin məbləği 300 manatadək olub.


Toplantıların keçirilməsi iştirakçılar tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirənlər üçün də 5000-8000 manat cərimə nəzərdə tutulub. İndiyədək bu məbləğ 100-500 manat olub. Bu cərimələrin nəzərdə tutulduğu maddənin hər iki bölümündə (169.1 və 169.2) azadlıqdan məhrumetmə ilə bağlı hissə əvvəlki kimi saxlanılıb.

Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştiraka görə 5000 manatdan 8000 manatadək cəza nəzərdə tutulur. Bu məbləğ indiyədək 500 manat olub. Qanunvericiliyə təklif edilən dəyişikliklərdə razılaşdırılmamış aksiyalara görə fiziki, hüquqi və vəzifəli şəxslərin məsuliyyəti fərqləndirilib.

Rafael Cəbrayılov bildirib ki, bu dəyişikliklər hazırlanarkən 30-a qədər ölkənin təcrübəsi öyrənilib: “Bu, hüquqi tənzimləmənin daha da dəqiqləşməsinə imkan verəcək”.


Fazil Mustafa toplantı təşkilatçıları barədə məlumatla əlaqədar dəyişikliyi mənasız sayıb: “Təşkilatçının üzərinə hədsiz məsuliyyət da düzgün deyil. Əgər xoş niyyətlə bir aksiya keçirilirsə, sonra kimsə təxribata yol verirsə, təşkilatçının üzərinə bu qədər məsuliyyət qoymaq nə dərəcədə düzgündür? İctimai işlərə cəlb olunmaq barədə yazılıb. Partiya sədrinə tualet təmizlətdiriləcək?! Digər tərəfdən, onsuz da istədiyinizi tutur, cəzalandırırsınız. Ancaq belə qanun layihələri ilə elə bil ki, Azərbaycanı beynəlxalq aləmdə tənqidlərin hədəfinə gətirirsiniz? Məhdudlaşdırıcı addımlardan çəkinmək lazımdır. Bu dəyişikliklərin qəbul olunmaması bizim məsələlərə məsuliyyətlə yanaşmağımızın nəticəsi olardı. Qaşınmayan yerdən qan çıxarmaq lazım deyil. Azərbaycana əlavə təzyiqlərə yol vermək olmaz”.

Spiker Oqtay Əsədov isə aksiya ilə bağlı qərarın partiya sədri yox, partiyanın ali orqanları tərəfindən qəbul edildiyini söyləyib: “İkinci, aksiyalar üçün paytaxtda 5 yer ayrılıb”.

Millət vəkili İqbal Ağazadə isə hər seçki öncəsi sərbəst toplaşmaqla bağlı qanunvericiliyə və digər inzibati aktlara dəyişikliyin gündəmə gəldiyini bildirib: “Avropada cərimələr var. Bəli, İsveçrədə cərimələr var, ancaq orada əhalinin illik gəliri 50 min avrodur. Azərbaycanda əhalinin gəliri hansı səviyyədədir? Millət vəkillərinin gəliri nə qədərdir? Bu fantastik cərimə rəqəmlərini nəyə əsasən müəyyənləşdirmisiniz?”


İqbal Ağazadə Bakının 11 rayonunda aksiyalar üçün yer müəyyənləşdirilməli olduğunu bildirib: “Cəmi 5 yer müəyyənləşdiyini deyirsiniz, yalnız 20-ci sahədə aksiya keçirməyə icazə verilir. Belə olanda bulvara da, başqa yerlərə də çıxacaqlar. Həm də qanunvericilikdə aksiyaların hakimiyyət orqanlarının yerləşdiyi ərazilərdə hansı məsafədə keçirilməsinin mümkün olması konkret əksini tapıb. Əgər sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılırsa, əlbəttə, Azərbaycana təzyiqlər olacaq”.

YAP icraçı katibinin müavini Siyavuş Novruzov isə vurğulayıb ki, vətəndaş qeyri-qanuni aksiyalardan uzaqlaşdırılmalıdır. Onun sözlərinə görə, hüquqlar digərlərinin hüququ pozulan zaman məhdudlaşdırılır: “Aksiyalar keçirmək üçün yerlər müəyyənləşdirilib. Ancaq bəziləri elektoratları olmadığını görə vətəndaşların olduğu yerlərdə aksiyalar keçirməyə, aksiyaya daxil olmayan insanların şəkillərini çəkib Avropadakı ağalarına göstərmək istəyirlər. Avropaya gəlincə, Yunanıstanda biri polis atının dırnaqları altında qaldı, 3 qabırğası əldən getdi. Beynəlxalq təşkilatlara gəlincə, onları da gördük. Ramil Səfərov qanuni əfv olundu, hərəsi bir bəyanat verdi. ABŞ-da qanunsuz aksiya keçirənlərin əllərini bağlayıb, diz üstə çökdürdürlər. Böyük Britaniyada isə baş nazir qanunsuz aksiyalara görə cəzaların sərtləşdirilməsini təklif etdi. Azərbaycanda aksiyalarda aksiyaçılar polisin nəsil-nəcabətini üzünə söyürlər, ancaq polis mədəni davranır”.



Millət vəkili İlham Məmmədov isə deyib ki, şəhərin mərkəzində aksiya keçirmək düzgün deyil: “Şəhərin kənarında yerlər ayrılıb, gedib aksiyalarını keçirsinlər”.

Millət vəkili Sabir Rüstəmxanlı qeyd edib ki, ictimai rəy mətbuatda əksini tapır, ancaq bu gün mətbuatda yazılanlara əhəmiyyət verilmir.

Spiker Oqtay Əsədov bu iradlarla razılaşmayıb. Vitse-spiker Ziyafət Əsgərov isə əvvəlki kimi 7 manat cərimənin heç bir təsiri olmadığını söyləyib.

Layihələr səsverməyə qoyularaq qəbul edilib.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3026

Oxşar yazılar