“Münaqişənin həlli Azərbaycan-Fransa gündəliyində mühüm yer tutur”
02 noyabr 2012 06:33 (UTC +04:00)

“Münaqişənin həlli Azərbaycan-Fransa gündəliyində mühüm yer tutur”

“Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində öz səylərini göstərir”. APA-nın verdiyi xəbərə görə, bunu Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva, Parisin “Salle Pleyel” sarayında Heydər Əliyev Fondunun təşəbbüsü və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Azərbaycan-Fransa diplomatik əlaqələrinin qurulmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında deyib.
Mehriban Əliyeva bildirib ki, dünya birliyi tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon uzun illərdir ki, Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Ölkəmizin ərazisinin 20 faizi işğal altındadır, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayır. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında tezliklə həllinin tərəfdarıdır.
BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

Onun sözlərinə görə, münaqişənin həlli Azərbaycan-Fransa gündəliyində mühüm yer tutur. “Eyni zamanda, ölkələrimiz iqtisadi sahədə əməkdaşlıq edir və bu sahədə çox böyük qarşılıqlı maraq var. Ölkələrimiz arasında ticarət dövriyyəsi ildən-ilə artmaqdadır və bu gün dörd milyard avroya yaxınlaşır. Fransa Azərbaycanın ikinci ticarət tərəfdaşıdır və ölkəmizdə bu gün 30-a yaxın fransız şirkəti fəaliyyət göstərir. Neft və qaz, kosmik sənaye, nəqliyyat, digər sahələrdə fransız şirkətləri bizimlə əməkdaşlıq edir. Çox xoşdur ki, Fransanın biznes strukturları Azərbaycana sərmayə qoyur və bir çox iri layihələrdə tərəfdaş kimi iştirak edir. Əminəm ki, bu il başlanan layihələr gələcəkdə ölkələrimizə ikitərəfli fayda gətirəcək.

Son illər humanitar sahədə çox səmərəli və geniş əlaqələrin yaradıldığını deyən Mehriban Əliyeva qeyd edib ki, Fransanın universitetlərində Azərbaycan dili və tarixi fakültələri açılıb, yüzlərlə Azərbaycan tələbəsi Fransanın ali məktəblərində təhsil alır. Ötən il Bakıda yeni fransız məktəbinin tikintisi başlanıb və yaxın gələcəkdə bu, regionun ən böyük fransız məktəbi olacaq. Parisdə mütəmadi şəkildə Azərbaycanın mədəniyyətini təbliğ edən konsertlər, görüşlər, sərgilər keçirilir. Bu il Bakıda “Fransa inciləri” adlı sərgi açılıb, Luvr və Orse muzeylərini, Pompidu Mərkəzini, Versal Sarayını, Fransa Dövlət Kitabxanasını və digər mədəniyyət ocaqlarını bəzəyən 400-dən çox eksponat ölkəmizdə təbliğ olundu və bu sərgi çox böyük maraqla qarşılanıb. Azərbaycan dövləti Luvr muzeyinin İslam incəsənəti departamentinin yaradılmasında iştirak edib. Heydər Əliyev Fondu Luvr, Versal Sarayı, Strasburq Kafedral Kilsəsi, digər tarixi abidələrin bərpasında iştirak edir.

O bildirib ki, bu günlər Fond tərəfindən hazırlanmış yeni bir layihəyə start verilib. Bu layihə çərçivəsində Fransanın müxtəlif bölgələrində - on şəhərində Azərbaycanın mədəniyyətini tanıdan Azərbaycan günləri keçiriləcək. Bu layihə çox böyük uğurla Reyms və Şampan şəhərlərində başlayıb.

“Son il ərzində Azərbaycanın və Fransanın bir neçə şəhəri arasında qardaşlaşma haqqında saziş imzalanıb. Mən ümidvaram ki, bu gözəl təşəbbüs gələcəkdə davam edəcək. Nəhayət, bu ilin sentyabr ayında Parisdə Azərbaycanın ilk mədəniyyət mərkəzinin binası təntənəli şəkildə açılıb. Təsadüfi deyildir ki, belə bir mərkəz ilk dəfə məhz Parisdə açılıb. Çünki Paris təkcə Fransanın yox, demək olar, bütün dünyanın mədəniyyət paytaxtıdır”.

Mərasimdə çıxış edən Senatda Fransa-Qafqaz Dostluq Qrupunun sədri Ambruaz Düpon deyib ki, Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. “Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışan Minsk qrupunun həmsədri kimi xüsusi rol oynayır və ümid edirəm ki, bu həll regiona daimi sülh gətirəcək”.

O, qeyd edib ki, Fransa ilə Azərbaycan arasında ticari münasibətlər inkişaf edir, neft, neft emalı və qaz sahələrində əməkdaşlıq daha çox nəzərə çarpır. Kənd təsərrüfatı və xidmət sahələrində əlaqələrin genişlənməsinin vacibliyinə toxunan Ambruaz Düpon fransız şirkətləri üçün Azərbaycanda yaradılan münbit şəraitin razılıq doğurduğunu vurğulayıb və Fransa-Azərbaycan parlamentlərarası əlaqələrdən danışaraq bildirib: “1993-cü ildə Senatda yaradılmış Fransa-Qafqaz Qrupu yeni Qafqaz respublikalarının Fransada tanınması və ikitərəfli münasibətlərin inkişafı işinə əvvəlcədən sadiq olub. Bu gün 2001-ci ildən sədrlik etdiyim dostluq qrupuna Senatda müxtəlif siyasi dairələri təmsil edən otuza yaxın senator daxildir. Qrupun əsas məqsədi iki ölkənin deputatlarını mütəmadi olaraq bir araya gətirmək və beləliklə, yüksək səviyyədə məsul siyasətçilər arasında birbaşa dialoq yaratmaqdır. Öz məqsədlərindən irəli gələrək, Bakıda olarkən Senatın qrupu hər zaman Azərbaycan prezidenti, parlamentin sədri, Baş nazir və hökumət üzvləri ilə görüşlər keçirib. Bu səfərlər, həmçinin birinci xanımın sədrlik etdiyi və münasibətlərimizə xüsusi önəm verən Azərbaycan-Fransa Dostluq Qrupundakı həmkarlarımızla fikir mübadiləsi aparmaq imkanını da yaradır və Sizin, hörmətli birinci xanım, ölkəmizdə mesenatlığa verdiyiniz əhəmiyyəti hamımız bilirik”.

Bakıya son səfəri zamanı paytaxta gedən inkişaf proseslərindən məmnun olduğunu deyən Ambruaz Düpon ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı məsələsinə də toxunaraq deyib: “Fəaliyyətə başladığım vaxtdan etibarən biz, həmçinin Azərbaycanda fransız məktəbinin açılmasını dəstəkləmişik. Çox şadam ki, xanım Əliyeva prezidenti olduğu Fond vasitəsilə gənclərə xidmət edən bu təhsil layihəsini konkretləşdirməyə imkan yaratdı. Hörmətli birinci xanım, verdiyiniz güclü dəstəyi alqışlayıram. Bu yaxınlarda Senat mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi haqqında Fransa-Azərbaycan sazişini təsdiqləməlidir. Məsələ ilə bağlı başlanacaq müzakirələr mədəni əməkdaşlıq timsalında Fransa ilə Azərbaycan arasında münasibətlərin miqyasını nümayiş etdirəcək. Mədəniyyət haqqında danışarkən, fürsətdən istifadə edərək, bu ilin yazında keçirilmiş və Azərbaycanın müasir incəsənətini işıqlandıran gözəl “Bakıya uçuş” sərgisini və prezident Əliyev və prezident Ollandın iştirakı ilə bu yaxınlarda Luvr Muzeyində açılmış İslam incəsənəti departamentinin yaradılmasında Azərbaycanın yardımını xatırlatmaq istəyirəm. Qısaca təsvir etdiyim bu işlərdən görürük ki, Fransa ilə Azərbaycan arasında əlaqələr sıxdır. Yaşadığımız qlobal böhran şəraitində Azərbaycan həm Fransanın, həm Avropanın dəyərli tərəfdaşı olaraq qalır”.

O, bildirib ki, Fransa tərəfindən Senat öz dostluğunu nümayiş etdirir. Fransanın sabiq prezidentləri Jak Şirak, sonra isə Nikola Sarkozi öz səlahiyyətləri səviyyəsində bu münasibətlərin genişləndirilməsinə böyük töhfə veriblər. Bu gün bu işlərə prezident Fransua Olland qoşulur. O, sentyabr ayında prezident Əliyevlə görüşüb. Görüş onların Fransa ilə Azərbaycan arasında mövcud olan münasibətlərə sadiqliyini və iki ölkə arasında iqtisadi və mədəni əməkdaşlığı daha da inkişaf etdirmək iradəsini nümayiş etdirib. Fransa və Senat Azərbaycan ilə tam dostluq şəraitində əməkdaşlıq etməyə hər zaman hazırdır.

Tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Fransanın Kolonn orkestri əməkdar artist Fəxrəddin Kərimovun dirijorluğu ilə Azərbaycan və Fransa bəstəkarlarının əsərlərini ifa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2936

Oxşar yazılar