Tənzilə Rüstəmxanlı : “Bunun adı xəyanətdir...” - POLEMİKA
30 oktyabr 2012 18:00 (UTC +04:00)

Tənzilə Rüstəmxanlı : “Bunun adı xəyanətdir...” - POLEMİKA

“Mən Söyün Sadıxovu tanımıram, ancaq diaspor təşkilatının rəhbəri olmaq istəyən, özünü diaspor fəaliyyətinin bilicisi kimi təqdim edən bir adamın söylədikləri məni təəccübləndirdi və narahat etdi”.

Bunu “Azerros” Federal Milli Mədəni Muxtariyyətin rəhbəri, Rusiya Prezidenti yanında Millətlərarası Şuranın üzvü Söyün Sadıqovun fikirlərinə münasibət bildirən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Lent.az-a müsahibəsində söyləyib.

Qeyd edək ki, Söyün Sadıqov Azadlıq Radiosuna müsahibəsində Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqını təsis etmələrinin səbəblərinə aydınlıq gətirməyə çalışıb. Oktyabrın 23-də Rusiyada yaşayan Azərbaycan və erməni diasporunun ilk dəfə bir araya gəlməsindən danışan Söyün Sadıxov bu görüşün Dağlıq Qarabağ münaqişəsinə heç bir dəxli olmadığını, Rusiyada yaşayan azərbaycanlıları və ermənilər arasında münaqişələrə son qoymaq istədiklərini söyləyib: “Münaqişə haqında danışmadıq. Biz millətlərarası strategiyanı müzakirə etdik. Biz ayrı ölkənin vətəndaşlarıyıq. Bu məsələni həll etmək üçün prezident var, ordu var. Yeri gəlmişkən, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun bəyanatı da onun Rusiyadakı diaspordan nə qədər uzaq olduğunu göstərdi. O, Azərbaycan və Rusiya vətəndaşlarını, cəmiyyətini qarışdırır. Bizi Qarabağ münaqişəsinin həllində ittiham etmək cəfəngiyyatdır. Rusiyada yaşayan azərbaycanlılarla ermənilər bir yerdə işləyir, biznes qurur, normal münasibətləri var, ancaq hərdən bəzi gənclər təxribata yol verirlər. Rusiya böyük ölkədir, Azərbaycan, Ermənistan, Gürcüstan kimi ölkə deyil. Burda müxtəlif insanlar və müxtəlif siyasətçilər var. Jirinovskinin azərbaycanlılarla bağlı çağırışı yadınızdadır. Biz göstərmək istədik ki, bu cür kloun siyasətçilərə baxmayaraq, iki xalq arasında münaqişə mümkün deyil”.

Rusiya Prezidenti yanında Millətlərarası Şuranın üzvü olduğunu, ermənilərlə görüşün davam edəcəyini dilə gətirən Söyün Sadıxov bildirib ki, birbaşa vəzifəsi odur ki, Rusiyada millətlər arasında, o cümlədən də ermənilərlə azərbaycanlılar arasında anlaşma olsun. İş adamının söylədiklərindən o da aydın olur ki, məhz onun rəhbəri olduğu “Azerros” Federal Milli Mədəni Muxtariyyəti Rusiyadakı azərbaycanlıların yekdilliklə Ümumrusiya Azərbaycanlıları Konqresi ətrafında birləşməsinə mane olur: “Biz hələ 2001-ci ildə Koordinasiya Şurası yaratmaq istəyirdik. Koordinasiya Şurasında bir neçə qurum, ağsaqqal yığışıb bəzi məsələləri həll etməliydi. Reallıq budur ki, Rusiyanın əyalətlərində nə Ümumrusiya Azərbaycanlıları Konqresinə (ÜAK), nə də “Azerros” Federal Milli Mədəni Muxtariyyətinə tabe olmaq istəyirlər. Onlar arasında həmişə intriqalar var. Bu intriqalar olmasın deyə biz təşkilat yaratmaq istədik. İstəyirik ki, bizim övladlarımız özlərini Rusiyanın bərabərhüquqlu vətəndaşı saysınlar. Bələdiyyə, parlament seçkilərində iştirak etsinlər. Məqsədimiz budur. Ancaq nədənsə buna qısqanclıqla yanaşırlar... Azərbaycanda yazırlar ki, guya bu Putinin, Kremlin tapşırığıdır. Bu cəfəngiyatdır, ağ yalandır! Heç bir Putin, Kreml mənə söz deməyib. Azərbaycanla Rusiya arasında normal əlaqələr var”.

Söyün Sadıxov bu quruma niyə Abbas Abbasovu sədr seçdiklərinə də toxunub: “Çünki o, uzun illər dövlət işində işləyib, baş nazirin birinci müavini olub. Ümummilli lider Heydər Əliyevin yaxın admı idi, o İlham Əliyevin də yaxın adamı idi, Ramiz Mehdiyevin də yaxınıdır. Düşündük ki, Abbas Abbasovun namizədliyi hakimiyyəti şübhələndirməyəcək”. 2006-cı ildən Azərbaycanda olmadığını bildirən Söyün Sadıxov Azərbaycan iqtisadiyyatı ilə bağlı da danışıb: “İndi hakimiyyət neftdən, qazdan gələn pulları Azərbaycan iqtisadiyyatına qoymursa, cəmiyyət, vətəndaş cəmiyyəti buna münasibət bildirməlidir”.

Tənzilə Rüstəmxanlı isə Lent.az-a açıqlamasında deyib ki, uzun illərdir ki, diaspor fəaliyyəti ilə məşğuldur, ilk qurulan diaspor təşkilatlarından biri də rəhbəri olduğu Azəri-Türk Qadınlar Birliyidir. Dünyanın bir çox ölkələrində olduğuna, diasporun fəaliyyətinə bələd olduğuna görə də bu sahədə gedən prosesləri izləyir. O qeyd edib ki, dünya ölkələrində qurulan diaspor təşkilatlarımızın sayı nə qədər çox olsa, o qədər yaxşıdır: “Avropada da, başqa xarici ölkələrdə olanda da diaspor fəaliyyətinin güclənməsi üçün çalışırıq. Əlbəttə ki, Azərbaycan diasporudursa, harada yaşamasından asılı olmayaraq soydaşlarımız diaspor fəaliyyəti məşğul olmaq istəyirsə, ilk növbədə milli, mədəni və öz dövlətinin maraqları ön planda gəlməlidir. Söyün Sadıxov isə deyir ki, Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqını qurarkən heç kimdən sifariş almayıb, amma müsahibəsindəki bəzi nüanslarla bunun belə olmadığını ortaya qoyur. Söy ün Sadıxov deyir ki, Rusiya vətəndaşıdırlar və Rusiyada yaşayan azərbaycanlılarla ermənilər arasında münaqişənin olmaması üçün çalışırlar. O cümlədən Diasporla İş üzrə Dövlət Komitəsini ittiham edir. Deyir ki, Azərbaycan vətəndaşı ilə Rusiya vətəndaşını səhv salmasınlar. Mən bu qədər cəfəng münasibət görməmişəm. Əlbəttə, başqa ölkənin vətəndaşı ola bilərsən, böyük biznesin ola, çoxlu pul qazana bilərsən. Əgər sən özünün diaspor təşkilatının rəhbəri olduğunu elan etməsən, bu, normaldır. Heç kim sənin sözünə güvənməz, heç səni narahat da etməz. Amma sən qalxıb Rusiyadakı Azərbaycan diaspor təşkilatı adından açıqlama verirsən, yaxud hansısa təşkilatın rəhbəri olduğunu deyirsənsə, sənin artıq Azərbaycan vətəndaşı olub-olmamağının heç bir fərqi yoxdur. Diaspor onun üçün lazımdır ki, Azərbaycanın önəmli məsələlərində həmin xarici ölkədə yaşayan azərbaycanlıları milli məsələlər ətrafında birləşdirib ictimai rəy formalaşdırasan”.

Tənzilə Rüstəmxanlı bu qənaətə gəlib ki, Söyün Sadıxovun diaspor fəaliyyətinin mahiyyəti barədə məlumatı yoxdur: “Əlbəttə, ermənilərlə də görüşə bilərsiniz. Amma “Dağlıq Qarabağ münaqişəsinin bizə aidiyyatı yoxdur, bu məsələni həll etmək üçün prezident var, ordu var prezident və ordu var” sözlərini dilə gətirirsənsə, o halda niyə diaspor təşkilatının rəhbəri kimi fəaliyyət göstərdiyini iddia edirsən?! Sənin işin diasporla bağlıdırsa, işin o ölkədə ictimai rəyi formalaşdırmaq olmalıdır. Qarabağla bağlı heç bir danışıq aparmırsansa, “Sarı gəlin” adı altında hansısa görüşlər keçirirsənsə, dolma bayramı edib, “ermənilər dolmanı uzun sarırlar, bizimkilər yumru olur” deyirsənsə, bu sözlərin Azərbaycan adından danışana nə aidiyyatı var?! Bu insan niyə diaspor təşkilatının rəhbəridir, onu anlamadım. Kimin maraqlarına xidməti edir?”

Tənzilə Rüstəmxanlı sonuncu dəfə 2006-cı ildə Azərbaycana getdiyini etiraf edən Söyün Sadıxovun Azərbaycan barədə danışmasının da yersiz olduğunu söyləyib: “Bu adam 7 ildir, Azərbaycana gəlməyibsə, ölkəmizdə hansı proseslər baş verdiyindən, iqtisadiyyatında hansı durumun yaşandığından, hansı problemlərin olduğundan xəbəri yoxdursa, bu, necə Azərbaycan adından danışa bilir, Azərbaycan diaspor təşkilatı formalaşdırır? Yaratdığı təşkilat nəyə xidmət edəcək? Diaspor təşkilatını ona görə yaradırlar ki, Azərbaycandan kənarda olan ölkələrdə Azərbaycan lehinə ictimai rəy formalaşdırılsın. Söyün Sadıxov o adamlarla əməkdaşlıq edir ki... Bu gün adını çəkdiyi Ara Abramyan, digərləri onun ortaqlarıdır, birgə iş görürlər. Biz mətbuatı izləyirik, bəlkə Söyün Sadıxov bunları izləməyib. Həmin ermənilər Dağlıq Qarabağın müstəqil dövləti kimi tanınması üçün həm Rusiyada, həm də erməni diasporu ilə bərabər Avropada ictimai rəy formalaşdırırlar. Söyün Sadıxov özünə sual versin, Dağlıq Qarabağda gerçəkliyin nədən ibarət olduğu, gerçəkliyin nədən ibarət olduğu, 1 milyondan sox qaçqını olduğu, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu barədə Rusiyada hansı ictimai rəyi formalaşdırır? Yaxud erməni həmkarlarının Avropada gördüyü işlərə baxsın, müqayisə etsin ki, o hansı işləri görüb! Ondan sonra durub Azərbaycanı, hakimiyyəti ittiham etsin! Əgər Azərbaycanda baş verən proseslərdən xəbərin yoxdursa, o halda niyə hökuməti ittiham edirsən ki, neftdən gələn gəlirlər iqtisadiyyata qoyulsaydı, durum belə olmazdı?! Erməni diasporu ilə əməkdaşlıq edəndə ilk növbədə öyrənmək lazımdır ki, bunlar nə ediblər və buna uyğun hərəkət etmək lazımdır. Biz ona görə diaspor təşkilatlarının yaranmasının tərəfdarıyıq ki, Azərbaycanın milli maraqlarına xidmət edəcək tədbirlər keçirsinlər, işlər görsünlər, yaşadıqları ölkələrdə ictimai rəyə təsir gücləri olsun. Adamın çoxlu pulu ola bilər. Əgər o pullar Rusiyada qazanılıbsa, əlbəttə, Rusiya sizi öz maraqları üçün istifadə etməyə çalışacaq. Söyün Sadıxov deyir ki, heç vaxt Vətənimizə, xalqımıza xəyanət etmərik. Xəyanət necə olur? Qarabağ problemini öz problemin hesab etmirsənsə, bunun adı xəyanətdir. Xəyanət necə olur?”

Azəri-Türk Qadınlar Birliyi Söyün Sadıxovun sözlərinin nə dərəcədə qeyri-səmimi olduğunu göstərdiyini vurğulayır: “Deyir ki, Abbas Abbasovu ona görə sədr seçdik ki, “Heydər Əliyevin yaxın adamı idi, İlham Əliyevin də yaxın adamı idi, düşündük ki, Abbas Abbasovun namizədliyi hakimiyyətə şübhələndirməyəcək”. Mən Söyün Sadıxovdan soruşmaq istəyirəm: diaspor təşkilatını qurmaqda məqsədiniz səmimidirsə, gizli niyyətiniz yoxdursa, niyə düşünürsünüz ki, kimsə nədənsə şübhələnə bilər? Niyə Azərbaycan hakimiyyəti şübhələnməli idi? O adın altında gizlətdiyiniz nə idi ki, Azərbaycanın ondan şübhələnməməsi üçün ora Abbas Abbasovu gətirdiniz? Diasporla İş üzrə Dövlət Komitəsini diaspor işini bilməməkdə ittiham edən Söyün Sadıxov Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqını yaratmaqda əsas məqsədinin nə olduğunu açıqlasın. İttifaqın yaradılmasında iştirak edən bəzi adamların həqiqətən Azərbaycanı sevən adamlar olduğuna inanıram. Bura bilməyərəkdən gedənlər də ola bilər. Söyün Sadıxovun müsahibəsi isə göstərdi ki, onun niyyəti təmiz deyil, əks halda Azərbaycan xalqı üçün önəmli məsələlərə belə yanaşmazdı. Görüşlərin adını “Sarı gəlin” qoyub. Söyün Sadıxov “Sarı gəlin”in Azərbaycan mədəniyyətinin bir parçası olduğu barədə Rusiyada ictimai rəyə təsir göstərəcək bir fəaliyyət ortaya qoyubmu? 20 il diaspor fəaliyyəti ilə məşğul olan bir təşkilatın rəhbəri kimi bu məsələ mənim diqqətimdən qaçmadı və düşündüm ki, buna münasibət bildirməliyəm. Azərbaycan diaspor təşkilatı qurduğunu bəyan edirsənsə, ilk öncə Azərbaycanı sevmək, Qarabağ problemini çox yaxşı bilmək lazımdır. Bilmək lazımdır ki, torpaqlarımız bu günə qədər niyə işğal altındadır, beynəlxalq qurumların münasibəti necədir. Görəsən torpaqlarımızın işğalın arxasında Rusiyanın durduğunu Söyün Sadıxov anlayıbmı? Hər şey maddiyyata bağlı deyil, hər şey pulla ölçülmür. Nə Vətən, nə millət sevgisi pulla alınmır. Düşünürlər ki, 5-10 manat pulları varsa, seçilən adamlar olacaqlar. Ancaq bu milləti sevən vətənpərvər insanlar var. Bir çox ölkələr, insanlar önümüzdə yaşıl işıq yandırmağa çalışıblar ki, biz onların məqsədlərinə xidmət edək! Söyün Sadıxova bir ana, bacı, Azərbaycan diasporunda uzun müddət təcrübəsi olan bir xanım kimi tövsiyəm var. İlk öncə Azərbaycanı, Vətənini sevsin. Burada yaşamasından asılı olmayaraq, onun üçün Azərbaycanın, millətinin maraqları hər şeydən öndə gəlsin. Sonra diaspor fəaliyyətində uğurlu addımlar ata bilər”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2844

Oxşar yazılar