“Kişini elə görüb, qorxdum... arxasınca cənazəni gətirdilər...” – Şəhidin xanımı və oğlu danışır
13 aprel 2020 20:15 (UTC +04:00)

“Kişini elə görüb, qorxdum... arxasınca cənazəni gətirdilər...” – Şəhidin xanımı və oğlu danışır

 

Lent.az -ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

 

 

Layihəmizin növbəti yazısı şəhid Vaqif Mehbalıyevə həsr olunub.

 

***

Mehbalıyev Vaqif Nasir oğlu. 1960-cı ildə Bakıda anadan olub. 162 saylı məktəbin məzunu olub. Heydər Əliyev Adına Dərin Özüllər zavodunda qaynaqçı işləyib. 1991-ci il iyunun 16-da ailə qurub. Elə həmin ilin noyabr ayında cəbhəyə gedib. Daşaltı, Kərkicahan və Şuşa şəhərində gedən qanlı döyüşlərdə iştirak edib. 1992-ci il mayın 8-də Şuşada şəhid olub. Nəşi Bakıya gətirilərək, mayın 10-da Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

 Ömür

 İnsan həyatı çox nadir hallarda birnəfərlik olur. Dünyaya göz açan insan mütləq öz həyatını kiminləsə birləşdirir, geri qalan ömrünü kiminsə ömrünə calayıb yaşamağa davam edir. Sonra bu ikinəfərlik həyat övlad, nəvə, nəticə vasitəsi ilə çoxalmağa, qollu-budaqlı ağacı xatırlatmağa başlayır. Müharibələr həm də ona görə amansızdır ki, bəzən çox nəfərlik, bəzən də iki nəfərlik həyatları alt-üst edir, onların firavan gələcəyinə kölgə salır. İndi görüşəcəyim insanlar Qarabağ müharibəsinin ağrı-acısını dadmış, qəhrəman, igid, mərd bir vətənpərvər oğlunun yadigarları 1992-ci ildən bu günə qədər ikinəfərlik həyata sığınıb yol gələn ana və oğuldur. Onlar 1992-ci ildə Şuşada qəhrəmancasına şəhid olan Vaqif Mehbalıyevin həyat yoldaşı Dürdanə xanım və oğlu Vaqif bəydir.

Qapını üzümüzə şəhidimizin həyat yoldaşı Dürdanə xanım açır. Telefonda dediyi kimi, bir az xəstəhal, bir az da yorğundu. Atasının adını daşıyan Vaqif bəy də o biri otaqdan çıxıb, bizi salamlayır. Ona və divardan asılan şəhidimizin şəklinə baxıram. Atasına çox bənzəyən Vaqif anası ilə divanda əyləşib, mənimlə həmsöhbət olurlar.

Dürdanə xanım asta-asta keçənləri xatırlamağa başlayır:

- Vaqif başqa cür adam idi. Vətəni nə qədər çox sevirdisə, qonşunu, qohumu da elə çox sevirdi. Şəhərdə böyümüşdü, rusdilli idi. Ən uzaq qohumlarının evinə məni aparırdı, hamı ilə tanış edirdi. O döyüşə gedəndən sonra evin altında təkcə qaldım. Özüm də hamiləydim. O qədər ağlamışdım ki, hamiləliyimin altıncı ayında məni təcili yardımla həkimə aparmışdılar. Sonralar oğlumuz dünyaya gəldi. Mən xəstəxanada yatanda Vaqif gəlib həkimlərə pul verirdi ki, məni evə tez yazsınlar. Onda cəbhədən yarımçıq gəlmişdi, elə bir canı orda qalmışdı. İstəyirdi ki, tezcə qayıdıb getsin.

Gediş

- Oğlumuz olmamışdan əvvəl qonşularımızın uşaqlarını gətirib onlarla oynayırdı, amma öz övladımız olanda onunla vaxt keçirə bilmədi. Oğlumuz olandan sonra qayınanam ona Orxan adını qoydu, bu Vaqifə xoş gəlmədi, dedi, mən oğlumun adını Tərlan qoyacaqdım. Tərlanla isə cəbhə dostu olmuşdu. Tərlan subay idi. O, Vaqifin gözünün qarşısında şəhid olmuşdu. Onda Vaqif o qədər ağlayırdı ki, mən onu sakitləşdirə bilmirdim. Ona görə də əhd eləmişdi ki, oğlumuzun adını Tərlan qoysun. Onda mənə dedi gedim gəlim, uşağın adını dəyişəcəm.

Oğlumuzun qırxı çıxmamış Vaqif təzədən cəbhəyə getdi. Şuşa işğal olunanda şəhid oldu... Oğluma onun adını qoydum... 

Biz televizordan artıq bilirdik ki, Şuşa işğal olunub, Vaqif də Şuşada döyüşür. Ona görə də gecəni səhərə qədər yata bilmədim. Səhəri diri açdım. Bir dayım vardı, hərbçi işləyirdi, mayor idi. Bir də gördüm o, qaynanam, qaynatam bizə gəldilər. Onlar da məndən bir xəbər bilmək istəyirdilər. Sonra hamı dağılışıb getdi. Kimisi xəstəxanaları, kimisi də morqları axtarırdı ki, ondan bir xəbər bilsinlər. Elə həmin günün axşamı meyitini gətirdilər. Amma birbaşa evə gətirməmişdilər, məhəllədə bir müddət saxlamışdılar ki, atası gəlsin, sonra evə gətirsinlər. Mən bir də gördüm ki, qapı açıldı, qayınatam rəngi ağarmış halda içəri girdi. Onda oğlum körpəydi, qundaqdaydı, bələyirdim.

Kişini elə görüb, qorxdum. Nə olduğunu xəbər almaq istəyirdim ki, açıq qapıdan cənazəni evə gətirdilər. Huşumu itirib, yıxıldım. O vaxtdan mənim onurğam zədələndi, indiyə qədər də müalicə alıram. Neçə illər sürünə-sürünə yaşadım, ömrümün yarısı xəstəxanalarda keçdi.

Şəhidlər Xiyabanı

Vaqif Mehbalıyev Şuşanın işğalı günü başından və ayağından vurulur və şəhid olur. Dürdanə xanım deyir ki, əri şəhid olandan sonra uzun müddət özünə gələ bilməyib. Qucağındakı südəmər körpəsi ilə birlikdə bir evin altında günü ağlamaqla, ah-nalə ilə keçib. Evdən çıxanda getdiyi yeganə ünvan isə Şəhidlər Xiyabanı olub:

- Mən, demək olar ki, beş il Şəhidlər Xiyabanında yaşamışam. Beş il hər səhər oğlumu qonşuların üstünə atıb xiyabana getmişəm, bir də axşam qayıdıb gəlmişəm. Orda bir molla vardı. Mənə deyirdi ki, “sənin bir yiyən yoxdur ki, sənə yaxın dursun. Səhər gəlirsən, bir də qaş qaralanda çıxıb gedirsən. Bu gedişlə sən havalanarsan”. Sonralar oğlumu da özümlə aparmağa başladım. Orda onun şəklini çəkdirmişdim.

İstək

Əli ilə masanın üstünə qoyduğu şəkilləri qarışdırır, onların içərisində şəhid məzarının sol tərəfində daşın üstündə oturmuş körpə uşağı mənə göstərir.

- Bax, bu şəkil həmin günlərdən qalıb. Düz beş il qara geyindim, saçıma rəng qoymadım. İndi də elə mən həmin yasın içindəyəm. Vaqifdən sonra mənim saçım, dırnaqlarım heç vaxt boya görmədi. Vaqifi unutmaq mümkünsüzdür. Onunla cəmi bir il yaşamışam, amma on-iyirmi ilə bərabərdir. Otuz il bir yerdə yaşayanlarda bizim qədər bir-birinə istək olmazdı. O bir ili də biz düz-əməlli bir yerdə olmamışıq heç. Nə yatdıq ki, nə də yuxu görək. Amma bir-birimiz sevirdik, bağlanmışdıq. Bir ildə üç dəfə cəbhəyə getdi, qayıtdı, axırda da həmişəlik getdi. Onu unudulmaz edən isə insanlığı idi. Elə adamlar var ki, Vaqifin adı gələndə indi də ağlayırlar.

Vaqif Mehbalıyev cəbhənin ən qaynar nöqtələrində vuruşurmuş. Sonuncu dəfə evinə Daşaltı əməliyyatından sonra gəlir. Həyəcanla danışırmış ki, o döyüşə gedənlərdən biri də salamat çıxmadı. Güllə yağışının altında möcüzəvi şəkildə salamat qalan Vaqif Şuşa işğal olunan günü qəhrəmancasına vuruşur, silahındakı patronlar bitəndən, əliyalın qalandan sonra isə daim üstündə gəzdirdiyi iri əl bıçağı ilə düşmənlə əlbəyaxa döyüşə girir. Lakin bu döyüşdə şəhid olaraq həyatını itirir.

Qürur

Şəhidin yadigarı, oğlu deyir ki, sonralar atasının qəhrəmanlığı haqqında çox şeylər eşidib, onu tanıyanlar, sücaətinin şahidi olanlar atası haqqında ona hər şeyi ən incə təfərrüatına qədər danışıblar:

- Atam çox vətənpərvər adam olub. Mən onun cəbhə dostlarının bir neçəsi ilə görüşmüşəm. Hamısı eyni sözü deyirdilər. Özümü dərk edəndən sonra necə bir kişinin oğlu olduğumun fərqinə vardım və həmişə fəxr etdim. Atam şəhid olandan sonra meyiti Şuşada da qala bilərdi. Bildiyimə görə, çox qanlı, amansız döyüş olub. Amma dostları sağ olsunlar ki, atamı orda qoymayıb, Bakıya qədər gətirə biliblər.

Dürdanə xanım deyir ki, Onu ərinin nəşinə yaxınlaşmağa, üzünə baxmağa icazə verməyiblər:

- Heç kim məni ona yaxın buraxmadı. Onu cənazəsini bağlı gətirmişdilər. Həm də mən özümdə deyildim. Ağlayıb sızlamaqdan taqətim kəsilmişdi. Amma əmisi oğlu Vaqifi qəbirə qoyanda onun üzünü açıb baxmışdı. Vaqifin qırxı çıxandan sonra həmin əmisioğlu dedi ki, mən Vaqifin qanını almayana qədər geri qayıtmayacam. O da cəbhəyə getdi.

Bayaqdan bir neçə dəfə oğlum atasız böyüdü, ata üzü görmədi deyən Dürdanə xanımla oğlu hərdən ancaq bir-birlərinin anladığı baxışlarla baxıb, səssiz həmsöhbət olurlar. Anasının danışdıqlarının fonunda yəqin ki, Vaqifin xəyalındakı ata obrazı yenidən canlanır, dirilir və yenilənir. Vaqif deyir ki, atasını görə bilməməsi həmişə onun içində bir boşluq yaradıb:

- Allah heç kimi atasız böyütməsin. Evin tək uşağı olmuşam. Bir anam olub, bir mən. Yaşımın elə bir dövrü vardı ki, onda yaşadıqlarımı danışa bilmək, demək üçün bir insana ehtiyacım vardı, o da atam ola bilərdi. Ata isə yox idi. Mən onun Şəhidlər xiyabanındakı məzarından, bir də şəkillərdən tanıdım. Deyilənə görə, həm zahirən, həm xaraktercə atama oxşayıram. Məni heç tanımayan, amma atamı tanıyan adamlar məni görən kimi deyiblər ki, sən Vaqifin oğlusan. Həmişə gözüm onu axtarıb. Hərdən gözüm dolur, anam o dəqiqə hiss edir ki, bu atamla bağlı bir haldır. Anam pis olmasın deyə, özümü saxlayıram. Çalışıram ki, ürəyimdən keçənləri dərinliyinə qədər hiss etməsin.

 Dürdanə xanım oğlunun bu sözlərindən təsirlənir. Onun dediklərini təsdiq edirmiş kimi başını yelləyir:

- Onu əlimin içində böyütmüşəm. Qoruya-qoruya. İndi hərdən hiss edirəm ki, hələ də atasını axtarır.

 Vaqif bəy əlavə edir:

- Özümü tanıyandan elə xiyabana gedib gəlmişəm. Orada onun döyüş dostları ilə rastlaşmışam. Mənə həmişə çox maraqlı olub ki, atam necə döyüşüb, necə şəhid olub. Atam tankçı kimi Albertin dəstəsində döyüşüb. Şuşa işğal olunan günü silahları tükənib, atam ayağından yaralanıb. O, anam dediyi kimi, hazırladığı əl bıçağı ilə döyüşüb. Neçə ermənini elə bıçaqla öldürüb. Daha sonra onu qolundan yaralayıblar, ancaq o, yenə də döyüşə davam edib. Ən sonda isə başından vurublar. Meyitini də çox çətinliklə çıxarıblar Şuşadan. Atamın tankını ələ keçirən adama ermənilər pul mükafatı vəd ediblərmiş. Atam vurulandan sonra da o tank qalıb. Mən bildiyimə görə, 94-cü ildə ermənilər o tankı partladıblar.

Saat

Dürdanə xanım deyir ki, yoldaşından ona yadigar bircə saat qalıb.

Sonuncu dəfə döyüşə gedəndə Vaqif qolundakı elektron saatı və cibindəki son maaşını dostu Nazimə verib deyir ki, bu pulu və saatı Dürdanəyə çatdırarsan. Nazim deyib ki, ikimiz də eyni yolu gedirik, eyni yolu da qayıdacağıq. Lakin Vaqif israr edir: “Sənə deyirəm götür, bunları mənim ailəmə çatdırarsan”. Vaqif, ürəyinə damdığı kimi, son döyüşdən qayıtmır. Dostu onun vəsiyyətinə əməl edir.

Yanılma 

Dürdanə xanım özü ağır xəstəliklərdən keçirsə də, oğlunu ürəyi istəyən kimi böyütməyə, onu şəhid atasının adına layiq yetişdirməyə, atasızlığı ona heç olmasa maddi baxımdan hiss etdirməməyə çalışır. Söhbət əsnasında o, baxışları ilə oğlunu göstərib deyir:

- Bu elə bir uşaq idi ki, hər dəqiqə məndən atasını soruşmazdı. Biz ana-bala ikimiz də ömrümüzü Şəhidlər xiyabanında keçirmişik. Vaqifi demək olar ki, orda böyütmüşəm. O vaxt bizə yardım, təqaüd verirdilər. Mən ən bahalı güldanları alıb, onun qəbrinin üstünə aparırdım. Onların içərisinə də ən gözəl gülləri alıb qoyurdum. Bunları edərkən çox sakitlik tapırdım. Bir dəfə qayınanam ora gələndə məni acıladı. Ondan sonra demək olar ki, on il ayağım Şəhidlər xiyabanına dəymədi. Bəlkə də qaynanam mənə yaxşılıq elədi, yoxsa, indiyə çoxdan sağ qalamamışdım. Oğlum evlənəndən sonra gəlinimlə getdim. On ildən sonra... Nəvəm babasını qəribə şəkildə hiss edib arzulayırdı. Deyirdi, məni aparın babanın qəbrinin yanına. O qədər ondan sevgiylə danışmışam ki, uşaq hiss edib. Yəni dediyim odur ki, Vaqif bizim evdə heç vaxt unudulmayıb. Nə vaxt yuxuda görmüşəmsə, məni tək qoyub getdiyi üçün dalaşmışam. Onu ətrafımda o qədər hiss etmişəm ki. Bir dəfə yolda onun yaşında bir kişi gördüm. Qaça-qaça ardınca düşdüm, elə bilirdim ki, Vaqifdi. Çatdım, əlimi vurdum. Kişi çevriləndə görüm ki, o deyil. Amma arxadan çox oxşatmışdım. İnanmırdım ki, yanıla bilərəm.

Əmanət

Vaqif bəy deyir ki, atası yaşasaydı, onun həyatı tamam başqa cür ola bilərdi.

- Ən ideal həyatım olardı. Anam xəstə olurdu, yataqda yatırdı. Mən anama görə ən çətin işlərdə işləmişəm. Mən atamın adı ilə həmişə fəxr etmişəm, amma heç vaxt istifadə etməmişəm. Atamın döyüşçü dostlarının hamısı da onun başına and içirlər. Bu mənim üçün ən böyük mükafatdır. İnsanlar onu bu günə qədər də unutmurlar. Qəribə hislərdi, üzünü görmədiyin, adını daşıdığın, canının bir parçası olan insan haqqında başqalarından yaxşı sözlər eşidirsən. Ona görə insanlar sənə də hörmət edirlər. Atam otuz ilə yaxındır şəhid olub, amma bu gün də onu xatırlayırlar.

İzdiham

Dürdanə xanım deyir ki, Vaqifi dəfnində böyük izdiham olub:

- Evimiz Bayılda idi. Vaqifi dəfn etməyə aparanda 20-ci dairədən düz Bayıla qədər izdiham vardı. O dəfn olunanda yer də, göy də ağlayırdı. Mən həmişə oğluma da deyirəm ki, sənin atan adi məsələ üstündə ölməyib. O, vətən uğrunda şəhid olub. Biz elə yaşamalıyıq ki, onun adına layiq olsun. İndi də nəvələrimi elə ruhda böyüdürəm. Mənim gözüm onu həmişə axtarıb, indi də axtarır. Vaqif bizim evdə, bizim ocaqda heç vaxt unudulmayacaq, nəsildən-nəslə xatırlanacaq...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16883
avatar

Samirə Əşrəf

Oxşar yazılar