Banqladeşdə qızılca epidemiyası davam edir və son 24 saat ərzində daha dörd uşaq həyatını itirib və bununla da ölənlərin sayı 712-yə çatıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, son gündə 941 yeni şübhəli yoluxma halı aşkar edilib və şübhəli halların ümumi sayı 99.207-yə çatıb. Epidemiyanın qarşısının alınması üçün peyvənd kampaniyası davam edir.

Banqladeş Səhiyyə Nazirliyinin Səhiyyə xidmətləri baş müdirliyinin açıqlamasına görə, aprelin 10-dan bəri qızılca şübhəsi ilə xəstəxanaya yerləşdirilmiş insanların sayı 82.844-ə çatıb. Onlardan 79.152 nəfəri müalicədən sonra evə buraxılıb.
Banqladeş hökuməti, qızılca xəstəliyindən şübhələnilərək çoxsaylı uşaqların ölməsindən sonra, aprelin 7-də ölkə miqyasında təcili peyvənd kampaniyasına başlamaq qərarına gəlib. Pnevmoniya və ensefalopatiya kimi ciddi fəsadlara səbəb ola bilən qızılca, dünyada peyvəndlə qarşısı alına bilən ölümlərin əsas səbəblərindən biridir.