Səhər yeməyinin əhəmiyyəti araşdırmalarla təsdiqlənib. Həkimlər və dietoloqlar gündəlik balanslaşdırılmış səhər yeməyi sağlamlığı yaxşılaşdırdığını və normal fiquranın saxlanmasına kömək etdiyini sübuta yetiriblər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, eyni zamanda, alimlər səhər yeməyinin ömrü uzatdığını irəli sürüblər.
Braziliyanın San-Paulu Dövlət Universitetinin alimləri müəyyən ediblər ki, səhər yeməyini atlayan və yatmazdan əvvəl axşam yeməyi yeyənlərin infarktdan ölmək riski artıb.
Tədqiqata elektrokardioqrammada (STEMI) ST seqmentli miokard infarktı diaqnozu qoyulmuş, orta yaşı 60 olan 113 xəstə iştirak edib. İştirakçılardan səhər səhər yeməyi yeyib-yemədikləri və yatmağa yaxın (yatmazdan iki saat əvvəl) qida qəbul edib-etmədikləri soruşulub. Məlum olub ki, könüllülərin 58%-i səhər yeməyini atlayıb, 51%-i axşam yeməyini gec yeyib, 41%-i isə hər iki vərdişə sadiq qalıb.
Mütəxəssislər qeyd ediblər ki, bu vərdişlərin hər ikisinə əməl edən insanlarda xəstəxanadan çıxdıqdan sonra ilk 30 gün ərzində ölüm, təkrar infarkt və stenokardiya riski 4-5 dəfə artıb.
Tədqiqatçılar vurğulayıblar ki, STEMI olan hər beş xəstədən biri bir il ərzində öləcək və düzgün qidalanma xəstənin sağlamlıq proqnozunu yaxşılaşdırmaq üçün effektiv üsuldur.
Yemək və yuxu arasında ən azı iki saat fasilə saxlamaq tövsiyə olunur və səhər yeməyində istehlak edilən ümumi kalorilərin 15-35% -ni təşkil edən süd məhsulları, karbohidratlar və meyvələr olmalıdır.