Böyük Britaniyanın Tisayd Universiteti və Nyukasl Universitetinin alimləri müəyyən ediblər ki, uşaqlar və gənclərin enerji içkilərindən istifadə etməsi onlarda narahatlıq, depressiya, özünü məhv edən davranışlar, yuxu problemləri və ürək xəstəliklərinə səbəb ola bilər.
Lent.az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə araşdırmanın nəticələri “Public Health” jurnalında dərc olunub.
Britaniya alimlərinin yeni işi müxtəlif ölkələrin tədqiqat qrupları tərəfindən əvvəllər aparılmış 57 araşdırmanın nəticələrinə əsaslanır. Təcrübə və müşahidələrdə ümumilikdə 9-21 yaş arası 1,2 milyondan çox gənc iştirak edib. Alimlər subyektlərin sağlamlıq vəziyyəti haqqında məlumat toplayıb və gündəlik istehlak edilən enerji içkilərinin miqdarını qiymətləndiriblər.
Təhlillər göstərdi ki, enerji içkilərinin tez-tez istifadəsi (gündəlik və ya həftədə bir neçə dəfə) artıq çəki, ürək xəstəliklərinin və hipertoniyanın inkişafını sürətləndirir.