Yeni pandemiya yenidən Çindən gələcək?  – İnsan sağlamlığını təhdid edən 36 yeni virus
17 sentyabr 2024 17:06 (UTC +04:00)

Yeni pandemiya yenidən Çindən gələcək? – İnsan sağlamlığını təhdid edən 36 yeni virus

Çində xəz fermalarından götürülmüş nümunələrin hərtərəfli tədqiqi alimləri narahat edib. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Uppsala Universitetindən tədqiqatçı Con Pettersson da daxil olmaqla beynəlxalq qrup 2021-2024-cü illər arasında ölmüş 461 heyvanın ağciyər və bağırsaq nümunələrini araşdırıb. Bu müayinədə 125 virus aşkar edilərkən, onlardan 36-sı elm aləmində heç vaxt məlum olmayan yeni viruslar kimi qeydə alınıb.

Müxtəlif növlər ümumi viruslara sahib olur

Araşdırmaya görə, mink, dovşan, tülkü və yenot itləri kimi heyvanlarda dolaşan bu viruslar arasında xüsusilə 39 virus növü insanlara keçmə riski daşıyır. Pettersson bildirir ki, müxtəlif  heyvan növləri arasında yayıla bilən viruslar daha təhlükəli ola bilər: “Bu viruslar birdən çox növə yoluxma qabiliyyətini göstərdikdə, daha sürətli təkamül edərək yeni növlərə, hətta insanlara da yayılma potensialına malikdir”. 

Xəz təsərrüfatlarından toplanan nümunələrdə çoxlu müxtəlif virus ailələri aşkar edilib. Bu viruslara “quş qripi” və yeddi növ koronavirus daxil olsa da, SARS-CoV-2 ilə birbaşa əlaqəli heç bir virus aşkar edilməyib. Bununla belə virusların, xüsusilə paramiksovirusların (qızılca və parotit virusları) növlər arasında keçid qabiliyyətinin diqqətəlayiq olduğu qeyd edilib.

Riskə ən həssas heyvan: Yenot itləri

Araşdırmanın ən təəccüblü tapıntılarından biri yenot itlərinin digər heyvanlarla müqayisədə ən çox virus riski daşıyan növlər olmasıdır. Bu heyvanların 10 müxtəlif yüksək riskli virus daşıyıcısı olduğu müəyyən edilib. Yenot itləri Asiyada yaşayan tülküyə bənzər kiçik itlərdir və adlarını üzlərindəki oxşar işarələrdən alırlar.

Xəz fermaları üçün XƏBƏRDARLIQ

Bu tapıntılar işığında tədqiqat qrupu bildirir ki, xəz təsərrüfatlarında müntəzəm və şəffaf monitorinq sistemi qurulmalıdır. Xüsusilə Çin kimi böyük xəz istehsal edən ölkələrdə bu cür virusların insanlara keçmə riskinə qarşı daha sərt tədbirlər görülməli olduğu vurğulanır. Bununla belə, Pettersson qeyd edir ki, bu cür tədbirlərin həyata keçirilməsi baha başa gələcək: “Belə sınaqların və logistikanın qiyməti yüksək ola bilər ki, bu da həyata keçirməkdə çətinliklər yaradacaq”.

Araşdırmalar nəticəsində yüksək riskli olduğu müəyyən edilən 39 virusdan 11-nin zoonoz olduğu, yəni daha əvvəl insanlarda görüldüyü müəyyən edilib.

Bu viruslara Hepatit E və Yapon ensefaliti kimi xəstəliklərə səbəb olan viruslar daxildir. Bundan əlavə, 13 tamamilə yeni yüksək riskli virusun gələcəkdə mümkün epidemiyalara səbəb olacağı düşünülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2472
avatar

Oxşar yazılar