Fransada Pompidu-Mets Mərkəzindən italiyalı rəssam Maurizio Kattelanın 6,2 milyon dollar dəyərində qiymətləndirilən məşhur “Komediyaçı” adlı əsəri oğurlanıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, installasiya boz yapışqan lentlə divara bərkidilmiş banandan ibarətdir. Art-obyekt rəssamın 40 əsərinin nümayiş olunduğu “Un Dimanche Sans Fin” sərgisinin bir hissəsi olub.
2019-cu ildə bu əsərin dəyəri 120 min dollar qiymətləndirilib. Bir neçə il sonra isə hərracda 6,24 milyon dollara satılıb. Əsərin alıcısı kriptoinvestor Castin San olub. O, əsəri aldıqdan sonra bananı divardan çıxararaq yeyib.
Məlumata görə, muzeyin mühafizəçisi mayın 30-u səhər saatlarında bananın yoxa çıxdığını aşkar edib. Hadisə barədə dərhal polisə məlumat verilib və faktla bağlı cinayət işi açılıb.
Pompidu-Mets Mərkəzində installyasiya qısa müddətdə bərpa olunub. Bunun üçün sadəcə banan yenisi ilə əvəz edilib. Məlum olub ki, installyasiyada istifadə olunan banan çürüməyə başlayanda və ya ziyarətçilərdən kimsə onu yediyi hallarda mütəmadi olaraq dəyişdirilir.
“Muzeydən bildirilib ki, oğurluq hadisəsindən sonra sərgidə hər hansı geri dönməz zədə qeydə alınmayıb”.