Böyük Britaniyada pub meneceri kimi çalışan Aleks Lyuis adi mövsümi qrip hesab etdiyi ilkin əlamətlərdən sonra ölüm təhlükəsi ilə üz-üzə qalıb. Əzələ ağrısı, öskürək və yüksək hərarət onda ciddi narahatlıq yaratmasa da, cəmi on gün ərzində vəziyyəti kəskin pisləşib və ağır nəticələrə səbəb olub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 2013-cü ilin noyabrında Aleks Lyuis xəstəxanaya son dərəcə ağır vəziyyətdə çatdırılıb. O, şüurun pozulması və dəri rənginin dəyişməsi kimi ciddi əlamətlərlə reanimasiyaya yerləşdirilib. Həkimlər səbəbin A qrup streptokok bakteriyası olduğunu müəyyən ediblər.
Bu bakteriya geniş yayılmış olsa da, nadir hallarda toksik şok və sepsisə səbəb ola bilir. Məhz həmin hadisədə də belə olub. Həkimlər Lyuisin sağ qalma şansını minimum qiymətləndiriblər, növbəti üç gün ərzində yaşamaq ehtimalı cəmi 1 faiz olub.
İnfeksiyanın yayılmasının qarşısını almaq və həyatını xilas etmək üçün həkimlər ən ağır qərarı verməli olublar. Aleksin hər iki qolu və hər iki ayağı amputasiya edilib, çünki toxumalar geri dönməz şəkildə zədələnmişdi. İnfeksiya üz nahiyəsinə də təsir göstərdiyindən, ona mürəkkəb rekonstruktiv əməliyyat lazım olub. Uzun müddət ərzində həyati funksiyaları tibbi cihazların köməyi ilə dəstəklənib.
Ağır proqnozlara və əlilliyə baxmayaraq, Aleks Lyuis sağ qala bilib və həyatında yeni bir mərhələyə başlayıb. Zamanla o, motivasiya spikeri olub, ekstremal idmanla məşğul olmağa başlayıb və xeyriyyə fondu yaradıb. Müasir protezlərdən istifadə edən Lyuis aktiv şəkildə səyahət edir və idman layihələrində iştirak edir.
2026-cı ildə isə o, ALNAR adlı unikal ekspedisiyada iştirak etməyi planlaşdırır. Layihə Şimali Atlantik okeanını komanda tərkibində okean avarçəkmə qayığı ilə keçməkdən ibarətdir. Bu ekspedisiya ağır fiziki məhdudiyyətləri olan bir insan üçün dünyada ilk belə nailiyyət ola bilər. Aleks hekayəsini sosial şəbəkələrdə paylaşaraq minlərlə insana ən çətin vəziyyətlərdə belə təslim olmamağı aşılayır.