“İzdiham kəndə girəndə bildim ki, o ölüb...” – Şəhid qəhrəmanın nisgilli sevgi hekayəti
28 noyabr 2019 11:25 (UTC +04:00)

“İzdiham kəndə girəndə bildim ki, o ölüb...” – Şəhid qəhrəmanın nisgilli sevgi hekayəti

 Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

Layihəmizin növbəti yazısı şəhid Milli Qəhrəman Şikar Aslanovun ailəsindən hazırlanıb.

 

Şikar Aslanov. 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulub. İlk təhsilini burada alan Şikar 1987-ci ildə orta məktəbi bitirir. 1988-ci ildə sovet ordusuna hərbi xidmətə çağırılır. 1990-cı ildə vətənə dönərək DİN-in post-patrul xidmətinə qəbul olunur. Erməni işğalçılarının vətənə basqını zamanı Şikar cəbhəyə yollanır.

1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarcasına susdurur.

1992-ci il iyul ayının 2-si əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gələrək başından yaralanır. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmur. Doğulduğu Süleymanlı kəndində dəfn edilir.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Müharibə ilə ilk tanışlığım qəribə olmuşdu. Tez-tez çıxdığım, düşməkdə isə çətinlik çəkdiyim gilas ağacının başında keçirdiyim xoş uşaqlıq günlərinin birində başımın üzərindən sürətlə ötüb keçən rəngbərəng mərmilər xəbər vermişdilər müharibənin gəlişini. Uşaq saflığı ilə düşmən ölkəsindən bizim rayona köç edən mərmiləri bayram fişənglərinə bənzətmişdim. Bu mavi, qırmızı, narıncı işıqlar nə qədər evləri xaraba qoyandan, insanları qırmızı rəngə boyayandan, onların həyatını qaraldandan sonra biləcəkdim nə qədər yanlış bənzətmələr etdiyimi.

Şikarın adı həmin mərmilərlə birgə mənim uşaqlıq dünyama daxil oldu. Bu ad axşamlar məhəllədəki iri qoz ağacının altına yığışan kişilərin dilindən düşmürdü.

“Deyirlər Şikargil son əməliyyatda erməninin səkkiz kəndini alıblar”

“Ermənilər onun başına pul qoyublar”

“Qonşu rayonlara da köməyə gedir”

Bu cür dildən-dilə dolaşan xəbərlərin fonunda müharibənin ağrı-acılarını, dərdlərini görə-görə, eşidə-eşidə böyüdük. Uşaqlıq, hətta yeniyetməlik illərimiz də elə Cəbrayıllı, Şikarlı illərdə qaldı. Məcburi köçkünə çevrilib, məmləkətin müxtəlif səmtlərinə dağılan köçkünlər minlərlə şəhidin içərisində artıq Şikarın da adının olduğunu bilir, çarəsizcə sabahını, geridə qalanlarının taleyini fikirləşirdi.

Şikar bu dünyada cəmi iyirmi iki il ömür yaşamışdı. Sevdiyi qızla evlənməyə imkan tapmamış şəhid olmuşdu.

Şikarın anasını, bacı və qardaşını tapmaq o qədər də çətin olmadı. Çətin olan ailənin illər əvvəl qaysaq qoyub yamanan yarasının üstünə toxunmaq oldu. Şikarın böyük qardaşı Mükafat müəllimlə görüşəndə hiss etdim ki, çox danışmaq onun üçün xeyli çətin və ağırdı. Toy görməyən şəhidlərimizdən biri də Şikar idi. Qadın hissiyyatına, duyumuna, xatirələrinə ehtiyac yarandığını hiss edirdim.

Şikar Davud kişinin ailəsinin sonbeşiyi olaraq dünyaya göz açmışdı. Tulada hərbi xidmətini başa vurub geri dönən Şikar müharibə ilə üz-üzə qaldı. Polis post-patrul xidmətində fəaliyyətə başlayan Şikar həm də cəbhə bölgəsində gedən qanlı döyüşlərə qoşulur. Bacısı Cəmilə xanım, söhbət başlamazdan əvvəl gözləri dolur, qəhərini udub, səsinin qırılan nöqtəsindən danışmağa başlayır. Deyir, altı uşaqlı ailədə onun qardaş payı Şikar idi...

- Onun haqqında bilmirəm hardan, necə başlayım. Üç bacı, üç qardaş olmuşuq ailədə. Mənim qardaşdan payım Şikar idi. Atam müəllim idi. Şikar yeddinci sinifdə oxuyanda atam rəhmətə getdi. Sonra Şikar Tulaya hərbi xidmətə yollandı. Bizim evdə ən uca boylu adam Şikar idi. Hərbi hava qüvvələrində xidmət etmişdi, əlli üç dəfə paraşütlə tullanmışdı. Ordan iki dəfə anama təşəkkürnamə göndərmişdilər. 1990-cı ildə əsgərliyini başa vurub, qayıtdı. Cəbrayılın polis bölməsinə işə düzəldi. Bir il yarım işlədi. Həmin dövrü də demək olar ki, dağlarda, dərələrdə oldu. O, polisdə işləyəndə kəndimizin uşaq bağçasını posta çevirdilər. Orda Şikarla elə öz kəndimizdən olan Nəsimi keşik çəkirdilər. Başqa əsgərlər də vardı. Onların hesabına biz bir il kənddə rahat yaşadıq.

Şikar 22 il, 22 gün yaşadı. 22 yaşı olanda bir gün gəlib soyuducunu açdı, diqqətlə baxıb dedi ki, soyuducumuz doludu, istəyirəm özümə ad günü keçirim. Hamımız ürəklə razılaşdıq. Çünki ona heç vaxt ad günü keçirməmişdik. Amma atam öləndən sonra böyük qardaşım onu həmişə yaxşı saxlayıb. Hər toyda, bayramda onun corabından papağına qədər hər şeyi təzələyib, istəməyib ki, yetimlik hiss eləsin. Ona çox gözəl ad günü keçirdik. Toy cöngəsini öz ad günündə kəsdi. Dedi, elə bil mənə toy elədiniz.

Mükafat bəy Şikarın həm qardaşı, həm də ata əvəzi olub. Tez-tez masadan qalxıb bayıra çıxır, siqaret çəkir, həm də yaşarmış gözlərini qurulayıb, yenidən otağa qayıdırdı. Torpağını və qardaşını itirən insan kimi baş verənlər barədə danışmaq onun üçün müşkülə çevrilsə də, ondan Şikarın döyüş yolundan, sonuncu əməliyyatının təfərrüatından danışmasını xahiş edirəm.

- Şikar rayonda keçirilən bütün əməliyyatlarda iştirak etmişdi. Amma rayon özünümüdafiə batalyonunda yox, xüsusi təyinatlıların tərkibində polis kimi mübarizə aparırdı. 4-5 nəfər xüsusi təyinatlı vardı ki, bütün kəşfiyyatlara onlar gedirdilər. Onlardan biri də Şikar idi. Yadıma gəlir ki, qar yağmışdı, Şikar ağ geyimdə Hadruta kəşfiyyata getmişdi. Çox olub ki, döyüşlərə, əməliyyatlara gedəndə mən də onun dalınca getmişəm. Tarixdə heç vaxt Sur kəndi bizimkilər tərəfindən alınmayıb. Çünki onun hər tərəfi dağlıq və meşəlikdən ibarətdir. Amma Şikargil o kəndi almışdılar. Şikar təkbaşına dəfələrlə erməninin mühasirəsindən çıxmağı bacarmışdı. Bir dəfə sırf rayonda olan bircə ZTR-i xilas etməkdən ötrü pulemyotla saatlarla ermənilərlə döyüşmüşdü. Həmin döyüşdən sonra mən onu maşına qoyub evə gətirdim ki, evdəkilər arxayın olsun, sağ-salamatdı. İnanın, evdə bircə qurtum su da içmədi. Dedi, gördünüz mənə heç nə olmayıb, sağam. İndi geri qayıtmalıyam. İstirahət günlərində belə heç vaxt evə gəlməz, istirahət eləməzdi. Ancaq elə kəndlərə, təhlükəli postlara gedərdi. Neçə ermənini gözümün qabağında vurmuşdu dağın başından. Hansı kənddə səs olardısa, Şikar mütləq ordaydı. Rəisləri vardı, Rəşid Məmmədov, Şikarı göz bəbəyi kimi qoruyardı. Amma Xocalı hadisələrindən sonra onun üzü dönmüşdü. Deyirdi, bizim qızlarımız orda əsirdi, biz niyə burda oturmuşuq?

 

Natəvan xanım da təsdiq edir ki, Xocalıda baş verən qətliamdan sonra Şikarın müharibəyə, insanlara münasibəti dəyişmişdi.

- Anam tez-tez deyirdi ki, bala, deyirlər, döyüşə hamıdan qabaqda gedirsən, bir az özünü geri çək, səni nə zülmlə böyütmüşəm. Anama deyirdi ki, alnıma nə yazılıbsa, o da olacaq. Gedəcəm. Bizim kəndin camaatı elə olurdu ki, günlərlə bayır paltarlarını əyinlərindən çıxarmırdılar. Gecəni də hazırlıqlı, bir gözü açıq yatırdılar. Amma Şikar kəndə gələn kimi hamı əyin-başını dəyişir, hamamlanıb, gecəni rahat yatırdı. Deyirdilər, Şikar gəlibsə, deməli, ölüm qorxusu da yoxdur.

Mənim qadın xeylağı olmağım belə ona toxunurdu. Deyirdi, çıx get Bakıya, qalma burda. Qorxurdu ki, birdən mən də əsir düşərəm. Onun canlara dəyən dostları öləndən sonra Şikarın həyata həvəsi itmişdi. Deyirdi, diri erməniləri qırsaq da, ölən oğullarımızın bircəciyini də əvəz etməz. Onun bir dostu vardı Mirələm. Şikardan sonra şəhid oldu. O, yaralı-yaralı erməniləri qırmışdı. Bir həftə onun meyitini bizimkilərə verməmişdilər.

Şikarın ölümünü ailədə heç kim unamırmış. Həlim, xoşxasiyyət olduğu qədər də döyüşkən, barışmaz bu oğlan düşmənə göz açmağa imkan vermirdi. Hər dəfə əməliyyatlardan evə sağ-salamat dönən ailə ondan yana arxayın idi. Şikarın yaralanmasını və ya ölümünü heç kim ağlına gətirmirdi.

Bir gün bu gözlənilməz hadisə baş verir. Natəvan xanım, yenidən həmin illərə qayıdır. Hiss edirəm ki, cismən bizimlə bir otaqdadır, yaşantı etibarı ilə 1993-cü ilin yayına, indi işğalda olan kəndlərinə gedib çıxıb.

Şikarın sonuncu əməliyyatı Şayaq kəndinə olur. Yenicə əməliyyatdan qayıtsa da, komandir “getmə” əmr etsə də, Şikar əməliyyata gedir və yoldaşları ilə birgə pusquya düşür, başından yaralanır. Heç kimi qorxutmamaq üçün 1 kilo metrdən çox yolu özü geri qayıdır. Ancaq sonradan halı pisləşir, huşunu itirir.  

- İyulun 1-də Şikar növbəti əməliyyatdan qayıtmadı. Narahat oldum. Bizim ev kəndin girəcəyində yerləşirdi. Bir də onda gördüm ki, adamlar harasa yığışıb gedirlər. Bacımın qaynıgilin evinə getdim, qapını döydüm, gəlin çıxdı. Dedim, bu adamlar hara gedirlər, Şikar da əməliyyatdan gəlib çıxmayıb. Gəlin dedi ki, Natəvan qorxma, amma Şikar başından yaralanıb. Dünya başıma fırlandı. Çığıra-çığıra evimizə gəldim. Sən demə, bayaqkı adamlar xəstəxanaya axışırmışlar. Bizim isə heç nədən xəbərimiz yoxdur. Biz xəstəxanaya çatanda kəndin bütün adamları uşaqdan-böyüyə xəstəxananın həyətinə yığılmışdı. Ermənilər rayonu atəşə tutmuşdular. Xəstələri, eləcə də Şikarı xəstəxananın zirzəmisinə aparmışdırlar. Yalvar-yaxar elədim ki, məni onun yanına buraxsınlar. Səssiz olmaq şərti ilə məni buraxdılar. Getdim, gördüm ki, başından yaralanıb. Pambıqla yarasının qanını sildim. Yavaşca gözünün qapağını qaldırdım, gördüm gözünün qarası tərpənmir. Bir iki dəfə Şikar, Şikar dedim, hənir gəlmədi. Onda ağlamağa, çığırmağa başladım. Dedim, Şikar mənim səsimə hay vermirsə, artıq yaşamır. Dedilər, tərpətmə, beyninə qan sızıb, Bakıdan həkim gözləyirik. Amma mən həmin dəqiqədən əlimi Şikardan üzdüm, bildim ki, yaxşı şeylər olmayacaq. Başından snayperlə vurmuşdular. Bakıdan gələn həkimlər onu yoxladılar, dedilər, qəlpə başındadı, tərpətmək olmaz. Ayılandan sonra Bakıya gətirərsiniz.

Mükafat bəy danışır ki, həkimlərə çox yalvarıb-yaxarıblar.

- Əmimlə Bakıdan gələn həkimlərə dedik ki, biz onu Bakıya elə maşınla gətirərik ki, heç nə olmaz. Sən demə, Şikarın öləcəyini bilirmişlər. Bizə bunu açıq aydın deməsələr də Bakıya aparılmağına razı olmadılar. Vertolyot havaya qalxandan on dəqiqə sonra Şikar keçindi.

Natəvan xanım Şikar xəstəxanada qoyub, evlərinə qayıdır. Həyətlərinə girəndə kəndin yaşlı qadınlarını orda əyləşən görür. Nə qədər qorxsa da, son ümiddən, bəlkə sağ qalacaq fikrindən əlini üzmür. Amma bu ümidin ömrü cəmi yarım saat çəkir. Polis maşını böyük bir izdihamla kəndə daxil olur. Şikarın nəşini gətirirlər. Mükafat bəy həmin günün dəhşətlərini yadına salır.

- Şikarın başına ermənilər o vaxtın pulu ilə 500 min rubl pul qoymuşdular. Onlar biləndə ki, Şikar ölüb və onu kənd camaatı dəfn edəcək, həmin gün kəndi atəşə tutdular. Onu düz-əməlli ağlaya da bilmədik. Camaat Şikarın meyitini qoyub getmirdi. Axırda özümüz onlara yalvardıq ki, uşaqlarınızı da götürüb kənddən çıxın, ölüm-itim olmasın. Səhəri gün axşam saat 5-ə qədər gözlədik. Qəbiristanlığı belə top, QRAD atəşinə tuturdular. Qəbirqazan uşaqlar Şikarın qəbrini bir az qazırdılar, atışma başlayan kimi qaçıb yaxınlıqdakı üzümlükdə gizlənirdilər. Həmin gün Şikarı çox çətinliklə dəfn edə bildik. Ondan sonra da köçkün düşdük. O boyda evdən çıxara bildiyimiz yeganə şey Şikarın əsgərlikdən evə gətirdiyi şəkil albomu, bir də onun iki dəst kostyumu oldu.

Söhbətimizin elə bir məqamı gəlib çatır ki, sarsılmamaq, heyfsilənməmək mümkün deyil. Əyləşdiyimiz otaqdan sonrakı qapı açılır, yaşı yetmişi adlamış uzun boylu, ağ saçlı, qara paltarlı bir qadın otağa daxil olur. Şikarın anasının simasındakı kədər otağı bürüyür. Mükafat müəllim ayağa qalxır, ananı divanda əyləşdirir. Yaxınlaşıram, üzündən öpürəm, saçına sığal çəkirəm. O isə hər şeydən xəbərsiz, öz dünyasında yaşayır. Susur, susqun, həzin baxışlarla bizə baxır. Bütün qız uşaqları kimi ailəsinin, qardaşının yasını, ağrısını öz yaralı qəlbində daşıyan Natəvan xanım anasının xəstəliyi, xəstəliyin gətirdiyi fəsadlar haqqında qısa izah verir. Bununla da müharibənin və övlad itkisinin nə demək olduğunu ədəbiyyatdan, filmlərdən, tarixdən yox, həyatdan öyrənib bilirəm, həm də canlı-canlı yaşayıram.

- Anam yaddaşını itirib. Elə bilir ki, Şikar sağdır. Gecələr yuxudan oyanıb deyir ki, yan otaqda Şikarın üstü açıq qalıb, onun üstünü örtün. Hərdən də azaylanır, kövrəlir ki, Şikarın başı əllərdə olsaydı, gəlib məni görərdi, nə isə başı bərk qarışıqdı. 27 ildi anam yatır, durur, deyir bala, Şikar hardadı, Şikar niyə gəlmədi?

Şikar hələ Tulaya hərbi xidmətə getməzdən əvvəl kəndlərindən bir qızı sevirmiş. Anası bu sevgidən xəbərsiz bir gün həmin qızı kəhrizdə görür, deyir bu nə gözəl qızıdır belə. Amma bacısı Natəvan bu sevgidən elə ilk günlərdən xəbərdar olur.

- Anama dedim ki, ana, xoşun gələn qız Şikarın sevdiyi qızdı. Anam sevindi. Şikar bunu xəlvətcə özü mənə demişdi. Qızı kənddən istəyən çox idi, amma o, Şikarı sevirdi. Bir gün qızın ailəsindən bizə xəbər göndərdilər ki, bəs qızı istəyən çoxdur, Şikarın fikri ciddidirsə, elçi göndərsin. Nə qədər elədik, Şikar elçilik söhbətinə razı olmadı. Dedi, müharibədi, ölüm-itim olar, qızı gətirib bədbəxt edərəm. Gözləyək, müharibə qurtarsın, sonra toy edərəm.

Ölümündən 15 gün əvvəl Şikar Bakıya Polis Akademiyasına imtahan vermək üçün gəlir. Həmin ərəfədə sevdiyi qız da Bakıda olur. Onunla görüşüb söhbətləşir, şəkil də çəkdirirlər. Sevdiyi qıza gümüş üzük alan Şikar bacı payı Natəvanı da unutmur, ona bir cüt sırğa da alır.

- Sırğaları mənə verəndə dedi, bilirəm ki, sən sırğa xoşlayansan. Ona görə də üzüyü ona, sırğaları sənə aldım. Mən o sırğaları bu günə qədər də saxlayıram. Amma sevgilisi ilə çəkdirdiyi şəkli Şikar özü görmədi. O qız bir də kəndə 93-cü ilin yanvar ayında Şikarın büstünün açılışında gəldi. Bir qucaq qərənfillə... Qərənfillərin yarısını Şikarın büstünə qoydu, yarısını da qəbrinin üstünə səpdi. Onun qəbrinin üstündə mənə dedi ki, Natəvan, kaş bircə həftə Şikarla evli olaydım, ondan sonra şəhid olardı. Məzarlıqdan gələndə qız Şikarla çəkdirdiyi şəkli çantasından çıxarıb, mənə verdi. Şəkil haqqında bircə mən bilirdim, elə ailədən ilk görən də mən oldum. Sonra o qız başqası ilə ailə qurdu. Ona görə biz onun şəkilini Şikarın şəkilindən ayırdıq. Şikar haqqında gedən çəkilişlərdə həmin şəkil çox yayımlandı.

Anam onda qıza dedi ki, bala, mənim oğlum daha həyatda yoxdu, kimə versələr, get. Qız üç ildən sonra ailə qurdu. Getdim gördüm bacım ağlayır ki, “qardaş, sənin toyun qapılarda çalındı...”

Şikardan yadigar qalan son alboma, ordakı şəkillərə göz gəzdirirəm, bəzilərini telefonun yaddaşına köçürürəm. Onun doğmaları ilə sağollaşıb çıxanda Şikarın anası baxışlarındakı işıqla məni qapıdan yola salır. Gözlərini Şikarın bir də heç vaxt gəlməyəcəyi yollara dikir. Həsrət və nigaranlıqla...

# 11111
avatar

Samirə Əşrəf

Oxşar yazılar