İnsan sağlamlığının qorunması və ağrıların aradan qaldırılması tibbi texnologiyanın ən vacib sahələrindən biridir. Müasir dövrdə texnoloji inkişaf ağrının idarə olunması üçün effektiv həll yolları təqdim edir.
Bunlar içərisində Transkutan Elektrik Sinir Stimulyasiyası (TENS) xüsusi yer tutur. Qeyd edək ki, TENS cihazlarının istifadəsi 1960-cı illərdə başlamışdır. İlk TENS cihazları xroniki ağrının idarə olunması üçün tibbi araşdırmalar nəticəsində yaradılmışdır. Bu texnologiya uzun illər boyu inkişaf etdirilərək hazırkı yüksək effektivliyə çatmışdır.
TENS cihazları sinir uclarına elektrik impulsları göndərərək işləyir. Elektrodlar vasitəsilə dərinin üzərinə tətbiq olunan bu impulslar ağrı siqnallarının beyin və onurğa beyninə çatmasını bloklayır. Eyni zamanda, TENS endorfinlərin (bədənin təbii ağrıkəsiciləri) ifrazını artıraraq rahatlama təmin edir.
TENS cihazları migren, artrit, xroniki bel ağrısı və əzələ ağrıları kimi vəziyyətlərdə geniş istifadə olunur. Araşdırmalar göstərir ki, bu texnologiya dərman vasitələrinə alternativ olaraq tətbiq edilə bilər. TENS həmçinin fiziki reabilitasiya proqramlarında mühüm yer tutur.
Qeyd edək ki, TENS cihazları ağrıkəsici dərmanlardan fərqli olaraq heç bir yan təsir yaratmır. Bu səbəbdən xüsusilə dərmanlara allergiyası və ya həssaslığı olan insanlar üçün üstünlük təşkil edir. Bu cihazları kiçik ölçülü və portativdir. İnsanlar onu işdə, evdə və ya səyahət zamanı istifadə edə bilirlər. Hətta bəzi idmançılar məşqlərdən sonra əzələ rahatlaması üçün bu cihazlardan istifadə edirlər.
Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, ABŞ TENS texnologiyasının həm tibbi, həm də idman sahəsində ən geniş tətbiq olunduğu ölkələrdən biridir. Ölkədə müharibədən qayıdan veteranların xroniki ağrıları və post-travmatik sindromlarını idarə etmək üçün TENS cihazları geniş istifadə olunur.
ABŞ-ın Johns Hopkins Xəstəxanasında yanıq müalicəsi alan xəstələr üçün TENS cihazları istifadə edilir. Bu cihazlar dərinin zədələnmiş sahələrində ağrını azaltmaq üçün tətbiq olunur. Yanıq xəstələrinin əksəriyyəti cihazın effektivliyindən razıdır.
ABŞ-ın Harvard Medical School tərəfindən aparılan araşdırmada TENS cihazlarının migren və stresslə əlaqəli baş ağrılarını azaltdığı artıq sübut olunub. Hətta bu texnologiyanın stressi azaldaraq ümumi həyat keyfiyyətini artırdığı müəyyən edilmişdir.
"Mayo Clinic" TENS texnologiyasını xroniki bel ağrısı, artrit və sinir problemləri olan xəstələrə tövsiyə edir.
Yaponiya TENS cihazlarının fərdi istifadə üçün ən çox satıldığı ölkələrdən biridir. Xüsusilə yaşlı əhalinin əzələ və oynaq ağrılarından əziyyət çəkməsi səbəbilə bu cihazlar populyardır. Maraqlı fakt odur ki, bəzi yapon şirkətləri TENS texnologiyasını geyimlə inteqrasiya edərək "ağrıkəsici paltarlar" istehsal edirlər.
Almaniyada fiziki terapiya və reabilitasiya mərkəzlərində TENS cihazlarından geniş istifadə edilir. Xüsusilə idman zədələri zamanı sinirlərin stimulyasiyası üçün bu cihazlardan faydalanılır. Məsələn, məşhur futbol klubları, o cümlədən Bayern München, idmançılarının bərpa prosesində TENS cihazlarını tətbiq edir. Nümunə üçün qeyd edək ki, Almaniyanın məşhur idmançılarından olan Manuel Neuer (futbol qapıçısı), bir müsahibəsində diz zədəsi zamanı TENS cihazından istifadə etdiyini qeyd etmişdir.
Çin isə həm ənənəvi tibb, həm də müasir texnologiyanı birləşdirən ölkələrdəndir. TENS cihazları akupunkturla birlikdə istifadə edilir. Bu, elektrik stimulyasiyası ilə qədim akupunktur nöqtələrinin stimullaşdırılması nəticəsində ağrıların daha tez aradan qaldırılmasını təmin edir.
İngiltərədə gəldikdə, bu ölkədə TENS cihazları hamilə qadınların doğum zamanı ağrılarını azaltmaq üçün geniş istifadə olunur. Milli Sağlamlıq Xidməti (NHS) tərəfindən bu cihazlar dərmansız ağrıkəsici vasitə kimi tövsiyə edilir.
Virtual reallıq (VR) simulyatorlarından da bu ağrıların azaldılmasında istifadə olunur. VR texnologiyası 1990-cı illərdə əyləncə və oyun sahələrində istifadə olunmağa başlasa da, son illərdə tibbi sahədə də tətbiq edilir. İlk dəfə yanıq xəstələrinin müalicəsində istifadə olunan VR texnologiyası bu sahədə böyük uğur qazanmışdır.
VR cihazları insanı immersiv (tamamilə daxil edən) mühitə cəlb edərək diqqəti ağrıdan yayındırır. Ağrı hissi beyində yaranan bir fenomen olduğu üçün VR cihazları beyinə təsir göstərərək ağrının subyektiv qavrayışını azaldır. Nümunə olaraq qeyd edək ki, "SnowWorld" adlı VR oyunu yanıq müalicəsi zamanı istifadə olunur. Bu proqram xəstələrə qarla örtülmüş virtual mühitdə oynamağa imkan verir və ağrı hissini əhəmiyyətli dərəcədə azaldır. Bundan başqa, VR texnologiyası cərrahiyyə sonrası ağrılar və xroniki ağrılar zamanı da tətbiq edilir.
Ağrıların azaldılması məqsədilə nevrostimulyatorlardan da geniş istifadə olunur. Nevrostimulyatorların tarixi 1970-ci illərə qədər uzanır. İlk cihazlar Parkinson xəstəliyi və digər neyroloji problemlər üçün istifadə olunmağa başlanmışdır. Texnologiyanın inkişafı ilə daha kiçik və effektiv cihazlar yaradılmışdır.
Nevrostimulyatorlar ağrı siqnallarını bloklamaq üçün onurğa beyni və ya beyin toxumasına elektrik impulsları göndərir. İmplanta edilən bu cihazlar xroniki ağrının idarə olunmasında böyük rol oynayır. Hazırda Medtronic və Boston Scientific kimi şirkətlərin istehsal etdiyi nevrostimulyatorlar sinir sistemi ilə bağlı xəstəliklərdə, xüsusilə də xroniki bel ağrısı və Parkinson xəstəliyində geniş istifadə olunur. Bu cihazların istifadəsi nəticəsində xəstələrin həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
Bu sahədə dünya ölkələrinin təcrübəsinə nəzər salmaq maraqlı olar. Məsələn, ABŞ-ın Mayo Clinic və Cleveland Clinic kimi mərkəzlərində Parkinson xəstəliyindən əziyyət çəkən xəstələr üçün beyin dərinliyi stimulyasiyası (DBS) uğurla tətbiq edilir. DBS cihazı beynin müəyyən sahələrinə elektrik impulsları göndərərək xəstənin titrəmə, əzələ sərtliyi və hərəkət çətinliklərini azaldır.
ABŞ-da FDA tərəfindən təsdiqlənmiş nevrostimulyatorlar epilepsiya tutmalarını nəzarət altında saxlamaq üçün istifadə olunur. Məsələn, "RNS System" adlı nevrostimulyator beyində anormal elektrik aktivliyini aşkar edir və tutmaları dayandırmaq üçün elektrik impulsları göndərir.
İsrail nevrostimulyatorların araşdırılması və tətbiqi sahəsində öncül ölkələrdən biridir. Ölkədə istehsal olunan StimRouter cihazı xroniki ağrıları müalicə etmək üçün icad edilmişdir. Bu cihaz yalnız ağrı siqnallarını bloklamaqla kifayətlənmir, həm də xəstənin gündəlik fəaliyyətlərini yaxşılaşdırır. StimRouter xüsusilə sinir zədələnmələrindən yaranan ağrılarda effektivdir və dünyanın bir çox ölkəsinə ixrac edilir.
Yaponiyada nevrostimulyatorlar beyində qan dövranını yaxşılaşdırmaq və Alzheimer xəstələrinin yaddaş problemlərini azaldmaq üçün istifadə olunur.
Kanada isə nevrostimulyatorların xroniki ağrı müalicəsində liderdir. Ölkədə spinal stimulyasiya cihazları xroniki bel ağrısından əziyyət çəkən xəstələr üçün geniş yayılmışdır. Bu cihazlar ağrını azaltmaqla yanaşı, xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Kanada universitetləri nevrostimulyatorların ağrıdan kənar sahələrdə tətbiqi üzərində də tədqiqatlar aparır.
Ağrıların azaldılması zamanı fokuslanmış ultrasəs terapiyası (HIFU) da böyük əhəmiyyətə malikdir. Ultrasəs dalğalarının tibbi tətbiqi 20-ci əsrin ortalarından başlayır. Lakin fokuslanmış ultrasəs terapiyası isə son illərdə inkişaf etdirilmişdir və hazırda qeyri-invaziv müalicə üsulu kimi tətbiq edilir. Bu texnologiya yüksək intensivlikli ultrasəs dalğaları ilə sinir toxumasını hədəf alır. Dalğalar istilik enerjisi yaradaraq sinir yollarını bloklayır və ağrı siqnallarını azaldır.
Bu texnologiyadan parkinson xəstəliyi, tremor, xərçəng ağrıları və xroniki ağrıların müalicəsində istifadə olunur. Fokuslanmış ultrasəs terapiyası əməliyyatsız bir üsul olduğu üçün xəstələr üçün daha təhlükəsiz və rahatdır.
Fokuslanmış ultrasəs terapiyası (HIFU) sahəsində bəzi ölkələrin əldə etdiyi nailiyyətlər diqqəti cəlb edir. Məsələn, ABŞ-da HIFU texnologiyası prostat xərçənginin invaziv olmayan müalicəsində geniş istifadə olunur. FDA (ABŞ Qida və Dərman Administrasiyası) 2015-ci ildə HIFU cihazlarını prostat xərçənginin müalicəsi üçün təsdiqləmişdir. Bu metod, cərrahiyyə və radiasiya ilə müqayisədə daha az yan təsirlərə malikdir. Ölkədə həmçinin, beyin xəstəliklərinin müalicəsi üçün HIFU texnologiyası təcrübədən keçirilmişdir. Focused Ultrasound Foundation kimi təşkilatlar Parkinsonun tremorlarını azaltmaq üçün beyin stimulyasiyası və HIFU kombinasiyasını tədqiq edir.
Cənubi Koreyada HIFU texnologiyası qaraciyər və mədəaltı vəzi xərçənginin müalicəsində uğurla istifadə olunur. Samsung Medical Center və Seoul National University Hospital kimi qabaqcıl xəstəxanalar bu texnologiyanı tətbiq edən əsas mərkəzlərdir. Cənubi Koreyada fokuslanmış ultrasəs terapiyası estetik tibbdə də geniş istifadə olunur. HIFU cihazları üz gərmə və dəri cavanlaşdırma üçün invaziv olmayan üsul kimi məşhurdur.
Çinə gəldikdə, ölkədə fokuslanmış ultrasəs terapiyasını onkologiya sahəsində geniş tətbiq edir. Chongqing Medical University HIFU cihazlarının istehsalında və istifadəsində dünya lideridir. Xüsusilə uşaqlıq xərçəngləri, qaraciyər və döş xərçəngi müalicəsində geniş istifadə olunur.
Yaponiya fokuslanmış ultrasəs terapiyasını ürək aritmiyalarının müalicəsində tətbiq edən ilk ölkələrdən biridir. HIFU ilə invaziv olmayan üsullarla ürək toxumalarının yenidən qurulması mümkündür. Ölkədə fəaliyyət göstərən xəstəxanalarında HIFU texnologiyası prostat və döş xərçənginin müalicəsində istifadə olunur. Tokyo Medical University bu sahədə tədqiqatların aparıldığı əsas mərkəzlərdən biridir.
Böyük Britaniyada HIFU texnologiyası "essential tremor" və Parkinson xəstələrinin tremorlarını aradan qaldırmaq üçün istifadə olunur. Oxford University Hospitals bu texnologiyanı nevroloji xəstəliklərin müalicəsi üçün uğurla tətbiq edir.
Hindistanda HIFU texnologiyası uşaqlıq miyoması kimi qeyri-xərçəng xəstəliklərinin müalicəsində istifadə edilir. Bu texnologiya qadınlar arasında cərrahiyyə ehtiyacını əhəmiyyətli dərəcədə azaldır. Ölkədə HIFU digər müalicə metodlarına nisbətən daha ucuz olduğu üçün geniş yayımlanmışdır. Fortis və Apollo kimi böyük xəstəxana şəbəkələri bu texnologiyanı tətbiq edir.
İsraildə Insightec şirkəti beyində fokuslanmış ultrasəs terapiyası üçün qabaqcıl cihazlar istehsal edir. Xüsusilə Alzaymer, tremor və obsesif-kompulsif pozuntu (OCD) kimi xəstəliklərin müalicəsi üçün tədqiqatlar aparılır. Israil tibbi mərkəzləri döş və uşaqlıq xərçənginin müalicəsində HIFU texnologiyasını istifadə edir. Bu texnologiya həm xəstə üçün daha təhlükəsiz, həm də daha az invazivdir.
Rusiyada fokuslanmış ultrasəs cihazları döş xərçəngi müalicəsində istifadə olunur. Klinikalarda bu cihazlarla müalicə alan xəstələrin yüksək faizində yaxşılaşma müşahidə olunub. Ölkə tibb mərkəzləri HIFU texnologiyasını Parkinson və epilepsiya kimi nevroloji xəstəliklərin müalicəsində də tətbiq edir.
Ağrıların azaldılması üçün tətbiq olunan digər bir texnologiya beyin-kompyuter İnterfeysləridir (BCI). Onların tətbiqi və inkişafı 21-ci əsrin əvvəllərində başlamışdır.
Əsasən sinir sisteminin xəstəliklərinin tədqiqi üçün yaradılan bu cihazlar sonradan ağrı idarəetmə sahəsində də tətbiq edilməyə başlanmışdır. BCI texnologiyası ağrı siqnallarını birbaşa beyinə inteqrasiya edilən cihazlarla idarə edir. Bu cihazlar beyin dalğalarını oxuyur və onları manipulyasiya edir.
Qeyd edək ki, ABŞ xəstəxanaları ALS (Amyotrofik Lateral Skleroz) xəstələrinin hərəkət qabiliyyətlərini bərpa etmək üçün BCI cihazlarını sınaqdan keçirir. Stanford Universiteti BCI texnologiyası vasitəsilə yazı sürətində rekorda imza atmışdır.
Çin dövlət universitetləri və texnologiya şirkətləri BCI sahəsində geniş tədqiqatlar aparır. Zhejiang Universiteti insan beynini istifadə edərək robot qollarını idarə etməyə imkan verən sistemlər üzərində işləyir. Çin hökuməti həmçinin BCI-nı əsgərlərin performansını artırmaq üçün tədqiq edir. İnsan beynini birbaşa dronların idarəetmə sisteminə bağlamaq üzərində təcrübələr aparılır. Bundan başqa, ölkədə BCI-nın insult keçirən xəstələr üçün reabilitasiya proqramlarında tətbiqi sınaqdan keçirilir. Həmçinin, xəstələrin beynindəki sinir siqnallarının robotik əzalarla əlaqələndirilməsi sahəsində uğurlar əldə olunub.
İsveçrədə EPFL (École Polytechnique Fédérale de Lausanne) beyinlə idarə olunan robotik kreslo prototipini təqdim edib. Bu sistem əlillərin müstəqilliyini artırmaq üçün nəzərdə tutulub.
Avstraliyada fəaliyyət göstərən Synchron şirkəti isə dünyada beynə implantasiya edilən qeyri-invaziv BCI cihazlarını inkişaf etdirən aparıcı şirkətlərdən biridir. Bu cihazlar ALS xəstələri üçün zehni əmrlərlə yazı yazma və texnologiya idarəsini təmin edir.
Ümumilikdə götürdükdə, hələ erkən tədqiqat mərhələsində olan sözügedən texnologiya gələcəkdə xüsusilə xroniki ağrıların idarə olunmasında inqilabi dəyişikliklər yarada bilər.
Biofeedback texnologiyasına nəzər salsaq isə görərik ki, bu texnologiya 1970-ci illərdə sinir və əzələ problemlərinin müalicəsi üçün inkişaf etdirilmişdir. Adıçəkilən texnologiya bədən funksiyalarının izlənilməsi və idarə olunması məqsədilə istifadə edilir. Biofeedback cihazları istifadəçiyə öz bədən funksiyalarını, məsələn, ürək ritmi, tənəffüs, əzələ gərginliyini izləmək və idarə etmək imkanı verir. Ağrını azaltmaq üçün bu funksiyalar vasitəsilə stressi və gərginliyi idarə etmək mümkündür.
Baş ağrıları, stressə bağlı ağrılar və xroniki əzələ ağrıları zamanı effektiv olan Biofeedback texnologiyası psixoloji terapiya ilə birlikdə istifadə edildikdə daha yaxşı nəticələr verir.
Qeyd edək ki, ABŞ-da biofeedback texnologiyası ən geniş tibbi və psixoloji sahələrdə istifadə olunur. Stressin idarə olunması, narahatlıq və depresyon müalicəsi, yuxusuzluq, baş ağrıları və hətta yüksək qan təzyiqinin tənzimlənməsi sahələrində istifadə edilir. Təsadüfi deyil ki, ABŞ-da biofeedback müalicəsini təklif edən çoxsaylı tibb mərkəzləri var. The Biofeedback Federation of Europe və Association for Applied
Psychophysiology and Biofeedback (AAPB) kimi təşkilatlar, bu texnologiyanın tətbiqinin daha da genişləndirilməsi üçün tədqiqat və təlimlər təşkil edir.
HeartMath Institute isə bu texnologiyanı istifadə edərək insanların stress səviyyələrini azaldaraq emosional sağlamlığı yaxşılaşdırmağa kömək edir.
Kanadada isə biofeedback xüsusən psixoterapiya sahəsində tətbiq olunur. Bu texnologiya, narahatlıq, depresyon və PTSD kimi psixoloji problemlərin müalicəsində istifadə edilir. Kanadada biofeedbackin tətbiqi üçün xüsusi təhsil proqramları və tədqiqat layihələri mövcuddur. Toronto Universiteti biofeedbackin psixoloji sağlamlıq üzərindəki təsirlərini öyrənir.
Beləliklə, dediklərimizi yekunlaşdırmaq, sonda deyə bilərik ki, texnologiyanın inkişafı ağrıların idarə olunması sahəsində yeni perspektivlər açmışdır. Transkutan elektrik stimulyasiyasından başlayaraq virtual reallıq texnologiyalarına qədər hər bir cihaz xəstələrin həyat keyfiyyətini artırmaq məqsədini güdür. Ağrının effektiv idarə olunması üçün bu texnologiyaların daha geniş yayılması və əlçatan olması mühüm əhəmiyyət kəsb edir. Araşdırmalar göstərir ki, gələcəkdə beyin-kompyuter interfeysləri və genetik texnologiyalar bu sahədə inqilab yarada bilər. Tibbi və texnoloji inkişafları yaxından izləmək bu sahədə daha böyük nailiyyətlər əldə etməyə imkan verəcəkdir.