Zeyno Baran: “Metyu ruslardan da çox içir, anasına pul göndərir...” - SÖHBƏT
28 iyun 2011 11:55 (UTC +04:00)

Zeyno Baran: “Metyu ruslardan da çox içir, anasına pul göndərir...” - SÖHBƏT

Qonaq: Zeyno Baran
Qarşılayan: Günel Mövlud


Bu səhər yeməyində qonağım elə gözəl və elə xoşxasiyyət bir xanımdır ki, uzun girişə vaxt itirmək istəmirəm. Amerikanın Azərbaycandakı səfiri Metyu Brayzanın xanımı, türk qızı türk Zeyno Barana zəng eləyib, səhər yeməyinə dəvət eləyəndə, əslində dəvətimi qəbul eləyəcəyinə ümidim yox idi. Amma xəttin o tayındakı xoş və incə səs yaxın günlərin proqramını nəzərdən keçirib, vaxtı dəqiqləşdirəcəyini deyəndə, özümü səfir xanımı ilə ciddi-ciddi səhər yeməyinə hazırladım.

Bir neçə gündən sonra bir də zəngləşdik: Zeyno xanım üzrxahlıq eləyib, Amerikadan qayınanasının gəldiyini, bu günlərdə ona vaxt ayırmaq istədiyini deyəndə, ağlıma gələn fikir həm qonağıma verdiyi sözə əməl etməyə kömək elədi, həm də bizim səhər yeməyimizə rəng qatmış oldu:

- Zeyno xanım, daha gözəl, Siz qayınananızı da səhər yeməyinə gətirin.

Qonağım qayınanası ilə razılaşdı, Metyu Brayzanın ölkəmizdə qonaq olan anası “Travelers Coffee”də, azərbaycanlı jurnalistlə səhər yeməyinə razı oldu və elə səhəri gün mən qonaqlarımı kafenin yaxınlığında qarşılayıb, “hadisə yerinə” apardım. Zeyno xanım onsuz da özümüzünküdür, ölkədə tez-tez, müxtəlif tədbirlərdə rast gələ biləcəyimiz ictimai xadimdir, odur ki, mən əsas diqqətimi Metyu Brayzanın anasının, xanım Vandanın üzərində cəmlədim: daima gülümsəyən, geyimindən və aksessuarlarından hələ nə qədər həyat dolu, şən insan olduğu bəlli olan bir xanımdı. Elə ilk dəqiqələrdən də gəlin-qayınananın arasında Azərbaycan insanına təəccüblü gələn bir mehribanlıq, dostluq hiss elədim.

Söhbətimizə elə Zeyno xanım özü başladı:

- Qayınvalidəm Bakını çox bəyəndi. Bir neçə gündür buradayıq, axşam yeməyi dəvətlərindən vaxt taranda, şəhəri gəzirik, baxdıqca heyran qalır. Uzaqdan baxanda Azərbaycan hələ inkişaf eləmiş bir ölkə kimi gəlmir adama. Amma Bakıya çatan kimi bu təsəvvür tamamilə dağılır.

Qayınvalidə gəlinin dediklərini ingiliscə təkrarlayır və Bakıya heyranlığını bir də özü ifadə eləyir. Kafenin pəncərəsindən görünən, xanımın isə ilk dəfə gördüyü “Torqovı” da onun çox xoşuna gəlib və elə bir gözü də küçədə, küçədən keçən geyimli-kecimli adamlardadır.

- Mən də həmişə Azərbaycanın bir petrol ölkəsi kimi tanınmağına heyfsilənirəm. Axı hər şeyi bir kənara buraxaq, bu ölkə təhsil və mədəniyyət tikililəri ilə doludur. Bakıda addımbaşı adamın qarşısına ya bir universitet ya bir teatr çıxır...

- Doğrudur. Heyf ki, biz bura gəldiyimizdən bəri bircə dəfə, Rus Dram Teatrına gedə bilmişik. Bayaq dediyim kimi, dəvətlər, tədbirlər elə çoxdu ki. Bunlardan da vaxt qalanda, istəyirəm həmin vaxtı uşağımla keçirim.

Ofisiantımız yaxınlaşır və gəlin-qayınana menyuya uzun-uzadı baxaraq, mənimlə və bir-biri ilə məsləhətləşərək, yeməkləri və içkiləri incələyərək, səhər yeməyini seçirlər. Onların bu həvəsi elə xoşuma gəlir ki, gülümsəyərək qonaqlarımı müşahidə eləyirəm: hələ səhər yeməyinə belə iştaha və həvəslə gələn qonağım olmayıb...

Mən sifarişimi tezcə demişəm, menyuya baxmadığımı görən xanım Vanda mənim yemək yeməyəcəyimi düşünür və gəlinindən niyə onlara qoşulmadığımı soruşur. Zeyno xanım qayınanasını arxayınlaşdırır və özlərinin də seçimləri bitəndən sonra, üzrxahlıq eləyir:

- Bağışlayın, bir az uzun çəkdi.

Gülümsəyirəm:

- Buyurun, Zeyno xanım. Əksinə, çox xoşdur. Adətən qonaqlarım ya yeyib gəlir, ya da həvəssiz yeyirlər. Odur ki, belə iştahalı qonaqlar görəndə, ürəyim açıldı.

Qonağım xanım Vanda üçün tərcümə eləyir. Xanım Vandanın isə cavabı çox sadə olur:

- Bu necə ola bilər? Axı qonaq yeməsə, siz də ac qalarsınız. Yəqin ki, siz də özünüzü onunla yeməyə hazırlayaraq, ac gəlirsiniz...

- Elədir, amma qonaqlarımı səhərlər yedirməkdə hələ ki, çətinlik çəkirəm. Xüsusilə, qonağım xanımlar olanda. Səbəbini hələ tara bilmədiyim bir gərginlik olur aramızda.

Şərh Zeyno xanımdan gəlir:

- Maraqlıdır, niyə belədir? Biz də burada daha çox xanımlarla çalışırıq. Hər zaman da toplantılarda, tədbirlərdə arzuladığım o qadın bircəliyini görə bilmirəm. Əslində, Türkiyədə də vəziyyət fərqli deyil. Ortaq problemlərimizdən biri də budur.

- Sizin Azərbaycana gəldiyiniz bir il varmı?

- Yox, dörd aydır. Amma mən uzun illərdir ki, Azərbaycana gəlib-gedirəm.

- Heç təəccübləndiyiniz bir şey oldumu? Böyük məsələlərdən tutmuş, xırda şeylərə qədər...

- Mən Azərbaycanın ötən əsrin əvvəllərindəki ictimai-siyasi həyatını yaxşı oxumuşam. Xüsusilə, o illərdə qadınların ictimai-siyasi həyatdakı fəallığı barədə. Həmişə düşünürdüm ki, aradan bu qədər vaxt keçəndən sonra, yəqin ki, Azərbaycan qadınları daha çox inkişaf edib. Təəssüf ki, bunu görmədim və buna çaşdım. Hətta demək olar ki, geriləmə gördüm. Qız uşaqlarının məktəbdən çıxarıldığını, qadınların işləməklə bağlı problemlərinin olduğunu gördüm.

- Düzdü, xüsusilə qız uşaqlarının oxumağı problemi ildən-ilə kəskinləşir. İndi bizim də bir Türkan Saylana ehtiyacımız var.

- Bu hər kəsin, xüsusilə təsir gücünə malik adamların da problemi olmalıdır. Bu problemi hər kəs əl-ələ verib, həll eləməlidir. Bizim Türkiyədə dəstək verdiyimiz layihələrdən biri də Türkan Saylanın layihəsi idi. Hətta Metyu ilə mən evlənəndə, bəyan eləmişdik ki, heç kim bizə toy hədiyyəsi gətirməsin, əvəzində Türkan Saylanın fonduna nəsə bağışlasın...

Üç iştahalı xanımın söhbəti də yemək həvəsindən geri qalmır. Zeyno xanım həm də jurnalistlərə rəğbəti olan xanımlardandır və bu təəccüblü deyil. Axı o jurnalist Ahmet Uran Baranın və jurnalist Füsun Arsanın qızıdır. Yəni jurnalist çevrəsində böyüyüb. Odur ki, rahatlıqla Azərbaycandan, yerli mətbəximizə tez alışıb sevməyindən, qayınanasının Bakıya gələndən sonra buradakı qadınların çox qəşəng geyinmələrinə, baxımlı olmalarına təəccübləndiyindən danışır...

Yeməklərimiz, çaylarımız bir ucdan gəlir və söhbətimiz olduqca rahat keçir.

- Zeyno xanım, Metyu bəylə evlənəndə ailələriniz “əcnəbi gəlin”, “əcnəbi kürəkən” problemi yaşadımı? Axı, nə qədər də olsa, amerikalılar və türklər olduqca fərqli mədəniyyətlərə sahib xalqlardı.

- Yox, heç belə bir problemimiz olmadı. Biz Metyu ilə evlənənə qədər on ili idi ki, bir-birimiz tanıyır və görüşürdük. Artıq ailələrimiz də tanış olmuşdu, anamla qayınanam çox yaxşı rəfiqə olmuşdular. Bir-birimizin ölkələrinin mədəniyyətləri, ənənələri ilə tanış olmuşduq. Bilirsiniz, xırdalıqlarda fərqli nələrsə ola bilər, amma əsas məsələlərdə biz oxşarıq. Amerika ancaq filmlərdə gördüyümüz sərbəst münasibətlər, soyuq davranışlar deyil. Orada da ailə kultu çox güclüdür, orada da insanlar həssasdı. Böyük insani dəyərlər hər yerdə eynidi. Odur ki, biz də evlənəndə də heç bir problem yaşamadıq.

- On il...çox maraqlıdır. Bir qadın bir kişini on il gözləyə bilərmi? Niyə bu qədər gözlədiniz evlənmək üçün?

Gülür:

- Vallah, qohumlarım da mənə bu sualı verirdi. “Niyə evlənmirsiz? Nə gözləyirsiz? Bu adam səni almayacaq...” deyirdilər. Mənsə sakitcə deyirdim ki, niyə elə düşünürsüz, bəlkə də heç mən onu almayacam? Əslində, elə bir xüsusi səbəb yox idi. Sadəcə, hələ dünyaya uşaq gətirmək fikrimiz yox idi, işlərimiz vardı və tələsməyimiz üçün bir səbəb yox idi. İkimiz də çox işgüzar, iş həyatı ilə yaşayan adamlardıq. Evlənənə, Maya doğulana qədər məni səhər saat səkkizdən axşam saat səkkizə qədər işləyən biri kimi tanıyırdılar. Əyləncə, istirahət, rəfiqələrimlə heç olmasa bir çay süfrəsində oturmaq kimi şeylər mənə yad idi. Bunların hamısını indi-indi özümə icazə verirəm.

- Niyə qızınıza məhz Maya adını seçdiniz?

- Maya həm beynəlxalq addır, hər ölkədə Maya adlı xanımlar var. Həm qədim Hind mədəniyyəti ilə bağlıdır, həm qədim bir Mayya mədəniyyəti var. Ekzotizmi çoxdur. Ağlıma da başqa cazibədar ad gəlmədi. Metyu “Qızımızın adı barədə nə fikirləşirsən?” –soruşanda, ilk ağlıma gələn “Maya” oldu. O da həmən razı oldu. Yəni bircə dəqiqədə verilmiş qərardı.

- Zeyno xanım, ikiniz də fərqli dinlərə etiqad edən ölkələrdə böyümüsünüz. Evlənəndə din məsələsində necə razılığa gəldiniz?

- Metyunun ailəsi və özü katolikdir. Mənsə inanclı müsəlmanam. Evlənəndə də hər kəs öz dinində qaldı.

- Bəs qızınız? O hansı dinə etiqad edəcək?

- Vallah, biz ona hər iki dini öyrədəcəyik. Hətta hər iki dini deyil, başqa dinləri də öyrədəcəyik. Mənim bütün dinlərə hörmətim eynidir. Bütün dinlər eyni gözəl şeyləri öyrədir insanlara. Maya da böyüyəndə hansı dinə etiqad etmək istərsə, mən o onun qərarına hörmət edəcəm.

- Bəs, ateist olsa? Bu qərara da hörmət edəcəksiniz?

- Bilisiniz, Metyu da, mən də çox inanclıyıq. Belə ailədə böyüyən uşağın ateist olacağını düşünmürəm. Amma işdi, olacaqsa, mən bu qərarına da hörmət edəcəm.

- Xanım Vandanın birinci nəvəsidir Maya?

- Yox, Mayaya qədər qayınvalidəmin üç nəvəsi, yəni baldızlarımın uşaqları vardı. Amma o nəvələri çox böyükdür, iyirmi, iyirmi bir yaşında uşaqlardı. Odu ki, Maya ailədə yeni körpə, yeni həyəcan oldu.

- Qayınvalidəniz Amerikada nə işlə məşğul olur?

- Əslində təqaüdçüdür. Amma uşaqlarla, uşaq problemləri ilə bağlı qurumlarla əməkdaşlıq edir. Könüllü işlədiyi də olur, pul qazandığı layihələr də. Onun öz həyatı, öz işləri var. Çox həyatsevərdi, fəaldı, macəraya, səyahətə açıqdı.

Sonra söhbətimizi ingiliscəyə çevirir və xanım Vanda da həvəslə öz həyatından, işlərindən danışır. Bu arada məlum olur ki, xanım Kerol on il əvvəl bir filmə də çəkilib. Bir film şirkətinə özü barədə məlumat və şəkillərini göndərib. Film şirkəti də bir müddətdən sonra onu xırda rola çəkib. Xanım Vanda bu məsələni çox işıqlı, gözəl hadisə kimi xatırlayaraq, filmə çəkilən məşhur aktyorlardan, çəkiliş meydançasında onlarla danışmağa icazə olmasa da, yanlarında dayana bildiyindən, birgünlük ulduz həyatı yaşadığından danışır.

Bu arada mənim ağlıma ancaq azərbaycanlı jurnalistin soruşa biləcəyi bir sual gəlir:

- Zeyno xanım, bizdə qürbətdə işləyən oğul mütləq anasına pul göndərir. Amerikada da belə bir şey varmı? Yəni Metyu bəy də anasına pul göndərirmi?

Gülür:

- Əlbəttə. Düzdü, qayınvalidəmin təqaüdü var, özü də azdan-çoxdan qazanır, amma Metyu da ona həmişə pul göndərir. Yəni həmişə ailəsinə kömək eləyir. Bayaq dediyim kimi, amerikalılarla bizim fərqimiz çox azdı.

- Həyat yoldaşınız deyəsən, həm də siyasətçi tipindən uzaq biridi. Müsahibələrini oxuyanda, efirdə görəndə adam düşünür ki, onda daha çox yaradıcı adam xisləti var...

- Doğrudur. Metyu heç ifrat rəsmi, qaraqabaq siyasətçi tipi deyil. Açıqdır, zarafatcıldır, deyib-güləndir. Sizinlə mənim kimi sadə biridir. Xüsusilə jurnalistlərlə mehribandı. Həmişə çalışır ki, müsahibə, münasibət üçün müraciət edən jurnalisti geri çevirməsin. “Jurnalist səndən nəsə soruşursa, cavab verməlisən” - deyir.

Fotoqrafımız gələndə Zeyno xanım ona xüsusi diqqət ayırır, mehribanlıqla salamlaşır, masaya dəvət eləyir. Xanım Vanda isə özünə əl gəzdirəndən sonra gəlininə də şəkildə gözəl düşmək üçün pomada çəkməyini məsləhət görür.

Söhbətimizin sonuna yaxın “Travelers Coffee”nin menyusuna təzəcə daxil olan “moxito” kokteyllərindən içməyi təklif eləyirəm. Zeyno xanımı arxayınlaşdırıram ki, kokteyl spirtsizdi. Razılaşırıq və adama bir dənə “Moxito” götürüb, meyvəli, buzlu, nanəli, spirtsiz içkini dadını çıxarırıq. “Moxito”nun əslində spirtlə necə dadlı olduğunu deyəndə, Zeyno xanım qətiyyən spirtli içki içmədiyini deyir.

- Bəs, Metyu bəy? O da spirtli içki içmir?

- Yoox, o içir. Həm də içkiyə çox dözümlüdür. Bilirsiniz, rusların nə qədər çox içməyi dünyada çox məşhur söhbətdir. Metyu isə ruslardan da çox içə bilir. Onun da əsli polyakdır axı. (Gülür) Və Metyu da bütün kişilər kimi, çox içə bilməyi, içkiyə çox dözümlü olduğu ilə də fəxr eləyir. Demək olar ki, sərxoş olduğunu görməmişik.

Söhbətimizi yekunlaşdırırıq. Mənim vaxtım bol olsa da, Zeyno xanım Mayanın yanına tələsir. Deyir ki, Mayanın dayəsi də ingilisdilli olduğu üçün, onunla özü də vaxt keçirmək, danışmaq istəyir. Maya dil açanda iki dildə, türk və ingilis dilində danışa bilsin deyə...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8431
avatar

Günel Mövlud

Oxşar yazılar