Şəhid Teymur Rəsulov
20:15 26 fevral 2021

Şəhid Teymur Rəsulov

Yarımçıq romanı, şeirlərini yaddaşdan silib, getdi… - Şəhid əmanəti

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

Layihəmizin növbəti yazısı şəhid Teymur Rəsulova həsr olunub.

***

Rəsulov Teymur Yavuz oğlu. 1988-ci il martın 23-də Bakı şəhəri Sahil qəsəbəsində anadan olub. Orta məktəb təhsilini 6-cı sinfə qədər 228 saylı məktəbdə alıb. 2 saylı Texniki Humanitar liseydə oxumağa başlayıb. Liseyi bitirəndən sonra hərbi xidmətə yollanan Teymur qayıdanda Bakıdakı zavodların birində mühəndis kimi fəaliyyət göstərir. 2020-ci il sentyabrın 27-də könüllü olaraq İkinci Qarabağ müharibəsinə yollanır. 16 oktyabrda Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olan Teymur Lökbatandakı Şəhidlər Xiyabanında dəfn olunub.

 

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il sərəncamı ilə ölümündən sonra  “Vətən uğrunda” və “Xocavəndin işğaldan azad olunması” medalları ilə təltif olunub.

 

İzdiham

 

Küçəni bürümüş izdihamın səsi üç rəngli bayrağın fonunda dalğa-dalğa səmaya ucalır, orada əks-səda verib, ətrafa yayılırdı. “Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ bizimdir, bizim olacaq” şüarlarını qocalı-cavanlı hər kəs bir ağızdan səsləndirir, qarşıda çiyinlər üstündə sürətlə uzaqlaşan bayrağa bükülü tabutu müşayiət edirdilər. 21 gün döyüş yolu keçmiş, amma şərəf və ləyaqətlə vətənə xidmət etmiş, ömrünün 32-ci payızında dünyaya gözlərini qapayan şəhid Teymur Rəsulovun son mənzilə yola salınma günü idi həmin gün.

İndi Teymurun son dəfə yola salındığı həyətlərinə, mənzilinə getmək, onun təmasının enerjisini hələ də özündə daşıyan əşyalarına toxunmaq ağrılı idi. Dördüncü mərtəbəyə çatıb qapını döyəndə məni Teymurun atası Yavuz kişi qarşıladı. Bət-bənizi solmuş, saçları ağarmış, gözləri dolmuş şəhid atası. Evinin tək oğul övladı olan Teymur haqqında danışmaq, ürəyini boşaltmaq istəyi Yavuz bəyin gözlərindən oxunur. Teymurun şəkilləri, kitab və əşyaları olan otağa giririk. Üzərinə üç rəngli bayraq sərilən çarpayı bir zamanlar Teymurun uyuduğu çarpayıdır. Çarpayının üst tərəfində onun iki iri portreti asılıb. Hər fotodan şərqlilərə məxsus üz cizgiləri olan, dalğın baxışları bizə boylanan Teymur sanki dil açıb danışmaq istəyir. Şəhidimizin atası oğlunun barmaqlarını sıxa-sıxa həyəcanla söhbətə başlayır:

- Teymur çox mehriban, heç kimin xətrinə dəyməyən oğlan idi. Bir narahatlığı olanda da onu özündə saxlayar, heç kimə deməzdi. Bir az da qapalı xasiyyəti vardı. Oxuyan uşaq olmuşdu məktəbdə. Bacısı birinci sinfə gedəndə onun “Əlifba” kitabını götürüb, özü hərfləri əzbərləmişdi. Çox gözəl riyaziyyatçı idi. Hərdən deyirdim, sən istəsən çox şeyə nail ola bilərsən. Buna onun potensialı çatırdı. Çox sakit, münasib ətrafı vardı. İndi mən bir şeyə çox təəssüf edirəm ki, Teymurun necə hörmət qazanmasını onun ölümündən sonra bildim. Onun ölümündən sonra Teymuru tanıyan hər kəs mənimlə ikiəlli görüşür, çox sağ olun elə oğul, kişi böyütmüsünüz deyirdilər.

Şair, yazıçı, mühəndis...

Teymur mühəndis işləsə də, uşaqlıqdan texniki fənlərə həvəs göstərsə də, onun içərisində bir ədəbiyyat sevdası da olub. Hələ gənclik illərindən şeirlər, hekayələr, kiçik esselər yazır. Yarımçıq qalmış bir roman üzərində işləyir, onu çapa verməyə hazırlaşır. Yavuz bəy də oğlunun ədəbiyyata olan marağından son illər xəbər tutduğunu dilə gətirir:

- Teymur hərtərəfli oğlan idi. Ona demişdim ki, liseyə qəbul olunsan, sənin üçün kompüter alacam. O vaxtlar, 90-cı illərdə kompüter hələ təzə-təzə çıxırdı. Qəbul olundu, dediyim kimi elədim. Hər şeydən başı çıxırdı Teymurun.

Rahat işini atıb, gələcəklə bağlı arzularını yarımçıq qoyub müharibəyə getmək, Qarabağın işğaldan azad olunmasında iştirak etmək hissi isə çoxdan, onun qəlbində özünə yer edir. 2020-ci il Tovuz hadisələrindən, general Polad Həşimovun ölümündən sonra isə Teymur evlərinə gəlib qəti fikrini açıqlayır: müharibə başlansa, gedəcəm!

- Müharibəyə getmək istədiyini biləndə dedim, a bala, evin bir oğlusan, hara gedirsən? Yaxşı mütəxəssissən, sən burda da lazımsan. Dedi, yox, generaldan sonra yaşamağın mənası yoxdur. Belə deyim də, mən onu cəbhədən saxlaya bilmədim. Müharibə başlayan kimi ilk könüllülərdən biri Teymur oldu. Müharibə başlananda biz rayonda idik. Mənə xəbər gəldi ki, Teymur cəbhəyə gedir. Axşam Bakıya gəldim. Öyrəndim ki, hərbi komissarlıqda siyahıda iki dəfə adı çıxmadığına görə dava-dalaşla adını siyahıya yazdırıb. Gəldi evə, dedi, ata, mən gedəcəm. Bundan sonra onu saxlamaq fikrindən daşındım. Dedim, get, Allah köməyində olsun.

Səhhətində yaranan ciddi problemlərə görə Teymurun anası bizimlə söhbətə qoşula bilmir. Onu narahat etməmək üçün bacardıqca həssas davranmağa çalışıram. Amma söhbət edəcəyimiz masanın ətrafında Teymurun bacısı Şəhla xanım, onun həyat yoldaşı, Teymurla qardaş qədər yaxınları Sahib Altay və ailə dostu Rafiq bəy əyləşiblər. Sahib bəy Yavuz bəyin kövrəldiyini, danışmaqda çətinlik çəkdiyini görüb, söhbətimizə qoşulur:

- Teymuru mən üç istiqamətdə dəyərləndirirəm. Həm insan, həm dost, dəm də qohum kimi. Xasiyyətlərimiz çox uzlaşırdı. Mən də yazaram, Teymurun da yazar qabiliyyəti vardı. Bu cür adamlar da bildiyiniz kimi çox duyğusal olurlar. Elə insanlar vardı ki, nə onlar Teymuru şəxsən tanıyırdı, nə də Teymur onları. Amma onların bir çətinliyi olanda Teymur çox üzülürdü. Bunların bir çoxuna mən onunla dostluq edəndə şahid oldum, bir çoxunu isə şəhidliyindən sonra öyrəndim. Onun dəfn mərasiminə xeyli sayda insan gəlmişdi. Bunların çoxu həm başsağlığı verirdilər, həm də Teymurun onlara etdiyi yaxşılıqlardan bəhs edirdilər. O, xəstələrə, imkansız insanlara çox yardım edib. Bunu biz bilməmişdik. Teymur həddindən artıq vətənpərvər idi. İşlədiyi müddətdə Amerikanın iki fərqli şirkətindən işə dəvət olunsa da, getmədi.

Əmisi Rafiq bəy əlavə edir ki, o, Teymurda hər zaman müsbət xüsusiyyətlər görüb:

- Teymuru hər gün, hər an xatırlayıram. Onu xatırlamadığım, yadıma salmadığım gün olmur. Yaşlı nəsillə indiki cavan nəslin bir az fərqi var. Yəni indiki nəslin gənclərində xoşumuz gəlməyən şeylər çox olur. Ancaq mən Teymurda pis cəhət görmədim. Teymurun cəbhəyə getməsini də birinci eşidənlərdən olmuşam. İlk olaraq Yavuzla əlaqə saxladım, Yavuzdan əvvəl özümü komissarlığa çatdırdım. Onda Sahib artıq Teymuru cəbhəyə yola salmışdı. Yavuza ürək dirək verdim. Dedim, Teymur bizə lap xəcalət verdi. Bizim nəsildən qalan problemi indi uşaqlarımız həll etməyə gedirlər.

Sən mənim qızım ol

Özünü dərk edən gündən qardaşını yanında görən Şəhla xanım solğun siması, çuxura düşmüş baxışları ilə ətrafı süzür. Deyilən hər sözə qulaq kəsilir, qardaşı haqqında danışmaq məqamının ona yetişəcəyini səbirsizliklə, dözülməz həyəcanla gözləyir. Bütöv bir ömrün yarısını əzizlədiyi qardaşı ilə birgə keçirən bu qadın indi ömründən həmişəlik çıxıb gedən o adamı tapmır və bunun ağrısını hissə-hissə bizə nəql edir:

- Bacımın biri tez ailə qurduğu üçün Teymur mənə çox bağlandı. Bizim həyatımız mən ailə quran günə qədər birlikdə keçib. Onu iki cür xatırlayıram, amma ümumilikdə keçmiş zamanda onun haqqında danışmaq çox çətindir. Onun yoxluğunu qəbul edə bilmirəm, çətindir. Biz uşaqlıqdan bir yerdə böyümüşük. Hətta uşaq olanda mən ona deyirdim ki, mən ana olum, sən də mənim qızım ol.

- Qızınız olurdu?

- Olurdu. Amma bir dəfə dedi ki, nə vaxtda qədər mən sənin qızın olacam, bir dəfə də mən ana olum. Məndən yaxşı oxuyurdu, savadlı idi. Universitetə də qəbul olmağımız bir olub. Orta məktəbi bir yerdə oxumuşuq, amma bəzən o səhər növbəsində, mən günorta növbəsində oxumuşam. Elə olub ki, bir ayaqqabını səhər Teymur, günorta mən geyinmişəm.

- Məktəb vaxtı sizi qoruyurdu?

- Mən onu daha çox qoruyurdum. Onun insanlara həmişə yazığı gəlirdi, onu incidən birini belə incitmək istəməzdi. Ona görə həyətə uşaqlarla oynamağa düşəndə bir gözüm həmişə üstündə olurdu. Onun yumşaqlığına, xarakterinin həlimliyinə çox vaxt əsəbiləşirdim, arada mübahisələrimiz də olurdum. Deyirdim, niyə səni incidənə qarşı mülayim davranırsan. Amma indi düşünürəm, onun yazdığı şeirlərə də baxanda görürəm ki, o, içindəki nifrətin hamısını düşmən üçün bəsləyirmiş.

- Teymur haqqında düşünəndə ən çox nəyi xatırlayırsınız?

- Çox sakit idi. Bir də evdə elə davranırdı ki, elə bil evdə sakin yox, qonaqdır. Özünə qapılmağı, təkliyə çəkilməyi vardı. Mən bunu şairliyi ilə əlaqələndirdim sonralar. Bir az elə bil bu dünyanın adamı deyildi. Evdə nə isə bir iş görmək lazım gələndə, mütləq mənim fikrimi öyrənirdi. Axırıncı dəfə gördüyünüz bu kitab şkafını yığdıranda anama demişdi ki, mama, bacı gəlib məni, öldürəcək, rəngi xoşuna gəlməyəcək. Gərək onunla məsləhət edərdim. Məni heç vaxt adımla çağırmazdı, həmişə bacı deyirdi. İşinə çox bağlı adam idi. Karantin günlərində belə o, işindən ayrı qalmırdı. Ona görə də işində uğurlu idi. Amma mən elə bilirdim ki, bunun ardı gələcək. Yəqin ki, xaricdə işləmək təklifi alacaq və gedəcək. Amma getmədi. İyulda Tovuzda baş verən hadisələrdən, Polad Həşimovun ölümündən sonra Teymur demək olar ki, özünə yer tapa bilmədi. Çox istəyirdi ki, müharibə başlasın və cəbhəyə getsin. Könüllü yazılmağından da mənim xəbərim olmamışdı. Ona çağırış gələndə məni şəhərə evimizə yola salırdı. Ona gələn sms-i gördüm, pis oldum. Onda ondan soruşdum ki, nə fikirləşirsən, gedəcəksən?

Arzu

Dedi, hə, nə var ki, burda. Gedəcəm. Məni yola salandan sonra evə gəldi, əşyalarını yığdı. Mən təzədən Sahiblə atamgilə gəldik, ona nə qədər izah etməyə, işinin əhəmiyyətini, valideynlərimizin tək olmasını desək də razılaşmadı. Atam ürək əməliyyatı keçirmişdi. Ondan daha çox qorxurdum, zəng vurdum ki, gəlsin. Bəlkə Teymur onu nəzərə alıb getməz. Amma heç kim onu yolundan döndərə bilmədi. Qəribədir ki, son vaxtlar da Şəhidlər Xiyabanına tez-tez gedirdi.

Sahib bəy deyir ki, Teymurla qısa zamanın, bir ilin dostu qohumu olsalar da çox tez doğmalaşıb, dostlaşıblar. Xüsusilə son iki ayı onlar bir yerdə olduqlarına görə hər gün bir yerdə olur, müzakirələr edir, söhbətləşirlər:

- Qayınatamgilin bir evi də Şamaxıda idi. Ailə üzvlərimiz yayda rayona getdilər. Mən də evdə tək idim, Teymur da. Ona görə də hər gün ya o bizə gəlirdi, ya da mən onlara. Mən anamı erkən itirmişəm. Mən bu ailə ilə qohum olandan sonra Teymur anasına ya bacı, ya da xala deyirdi. Bunun səbəbi mənə həmişə maraqlı gəlmişdi. Teymur şəhid olandan sonra bildim ki, o, anasına deyib ki, Sahibin anası yoxdur, mən onun yanında sənə ana deyə bilmərəm.

Şəhla ilə mənim toyum sentyabrın 9-da oldu. Toyumuzdan bir gün əvvəl evlərinə heç nə demədən bizə gəldi. Dedi, evdən gizlin gəlmişəm. Bura evlənəcəyin qadının qardaşı kimi yox, sənin dostun kimi gəldim. Nə isə kömək lazımdırsa, mənə de. Bir də ola bilər ki, toy üçün ürəyində hansısa arzu tutmusan, amma onu reallaşdırmaya bilərsən, onu da mənə de. Dedim, bir onlayn tədbirdə Polad Həşimovun və İlqar Mirzəyevin yanaşı şəkillərini görmüşəm, onların toya gətirilməsini, bir də “Vağzalı” əvəzinə “İncəbellim” mahnısı çalınsın. Gecə 3-ün yarısı zəng elədi dedi ki, sabah sən gəlini gətirməyə gələndə mən evdə olmayacam, amma şəkil məsələsini həll etmişəm. Dediyi kimi də oldu. Gəlin gətirməyə gedəndə Azərbaycan və Türkiyə bayraqları, plakatlar oldu, gitarada da “İncəbellim” mahnısı çalındı. Onun evdə olmadığının səbəbini sonra özü mənə dedi.

- Nə demişdi?

- Dedi, sən mənim xasiyyətimi bilirsən, kövrək adamam, Şəhla evdən gedəndə ağlaya bilərdim, ona görə evdə olmadım. Toydan sonra ailəvi Masallıya getmişdik. Bir gün sonra eşitdik ki, müharibə başlayıb. Onda Teymur mənə zəng vurdu, ki, mümkün qədər tez gəl Bakıya. Həmin ərəfədə mən də onlayn qeydiyyatdan keçmişdim, amma mənə demişdilər ki, müharibəyə könüllü gedənlər mütləq gəlib komissarlıqdan keçməlidilər. Ayın 27-də Teymurla hərbi komissarlığa getdik. Üç gündən sonra 31 nəfər könüllünü geri qaytardılar, dedilər ki, sizi aparmayacağıq, ehtiyac yoxdur. Gəldik evə, təzədən qayıtdı geri, dedim axı, səni qaytardılar, ehtiyac yoxdur. Dedi, yox, gedirəm, aparacaqlar. Onda telefonunu mənə verdi, dedi, ailəmizlə bağlı nə lazımdırsa, bura yazmışam. Sonra mənə dedi ki, əgər karantin tez aradan qaldırılsa, toyunuzu saxlamayın, edin. Bir də əgər mən şəhid olsam, yasımda mərsiyə oxunmasın. Amma sizə deyim ki, çox rahat və sevincliydi. Sonra mən və sosial fəaliyyətlə məşğul olan bir qrup gənc cəbhə bölgələrinə yardımlar aparmağa başladıq. Oktyabrın 2-də mən Tərtərə yola düşdüm. Teymur mənə zəng vurub dedi ki, atamgili də götür, apar rayona, bir müddət də evdən heç yerə tərpənmə. Sonra onunla görüşmək üçün getdim, amma mənə zəng vurub dedi ki, gəlmə, bizi artıq döyüş bölgəsinə apardılar. Məni aldatmışdı, istəməmişdi ki, təhlükəyə düşüm.

Ailə üzvləri sonuncu dəfə Teymurla oktyabrın 13-də əlaqə saxlaya bilirlər. Yavuz bəy deyir ki, oğlu ilə hər dəfə danışanda, ona deyirmiş ki, arxa cəbhədədir. Amma elə həmin vaxtlar, Teymur döyüşlərin ən qızğın getdiyi yerdə, yəni cəbhə bölgəsindəymiş:

- Teymur hərbi xidmətini Tərtərdə çəkmişdi, biz hətta onda ona görə narahat idik. Çünki bərkə, boşa düşməmişdi. Hərbi xidmətdən sonra hərbçi olmaq istəyirdi. Amma qoymadıq. Sonra onun elə bil ürəyində qaldı hərbçilik arzusu. İkinci dəfə mane ola bilmədim. Onsuz da onun öz yolundan heç kim döndərə bilməzdi. Müharibəyə yola düşən gün o, saat beşdən oyandı. Başqa vaxt işə gedəndə, paltarlarını qapının yanında geyinən adam həmin gün dan yeri sökülməmiş geyinmiş vəziyyətdə hazır dayanmışdı.

Gediş

Şəhla xanım qardaşı ilə keçən son günlərindən, son görüşündən danışır:

- Həmin gün hamımız atamgilə gəldik. O biri bacım da Biləcəridən gəldi. Bizi görüb dedi, nə olub, niyə yığışmısınız bura. Onu qapıdan yola salanda qucaqlaşdıq, boynundan öpdüm. Boynunun qoxusu hələ də burnumda qalıb (ağlayır). Mənə dedi ki, pis olma, hər şey yaxşı olacaq. Getdi. Ona dedim ki, qulaq asmadın da bizə.

İndi hərdən elə olur ki, ondan küsürəm də. Teymurdan inciyəm. Getməsəydi, şəhid olmazdı deyə düşünürəm. Elə olanda yuxuma girir. Yuxuda da sakitcə dayanıb baxır, sanki məni bağışlayın demək istəyir. Onsuz çox çətindir. Artıq ölümünün üzərindən beş aya yaxın vaxt keçir, amma onun yoxluğuna öyrəşmək olmur.

Oktyabr ayının 5-dən döyüşlərə qoşulan Teymur 16-da şəhid olur. Ailə üzvlərinə müxtəlif tarixlər deyilsə də, şəhidin dəfnindən sonra döyüş yoldaşları da Teymurun 16-da şəhidlik məqamına yüksəldiyini təsdiq ediblər. Teymur Hadrut uğrunda gedən döyüşlərdə Hadrut Şuşa yolunda minomyotdan açılan atəşlə şəhid olur. Ailədən ilk xəbər alanlardan biri Teymurun atası Yavuz olur:

- Həmin günün axşamı rayondaydıq. Uzanıb televizora baxırdıq. Bir azca elə bil mürgüləyən kimi oldum. Yuxuda gördüm ki, qarşımda dayanıb mənə əl uzadır. Yuxudan ayıldım, bir az kəndə çıxıb gəzdim, evə gələndə Rafiq zəng vurdu, hal-əhval tutdu. Onun ardınca Sahib zəng elədi, onda mən artıq şübhələndim. Rayondan gəlib evə yaxınlaşanda gördüm həyətdə maşınlar dayanıb. Mənə dedilər ki, yaralanıb, Sahib ardınca gedib.

- İnandınız?

- Yox. Heç kimə heç nə demədim, amma bildim ki, Sahib gedıbsə, deməli şəhid olub. Yaralı olsaydı, bizi də onun yanına aparardılar, özü də zəng edə bilərdi. Yəni nə baş verdiyini artıq hiss eləmişdim. Uşaqları evə yola saldım, dedim siz gedin, mənim bir balaca işim var. Onları yola salıb Rafiqə zəng vurdum. Rafiq dedi ki, qardaş, möhkəm ol, evimiz yıxılıb.

Şəhla xanım da qeyd edir ki, qardaşının şəhid olma xəbərini eşitməzdən əvvəl həyətdəki insan selini görmək çox ağır mənzərə olub onun üçün. O, həmin məşum günü yadına salır:

- Teymur son dəfə Sahiblə sağollaşanda ona demişdi ki, mənə nə isə olsa, birinci sənə zəng vuracaqlar. Elə də oldu. Sahibi axtardılar. Beyləqandan ona zəng vurana qədər o, da elə bildi ki, şəhid olmayıb, yaralıdı. Teymurun cibindən son çıxan kağızda da Sahibin nömrəsi varmış. Mənə isə atam dedi ki, yaralanıb. Tez Bakıya qohumlarımıza zəng vurdum, gördüm hamı ağlaşır. Ondakı qışqırıq səsim hələ də qulağımdadı. Kənddən Bakıya gələnə qədər möhkəm dayandım. Fikirləşdim ki, mamaya, papaya nə isə olar birdən. Həm də düşündüm ki, əgər şəhid olubsa da, heç olmasa öz adına uyğun dəfn olunsun. Evimizə çatanda izdihamı görəndə anladıq ki, şəhid olub. Maşının içindən düşəndə çox pis qışqırdım, o, izdiham dərhal susdu. Yadıma gəlir mən toyumuz olanda istəmişdim ki, məni evimizdən Teymur çıxarsın, fotoqraf dedi ki, yox, o, xristianların adətidir. Amma mən istəmişdim, gəlmədi Teymur. İzdihamı görəndə Teymurla bağlı həmin arzularım yadıma düşdü, qaça-qaça pilləkənləri çıxdım, pilləkənlərdə də yıxıldım, daha doğrusu dizlərimin taqəti kəsildi. Evimizin qapısı açıq idi, qohum-əqrəbanın da hamısı bizdə idi. Üç otağın üçünü də axtardım. Elə bilirdim ki, yaralıdı, evdədi. Sonra düşündüm ki, yaralını evə niyə gətirirlər? Bir az keçdi, Sahib zəng vurdu ki, Teymuru gətirirlər. Fikirləşdim ki, elə onu şəhid kimi də dəfn eləyək. Orda dedilər ki, Teymurun şəklini kim tutacaq? Dedim mən tutacam.

Yarımçıq roman

Teymur cəbhəyə gedəndə kompüterini format edir və bununla da oradakı bütün şeirləri, hekayələri, hətta yarımçıq romanı, elektrotexnika haqqında yazdığı bir kitabın pdf variantı belə silinir. Ailə üzvləri onun əvvəllər saytlarda dərc olunan bir neçə şeirini və hekayələrini tapa bilirlər. Yavuz bəy deyir ki, Teymur bədbin, özünə qapanan insan olmayıb, sadəcə onun xasiyyətindəki yaradıcılıq qabiliyyəti həyatına necə və nə cürsə təsir edir:

- Hər şeyi silib cəbhəyə getməyi insanda elə bir fikir formalaşdırır ki, yəqin o, həyatdan bezib, ona görə belə edib. Amma elə insan deyildi. Ailəsinə, kənar insanlara qarşı çox yanımcıl idi. Ölümündən bir gün əvvəl isə döyüş yoldaşlarına Hadrutdan qayıdanda deyib ki, onsuz da insan ömrü indi çox qısalıb. Beş, on il sonra hansısa xəstəlikdən öləcəyik, ondansa, elə şəhid olub ölək. Mən həyatda çox itki vermişəm, bunu gözləmirdim, düşünürdüm ki, Allah bunu mənə qıymaz. Amma oldu. Ondan sonra doğrusu təsəlli tapa bilmirəm, bircə təsəllim var ki, o, tək deyil. Bir də ölümündən sonra ona qarşı insanların münasibəti, qoyub getdiyi hörmət dərdimi sərinlədir, oğluma olan ehtiram hissimi daha da gücləndirir. 

 

 

# 8217
avatar

Samirə Əşrəf

Oxşar yazılar