Fazil Mustafa: “Bu, yanlış addım olardı...” - MÜSAHİBƏ
30 oktyabr 2012 15:35 (UTC +04:00)

Fazil Mustafa: “Bu, yanlış addım olardı...” - MÜSAHİBƏ

Köşə yazarları Şahvələd Çobanoğlu və Hacı Zamindən sonra mərhum prezident Əbülfəz Elçibəyə yaxınlığı ilə tanınan, hazırda Türkiyədə yaşayan Xanım Xəlilova da Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa barədə sərt ittihamlarla çıxış edib. Bu ittihamlarla bağlı Lent.az-ın suallarını cavablandıran Fazil Mustafa Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı qaldırılan cinayət işi, onun qəbrinin açılması məsələsinə də münasibətini bildirir...

- Son vaxtlar mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası ilə bağlı cinayət işi gündəmdədir. Ailəsi isə Elçibəyin məzarının açılmasının etirazını bildirdi. Elçibəyə yaxın olmuş bir şəxs və hüquqşünas kimi sizin məsələyə yanaşmanız necədir?

- Bu məsələyə münasibətim birmənalı olaraq müsbət deyil. Zəhərlənmə məsələsini bu cür qabartmaq doğru deyil. İnsanlar gərək bundan yayınalar. Çünki bu formada Əbülfəz Elçibəyin məsələsini gündəmdə saxlamaq yanlışdır. Bu, isbatı bir qədər çətin olan məsələdir və inandırıcılığı da azdır. Ona görə də məncə, bu məsələdən yayınmaq lazımdır, insanların ruhunu incitmək olmaz.

- Konkretləşdirsək, Elçibəyin məzarının açılması düzgün, yoxsa səhv addım olardı?

- Bu, yanlış addım olardı. Turqut Özal və Elçibəy məsələləri bir az fərqli məsələlərdir. Bunları bir-birinə qatmaq olmaz.

- Yeri gəlmişkən, AXCP rəsmisi Gözəl Bayramlı Mirmahmud Mrəlioğlunu bununla bağlı istintaqa ifadəsində qeyri-müəyyən fikirlər söyləməkdə ittiham edib. Siz Gözəl Bayramlının sözlərini necə qarşıladınız?

- Mənə elə gəlir ki, kim tərəfindən olursa-olsun, bu məsələdə açıq və birmənalı mövqe ortaya qoyulmalıdır. Çünki burada bir ədalət məsələsi var. Bu məsələdə kiminsə nə isə spekulyasiya etməsi doğru deyil. Mən bütövlükdə Gözəl Bayramlının fikirləri ilə tanış olanda dəhşətə gəldim. Çünki hələ kimin istintaqda nə ifadə verdiyi açıqlanmayıb. Bilinmir ki, nə deyilib, insanı linç etməyə başlayırlar. Bu, Azərbaycanda son illər yayılmış biabırçı ənənənin təkrarıdır. Belə olmaz axı! İnsan hələ deməyib ki, nə demişəm, hansı ifadə vermişəm, hansı addımı atmışam. İnsanın bu cür linç edilməsi yanlışdır və bundan yayınmaq lazımdır. Çox təhlükəli bir tendensiyadır. Biri oturub yazacaq ki, filankəs belə ifadə verib, bunu dərhal xain elan edək! Bu, tamamilə absurd bir şeydir. Bu cür statusların, yazıların getməsi də xoş hadisə deyil.

- Məsələ ilə bağlı Mirmahmud Mirəlioğlu ilə əlaqə saxladınızmı?

- Yox. Mən niyə əlaqə saxlamalıyam? Əgər mənlik nə isə olsa, münasibət bildirərəm. Hələ ki, mənim əlaqə saxlamağım üçün bir səbəb görmürəm.

- Noyabrın 2-də Milli Məclisin növbəti iclası keçiriləcək. Köşə yazarları Şahvələd Çobanoğlu və Hacı Zaminin ittihamları ilə bağlı parlamentdə məsələ qaldıracağını söyləmişdiniz. İclasa necə hazırlaşırsınız, deputatlarla bu barədə danışmısıınızmı?

- Mən bu məsələ ilə bağlı xüsusi söhbət aparmıram. Çünki özümün məsələyə fərdi yanaşmam var və ona uyğun da hərəkət edirəm. Təbii ki, artıq deputatların özlərinin seçimidir. Deputatlar hansı addım atacaqlarını özləri müəyyən etməlidirlər. Burada mənim xüsusi olaraq deputatlarla danışmağım, xüsusi addım atmağım doğru olmaz. Mən artıq özüm öz addımımı atmışam.

- Xanım Xəlilova da sizinlə bağlı sərt danışıb. Hətta Atatürk barədə yazınıza görə Türkiyəyə gəlmənizə qadağa qoyulduğunu bildirib. Xanım Xəlilovanın iddiaları nə dərəcədə əsaslıdır?

- Bu ittihamın ortaya çıxmasının özü savadsızlığın göstəricisidir. Adamlar diplom alıblar, gedib müdafiə ediblər, saxta sənədləri alıblar, amma hələ də oxumadıqlarına, öyrənmədiklərinə görə savadsızdırlar. İddianın mahiyyətinə baxın! Özünü Elçibəydən, Atatürkdən ağıllı sayır! Əvvəla, heç kim özünü kimsədən ağıllı saymır. 21-ci əsrin insanı 20-ci əsrin insanından daha çox informasiyaya malikdir və müəyyən məsələlərdə də hər hansı şəkildə iradın səsləndirməsinin bir məntiqi izahı yoxdur. Çünki insanlar özlərinin dünyagörüşlərində daha fərqli olduqlarını ortaya qoya bilərlər. Burada təəccüblü heç bir şey yoxdur. Elçibəy və Atatürkə də mənim münasibətim kifayət qədər sayğılı münasibətdir, amma onların görüşlərinin müəyyən hissəsi var ki, mən bunu indiki baxışlarımla qəbul etmirəm. Burada heç bir qəbahət, narahatlıq yoxdur. 11-ci, 12-ci əsrdə kim necə düşünübsə, mən onun kimi düşünməliyəmsə, elə o əsrdə donub qalardım. Ona görə də bu iddialar absurddur. Sadəcə, bunlar Türkiyədə Azərbaycandan olan insanları qaralamaq üçün çalışırlar, Türkiyənin müvafiq dairələrinə yazılı şəkildə bütün azərbaycanlılar barədə məlumatlar ötürürlər və onlar da bundan kiçik casus şəbəkəsi kimi istifadə edirlər. Ona görə də Türkiyədə qalıblar. Yoxsa onlar kimdirlər, danışıqları, savadları, qabiliyyətləri yox?! Bunları da bəsləyib, bu gün özümüzə qarşı çevirirlər. Türkiyədə də artıq bir az inkişaf etmiş cəmiyyət var. Gərək Türkiyədə də artıq belə şeylərdən yayınalar. Hər halda söhbət edəndə baxmalıdırlar ki, adam hansı kodun, dünyagörüşün daşıyıcısıdır, dediyi bir ağıllı söz varmı. Məncə, bu baxımdan məsələyə ciddi yanaşmaq ümumən hamının xeyrinə olardı.

- Şahvələd Çobanoğlu, Hacı Zamin və Xanım Xəlilova ilə münasibətlərinizin düzəlməsi nə dərəcədə gözləniləndir?

- Burada münasibətlərin pozulmasından söhbət getmir. Burada bir dünyagörüşü savaşı gedir və onların da yanaşma tərzi yanlışdır. Mənə qarşı olmasın, sabah başqa birisinə qarşı olacaqlar. Ona görə həmin dünyagörüşün yeni bir əlavəsi, Xanım Xəlilova gəldi. Xanım Xəlilova haradan çıxdı? Çünki düşüncə eynidir, fərq yoxdur. Bu, militarist düşüncədir. Yəni özüm fərqli yaşayıram, həyatımdan, mövcudluğumdan heç nəyi nümunə göstərə bilmərəm, amma səni də söyəcəyəm! Yanaşma budur. Ona görə də görünür ki, bu kimi məsələlərdə bizim bir qədər səbirli olmağımız lazımdır. Bəlkə cəmiyyət inkişaf etdikcə... İnkişaf etmiş cəmiyyətdə Xanım Xəlilovaya “Türk Dünyasının örnək qadını” adını verərlərmi? Türkiyə də axı geridə qalmış cəmiyyətdir! Çıxın, Azərbaycan auditoriyasında bir uca səslə deyin ki, Xanım Xəlilovaya “Türk Dünyasının örnək qadını” adını veriblər, görün Azərbaycan xalqına bundan böyük təlatüm yaşada bilərsinizmi? Ona görə də bu kimi adamların siyasi mövcudluqları ilə meydanda qalması ölkəmiz üçün təhlükədir. Çünki bu həyat tərzi, bu yanaşma insanlara normal düşünmək imkanı vermir, çox böyük problemlər yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2109

Oxşar yazılar