Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Kamran Salayev uşaqlardakı epilepsiya xəstəlikləri ilə bağlı müsahibə verib.
Lent.az onunla müsahibəni təqdim edir:
- Kamran müəllim, uşaqlarda epilepsiyanın yaranma səbəbi nədir, genetik faktor burada nə dərəcədə rol oynayır?
- Uşaqlarda qıcolmaların və ya epilepsiyaların səbəbi müxtəlifdir. Bunlara genetik səbəblər, baş zədələri, beyin və onun örtüklərinin infeksiyaları, beyinə oksigen çatışmazlığı və digər səbəblər aiddir. Səbəbi tapmaq üçün epilepsiyanın sidromunu müəyyən etmək və neyroradioloji müayinənin nəticələri vacibdir.
Bir çox uşaqlıq dövrə aid olan epilepsiya sindromları xoşxassəli xarakter daşıyır, yəni onlar yetkinlik yaşına qədər davam etmir, uşağın inkişafı və intellekti adətən normal olur. Bu sindromların səbəbi genetik amillərə bağlıdır.
Tutmaların proqnozu yalnız qismən onların səbəbindən asılıdır. Məsələn, iki uşaq eyni bakteriyaya yoluxa bilər və hər ikisində menengit, beyin və onurğa beynini əhatə edən qışanın infeksiyası var. Bir uşaq ağır epilepsiya ilə qalır, digər uşaq isə heç vaxt qıcolma keçirmir. Fərqli nəticələri necə izah etmək olar? Bu tam aydın deyil. Burda genetik (irsi) amillər və infeksiyanın xüsusiyyətləri rol oynaya bilər.
Epileptik tutma hər bir insanda baş verə bilər. Lakin nəticə etibarı ilə kimdə epilepsiya yaranacaq, kimdə yaranmayacaq, bir çox məlum və hələ də məlum olmayan amillərin bir-birinə təsir etməsindən asılıdır.
- Uşaqlarda epilepsiya hansı yaşda müşahidə edilir və əlamətləri nədir?
- Təəssüf ki, tutmanı tanımaq həmişə asan olmur. Bütün tutmalar konvulsiyalar ilə (qeyri-adi əzələ hərəkətləri) müşayiət olmur. Uşaq sadəcə donub bir nöqtəyə baxır və ya müraciətə əhəmiyyət verməyən kimi görünə bilər. Tutma ancaq bir neçə saniyə çəkə bilər. Bundan sonra uşağın beyni normal vəziyyətinə qayıdacaq. Zaman keçdikcə, tutmalar davam edərsə, vəziyyət daha ciddi həddə gələndə valideyn onu hiss edə bilər.
Yenidoğulmuş uşaqlarda və körpələrdə tutmaları tanımaq xüsusilə çətindir, çünki onlar sizə necə hiss etdiklərini deyə bilməzlər. Onların hərəkətləri də çox vaxt məqsədsiz kimi görünür və arada epileptik tutmanı görüb tanımaya bilərlər.
Valideynlər, müəllimlər və uşaqlara qulluq edən digər böyüklər epilepsiya əlamətlərinin nə olduğunu bilməlidirlər. Bu əlamətlərin bir çoxunun uşaqlıq dövründə normal davranış olduğunu qeyd etmək vacibdir. Lakin həmin əlamətlər tez-tez baş verərsə və qeyri-adi görünürsə, həkimə müraciət etməyə dəyər.
Hər epileptik tutma epilepsiya xəstəliyi deyil. Yüksək hərarət və müəyyən xəstəliklər də tutmalara səbəb ola bilər, ona görə düzgün və dəqiq diaqnoz qoymaq üçün çalışmaq lazımdır. Məsələn:
• Qısa diqqət pozulması, çaşqın davranış, yaddaş boşluqları, donub qalma;
• Ani yıxılma və tez-tez büdrəmə;
• Sürətli səksənmə kimi təkrarlanan, qeyri-adi hərəkətlər;
• Ani mədə ağrısı, ardınca qarışıqlıq və yuxululuq;
• Qeyri-adi yuxululuq;
• Əşyaların görünüşü, səsi, dadı, qoxusu dəyişirsə və ya "gülməli"; hiss etdiyinə dair tez-tez şikayətlər
• Qəfil, təkrarlanan qorxu və ya qəzəb
Yuxarıda göstərilən əlamətlərdən hansısa birinin təkrar-təkrar baş verdiyini görsəniz, həkiminizə məlumat verin. Uşağınız məktəbdədirsə, müəllimlərdən eyni davranışlardan hansısa birini görüb-görmədiklərini soruşmalısınız.
- Epilepsiyanı qızdırmalı qıcolmalardan necə ayırd etmək olar?
- Febril tutmalar 6 aylıqdan 6 yaşa qədər uşaqların 2-4 faizində baş verir. Onlara baxmaq qorxulu ola bilər, lakin febril tutmalar beyinə zərər vermir və zəkaya təsir etmir. Febril qıcolmanın olması uşaqda epilepsiya olması demək deyil. Epilepsiya qızdırma olmadan iki və ya daha çox tutmanın olması kimi müəyyən edilir.
- Absans epilepsiyası nədir, əlamətlərinə nələr daxildir?
- Uşaq absans epilepsiyası (CAE) kiçik uşaqlarda başlayan absans tutmalarla müşayiət olunan epilepsiya sindromudur. Absans tutması zamanı uşaq donub boş baxır, ətrafdan xəbərsiz qalır, reaksiya vermir. Uşağın gözləri qısa müddətə yuxarı gedə bilər və ya göz qapaqları qırpıla bilər. Bəzi uşaqlarda ağız çeynəmə kimi təkrarlanan hərəkətlər olur. Hər bir qıcolma təxminən 10 saniyə davam edir və qəfil bitir. Uşaq tutmadan dərhal sonra normal fəaliyyətinə davam edir və tez-tez tutmanın baş verdiyini bilmir.
Tez-tez absans tutmaları olan uşaqlarda öyrənmə çətinliyi ola bilər, baxmayaraq ki, uşaqlar adətən normal inkişaf edir. Bəzi uşaqlarda diqqət, konsentrasiya və yaddaş problemləri də var.
Səbəb genetikdir. Lakin uşaqların əksəriyyətində spesifik epilepsiya genləri üçün aparılan testlərdə nəticələr neqativ olur (yəni, gen tapılmır). Beynin kompüter tomoqrafiyası və MRT skanları normaldır. Diaqnoz üçün EEQ (elektroensefaloqramma) aparılır və spesifik epileptik dalğalar göstərir.
- Uşaqlarda epilepsiya xəstəliyi müalicə olunurmu?
- Tutmaları kontrol etmək üçün istifadə edilən dərmanlara antiepileptik dərmanlar (AED) deyilir. Uşağa epilepsiya diaqnozu qoyulduqdan sonra AED ilə edib-etməmək qərarı vermək üçün potensial risk və faydalarına dəyərləndirmək vacibdir.
AED-lər epilepsiya xəstələrinin təxminən 70%-i üçün effektiv olur (təbii ki, düzgün dərmanı və ya dərman kombinasiyasını tapmaq üçün vaxt lazım ola bilər). Bir neçə dərman tutmaları kontrol edə bilmirsə, müalicə üçün digər variantlar nəzərdən keçirilə bilər. Məsələn: cərrahiyyə, vagus sinirinin stimullaşdırılması, pəhriz.
- Epilepsiyalı uşaqların valideynləri nələri bilməlidirlər?
- Valideynlər ən çox dərmanların nizamlı şəkildə qəbul olunmasına nəzarət etməlidirlər. Tutmaların səbəblərdən biri məhz dərmanın buraxılması və ya özbaşına dayandırılmasıdır. Digər vacib amil yuxudur. Uşaq yetərli qədər yuxu almalıdır, yuxu rejiminə ciddi nəzarət olunmalıdır. Yuxusuz qalan epilepsiya xəstələrində tutma ehtimalı yüksəlir. Televizor, telefon və digər vasitələrdən istifadə nəzarət altında olmalıdır.