1920-ci illərdə futbol dünyanın əksər hissəsində çox populyar bir idman növü idi. Lakin, bugünkü kimi qlobal izləmə sistemi və canlı yayım imkanları yox idi. İnsanlar oyunları əsasən şərhlər, əfsanələr və qəzetlər vasitəsilə izləyirdilər.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 1923-cü ildə İngiltərədə keçirilən və 120.000 insanın izlədiyi ilk Uembli finalı futbolun kütlələri valeh etmək gücünü sübut edib. Bu potensialı görən FİFA 1920-ci illərin ortalarından etibarən qlobal turnir ideyasını müzakirə etməyə başlayıb.

Okeanı keçən dörd Avropa ölkəsi
1928-ci ilin sonlarında qərara alınıb ki, son Olimpiya çempionu Uruqvay 1930-cu ildə ilk turnirə ev sahibliyi edəcək. Lakin 1929-cu ildə başlayan Böyük depressiya bütün dünyaya dərin təsir göstərib. Maliyyə böhranından əlavə, həftələrlə davam edən xarici səfərlər və futbolçuların işlərini itirmək qorxusu Avropa ölkələrinin turnirdə iştirakını çətinləşdirib.
O vaxtkı FİFA prezidenti Jyulya Rimenin uzun danışıqları və inandırma səylərindən sonra Avropadan yalnız Fransa, Belçika, Rumıniya və Yuqoslaviya həftələrlə davam edən səyahətdən sonra eyni gəmiyə minərək Uruqvaya gedib. Futbolun vətəni olan İngiltərə və digər Britaniya ölkələri özlərini digərlərindən üstün hesab edərək turniri boykot ediblər.

İmtahana gedən hücumçu və tək qollu ulduz
1930-cu il Dünya çempionatı, o dövrün şərtlərini nəzərə alaraq, bugünkü futboldan tamamilə fərqli olub və eyni dərəcədə rəngarəng hekayələrə ev sahibliyi edib.
Argentina milli komandaının əsas hücumçusu Manuel Ferreyra universitetdə hüquq imtahanlarına görə ilk oyundan sonra ölkəsinə qayıtmalı olub. Onun yerinə gələn ehtiyat hücumçu Qilermo Stabile ilk Dünya çempionatında ən çox qol vuran oyunçu olmaqla tarixə düşüb.
Futbolun o qədər də populyar olmadığı Amerika Birləşmiş Ştatları, o dövrdəki mütəşəkkil və güclü liqa strukturunun bəhrəsini görüb və turniri 3-cü yerdə başa vurub.
Uruqvay milli komandasının ən vacib oyunçularından biri olan Hektor Kastro, uşaq ikən iş qəzasında qolunu itirməsinə baxmayaraq, meydana çıxıb komandası ilə birlikdə kuboku qaldırmağı bacarıb.
Ölkədəki etnik və siyasi gərginlik səbəbindən turnirdə yalnız serb oyunçularından ibarət heyətlə iştirak edən Yuqoslaviya milli komandası yarımfinala yüksəlib.

Sonsuz "Top" böhranı və unudulmaz final
Turnirin finalında ev sahibi Uruqvay qonşusu Argentina ilə qarşılaşıb. 80.000 yerlik Centenario stadionu Uruqvayın qurulmasının 100 illiyini qeyd etmək üçün final oyunu üçün inşa edilib. Oyun günü təxminən 15.000 azarkeş Argentinadan Uruqvaya gəmi ilə getməyə çalışıb, lakin tragikomik hadisələr baş verib, məsələn, bir gəmi dumanda azıb bir gün sonra çatıb.
Meydandakı ən böyük böhran oyun topu ilə bağlı olub. Hər iki komanda final oyunun özləri ilə gətirdikləri topla oynanılmasında israr edib. Nəhayət, FIFA hakimləri tarixi bir qərar veriblər: ilk hissə Argentinanın, ikinci hissə isə Uruqvayın topu ilə oynanılıb. Fasilədə 2-1 hesabı ilə geridə olan Uruqvay, öz topuna sahib olmağın "üstünlüyü" ilə oyunu 4:2 hesabı ilə qazanıb və futbol tarixində ilk Dünya çempionatı kubokunu evə aparıb.