Bu mutasiyaya uğramış virus ölüm riski də daxil olmaqla ciddi fəsadlarla əlaqələndirilir.
Avropada mutasiyaya uğramış meymunçiçəyi ştammına yoluxma hallarında kəskin artım qeydə alınıb.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, 1b klade kimi tanınan bu variant 2022-ci ildə qlobal epidemiyaya səbəb olandan daha yoluxucu hesab olunur.
Avqust ayının sonundan bəri İspaniya, Hollandiya, İtaliya və Portuqaliyada bu ştammın ən azı 46 halı qeydə alınıb. Müqayisə üçün, təxminən iki il əvvəl bölgədə cəmi 29 hal qeydə alınmışdı.
Vəziyyət Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üçün narahatlıq doğurur, çünki ilk dəfə Konqo Demokratik Respublikasında ortaya çıxan virus Afrikaya səyahət etməyən və ya yoluxmuş şəxslərlə təsdiqlənmiş təması olmayan insanlar arasında getdikcə daha çox yayılır.
ÜST məsləhətçisi İoannis Karaqiannis ailələr daxil olmaqla ən azı 14 yeni hadisənin yerli ötürülmənin nəticəsi olduğu təsdiqlənib.
"Biz səyahət tarixçəsi olmayan insanlar, eləcə də kişilərlə cinsi əlaqədə olan kişilər arasında yerli yayılmanı sənədləşdiririk", - Karaqiannis qeyd edib.
Yoluxmuş şəxslərdən üçünün yoluxmuş heç kimlə təsdiqlənmiş təması olmayıb və bu da yoluxma yolunu izləməyi çətinləşdirir. Virus ştammı yaxın fiziki təmas yolu ilə, əksər hallarda cinsi əlaqə zamanı ötürülür.
Clade 1b ştammı xəstəliyin daha ağır gedişatına, o cümlədən qızdırma, şiddətli ağrı, irinli suluqlarla səpgi və bəzi hallarda ölümə səbəb ola bilər. Bu ştamm hamilə qadınlarda düşük riski də daxil olmaqla ciddi ağırlaşmalarla əlaqələndirilir.
Əksər Avropa ölkələrində və Böyük Britaniyada iki dozalı peyvənd aşağıdakılar üçün tövsiyə olunur:
* homoseksual kişilər;
* yüksək riskli şəraitdə çalışan səhiyyə işçiləri;
* yoluxmuş şəxslərlə yaxın təmasda olan insanlar.
Mütəxəssislər bildirirlər ki, dərman təxminən 80 faiz qoruma təmin edir və infeksiya halında xəstəliyin şiddətini əhəmiyyətli dərəcədə azaldır.