Günəş allergiyası barədə nə bilməliyik?
01 avqust 2025 04:34 (UTC +04:00)

Günəş allergiyası barədə nə bilməliyik?

Günəş şüalarına qarşı allergiya - günəşin ultrabənövşəyi şüalarının təsiri ilə dəriyə zərər verən bir sıra patoloji halların ümumi adıdır. Bu hallar xüsusilə yay aylarında aktivləşir və ciddi narahatlıqlara səbəb ola bilər.

Lent.az "İzvestiya"ya istinadla xəbər verir ki, bu barədə rusiyalı həkim-allergoloq Darya Çernuşeviç xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, günəş allergiyasının ən geniş yayılmış formalarından biri günəş qızdırmasıdır. Bu zaman dəridə suluqlar, güclü qaşınma və səpgilər yaranır. Bu proseslər günəş şüalarının təsiri ilə dəridə aktivləşən immun hüceyrələrin histamin adlı maddə ifraz etməsi ilə əlaqəlidir.

Bundan əlavə, günəş allergiyası fotodermatit şəklində də özünü göstərə bilər. Bu reaksiyalar dəridə və ya orqanizmdə mövcud olan bəzi maddələrin günəş şüaları ilə qarşılıqlı təsiri nəticəsində yaranır. Xüsusilə bəzi dərmanlar (ağrıkəsicilər, antibiotiklər, göbələkəleyhinə və ürək dərmanları), kosmetik vasitələr və bəzi bitkilər bu reaksiyaları gücləndirə bilər. Məsələn, baldırğan bitkisinin şirəsi günəş şüası ilə təmasda olduqda dəridə yanıq izləri yarada bilər.

Çernuşeviç bildirib ki, bu reaksiyalar bəzi hallarda dəridə sadəcə qızartı ilə məhdudlaşsa da, ağır hallarda suluqlar və intensiv qaşınma ilə müşayiət olunur. Müalicə edilmədikdə isə sistemli reaksiyalar baş verə bilər.

Mütəxəssis günəş allergiyasından qorunmaq üçün bir neçə tövsiyə verib:

"Günəşə çıxmazdan əvvəl açıq dəri səthlərinə SPF 15-30 olan qoruyucu krem çəkin. Kremi hər 2 saatdan bir, həmçinin su ilə təmasdan sonra təzələmək lazımdır. Günəşin ən aktiv olduğu saatlarda - 11:00-dan 14:00-a qədər açıq havada qalmaqdan çəkinin. Əlamətlər yarandıqda mütləq həkim-allergoloq və ya dermatoloqa müraciət edin".

Həkimin sözlərinə görə, günəş allergiyasının müalicəsində iltihabəleyhinə kremlər və dəri bərpaedici vasitələr istifadə olunur. Vaxtında müdaxilə edilmədikdə, nəticələr ciddi fəsadlarla müşayiət oluna bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 979

Oxşar yazılar